»»

Şeyx Kuleyni: “Şiələrdən başqası zinakardır" deyib?

Müəllif iddia edir: “Kuleyni rəvayət edir: “Şiələrimizdən savayı bütün insanlar zinakar (və ya əxlaqsız qadınların dedi) qadınların övladlarıdır” (“ər- Rovzə”, 8/135)”.

Cavab: Bu hədisin sənədi zəifdir. Raviləri sırasında Əli ibn Abbas vardır. O, Xürazini və ya Cürazinidir. Zəif ravidir.

Nəcaşi “Rical”ında yazır: “Əli ibn Abbas Xürazini ər-Razi – ğüluvv etməkdə ittiham olunub, pislənilib, olduqca zəif ravidir”. (“Rical”, Nəcaşi, 2/78)

İbn Ğəzairi deyir: “Əli ibn Abbas Cürazini Əbul-Həsən ər-Razi – məşhurdur, təriflənən və məzəmmət edilənlər sırasında rəvayətləri vardır, bu da onun xəbisliyinə və məzhəbinin təhlükəli olduğuna dəlalət edir, ona əhəmiyyət verilməz və rəvayətlərinə etina olunmaz”. (“Rical”, İbn Ğəzairi, səh.79)

Həmçinin rəvayətin raviləri arasında Həsən ibn Əbdürrəhman vardır ki, tərcümeyi-hal kitablarında ona əhəmiyyət verilmir.

Buna əsasən, belə zəif rəvayəti dəlil kimi təqdim etmək düzgün deyildir.

Habelə On iki imam şiələrinin alimləri digər məzhəb mənsublarının, eləcə də kafirlərin nikahlarının düzgün olduğu qənaətindədirlər. Belə olduğu təqdirdə, onlar necə zinadan doğulmuş sayıla bilərlər?!

Seyid Mürtəza (r.ə) deyir:
“Nasibilərin, eləcə də şiəyə müxalif olanların nikahları düzgündür... Biz onların nikahlarını necə puç və batil saya bilərik ki, İmamlarımız (ə) və şeyxlərimiz onları öz atalarına nisbət vermiş və künyələri ilə çağırmışlar?! Biz atasının mənisindən dünyaya gələn bir kəsə necə zinakar qadının oğlu deyə bilərik? Yəni onların nikah əqdləri cariyələrin əqdi qədər də deyilmi? Biz cariyələri satın alır və bu satınalma səbəbindən onlara malik oluruq. Əgər müxaliflərin əqdləri düzgün deyilsə, o zaman satış, icarə, girov və s. əqdləri də düzgün sayılmamalıdır. Bu isə barəsində şübhə olmayan məsələdir”. (“Rəsail”, Seyid Mürtəza, 1/400)

Burada möhtərəm oxucunun diqqətini müəllifin öz adəti üzrə, nəql etdiyi hədisdə təhrifə yol verdiyinə çəkmək istəyirik. Hədisin əsl mətni belədir: “Şiələrimizdən savayı bütün insanlar pozğun qadınların övladlarıdır”. Göründüyü kimi, mətndə “zinakar qadınlar” sözü yoxdur. İkisi arasındakı fərq isə bundan ibarətdir ki, vələdüzzinalar zinakarlıq nəticəsində dünyaya gələn övladlardır. Ancaq qadının pozğun olması onun dünyaya gətirdiyi övladın zinadan dünyaya gəldiyinə dəlalət etməz. Belə ki, qadın pozğun olsa belə, dünyaya gətirdiyi övlad düzgün nikahdan da ola bilər.

Əgər hədisin səhih olduğunu fərz etsək, bəlkə də məqsəd pozğun kənizlərdir. Belə ki, pozğun kəlməsi günahkar olub-olmadığından asılı olmayaraq məhz kənizlər barədə istifadə edilir.

İbn Əsir “ən-Nihayə”də yazır: “Hərçənd pozğun kəlməsi adətən məzəmmət üçün istifadə edilsə də, məqsəd tənqid və məzəmmət olmadan, kənizə də “pozğun” deyilir”. (“ən-Nihayətu fi ğəribil-hədisi vəl-əsər”, 1/144)

İbn Mənzur “Lisanul-ərəb”də yazır: “Əbu Übeyd deyir: “Pozğunlar – yəni kənizlər (cariyələr). Çünki onlar günah edirlər. Deyilir: “Onların başları üstə pozğunlar dayandılar” – yəni kənizlər. Ərəbcəsi “Bəğaya” olan bu kəlmənin təki “bəği”dir... Sonradan bu kəlmə dillərdə dolaşdı və ümumən qul və ya azad qadın olmasına baxmadan bütün günahkarlara nisbətdə də istifadə edildi”. (“Lisanul-ərəb”, 14/77)

Əgər hədisi səhih saysaq, bəlkə də İmam (ə) anaları kəniz və ya günahkar qadınlar olan müəyyən bir dəstəni nəzərdə tutur və onlara nisbətdə şiələri istisna edir. Doğrusunu Allah bilir!

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе