»»

İmamda bütün şiələrin adları qeyd olunan kitab var!? - şübhəyə cavab

Müəllif iddia edir: “2 - “ən-Namus” kitabı:

İmamın əlamətləri ilə bağlı Rzadan (r.a) nəql olunan hədisdə deyir: “İmamda qiyamət gününədək doğulacaq şiələrinin adları yazılmış bir səhifə (kitab), eləcə də düşmənlərinin adları qeyd olunmuş digər səhifə (kitab) olmalıdır” (Bax: “Biharul-ənvar”, 25/117; 26-cı cilddə isə bu barədə başqa bir rəvayət qeyd olunur).

Mən sual verirəm: Qiyamət gününədək doğulacaq şiələrin adları hansı kitaba sığar?! Əgər bu gün İraqda yaşayan şiələrin adlarını bir kitaba yazsaq, ən azı yüzlərlə cildə ehtiyac duyular. Bəs buraya İran, Hindistan, Pakistan, Suriya, Livan, Körfəz dövlətləri və digər ölkələrdə yaşayan şiələrin adlarını əlavə etsək necə olacaq? Bəs şiəlik yarandığı gündən ta bu günədək yaşayıb dünyadan köçmüş şiələrin adlarını əlavə etsək necə?..

Və bu adları özündə toplayacaq belə bir kitabın varlığının mümkünsüzlüyü barədə müəllifi söylədiyi digər iradlar...

Cavab: Şiələrin və onların düşmənlərinin adlarının qeyd edildiyi kitabdan bəhs edən bu rəvayətlərin sənədlərinə nəzər salmadan, müəllifin gətirdiyi iradlara aşağıdakı kimi cavab vermək olar:

1. Bəzi rəvayətlərə əsasən, şiələrin adları bir səhifədə deyil, bir çox səhifələrdə (kitablarda) yazılmışdır. Nəinki, hətta bəzilərinə əsasən, onun miqdarı bir dəvə yükü qədərdir.

Muhəmməd ibn Həsən Səffar “Bəsairud-dərəcat” kitabında Hüzeyfə ibn Üseyd əl-Ğiffaridən nəql edir: “İmam Həsən (ə) Müaviyə ilə sülh bağlayıb Mədinəyə qayıtdıqda, yolda ona səfər yoldaşı oldum. Qarşısında bir yük aparan dəvə vardı ki, ondan heç ayrılmırdı. Bir gün ona dedim: “Sənə fəda olum, ey Əbu Muhəmməd, bu yüklü dəvə səndən əsla ayrılmır, hara getdinsə, səninlə birlikdə gedir”. Buyurdu: “Ey Hüzeyfə, onun (yükün) nə olduğunu bilirsən?” Mən “Xeyr” deyə cavab verdim. Buyurdu: “Bu, siyahıdır”. Dedim: “Nəyin siyahısıdır?” Buyurdu: “Şiələrimizin siyahısıdır. Orada onların adları yazılıb”. Dedim: “Sənə fəda olum, mənim adımı orada göstər”. İmam (ə) mənə səhər tezdən gəlməyimi buyurdu. Səhər obaşdan qardaşımın oğlu ilə birlikdə onun yanına gəldik. Qardaşımın oğlu oxuya bilir, mən isə bacarmırdım. Buyurdu: “Səhər tezdən səni bura nə gətirib?” Dedim: “Mənə dünən verdiyin vəd”. Buyurdu: “Səninlə birlikdə gələn bu gənc kimdir?” Dedim: “Qardaşımın oğludur. O, oxumağı bacarır, mən isə yox”. İmam (ə) oturmağımı buyurdu və mən də əyləşdim. Sonra orta siyahını gətirmələrini buyurdu. Siyahını ona gətirdilər. Gənc oraya baxır, adlar isə parlayırdı. Gənc oxuduğu vaxt bir anda “Əmican, bu mənim adımdır!” dedi. Dedim: “Anan yasında ağlasın, bax, gör, məni adım haradadır?” Gənc kitabı bir az da açdı, sonra dedi: “Bu da sənin adın!” Biz çox sevindik. Həmin qardaşım oğlu sonra Kərbəlada İmam Hüseyn ibn Əli ilə (ə) birlikdə şəhid edildi”. (“Bəsairud-dərəcat”, səh.192)

Əgər bu səhifələrin miqdarı dəvə yükü qədərdirsə və sadəcə şiələrin adları qeyd olunubsa, onun bütün şiələrin adlarını ehtiva etməsi mümkünsüz olmayacaq.

2. Mümkündür ki, İmam (ə) şiələr dedikdə onların hökmlərinin həqiqi ardıcıllarını nəzərdə tutur, şiə ata-anadan dünyaya gələn bütün şəxsləri deyil. Orada adları qeyd edilən şiələr məhz İmam Sadiqin (ə) bu sözlərlə vəsf etdiyi şəxslərdir: “Şiələrimiz hidayət, təqva, xeyirxahlıq, iman, fəth və zəfər əhlidirlər”.

Yenə də ondan (ə) rəvayət olunur: “Alçaqlıqdan uzaq ol! Həqiqətən də Əlinin şiələri yalnız qarnını və övrətini qoruyan, çox səy edən, xaliqi üçün əməl edən, Onun savabını diləyən və cəzasından qorxan kəslərdir. Əgər belə şəxsləri görsən, bil ki, Cəfərin şiələri məhz onlardır”.

Həmçinin buyurur: “Əlinin şiələrinin qarınları boş və dodaqları solğundur, şəfqətli, elmli və həlimdirlər, möminlikləri ilə tanınırlar. Özünüzə pəhrizkarlıq və çalışqanlıqla yardım edin!” (“əl-Kafi”, 2/233)

Bu sifətlərlə vəsf olunan şiələr ümumi şiələrin az bir hissəsidir, heç də sayları müəllifin təsəvvür etdiyi qədər deyildir. Belə şiələrin adları yazılmış kitabların miqdarının bir dəvə yükü qədər olması da uzaq fikir deyildir.

3. Əhli-sünnə kitablarında bundan daha böyük və dəhşətli iddialar qeyd olunur. Onların rəvayətlərinə əsasən, Peyğəmbər (s) camaatın önünə iki kitab çıxardı ki, orada həm cənnət, həm də cəhənnəm əhlinin adları qeyd olunmuşdu. Şübhə yoxdur ki, bu kitablardakı adlarda məqsəd Allahın məxluqatı yaratdığı gündən etibarən gəlibgetmiş insanların adlarıdır. Çünki mövcud olan hər bir insan ya cənnət, ya da cəhənnəm əhli olmalıdır. Belə bir kitab müəllifin inkar etdiyi kitabdan daha böyük və daha əhatəli olmalıdır.

Tirmizi “Sünən”də, Əhməd ibn Hənbəl “Müsnəd”də, Təbərani “əl-Möcəmulövsat” da, Əbu Nüeym “Hilyətul-övliya”da və digərləri Abdullah ibn Əmr ibn Asdan nəql edirlər: “Peyğəmbər (s) bizim qarşımıza əlində iki kitabla çıxdı və buyurdu: “Bu iki kitabın nə olduğunu bilirsinizmi?” Dedik: “Ey Allahın elçisi, sənin bizi öyrətdiklərindən savayı heç nə bilmirik”. Peyğəmbər sağ əlindəkini göstərib dedi: “Bu, aləmlərin Rəbbindən gələn kitabdır. Burada cənnət əhlinin, onların atalarının və qəbilələrinin adları yazılmışdır. Sonra kitabın sonundan bir neçəsini qeyd etdi. O adların arasına nə bir ad əlavə edilər, nə də oradan biri çıxarılar”. Sonra sol əlindəkini göstərib buyurdu: “Bu, aləmlərin Rəbbindən gələn kitabdır. Burada cəhənnəm əhlinin, onların atalarının və qəbilələrinin adları yazılmışdır. Sonra kitabın sonundan bir neçəsini qeyd etdi. Bu adların arasına nə bir ad əlavə edilər, nə də oradan biri çıxarılar”. Səhabələr dedilər: “Ey Allahın elçisi, əgər insanlar artıq cənnət və cəhənnəm arasında bölünmüşlərsə, bizim əməllərimiz nəyi dəyişəcək?” Buyurdu: “Siz əməllərinizə davam edin və Allaha yaxınlaşın. Belə ki, cənnət əhli hansı əməli etməsindən asılı olmayaraq, sonda əməlləri cənnət əhlinin əməlilə bitir. Həmçinin cəhənnəm əhlinin də əməli belədir. Sonra hər iki əlini açaraq dedi: “Allah artıq məxluqları xəlq etmişdir, onların bir hissəsi cənnətdə, bir hissəsi də cəhənnəmdədir”.

Səhabələr dedilər: “Allah pak və münəzzəhdir. Biz feli etmədiyimiz halda artıq yerimizi təyin edib?” Peyğəmbər (s) buyurdu: “Əməllər sonuna görə qiymətləndirilir”.

Tirmizi deyir: “Bu həsən, qəribə və səhih hədisdir”. (575 “Sünən”, Tirmizi, 4/449; “Müsnəd”, Əhməd ibn Hənbəl, 2/167; “Məcməuzzəvaid”, 7/187; “Təfsir”, Təbəri, 25/7; “Təfsiru Quranil-əzim”, 4/107; “Hiylətulövliya”, 5/168; “Camiul-ulum vəl-hökm”, 1/59; “Kitabus-sünnə”, İbn Əbu Asim, 1/154. Albani ona haşiyə yazaraq deyir: “Sənədi həsəndir” (848). Həmçinin “Silsilətul-əhadisis səhihə”də də qeyd edir (2/503). “əl-Fəthul-kəbir”, Nəbhani, 1/40; “Səhihul-camiis-sağiri və ziyadətuh”, 1/79. Albani orada yazır: “Səhihdir”)

Biz burada müəllifdən və onun kimi düşünən digərlərindən soruşuruq: Peyğəmbərin (s) vəfatından sonra həmin o iki kitab necə oldu?

Məgər həmin o iki kitabın vərəsəlik yolu ilə Əhli-Beyt imamlarına (ə) ötürülməsi mümkün deyilmi? Beləliklə, orada onların həm tərəfdarlarının (cənnət əhlinin), həm də düşmənlərinin (cəhənnəm əhlinin) adları qeyd edilmiş olmurmu?

4. Əgər şiələr dedikdə məqsəd müəllifin bütün sadaladıqlarıdırsa, əlbəttə ki, onların hamısının adları bir kitaba sığışmaz. Bəlkə də həmin kitab bizim görməyə vərdiş etdiyimiz şəkildə tərtib edilməyib, qeyri-adi formada yazılmışdır. Buna əsasən də, həm bu kitabın, həm də Peyğəmbərin (s) əlində olan o iki kitabın kiçik həcmlərinə rəğmən, bütün adları özündə ehtiva etməsi mümkün ola bilər.


Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе