»»

İmam Hüseyni (ə) həqiqətən şiələr öldürüb?

“Allah, sonra da tarix naminə” kitabının müəllifi Hüseyn əl-Musəvi yazır:

“İmam Hüseyn (ə) şiələrinə bədduasında belə deyir: “İlahi, əgər onları hələ bir müddət də yaşatsan, onları bir-birindən ayırıb firqələrə böl, düşüncələrini müxtəlif et və dostlarını onlardan əsla razı salma! Belə ki, onlar bizə yardım etmək üçün buraya dəvət etdilər, sonra da düşmənçilik göstərib bizi öldürdülər” (“əl-İrşad”, Müfid, səh.241).

Başqa bir dəfə də onlara xitab və bəddua etmişdir. Onun sözlərinin bir hissəsi belə idi: “Lakin siz bizə beyət etmək üçün milçək kimi uçub sürətlə yanımıza gəldiniz, palaz kimi qarşımıza sərildiniz və ardınca da səfehlik, (azmışlıq!) səbəbindən beyətinizi pozdunuz və bu ümmətin tağutlarına və əhzabdan (Muhəmmədə (s) qarşı savaşanlardan) qalanlara boyun əyib uzaqlaşdınız. Sonra da sizlər bizi tək-tənha qoydunuz və qətlə yetirdiniz. Bilin ki, Allahın lənəti zalımların üzərindədir!” (əl-İhticac”, 2/24).

Bu sözlər Hüseyni həqiqətən kimin öldürdüyünü bizə açıqlayır. Bunlar onun Kufə əhlindən olan şiələridir. Yəni bizim babalarımız. Bəs Hüseynin (ə) qətlinin məsuliyyətini nə üçün əhli-sünnənin üzərinə atırıq?!”

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.15

CAVAB:

Əvvəla, müəllif nəql etdiyi mətni təhrif etmişdir. Həmçinin sondakı “Sonra da sizlər bizi tək-tənha qoydunuz və qətlə yetirdiniz. Bilin ki, Allahın lənəti zalımların üzərindədir!” sözlərini də qeyd etdiyi cümlələrin ardınca gətirərək, sanki bunların ard-arda deyilmiş sözlər olduğu təəssüratını yaratmışdır. Halbuki bu iki cümlə əsl mətndə bir-birindən ayrı və cümlələr arasında deyilmiş fərqli fikirlərdən sonra səsləndirilmişdir.

Əsas mətləbə gəldikdə, İmam Hüseyn (ə) bu sözlərini Kərbəlada onu öldürmək üçün toplaşmış orduya ünvanlayıb. Ordudakı şəxslər fərqli dəstələrə mənsub idilər, Abdullah ibn Ziyad onları Hüseynin (ə) qətli üçün bir yerə toplamışdı və onlar şiə deyildilər. Nəinki, onların arasında bir nəfər də olsun şiə yox idi. Belə olduqda “Hüseynin qatilləri şiələrdir” fikri necə iddia oluna bilər?!

Bu məsələni bir neçə cəhətdən izah etmək olar:

Birinci: “İmam Hüseyni (ə) onun tərəfdarları (şiələri) öldürdü” sözündə açıq-aydın ziddiyyət vardır. Çünki bir şəxsin tərəfdarı (şiəsi) məhz ona yardım edən, onun ardınca gedən və onu sevən kəsdir. Ancaq qatilləri belə deyillər. Belə olduqda, onlarda məhəbbət və sevgi ilə bərabər savaş və qətl necə bir yerdə cəm ola bilər?!

Əgər İmam Hüseynin (ə) qatillərinin şiələr olduğunu fərz etsək, onlar savaş və onun qətli üçün bir yerə toplaşdıqları anda artıq onun tərəfdarlığından (şiəliyindən) ayrılmış olur, düşmənlərinə və qatillərinə çevrilirlər.

İkinci: İmam Hüseynə (ə) qarşı savaşanlar kufəlilər idilər. Həmin vaxtlarda isə Kufədə bir nəfər də olsun şiənin yaşadığı barədə məlumat yoxdur. Müaviyə şiələri yaxşı tanıyan Ziyad ibn Üməyyəni oraya vali təyin etdikdə o, onları təqib etməyə, öldürməyə, evlərini uçurmağa, həbs etməyə başladı, ta ki, Kufədə bir nəfər də olsun Əli (ə) şiəsi kimi tanınan şəxs qalmadı.

İbn Əbul-Hədid əl-Mötəzili yazır:

روى أبو الحسن علي بن محمد بن أبي سيف المدائني في كتاب الأحداث، قال: كتب معاوية نسخة واحدة إلى عُمَّاله بعد عام الجماعة: (أن برئت الذمّة ممن روى شيئاً من فضل أبي تراب وأهل بيته).

فقامت الخطباء في كل كُورة وعلى كل منبر يلعنون عليًّا ويبرأون منه، ويقعون فيه وفي أهل بيته ، وكان أشد الناس بلاءاً حينئذ أهل الكوفة لكثرة ما بها من شيعة علي عليه السلام ، فاستعمل عليهم زياد بن سُميّة ، وضم إليه البصرة، فكان يتتبّع الشيعة وهو بهم عارف، لأنه كان منهم أيام علي عليه السلام ، فقتلهم تحت كل حَجَر ومَدَر وأخافهم ، وقطع الأيدي والأرجل، وسَمَل العيون وصلبهم على جذوع النخل، وطردهم وشرّدهم عن العراق، فلم يبق بها معروف منهم.

“Əbul-Həsən Əli ibn Muhəmməd ibn Əbu Seyf əl-Mədaini “əl-Əhdas” kitabında deyir: “Sülh müqaviləsi bağlandığı il Müaviyə valilərinə bir məktub göndərdi. Orada yazırdı: “Əbu Turabın və əhli-beytinin fəzilətlərinə dair bir şey rəvayət edən şəxsin üzərindən öz himayəmi götürürəm”. Bundan sonra xətiblər minbərlərdən Əlini (ə) lənətləməyə və ondan uzaq olduqlarını bildirməyə, özünü və ailəsini təhqir etməyə başladılar. Həmin vaxt ən çox müsibətlərlə düçar olanlar Kufə əhalisi idi. Belə ki, orada çox sayda şiə yaşayırdı. Müaviyə Ziyad ibn Süməyyəni onların üzərinə vali təyin etdi, Bəsrəni də onun sərəncamına verdi. Ziyad şiələri tanıyırdı. Çünki Əlinin (ə) xilafəti dövründə o da şiələrdən biri idi. Ziyad şiələrlə qarşılaşdığı hər ağacın, hər daşın altında onları öldürür, hədə-qorxu gəlir, əllərini-ayaqlarını kəsdirir, gözlərini deşdirir, ağaclarda çarmıxa çəkdirir, qovur və İraqdan sürgün etdirirdi. Nəticədə orada şiə kimi tanınan bir nəfər də qalmamışdı”. (“Nəhcul-Bəlağənin şərhi”, 3/15, “Muhəqqiqə” mətbəəsinin çapı, 11/44.)

Sonra yazır:

ثم كتب إلى عمَّاله نسخة واحدة إلى جميع البلدان : انظروا من قامت عليه البيِّنة أنه يحب عليًّا وأهل بيته، فامحوه من الديوان، وأسقطوا عطاءه ورزقه.

وشفع ذلك بنسخة أخرى : ( من اتهمتموه بموالاة هؤلاء القوم، فنكِّلوا به، واهدموا داره ). فلم يكن البلاء أشد ولا أكثر منه في العراق، ولا سيما الكوفة، حتى إن الرجل من شيعة علي عليه السلام ليأتيه من يثق به، فيدخل بيته، فيلقي إليه سرَّه، ويخاف من خادمه ومملوكه، ولا يحدِّثه حتى يأخذ عليه الأيمان الغليظة ليكتمنَّ عليه.

“Sonra da bütün şəhərlərdəki valilərinə belə bir məktub yazdı: “Əlini və əhli-beytini (ailəsini) sevdiyi sübuta yetən hər bir kəsi müəyyən edin, beytul-mal siyahısından adlarını silin, hədiyyələrini kəsin və ruzilərini əllərindən alın”.

Ardınca da ikinci məktubu göndərir: “Onları sevdiklərinə şübhə etdiyiniz (onları sevməkdə ittiham etdiyiniz) şəxsləri ciddi şəkildə cəzalandırın, evlərini uçurun”.

İraqdakı, xüsusilə də Kufədəki bəla və müsibətlər olduqca faciəvi idi. Hətta Əlinin (ə) şiələrindən birinin evinə inandığı bir şəxs gəlib sirrini ona açmaq istədikdə belə, onun xidmətçilərindən və ya kölələrindən (casus olmalarından) qorxur, dəfələrlə and içdirdikdən sonra ona sözünü söyləyirdi”.

Başqa bir yerdə yazır:

فلم يزل الأمر كذلك حتى مات الحسن بن علي عليه السلام ، فازداد البلاء والفتنة ، فلم يبقَ أحد من هذا القبيل إلا وهو خائف على دمه، أو طريد في الأرض

“Bu vəziyyət Həsən ibn Əli (ə) dünyadan köçənədək davam etdi. Onun ölümündən sonra bəla və müsibətlər, fitnələr daha da artdı. Şiələrdən öz canı üçün və ya qovulmaqdan qorxmayan bir kəs belə qalmadı”. (“Nəhcul-Bəlağənin şərhi”, 11/45. Eyni mənadakı sözlər Süleym ibn Qeysin kitabında da qeyd olunur (səh.318). Təbərsi “əl-İhticac”da (2/17), Əllamə Məclisi də “Biharul-ənvar”da (44/125-126) ondan nəql edir.)

Təbərani “əl-Möcəmul-kəbir”də Yunus ibn Übeydə istinadən İmam Həsəndən (ə) nəql edir:

كان زياد يتتبع شيعة علي رضي الله عنه فيقتلهم، فبلغ ذلك الحسن بن علي رضي الله عنه فقال: اللهم تفرَّد بموته، فإن القتل كفارة

“Ziyad Əlinin (r.a) tərəfdarlarını (şiələrini) təqib edir və onları öldürürdü. Bu xəbərlər Həsən ibn Əliyə (ə) yetişdikdə dedi: “İlahi, onu öldür! Belə ki, onun qətli rəhmətdir”. (“əl-Möcəmul-kəbir”, Təbərani, 3/68)

Heysəmi yazır:

رواه الطبراني ورجاله رجال الصحيح.

“Bunu Təbərani rəvayət edib. Raviləri “Səhih”in raviləridir”. (“Məcməuz-zəvaid”, 6/266.)

“Zəhəbi “Siyəru əlamin-nübəla” kitabında yazır:

قال أبو الشعثاء : كان زياد أفتك من الحجاج لمن يخالف هواه.

وقال: قال الحسن البصري : بلغ الحسن بن علي أن زياداً يتتبَّع شيعة علي بالبصرة فيقتلهم، فدعا عليه .وقيل: إنه جمع أهل الكوفة ليعرضهم على البراءة من أبي الحسن، فأصابه حينئذ طاعون في سنة ثلاث وخمسين .

“Əbuş-Şə`sa deyir: “Ziyad öz istəklərinə qarşı çıxanları məhv etməkdə Həccacdan daha qəddar idi”.

Əbul-Həsən əl-Bəsri deyir: “Ziyadın Bəsrədə Əlinin (ə) şiələrini təqib edib, öldürdüyü xəbəri Həsən ibn Əliyə yetişdi. O, İbn Ziyada bəddua etdi. Deyilib ki, İbn Ziyad Əbul-Həsəndən (İmam Əlidən (ə)) bezarlıqlarını ifadə etmələri üçün Kufə əhalisini bir yerə toplayırdı. Həmin vaxtlarda – hicri təqvimilə 53-cü ildə onu taun xəstəliyi tutdu”. (“Siyəru əlamin-nübəla”, Zəhəbi, 3/496.)

İbn Əsir “əl-Kamil” kitabında yazır:

وكان زياد أول من شدد أمر السلطان، وأكّد الملك لمعاوية، وجرَّد سيفه، وأخذ بالظنة، وعاقب على الشبهة، وخافه الناس خوفاً شديداً حتى أمن بعضهم بعض.

“Ziyad hakimiyyətdə qəddarlıq edən ilk şəxs oldu, Müaviyənin hakimiyyətini gücləndirdi, qılıncını qınından sıyırdı, öz gümanlarına görə hərəkət etdi və şübhələrinə əsaslanıb cəza verdi. Camaat ondan elə qorxurdu ki, hətta özlərini bir-birilərindən də amanda saymırdılar”. (“əl-Kamilu fit-tarix”, 3/450.)

İbn Həcər “Lisanul-mizan” kitabında yazır:

وكان زياد قوي المعرفة ، جيد السياسة ، وافر العقل، وكان من شيعة علي، وولاَّه إمرة القدس، فلما استلحقه معاوية صار أشد الناس على آل علي وشيعته ، وهو الذي سعى في قتل حجر بن عدي ومن معه.

“Ziyad güclü agahlığa, yaxşı siyasətə və geniş dərrakəyə malik idi. Əvvəllər Əlinin tərəfdarlarından idi. Əli də onu Qüdsə vali təyin etmişdi. Müaviyə onu özünə tərəf çəkdikdən sonra isə Əlinin ailəsinə və tərəfdarlarına qarşı ən qəddar şəxslərdən birinə çevrildi. O, Hücr ibn Ədiyin və onunla birlikdə olanların qətli üçün canfəşanlıq göstərən kəsdir”. (“Lisanul-mizan”, 2/495.)

Bütün bunlar Kufədə İmam Hüseynlə (ə) savaşmaq üçün Kərbəlaya göndəriləcək şiə kimi tanınan bir nəfərin də qalmadığını göstərir. Belə olduqda, müəllif Hüseynin (ə) qatillərinin şiələr olduğunu necə iddia edə bilər?!

İnsaflı bir şəxs İmam Hüseynə (ə) məktub yazıb dəvət edənlərin də şiələr olduğunu düşünməz. Çünki ona məktub yazanların heç biri şiə kimi tanınmırdı. Məsələn Şəbəs ibn Rib`i, Həccar ibn Əbcər, Əmr ibn Həccac və s.

Üçüncü: İmam Hüseyni (ə) qətlə yetirənlərin kimlikləri məlumdur. Onların arasında Əhli-Beytin (ə) şiəsi kimi tanınan bir nəfər də yoxdur.

Onlardan: Ömər ibn Səd ibn Əbu Vəqqas, Şimr ibn Zül-Covşən, Şəbəs ibn Rib`i, Həccar ibn Əbcər, Hərmələ ibn Kahil və s. Bunların heç biri şiə və ya Əlinin (ə) dostu kimi tanınmırdı.

Dördüncü: İmam Hüseyn (ə) Aşura günü onları Əbu Süfyanın şiələri (tərəfdarları) kimi vəsf etmiş və buyurmuşdu:

ويحكم يا شيعة آل أبي سفيان! إن لم يكن لكم دين، وكنتم لا تخافون المعاد، فكونوا أحراراً في دنياكم هذه، وارجعوا إلى أحسابكم إن كنتم عُرُباً كما تزعمون.

“Vay olsun sizə, ey Əbu Süfyan şiələri! Əgər dininiz yoxdursa və qiyamət günündən qorxmursunuzsa, heç olmazsa, bu dünyada azad olun! İddia etdiyiniz kimi, ərəbsinizsə, öz əslinizə (qeyrətinizə) qayıdın”. (“Məqtəlul-Hüseyn”, Xəvarəzmi, 2/38; “Biharul-ənvar”, 45/51; “əl-Luhufu fi qətlət-tufuf”, səh.45.)

İmam Hüseynin (ə) Kərbəlada söylədiyi kəlmələrə, qarşı tərəfə ünvanladığı sözlərə və onlara qarşı göstərdiyi dəlillərə nəzər saldıqda, onları özünün və ya atasının şiələri və ya dostları kimi vəsf etdiyinə rast gəlmirik.

Həmçinin oradakı başqa şəxslərin də sözlərində qarşı tərəfi Əhli-Beytin (ə) şiələri kimi vəsf edən kəlmələrlə qarşılaşmırıq. Bütün bunlar isə İmam Hüseynlə (ə) savaşmaq üçün toplaşmış şəxslərin Əhli-Beyt (ə) şiələrindən və ya dostlarından olmadıqlarını göstərir.

Beşinci: Oradakıların İmam Hüseynə (ə) qarşı şiddətli nifrət və ədavətləri vardı. Belə ki, onu və ailəsini sudan məhrum etmiş, özünü, əshabını və ailəsinin üzvlərini qətlə yetirmiş, başlarını kəsmiş, cəsədlərini ataların ayaqları altında tapdamış, qadınlarını əsir götürmüş, qadınların üzərindəki bəzək əşyalarınız zorla çıxarmışdılar...

İbn Əsir “əl-Kamil” kitabında yazır:

ثم نادى عمر بن سعد في أصحابه مَن ينتدب إلى الحسين فيُوطئه فرسه، فانتدب عشرة، منهم إسحاق بن حيوة الحضرمي، وهو الذي سلب قميص الحسين، فبرص بعدُ، فأتوا فداسوا الحسين بخيولهم حتى رضّوا ظهره وصدره.

“Sonra Ömər ibn Səd üzünü əshabına tutub Hüseynin cəsədini atlarının ayaqları altında kimin tapdaya biləcəyini soruşdu. On nəfər irəli çıxdı. Onların arasında İshaq ibn Heyvə əl-Həzrəmi də vardı. O, Hüseynin köynəyini (qənimət olaraq) götürən şəxs idi. Sonradan cüzam xəstəliyinə tutuldu. Həmin on nəfər gedib Hüseynin cəsədini atlarının ayaqları altında tapdadılar, sinəsini və kürəyini parça-parça etdilər”. (“əl-Kamil”, İbn Əsir, 4/80.)

Yazır:

وسُلِب الحسين ما كان عليه، فأخذ سراويله بحر بن كعب، وأخذ قيس بن الأشعث قطيفته ، وهي من خز، فكان يُسمَّى بعدُ ( قيس قطيفة )، وأخذ نعليه الأسود الأودي، وأخذ سيفه رجل من دارم، ومال الناس على الورس والحلل فانتهبوها، ونهبوا ثقله وما على النساء، حتى إن كانت المرأة لتنزع الثوب من ظهرها فيؤخذ منه

“Hüseynin əynində olanları çıxarıb götürdülər. Onun şalvarını Bəhr ibn Kə`b, əbasını Qeys ibn Əş`əs götürdü. Sonradan “Əbalı Qeys” deyə çağırıldı. Başmaqlarını əl-Əsvəd əl-Əvdi, qılıncını darəmli bir şəxs ələ keçirdi. Sonra onlar xeymələrdəki əşyalara, qadınların üzərindəki bəzək əşyalarına tərəf hücum çəkdilər. Qadınların üzərindən örtüklərini dartıb götürür və əllərindən alırdılar”. (“əl-Kamil”, İbn Əsir, 4/79.)

İbn Kəsir “əl-Bidayətu vən-nihayə” kitabında Əbu Mixnəfdən nəql etdiyi rəvayətlərin birində bunları qeyd edir:

وأخذ سنان وغيره سلبه، وتقاسم الناس ما كان من أمواله وحواصله، وما في خبائه حتى ما على النساء من الثياب الطاهرة.

“Sənan və digərləri onun üzərindəkiləri yağmaladılar, camaat onların əşyalarını öz aralarında bölüşdürdü, hətta qadınların üzərindəki paltarları və xeymələrdəki əşyaları da götürdülər”.

وجاء عمر بن سعد فقال : ألا لا يدخلن على هذه النسوة أحد، ولا يقتل هذا الغلام أحد، ومن أخذ من متاعهم شيئاً فليردّه عليهم. قال : فوالله ما ردَّ أحد شيئاً.

“Ömər ibn Səd gəlib dedi: “Bu qadınların yanına heç kəs daxil olmasın! Bu yeniyetməni öldürməyin! Onların əşyalarından nə götürmüşsünüzsə, özlərinə qaytarın!” Ancaq, Allaha and olsun ki, heç kəs heç nə qaytarmadı”. (“əl-Bidayətu vən-nihayə”, İbn Əsir, 8/190.)

Bütün bu əməlləri yalnız güclü ədavətə və nifrətə sahib kəslər edə bilərlər. Onları sevən şiələrinin belə bir rəftara yol verə biləcəkləri ağlabatandırmı?!

Altıncı: İmam Hüseynin (ə) qatilləri ona deyirdilər:

إنما نقاتلك بغضاً لأبيك

“Biz səni atana qarşı olan nifrətimizə görə öldürürük”. (“Yənabiul-məvəddə”, səh.346.)

Qəlblərində Əli ibn Əbu Talibə (ə) qarşı bu cür nifrət bəsləyən kəslərin şiə olması necə təsəvvür edilə bilər?!

Bəziləri isə deyirdilər:

يا حسين، يا كذاب ابن الكذاب

“Ey Hüseyn, ey yalançı oğlu yalançı!” (“əl-Kamil”, İbn Əsir, 4/67.)

Digərləri deyirdilər:

يا حسين أبشر بالنار

“Ey Hüseyn, Cəhənnəmlə müjdələn!” (“əl-Kamil”, İbn Əsir, 4/66; “əl-Bidayətu vən-nihayə”, 8/183.)

Başqa bir dəstə isə Hüseynə (ə) və əshabına belə deyirdi:

إنها ـ يعني الصلاة ـ لا تُقْبَل منكم

“Həqiqətən də bu (yəni namaz), sizdən əsla qəbul olunmur!” (“əl-Bidayətu vən-nihayə”, 8/185.)

Xüsusilə Əmirəl-möminin Əliyə (ə) və İmam Hüseynə (ə), ümumən isə Əhli-Beytə (ə) qarşı qəlblərində alovlandırdıqları nifrət və düşmənçiliyi ifadə edən digər bu kimi sözlər...

Yeddinci: Həmin hadisələrə dair əmr verənlər və qərar qəbul edənlər şiə deyildilər. Bunlar Yezid ibn Müaviyə, Übeydullah ibn Ziyad, Ömər ibn Səd, Şimr ibn Zul-Cövşən, Qeys ibn əl-Əş`əs ibn Qeys, Əmr ibn əl-Həccac əz-Zübeydi, Abdullah ibn Züheyr əl-Əzdi, Ürvə ibn Qeys əl-Əhməsi, Şəbəs ibn Rib`i əl-Yərbui, Əbdürrəhman ibn Əbu Səbirə əl-Co`fu, əl-Həsin ibn Nümeyr, Həccar ibn Əbcər idi.

Həmçinin İmam Hüseynin (ə) qətlində birbaşa iştirak edənlər və ya onun ailəsindən, yaxud əshabından birini belə öldürənlər arasında da şiə yoxdur. Həmin qatillərdən bəziləri bunlardır: Sinan ibn Ənəs ən-Nəxəi, Hərmələ əl-Kahili, Munqiz ibn Mürrə əl-Əbdi, Əbul-Hutuf əl-Co`fi, Malik ibn Nəsr əl-Kindi, Əbdürrəhman əl-Co`fi, Qəş`əm ibn Nəzir əl-Co`fi, Bəhr ibn Kə`b ibn Teymullah, Zur`ə ibn Şərik ət-Təmimi, Saleh ibn Vəhəb əl-Murri, Xuli ibn Yəzid əl-Əsbəhi, Həsin ibn Təmim və digərləri.

İmam Hüseynin (ə) qətlində iştirak edənlər arasında şiə kimi tanına bir nəfəri belə tapa bilməzsiniz. Aşura günü Kərbəlada baş verən hadisələrlə tanış olduqda söylədiklərimizin doğruluğu sizin üçün aydınlaşacaq.

Səkkizinci: Yezid ibn Müaviyə İmam Hüseynin (ə) qətlinin məsuliyyətini heç kimə deyil, yalnız Übeydullah ibn Ziyadın üzərinə qoymuşdur.

İbn Kəsir “əl-Bidayətu vən-Nihayə” kitabında, Zəhəbi “Siyəru ə`lamin-nübəla”da və digərləri Yunus ibn Həbibin belə dediyini nəql edirlər:

لما قتل عبيدُ الله الحسينَ وأهله بعث برؤوسهم إلى يزيد، فسُرَّ بقتلهم أولاً، ثم لم يلبث حتى ندم على قتلهم، فكان يقول: وما عليَّ لو احتملتُ الأذى، وأنزلتُ الحسين معي، وحكَّمته فيما يريد ، وإن كان عليَّ في ذلك وهن، حفظاً لرسول الله (ص) ورعاية لحقه، لعن الله ابن مرجانة ـ يعني عبيد الله ـ فإنه أحرجه واضطره، وقد كان سأل أن يخلي سبيله أن يرجع من حيث أقبل، أو يأتيني فيضع يده في يدي، أو يلحق بثغر من الثغور، فأبى ذلك عليه وقتله، فأبغضني بقتله المسلمون، وزرع لي في قلوبهم العداوة

“Übeydullah Hüseyni və ailəsini qətlə yetirdikdən sonra onların kəsilmiş başlarını Yezidə göndərdi. Yezid öncə onların qətlinə sevindi, ancaq bir müddət sonra onların öldürülməsinə peşman oldu. Belə deyirdi: “Kaş ki, zəiflik göstərmiş olsaydım belə, Peyğəmbərin (s) ehtiramını qorumaq və haqqına riayət etmək üçün əziyyətə dözəydim, Hüseynlə danışıq aparıb onun istədiyi kimi hökm verəydim. Allah Mərcanənin oğluna (yəni Übeydullah ibn Ziyada) lənət eləsin! O, Hüseyni dalana dirədi və çıxılmaz vəziyyətə saldı. Halbuki Hüseyn gəldiyi yerə qayıtması üçün ondan yolu açmasını istəmişdi. Və ya onu mənim yanıma gətirərdi, o da əlini mənim əlimə qoyardı (mənə beyət edərdi), yaxud onu sərhədlərdən kənara çıxmasını təmin edərdi. Lakin bütün bu istəkləri rədd edib onu öldürdü, onun qətlinə görə müsəlmanların nifrətini mənə tərəf yönəltdi və onların qəlbində mənə qarşı düşmənçilik toxumları səpdi”. (“Siyəru ə`lamin-nübəla”, 3/317; “əl-Bidayətu vən-nihayə”, 8/235; “əl-Kamilu fit-tarix”, 4/87.)

* * *

Müəllif yazır:

“Buna görə də Seyid Muhsin əl-Əmin deyir: “Hüseynə İraq əhalisindən iyirmi min nəfər beyət etmişdi, lakin beyətləri boyunlarında olduğu halda ona xəyanət etdilər, ona qarşı savaşıb qətlə yetirdilər” (“Ə`yanuş-şiə”/Birinci fəsil, səh.34).

CAVAB:

Əvvəldə demişdik: Ziyad ibn Süməyyə hər bir daşın, ağacın altında Əlinin (ə) şiələrini axtarır, onları təqib edirdi. Belə ki, Kufədə şiə olaraq tanınan bir nəfər də qalmamışdı.

Buna rəğmən “Hüseynə (ə) beyət edib, sonra da qarşı çıxaraq onunla savaşanlar şiələr idi” iddiasını necə etmək olar?!

Onların İmam Hüseynə (ə) beyət etmələri də şiə olduqlarına dəlalət etməz. Aydın məsələdir ki, bir şəxsin bir kəsə beyət etməsə, heç də onun tərəfdarı olması anlamına gəlmir. Yoxsa belə deyilməlidir: Bütün Əmirəl-möminin Əliyə (ə) beyət etmiş bütün səhabələr və tabeunlar onun şiəsinə çevrildilər. Bunu heç kim, hətta müxaliflərin özləri də qəbul etməzlər!!!

 

Şeyx Əli Ali-Muhsin
 
313news.net
Рейтинг

В этом разделе