»»

Mütə nigahı Xeybər savaşında qadağan edildi? - Şiə hədislərində gətirilən şübhəyə cavab

Müəllif iddia edir: “Halbuki doğru olan mütənin Xeybər savaşında qadağan edilməsidir.

Əmirəl-möminin (salavatullahi əleyh!) buyurur: “Xeybər savaşı günü Peyğəmbər (s) eşşək ətini və mütə nikahını haram elan etdi”. Bax: “ət-Təhizb”, 2/186; “əl-İstibsar”, 3/142; “Vəsailuş-şiə”, 14/441”.

Cavab: Bu rəvayətin sənədi ravi Əmr ibn Xalid əl-Vaisti səbəbindən zəifdir. O, tərcümeyi-hal kitablarında inanılan şəxs kimi təqdim edilməyib. Məzhəbi barədə ixtilaf vardır. Onun əhli-sünnə mənsubu olduğu deyilib. Məşhur rəy isə onun zeydi məzhəbinin başçılarından olmasıdır. Rəvayətlərinin əksəriyyətini Zeyd ibn Əlidən nəql edib. Həmin rəvayətlərdən biri də barəsində söhbət açdığımız rəvayətdir.

Həmçinin hədisin raviləri arasında Hüseyn ibn Əlvan vardır ki, o da əhli-sünnə məzhəbindəndir. Nəcaşinin onun tərcümeyi-halındakı inanılan şəxs olması barədə sözlərini ona, yoxsa qardaşı Həsənə ünvanladığı anlaşılmır. Bundan başqa isə onun barəsində təsdiqləyici bir fikir yoxdur. Bəzi alimlər onun barəsində müsbət, bəziləri də mənfi rəy bildirdiklərinə görə, onun rəvayətlərindən əl götürməyə qərar veririk.

Nəticə budur ki, rəvayət zeydi məzhəbinə mənsub, digəri isə əhli-sünnədən olan ravilərə istinad edilir. Onların hər ikisinin inanılan şəxs olduqları sübuta yetməyib. İnanılan şəxs olmaları barədə sözlərə gəldikdə, həmin fikirlər etimad mənbəyi deyil. Əgər bu rəvayətin səhih olduğuna ehtimal versək, o zaman təqiyyə halına aid ediləcək. Çünki mütə nikahının halal olduğuna dair Əhli-Beyt imamlarından (ə) nəql edilən rəvayətlər mütəvatir həddədir. Həmin mütəvatir hədisləri kənara qoyub, belə bir zəif rəvayətə etimad bəsləmək mümkün deyildir.

Şeyx Tusi “Təhzibul-əhkam”da yazır: “Bu rəvayət təqiyyə halında və şiələrin müxaliflərinin rəyinə əsasən söylənmişdir. İmamların (ə) rəvayətlərindən xəbərdar olan hər bir şəxs mütə nikahının mübah olduğu barədə məlumatlıdır. Bu barədə artıq sözə ehtiyac yoxdur”. (“Təhzibul-əhkam”, 7/251)

“əl-İstibsar”da yazır: “Bu rəvayəti təqiyyəyə aid edirik. Çünki buradakı rəy əhli-sünnə məzhəbinin etiqadına uyğundur. Bizdəki rəvayətlər kitabın zahirinə və haqq məzhəbin icmasına uyğun olaraq, mütənin halal olduğu barədədir. Ona görə, nadir halda rast gəlinən belə rəvayətləri kənara qoyub, onlara (mütəvatir hədislərə və icmaya) əsaslanmaq vacibdir”. (“əl-İstibsar”, 3/142)

 

Müəllif iddia edir: “Şübhə yoxdur ki, bu iki mətn mütə nikahının hökmünün ləğv edildiyinə dəlalət edir. Əmirəl-möminin (ə) də bunun Xeybər savaşı günü haram buyurulduğunu Peyğəmbərdən (s) nəql edir. Şübhəsiz ki, sonrakı imamlar da mütənin haram olduğu hökmünü bilirdilər”.

Cavab: Birinci rəvayətin sənədinin zəif olduğunu əvvəldə qeyd etdik. Hətta səhih olduğunu fərz etsək belə, təqiyyə halına şamil olacaq. Mütə nikahının halal olduğuna dair pak imamlardan (ə) rəvayət olunan mütəvatir hədisləri bir kənara qoyaraq, belə zəif hədisə etimad etmək əsla doğru sayılmaz.

İkinci hədis isə müsəlmanların Peyğəmbər (s) zamanında yalnız şahid tutmaqla mütə nikahı bağladıqlarına dəlalət edir. Bu fakt isə həmin nikahın haramlığına deyil, əksinə, halal olduğuna dəlildir.

Bəs müəllifin mütə nikahının qadağan edildiyi iddiasına dair qəti dəlilləri haradadır?! Bəs onun haram olduğu hökmünü Əmirəl-möminin Əlinin (ə) Peyğəmbərdən (s) nəql etdiyini necə bildi?! Həmçinin həmin hədisin də sənədi zəifdir və mütənin halal olduğuna dair məsum imamlardan (ə) nəql olunan mütəvatir hədislərlə ziddiyyət təşkil edir.

Maraqlıdır, nə üçün müəllif mütə nikahının halal olduğuna dəlalət edən onlarla hədislərə göz yumaraq məhz bu iki hədisi götürmüşdür?! Yoxsa onun ictihad səviyyəsi və hökmləri ələ gətirmək qabiliyyəti məhz belə zəif hədislərə əsaslanacaq miqdardadır. Beləliklə də həmin zəif hədisə etimad edir, ona uyğun fətva verir və buna zidd olan onlarla səhih hədisə göz yumur?!

 

Müəllif iddia edir: “Doğru olanı mütə nikahının tərk edilməsidir. Çünki Əmirəl-möminindən də (r.a) nəql edildiyinə əsasən, mütə nikahı haramdır. İmamlara nisbət verilən rəvayətlərə gəldikdə, şübhə yoxdur ki, bunun onlara nisbət verilməsi doğru deyildir, belə rəvayətlər onların adına atılan iftiralardır. Belə ki, imamlar (ə.s) Peyğəmbərin (s) haram buyurduğu və ondan sonra da Əmirəl-möminin Əlinin uyğun rəftar etdiyi bir məsələyə qarşı çıxmazlar. Onlar (yəni imamlar) elmi böyüklərindən bir-birinə ötürmüşlər, çünki onlar birbirinin
nəslidirlər”.

Cavab: Əmirəl-möminin Əlidən (ə) rəvayət olunan həmin hədisin zəif olduğunu isbatladıq, ravilərin etibarı baxımından ixtilaflı olduğunu, bəzilərinin zeydi, başqa birinin əhli-sünnə məzhəbinə mənsub olduqlarını qeyd etdik. Bunun müqabilində mütə ilə bağlı Əmirəl-möminin Əlidən (ə) xüsusilə, imamlardan (ə) isə ümumən etibarlı sənədlərlə nəql olunan rəvayətlər gözardı edilə bilməz. Əgər Əmirəl-möminindən (ə) Peyğəmbərin (s) qadağasına dair digər hədislərlə ziddiyyət təşkil etməyən bir rəvayətin nəql olunduğu isbatlansa, bu zaman onun sözünü qəbul etməli və boyun əyməliyik. Lakin bu məsələdə belə bir şey sübuta yetməyib. Əksinə, məsum imamların (ə) hədislərindən xəbərdar olan hər bir kəs bilir ki, məsələ ilə bağlı onların əks mövqeyi isbatlanmışdır.

Müəllifin bu rəvayətə əsaslanaraq digər bütün səhih hədisləri rədd etməsi, onları sənəd və məzmun cəhətindən araşdırmadan imamlara (ə) atılmış iftiralar adlandırması səhih hədislə qeyri-səhihin ayırd edilməsinə dair şiə ilə əhli-sünnə alimləri arasında ümumi qəbul olunmuş elmi bəhs qaydalarına tamamilə ziddir. Müəllif həmin hədislərin yalan və iftira olduğuna bir düzgün dəlil belə təqdim etmir, yalnız bunların Peyğəmbərin (s) haram buyurduğuna və Əmirəl-möminin Əlinin (ə) həmin sözü təsdiqləməsinə müxalif olduqlarını iddia edir. Məlum olduğu kimi, bu onun öz mətləbindən (hədəflərindən) doğan bir qərardır. Halbuki nəticə çıxarmazdan öncə, ilk olaraq o, Peyğəmbərin (s) mütə nikahını haram buyurduğunu, Əmirəl-möminin Əlinin (ə) həmin qadağanı ondan nəql etdiyini isbatlamalıdır ki, istəyinə nail olsun. Bu fakt müəllifin düzgün və isbatlanmış qaydalara uyğun dəlil təqdim etmək ruhundan çox-çox uzaq olduğunun dəlilidir.

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе