»»

Xanım Zəhranın (ə) Həzrət Məryəmdən (ə) üstünlüyü

Bu məqalənin mövzusu Xanım Zəhranın (ə) aləmlərin bütün qadınlarından, o cümlədən Həzrət Məryəmdən üstünlüyü haqqındadır.

Belə ki, “Ali-İmran” surəsinin 42-ci ayəsində buyurulur: “Ey Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur”. Görəsən, bu ayə əhli-sünnənin iddia etdiyi kimi Həzrət Məryəmin bütün aləmlərin qadınlarından, o cümlədən Xanım Zəhradan (ə) da üstünlüyünə dəlalət edirmi? Belə olduğu təqdirdə bəs Xanım Zəhranın (ə) aləmlərin bütün qadınlarından və o cümlədən Həzrət Məryəmdən üstün olması barədə Qurani-Kərimdə bir dəlil varmı? Quranda Həzrət Məryəm barəsində “(Allah) səni aləmlərin qadınlarından üstün tutmuşdur” — deyə buyurulması aləmlərin qadınlarının hamısına şamil olmurmu?

Bu suallara cavab olaraq Məhəmmədfazil Məsudi özünün “Əsrarul-Fatimiyyə” kitabında Xanım Zəhranın (ə) Həzrət Məryəmdən üstünlüyünü sübuta yetirən bir neçə məsələ zikr etmişdir. Həmin cavabları əziz oxucuların diqqətinə çatdırırıq:

1. Allahın Rəsulundan (s) Xanım Zəhra (ə) haqqında belə nəql olunmuşdur: “Şübhəsiz, Fatimə cənnət əhlinin qadınlarının seyidəsidir”. Həzrət Peyğəmbərin (s) bu kəlamı Xanım Zəhranın (ə) aləmlərin qadınlarının seyidəsi olması ilə eyni mənanı daşıyır. Çünki cənnətdə yalnız möminə, pak qadınlar var, Xanım Zəhra (ə) isə Peyğəmbərin (s) bu hədisinə əsasən, onların seyidəsidir (ən üstün xanımıdır). Beləliklə, Xanım Zəhra (ə) axirətdə behişt qadınlarının seyidəsi olduğuna görə dünyada da onların seyidəsi olmağa daha layiqdir.

2. Həzrət Məryəmin aləmlərin qadınlarından üstün tutulması haqqında Quran ayəsini bizə xəbər verən Allahın Rəsuludur (s). Yenə də Allah Rəsulunun (ə) özü bir hədisdə Xanım Zəhranın (ə) bütün aləmlərin qadınlarından, Həzrət Məryəmin isə yalnız öz zamanının qadınlarından üstün olmasını xəbər vermişdir. Belə ki, İbn Abbasdan Allahın Rəsulunun (s) belə buyurduğu nəql olunur:

عن إبن عباس أن رسول الله قال في حق فاطمة أنها سيدة نساء العالمين فقيل يا رسول الله أهي سيدة نساء عالمها؟ فقال (صلى الله عليه وآله) ذاك لمريم بنت عمران فأما ابنتي فهي سيدة نساء العالمين من الأولين والآخرين وأنها لتقدم من محرابها فيسلم عليها سبعون ألف ملك من الملائكة المقربين وينادونها بما نادت به الملائكة مريم فيقولون: يا فاطمة إن الله اصطفاك وطهرك واصطفاك على نساء العالمين

“Şübhəsiz, o (Xanım Zəhra), aləmlərin qadınlarının seyidəsidir”. Peyğəmbərdən “Ey Allahın Rəsulu, öz zamanının qadınlarının seyidəsidir?” – deyə soruşulduqda Allah Rəsulu (s) buyurdu: “Bu, İmranın (ə) qızı Məryəmə aiddir. Mənim qızıma gəlincə isə o, birincisindən sonuncusuna qədər (bütün) aləmlərin qadınlarının seyidəsidir. O öz mehrabına yaxınlaşdıqda (Allaha) yaxın yetmiş min mələk ona salam verir və mələklər Məryəmi çağırdıqları kimi, onu da çağırır və deyirlər: “Ey Fatimə! Şübhəsiz, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur”[1].

Deməli, hədis ayədəki “aləmlər” kəlməsinin mütləq (ümumi) mənasını qeydləndirir.

3. Müqəddəs Qurani-Kərimə baxsaq, görəcəyik ki, aləmlərdən üstün tutulmaq haqqında fəzilət bir qrup peyğəmbərlər üçün də zikr edilmişdir. Allah-taala belə buyurur: “Həmçinin İsmail, Əlyəsə, Yunus və Lutu da aləmlərdən üstün qərar verdik”.[1a] Bizə irad edənlərin məntiqi ilə yanaşsaq, gərək həmin peyğəmbərlərin də Həzrət Məhəmməddən (s) üstün olmasını deyək. Lakin heç kim, hətta əhli-sünnə alimləri belə bu ayələrə əsaslanaraq adıçəkilən peyğəmbərlərin Həzrət Məhəmməddən (s) daha üstün olduğunu söyləmir. Ona görə də bu cür ayələr həmin peyğəmbərlərin özləri ilə bir dövrdə yaşayan bütün insanlardan üstün qərar verilməsi mənasını çatdırır.

4. Qurani-Kərimə əsasən, Zəkəriyyə nə zaman Həzrət Məryəmin yanına daxil olsa, onun qarşısında (Allah tərəfindən ona bəxş olunan olunan — red.) yemək görür.[2] Bu məsələ Qurani-Kərimdə qeyd olunan Həzrət Məryəmə məxsus bir kəramətdir. Lakin hədislərə nəzər yetirdikdə Xanım Zəhranın (ə) da belə bir kəramətə malik olduğunu görürük. Bu barədə olan qissə əhli-sünnə kitablarında, o cümlədən Şeyx İsmail Haqqının “Ruhul-bəyan” təfsirində zikr edilmişdir. Təbərinin “Zəxairul-üqba” kitabında da buna bənzər qissə vardır.

5. Peyğəmbərdən təvatür şəklində nəql olunmuş “Fatimə mənim bir parçamdır. Onu qəzəbləndirən məni qəzəbləndirmişdir”[3] hədisinə əsasən, şiə alimləri və sünni alimlərindən bir çoxu Xanım Zəhranın (ə) Həzrət Məryəmdən üstün olması nəticəsinə gəlmişlər. Çünki o, atasının (s) nurundandır. Atası Həzrət Peyğəmbər (s) sonuncu (və ən üstün) peyğəmbər olduğu üçün onun ətindən və qanından olan qızı da (hansı ki, hədisə əsasən, onun (s) bir parçası sayılır — red.) İmranın qızından üstündür.

6. Xanım Zəhranın (ə) üstünlüyü İmam Baqirdən (ə) rəvayət olunan “Onun itaəti cinlərə, insanlara, quşlara, yırtıcı heyvanlara, peyğəmbərlərə, mələklərə və Allahın bütün xəlq etdiklərinə vacib idi”,[4] həmçinin ondan (ə) nəql olunmuş “Onun fəzilət və məhəbbətini iqrar etmədikcə heç bir peyğəmbərin nübüvvəti tamam olmamışdır. O, Siddiqətül-kübradır. İlk əsrlər onun tanınması ilə dövran etmişdir”[5] hədisi ilə də əks olunmuşdur. Bu iki hədisdən zahir olan budur ki, Xanım Zəhranın (ə) itaəti əvvəlinci-axırıncı hər kəsə, o cümlədən qadınlara və peyğəmbərlərə, bir sözlə bütün məxluqata vacib idi. Nübüvvət yalnız onun fəzilət və məhəbbətinin iqrarı ilə tamamlanırdı. Xanım Zəhranın mövqeyi, məqamı peyğəmbərlərə nisbətdə bu cür olduğu halda, təbiidir ki, onun (ə) məqam və üstünlüyü Həzrət Məryəmə nisbətdə də daha çoxdur. Çünki Həzrət Məryəmin məqamı peyğəmbərlərin məqamından çox deyildi.

7. Şübhəsiz, Xanım Zəhra (ə) qiyamət günü böyük şəfaət sahibi olacaqdır. Lakin əlimizdə Həzrət Məryəmin şəfaəti ilə bağlı isə məxsusi bir hədisimiz yoxdur. Xanım Zəhranın (ə) məxsusi şəfaətinə dəlil olan hədis onun bütün aləmlərin qadınlarının seyidəsi olmasına da dəlildir (çünki əgər məqam və fəzilət baxımından Həzrət Məryəm Xanım Zəhradan (ə) üstün olsaydı, onun üçün də bu kəramətin nəql olunduğunu görərdik, lakin hədis mənbələrində bu məsələnin yalnız Xanım Zəhra (ə) barəsində gəlməsi bu məqamın ona xas olduğunu göstərir — red.). Habelə Allah-taalanın “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”[6] ayəsi ilə də Xanım Zəhranın (ə) bütün qadınlardan üstün olması nəticəsinə gəlmək mümkündür. Belə ki, bu ayədə keçən paklıq Həzrət Məryəm barəsində deyilmiş “paklıq” (“yutahhiruki”) sözündən fərqli olaraq (təkid üçün) məsdər (“tathiran”) vasitəsilə vurğulanmışdır. Məlumdur ki, paklığın mərtəbə və dərəcələri vardır və Xanım Zəhra (ə) üçün sabit olan paklıq Həzrət Məryəmdən fərqli olaraq paklığın ən üstün mərhələsidir. Necə ki sünni alimi İbn Həcər “əs-Savaiq” kitabında deyir: “Ayənin “tathiran” sözü ilə bitməsindəki hikmət onların (Əhli-beytin) paklığın ən üstün mərtəbəsinə yetişmələrinin və bunun məcaz deyil, həqiqət olduğunun mübaliğəli şəkildə ifadəsidir. Bundan başqa “tathiran” sözünün tənvin ilə gətirilməsi həmin paklığın ucalığı, kəmiyyətcə çoxluğu və adi paklıq cinsindən olmadığının doğruluğunu təsdiq etmək üçündür”.[7]

 

Seyid Ağatahir Bağıyev

Besiret.az

 

[1] Şeyx Səduq, Əmali, c. 1, səh. 486.

[1a]Ənam” surəsi, 86.

[2] “Ali-İmran” surəsi, 37.

[3] Buxari, “əs-Səhih”, 4-cü cild, “Fatimənin fəziləti” babı (hədisi öz isnadı ilə rəvayət etmişdir).

Həmçinin bax: Müslim, “əs-Səhih”, 4-cü cild (hədisi öz isnadı ilə rəvayət etmişdir); Əbu Davudun “əs-Sünən” və Tirmizinin “əs-Səhih” kimi bir çox əhli-sünnə mənbələrində də bu hədis rəvayət edilmişdir.

[4] Şeyx Təbəri, Dəlailul-imamə, c. 1, səh. 104.

[5] Məhəmmədfazil Məsudi, Əsrarul-Fatimiyyə, səh. 82.

[6] “Əhzab” surəsi, 33.

[7] İbn Həcər Heytəmi, Əs-Səvaiqul-muhriqə, c. 2, səh. 427.

 
Рейтинг

В этом разделе