»»

Mirzə Hüseyn Nuri Təbərsinin “Fəslul xitab” kitabı barədə şübhəyə cavab

Müəllif iddia edir: “Onların yazdıqları kitablar İslam dininə daha çox zərbə vurmuşdur. Əgər şərqşünasların İslam dinini hədəfə alan yazıları ilə “Fəslul xitab” kitabını müqayisə etsək, bu kitabın İslama daha çox zərbə vurduğunun şahidi olarıq. Onların digər müəlliflərinin də kitabları belədir”.

 

Cavab: Əvvəldə də qeyd etdik ki, adı çəkilən üç kitabda (“əl-İhticac”, “Məcməul-bəyan” və “Fəslul-xitab”) olanlar əhli-sünnə kitablarında da mövcuddur.

 

Əgər möhtərəm oxucu qərb şərqşünaslarının İslamı hədəfə alan kitablarına nəzər salsa, onların öz iddialarından məhz əhli-sünnə hədis kitabları olan Buxari və Müslimin “Səhih”lərinə və Peyğəmbərə (s) qəbahətli xüsusiyyətlərin nisbət verildiyi digər hədis mənbələrinə istinad etdiklərini görəcək. Orada Peyğəmbərlə (s) bağlı nəql edilən rəvayətləri oxuyan hər bir kəs Peyğəmbəri (s) əxlaqsız və cinsi şəhvətlərə alidə olan, savaşı və qan tökmək aşiqi bir şəxs kimi təsəvvür edəcək.

 

Mən hələ də “əl-İhticac”, “Məcməul-bəyan” və ya “Fəslul-xitab” kitablarına istinad edərək İslamı hədəf alan bir kəs görməmişəm. Çünki məlumdur ki, bu kitablarda Peyğəmbəri (s) bədnam edə biləcək heç bir məsələ yoxdur. Səhabələrlə bağlı məsələlərin isə İslama tənə ola biləcək bir cəhəti yoxdur. Həmçinin bu kitablarda mövcud olan yanlış rəylər də yalnız müəlliflərinin fikirləridir və İslama nisbət verilə bilməz. Əvvəldə də qeyd etdiyimiz kimi, Mirzə Nurinin (r.ə) Qurani Kərim barədəki rəyi əhli-sünnənin fikirləri ilə üst-üstə düşür, yalnız o, Qurandan azaldılmış hissəni təhrif, əhli-sünnə alimləri isə “mətnin nəsxi” kimi təqdim ediblər. Nəticə eynidir, fərqlilik isə yalnız adlandırmadadır.

 

Buradan aydın olur ki, belə böyük şəxslərin Xəzər yəhudilərindən olduğu iddiası böyük bir yalan və Allahın sözünə aşkar surətdə müxalifdir: “Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: “Sən mömin deyilsən!” deməyin!” (“ən-Nisa” surəsi, ayə 94)

 

Müəllifin digərlərinə nisbətdə daha çox qınadığı “Fəslul-xitab” kitabının müəllifi Mirzə Hüseyn Nuri Təbərsinin (q.s) öz dövrünün şahidlərindən olan Ağa Bozorg Tehraninin (r.ə) qələmilə yazılmış tərcümeyi-halını oxucu üçün nəql etməkdə bir eyib görmürük.

 

Ağa Bozorg Tehrani (q.s) yazır: “Şeyx Nuri bu əsrdə varlığı nadir olan nümunəvi saleh şəxslərdən biridir. Fitri istedadı ilə seçilirdi. Allahın qəribə nişanələrindən biri idi. Onda qeyri-adi bacarıqlar və şərəfli xüsusiyyətlər cəmlənmişdi. O, öz ömürünü din və məzhəb xidmətinə həsr etmiş parlaq şiə alimlərindən biri kimi sayılmağa layiqdir. Onun həyat səhifəsi saleh əməllərlə parlayır. O, öz əsərləri və üstünlükləri ilə əsrlər boyu adı yaşayacaq bir şəxsiyyətdir. Müəllif və tarixçilər onun geniş fəzilət və qiymətli mirasından hələ çox faydalanacaqlar. O, özünü elmə xidmətə həsr etmişdi. Onun üçün rəvayətlərin axtarış, təhqiqat, tədqiqat və araşdırmasından, hədislərin incəliklərinə varmaqdan, dağınıq xəbərlərin bir yerə cəmlənməsindən mühüm heç bir şey ola bilməzdi. Uğur və ilahi iradə də onun yoldaşı idi. Hətta onun əsərlərinə nəzər yetirən şəxs Allahın xüsusi lütf və inayətlərini ona yönəltdiyini zənn edə bilər. Onun qiymətli bir xəzinəsi vardır ki, dəyəri keçmişdəkilərin və elm adamlarının əsərlərindən daha artıqdır. Onun əsərlərinə vaqif olan şəxs Allahın onu Muhəmməd ailəsinin (onlara salam olsun!) mirasını qorumaq üçün yaratdığını düşünə bilər. “Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!”

 

İlk dəfə onun xidmətində olmağa hicri 1313-cü ildə (miladi 1896-cı il) Samirə şəhərində, Seyid Məhəmməd Həsən Hüseyni Şirazinin vəfatından bir il sonra nail oldum. Bu, onun İraqa gəldiyi il idi, həmçinin Nasirəddin Şah Qacarın da vəfat etdiyi ildir. Mən Nəcəfə getməzdən əvvəl Samirəyə gedib ziyarət etmək istəyirdim. Həmin vaxt onun barəsində danışılanlara öz evində şahid oldum. Belə ki, İmam Hüseyn (ə) müsibətindən moizələr dinləmək üçün oraya getmişdim. Cümə günü idi, həmin günlər onun evində məclislər təşkil olunur, çox sayda insan toplaşırdı. Şeyx minbərdə moizə etdi, sonra Kərbəla müsibətini xatırlatdı və ardınca toplaşanlar oradan ayrılmağa başladılar. Öz-özümə Uca Allahın bu Şeyxə bəxş etdiyi ucalıq, qeyri-adilik və böyüklüyü düşünürdüm. Ona baxarkən keçmiş dahi şəxsiyyətlərimizin xüsusiyyətlərini onda gördüm. Nəcəfə gəldim, ancaq hələ də onunla görüşmək və ondan faydalanmaq düşüncələri məni tərk etmirdi. 1314-cü ildə (miladi 1897-ci il) o da Nəcəfə gəldi. Həmin vaxtdan etibarən altı il boyunca, ta ki, Allah onun üçün əbədi məkanı seçənə qədər yanında kölgə kimi dolaşdım. Bu müddət ərzində onda qeyri-adi işlərlə qarşılaşdım. Əgər onları şərh etmək istəsəm, çox uzun çəkər. Bizim xülasə məlumat vermək üslubumuzdan kənar olsa da, onlardan qısaca da olsa, söz açacağam. İndi insaflı olmağın və haqqı ödəməyin vaxtıdır. Mən yəqinliklə əminəm ki, əzəmətli ustadlarım və keçmiş müəllimlərimlə bundan sonra yalnız Qiyamət meydanında görüşəcəyəm. Bəs nə üçün onların haqqına riayət etməyim və razılıqlarını qazanmayım?!

 

O (Allah məqamını uca eləsin!), şəri vəzifələrinə daimi riayət edirdi, hər gününün məxsusi bir məşğuliyyəti vardı ki, onu əsla vaz keçməzdi. Yazı vaxtı əsr namazından günəş qürub edənədək idi, oxuma vaxtı işa namazından yatanadəkdi. Paklanmadan əsla yatmazdı. Gecələri az yatardı, sübhdən iki saat əvvəl oyanar, dəstəmazını təzələyərdi. Qəlil sudan deyil, yalnız kürr miqdarında olan sudan istifadə edərdi. Sübh namazından bir saat əvvəl İmam Əlinin (ə) Nəcəfdəki hərəminə gedər, qış-yay demədən Qiblə qapısının arxasında dayanar, hərəmin rəhbərinin köməkçisi Seyid Davud əlində hərəmin açarları ilə gələnədək gecənin nafilə namazlarını qılardı. O, qapını açar və Şeyx içəri daxil olardı. O anda hərəmə daxil olan ilk şəxs Mirzə Hüseyn Nuri (r.ə) olurdu. Hərəm rəhbərinin köməkçisilə birlikdə şamları yandırar, sonra qəbirin baş tərəfində dayanıb ziyarətnamə oxuyar və namaz qılardı. Tanıdığı xidmətçilərlə birlikdə sübh namazını qılar, təqibatla məşğul olardı. Günəş azca görünməyə başlayarkən evinə qayıdardı. Evində mövcud olan minlərlə qiymətli və nadir kitabdan formalaşan kitabxanasına üz tutar, zərurət olmadıqca oradan ayrılmazdı. Səhər açıldıqda araşdırma və kitab yazmaq işlərində ona yardım edən şəxslər gələrdi. Bunların arasında Əllamə Şeyx Əli ibn İbrahim Qummi, Şeyx Abbas ibn Muhəmməd Rza Qummi vardı. Nəcəfə gəlməzdən əvvəl isə ona Samirədə Mövla Muhəmməd Təqi Qummi yardım edirdi. Onun tərcümeyi-halını kitabımızın birinci bölümünün 238-ci səhifəsində qeyd etmişik.

 

Görüş zamanı onun yanına gələn şəxslərdən üzrxahlıq edər və ya qısa bir vaxtda onun sualına cavab verərdi ki, gələn şəxslərin çoxluğu onun elmi və tədris işlərinə maneə yaratmasın. Ancaq son dövrlərində “əl-Müstədrək” kitabını tamamlamaq üzrə olduğu vaxtlarda ümumiyyətlə heç kəsi qəbul etmirdi. Ondan bir hədisin və ya xəbərin şərhi, bir məsələnin izahı, tarixi, yaxud ravinin halı, ya fiqhi məsələ və s. barədə soruşulduqda əsla geniş cavab vermədi. Ofisindən kənarda ona sual verən şəxsə yalnız həmin məsələnin qeyd olunduğu mənbəyi söyləyirdi. Öz ofisinə gələnlərə isə kitabxanasından bir kitab çıxarıb verər və özünün oxumasını istəyərdi. Bütün bunların səbəbi isə bu işlərin onu daha mühüm işlərdən yayındırmaması idi. İşlərinə ara verdikdə az miqdarda nahar yeməyi ilə kifayətlənər, sonra ilk vaxtında zöhr namazını qılar, əsr namazından sonra isə kitabını yazmağa davam edərdi.

 

Cümə günü isə proqramı fərqli olardı. Hərəmdən qayıtdıqdan sonra Kərbəla müsibətini xatırladan kitablar oxuyardı. Bu, evinin minbərində söyləyəcəyi xütbəyə hazırlıq xarakteri daşıyırdı. Gün çıxandan bir saat sonra təşkil etdiyi ümumi məclisə gedər, əyləşər, gələnləri salamlayar və onlarla tanış olardı. Ardınca minbərə qalxar, həmin günlə bağlı kitablarda qeyd edilənləri oxuyar, nəql etdiyi rəvayətlərin etibarı barədə ehtiyatlı davranardı. Kərbəla müsibəti haqda oxuyanda göz yaşları yanaqlarına və saqqalına axardı. Məclis başa çatdıqdan sonra cümə gününün vəzifələrini yerinə yetirər – dırnaqlarını kəsər, saçını qısaldar, qüsl alar, dualar oxuyar, nafilələri qılar və s. Öz adətinin xilafına olaraq, cümə günləri əsrdən sonra kitab yazmazdı. Əksinə, hərəmə gedər və gün batanadək dua və ibadətlə məşğul olardı. Dünyadan Rəbbinin dərgahına köçənədək bu adətini davamlı olaraq yerinə yetirdi.

 

Həmin illər ərzində özündən sonra adət qoyduğu əməllərdən biri Seyyidüş şühədanın ziyarətinə piyada və ayaqyalın getməkdir. Şeyx Ənsarinin zamanında bu əməl əməlisalehlərin sünnəsi və təzimə layiq adətlərdən idi. Lakin son dövrlərdə tərk edilmiş və fəqirlik əlaməti kimi qəbul edilmişdi. Bunu etmək istəyən şəxs isə camaatın xor baxışlarından və zillətdən qorxurdu. Şeyx bu işin zəiflədiyini gördükdə özü onu yerinə yetirməyə başladı. Qurban bayramı günləri minik kirayə götürür, onu ərzaqla doldurur, yol yoldaşı ilə birlikdə səfərə çıxırdı. Lakin bədəninin zəifliyinə görə Nəcəfdən Kərbəlaya qədər olan məsafəni adət üzrə yalnız bir gecə dincəlməklə piyada gedə bilmirdi. Həmin yolu üç gecəyə başa vurur, birinci gecəni namazgahda, ikinci gecəni Xanun-Nəcəfdə və üçüncü gecəni də Xanun-Nəxilədə gecələyir, dördüncü gün isə Kərbəlaya çatırdı. Hər gün yolun ¼-ni - yarısını gündüz və yarısını isə axşam gedirdi. Vacib namazlarını qılmaq, istirahət etmək və nahar yemək üçün özü ilə apardığı çadırda dayanırdı. İkinci və üçüncü ildə camaatın bu adətə rəğbəti artmağa başladı, zillət və rüsvayçılıq düşüncələri aradan getdi, qarşıdakı illərdə xeymələrin sayı 30-dan artıq oldu ki, hər birində də 20-30 nəfər şəxs olurdu. Sonuncu ziyarətində, yəni h.q.1319-cu (miladi 1902-ci il) ilin - Novruz, cümə və Qurban bayramının bir vaxtda olduğu böyük Həcc günündə, Məkkədə izdihamlı Həcc mərasimdə vəba xəstəliyi səbəbindən çoxlu insan həlak oldu Ərəfə günündə Şeyxlə birlikdə piyada Kərbəlaya getməyə müvəffəq oldum. O, həmin səfərdən Nəcəfə də piyada qayıtdı... Məhz həmin səfərdə xəstəliyi təzahür etməyə başladı... hərarəti qalxdı. Günü-gündən xəstəliyi ağırlaşdı, 1320-ci ilin (miladi 1903-cü il) Cəmadius sani ayının 27-si, cümə axşamı vəfat etdi”.  (“Müstədrəkul-vəsail”, 1/43 və sonrakı səhifələr)

 

Bu əzəmətli Şeyxin həyatına və böyük faydası olan əsərlərinə nəzər salan şəxs onu iddiaçı müəllifin zülm və böhtan dolu sözləri ilə necə vəsf edə bilər?!

Allahdan savayı güc və qüdrət yoxdur və biz hamımız Onun hüzuruna qayıdacağıq!

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе