»»

Aişə binti Əbu Bəkr haqqında iyrənc şübhəyə cavab

Müəllif iddia edir: “Aişə barədə isə İbn Rəcəb (!) əl-Bursi deyir: “Aişə xəyanət etməklə 40 dinar toplamışdı” (“Məşariqu ənvaril-yəqin”, səh.86)”.

Cavab: Bu rəvayəti Hafiz Rəcəb əl-Bursi mürsəl (sənədsiz) olaraq nəql etmişdir. Başqaları isə istinadla nəql ediblər ki, orada Əli ibn Hüseyn əl-Muqri əl-Kufi, Muhəmməd ibn Həlim ət-Təmmar, Mixvəl ibn İbrahim Zeyd ibn Küseyr əl-Cəmhidən rəvayət edir. Ravilərin hamısı məchul şəxslərdir və adları tərcümeyi-hal kitablarında qeyd edilməyib.

Əllamə Məclisi (r.ə) deyir: “Bu, rəvayət olunsa da, şaz (nadir) və bəzi üsullara müxalifdir”. (“Biharul-ənvar”, 32/107)

Rəvayətin sənədinə göz yumulsa, rəvayətdəki “xəyanət” sözü heç də iddiaçı müəllifin oxucuda yaratmaq istədiyi fahişə təsəvvürünü ifadə etmir. Belə ki, xəyanət əmanətin ziddidir, bu isə hər hansı pul və ya maldan haqqı çatmadan istifadə etməkdir.

Həmçinin qadınların xəyanətləri şəxslərinə görə fərqlilik göstərir. Bu xəyanət həm, pul, həm mal, həm də digər məsələlərdə baş verə bilər.

İbn Həcər Əsqəlani Buxarinin “Əgər Həvva onu etməsəydi, heç bir qadın ərinə xəyanət etməzdi” hədisinin şərhində deyir: “Burada işarə Həvvanın Adəm üçün o ağacın meyvəsini yeməsi üçün cilvələməsinədir. Adəmə xəyanət etməsinin mənası isə İblisin onun üçün bəzəyib cilvələdiyi meyvəni qəbul etməsi və Adəmin ondan yeməsi üçün təşviq etməsidir. Həvvanın qızları olduqda doğuşdan ona bənzədilər. Hər bir qadının ərinə söz və ya əməllə xəyanəti bəlkə də bundan qaynaqlanır. Burada xəyanət dedikdə məqsəd fahişəlik deyildir. Əsla, xeyr! Nəfsinə uyub o ağacın meyvəsindən yeməyə meyl etdiyi və onu Adəm üçün bəzədiyi üçün bu əməli xəyanət sayılmışdır. Ancaq ondan sonra gələn qadınların xəyanətləri isə öz şəxsi təşəbbüslərinə bağlıdır. Bu, sanki aşağıdakı hədisə yaxın mənanı ifadə edir: “Adəm inkar etdi və nəticə də nəsli də inkar etdi”. (“Fəthul-bari”, 6/283)

Uca Allah da Qurani-Kərimdə Nuh və Lut peyğəmbərlərin (ə) zövcələrinin onlara xəyanət etdiklərini bildirir: “Allah kafirlərə Nuhun ilə Lutun zövcəsini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “Girin cəhənnəmə ikiniz də girənlərlə birlikdə!”-deyildi”. (“ət-Təhrim” surəsi, ayə 10)

Şübhə yoxdur ki, burada xəyanət dedikdə məqsəd fahişəlik deyildir. Çünki peyğəmbərlərin həyat yoldaşları hətta cəhənnəm əhli olsalar belə, bu sifətdən uzaqdırlar (“ət-Təhrim” surəsi, ayə 10)

Qurtubi öz təfsirində “Onlar ərlərinə xəyanət etdilər” ayəsi barədə yazır: “yəni din barədə xəyanət etdilər, yataqda deyil. Belə ki, onlar camaata ərlərinin dəli olduğunu söyləyirdilər. Zövcəsi Nuh peyğəmbərə demişdi: “Rəbbin sənə niyə yardım etməyəcəkmi?” Peyğəmbər də “Bəli, edəcək” deyə cavab vermişdi. Qadın bunun nə vaxt baş verəcəyini soruşduqda isə o, “Təndir qaynadığı zaman” demişdi. Qadın bu cavabdan sonra camaatın qarşısına çıxıb belə səslənmişdi: “Ey qövm, Allaha and olsun ki, o, ağlını itirib. O, iddia edir ki, bu təndir qaynadığı vaxt Rəbbi ona yardım edəcək”. Qadının bu sözləri xəyanət olaraq qəbul edilmişdir. Lutun zövcəsinin xəyanəti isə qövmünə evinə gələn qonaqlar barədə xəbər verməsi idi”. (“əl-Camiə liəhkamil-Quran”, 9/47)

Söylədiklərimizdən aydın olur ki, belə xəyanətlərin peyğəmbər və saleh şəxslərin həyat yoldaşları tərəfindən baş verməsində heç bir qəribəlik yoxdur.

Bunlardan əlavə, xəbərdə xəyanət Aişəyə nisbət verilmir, yalnız onun topladığı pulun xəyanətdən əldə edildiyi bildirilir. Xainin kim olduğu isə rəvayətdə qeyd edilmir.

Əgər rəvayətin səhih olduğunu fərz etsək, bəlkə də pul xəyanətində məqsəd Müaviyənin müsəlmanların beytül-malını istədiyi kimi və haqsız yerə paylamasıdır. Mümkündür ki, o, Möminlərin əmiri Əlinin (ə) düşmənləri arasında paylaması üçün Aişəyə müəyyən miqdar pul vermişdi. Doğrusunu Allah bilir!

Bu müəllifə insanın təəccübü bitmək bilmir! O, belə zəif və mənasını anlamadığı bir rəvayətlə şiələri gözdən salmağa çalışır, ancaq əhli-sünnə mənbələrindəki bir çox səhih və mötəbər hədisdə açıq şəkildə alçaltmalara göz yumur. Həmin hədislərdə Aişəyə çirkin işlər nisbət verilir. Məsələn zina ittihamı nisbət verirlər ki, bunun təfsilatı da “Böhtan” (“Səhih”, Buxari, 3/1490; “Sünən”, Tirmizi, 5/332; “Müsnəd”, Əhməd ibn Hənbəl,6/59) hədisində qeyd olunur. Eləcə də Peyğəmbərin (s) onunla heyz halında olduğu zaman yaxınlıq etdiyini, oruc ikən öpdüyünü və dililə toxunduğunu,(bu hədisi kitabımızın birinci cildində qeyd etmişik) onunla bir qabın içində çimdiyini,(“Səhih”, Buxari, 1/102, 104, 106, 114, 120, 2/573, 4/1776; “Səhih”, Müslim,1/255-257; “Səhih”, İbn Xüzeymə, 1/117, 119, 124; “Səhih”, İbn Hibban, 3/395, 467,468, 476, 4/74, 75; “Sünən”, Tirmizi, 1/91, 4/233; “Sünən”, Əbu Davud, 1/20, 62; “Sünən”, Nəsai, 1/138, 139, 140-142, 220, 221, 222; “Sünən”, İbn Macə, 1/133-134,198; “Müsnəd”, Şafei, səh.9) Aişənin spermanı Peyğəmbərin (s) libasından ovub çıxardığını,(bu hədisi kitabımızın birinci cildində qeyd etmişik) bəzən Peyğəmbər (s) onunla məni xaric etmədən yaxınlıq edib, sonra qüsl aldığını, (“Səhih”, Müslim, 1/272; “Səhih”, İbn Hibban, 3/451, 452, 456, 457; “Sünən”,Tirmizi, 1/181; “Sünən”, İbn Macə, 1-199; “əs-Sünənul-kubra”, Nəsai, 1/108, 5/352;“Müsnəd”, Əhməd, 6/68, 110, 161; “əs-Sünənul-kubra”, Beyhəqi, 1/164; “Sünən”, Darəqutni, 1/111, 112; “Müsnəd”, Şafei, səh.160) heyzli olarkən budunun üstünü açıb toxunduğunu, yanağını və sinəsini budunun üzərinə qoyub yatdığını (“Sünən”, Əbu Davud, 1/70; “əs-Sünənul-kubra”, Beyhəqi, 1/313; “əl-Ədəbulmüfrəd”, səh.54; “Təfsir”, İbn Kəsir, 1/259) rəvayət edirlər.

Əbu Bəkr ibn Əbu Şeybə “əl-Müsənnəf”də Aişəyə istinadən onun bir cariyəni bəzəyib özü ilə gəzdirdiyini və belə dediyini nəql edir: “Bəlkə onun vasitəsilə Qüreyş gənclərini ovlaya bildik”. (“əl-Müsənnəf”, İbn Əbu Şeybə, 4/49)

Və qeyd edilməsi ədəbə sığmayan digər hədislər...

Sözümüzü bəzi şiə alimlərinin peyğəmbərlərin zövcələrinin fahişəlikdən uzaqlıqları barədə sözləri ilə bitirmək istəyirik.

Seyid Mürtəza “əl-Əmali”də Nuhun oğlunun həqiqətdə onun doğma oğlu olmadığını və zövcəsinin zinası nəticəsində dünyaya gəldiyini iddia edənlərin cavabında yazır: “Peyğəmbərlər (onlara Allahın salam və salavatı olsun!) belə iddialardan uzaq tutulmalıdır. Çünki belə iddialar onları bədnam edir, ləkələyir və qədir-qiymətdən salır. Uca Allah peyğəmbərlərinə əzəmət və vüqar bəxş edərək onları bu sifətlərdən uzaq tutmuş və insanları onlara nifrət edib uzaqlaşmalarına səbəb olacaq hər bir pislikdən pak saxlamışdır”. (“əl-Əmali”, Seyid Mürtəza, 1/503)

Həmçinin Əllamə Təbatəbai də bu barədə deyir:
“Burada peyğəmbərlərə (ə) bədnamlıq və rəzillik nisbəti olduğu düşünülə bilməz. Onların möhtərəmliyi barədə Allahın kəlamı da bu düşüncəni dəf edir və onları bu kimi batil işlərdən pak tutur. Ayədəki məna aşkar və birbaşa deyildir. Həmin hekayədə yalnız “Ey Nuh! O sənin əhlindən deyildir” sözü keçir ki, bu da cürət edib iddia ortaya qoymaq üçün açıq mənalı deyildir. Nuhun zövcəsi barədə “Allah kafirlərə Nuhla Lutun zövcələrini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər...” (“ət-Təhrim”, 10) deyilir. Burada onların yalnız inkar etdikləri, ərlərinin düşmənlərini özlərinə dost tutduqları, sirlərini onlara söylədikləri və cürət verdikləri anlaşıla bilər”. (“əl-Mizanu fi təfsiril-Quran”, 10/235)

Şeyx Tusi “Tibyan” əsərində “Allah kafirlərə Nuhla Lutun zövcələrini misal çəkdi...” ayəsinin təfsiri barədə yazır:

“İbn Abbas deyir: “Nuhun həyat yoldaşı kafir idi. O, camaata Nuhun dəli olduğunu deyirdi. Lutun zövcəsi isə onun düşmənlərinə evdə qonaqları olduğunu söyləmişdi. Onların xəyanətləri bundan ibarət idi. Heç bir peyğəmbərin zövcəsi zina etməmişdir”. Çünki bu baş verdiyi təqdirdə insanlar peyğəmbərə nifrət bəsləyər və ona çirkin işlər nisbət verərdilər. Kim peyğəmbərlərdən birinin həyat yoldaşına zinakarlığı nisbət versə, çox böyük bir xətaya yol vermişdir”. (“ət-Tibyanu fi təfsiril-Quran”, 10/52)

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе