İhsan Zahir deyir: “Şiələrin dördüncü imamı Əli ibn Hüseyn ibn Əlidən nəql olunur ki, İraq əhlindən bir neçə nəfər onun yanına gəlmiş, Əbu Bəkr, Ömər və Osman (r) barədə xoş olmayan sözlər söyləmişlər. Onlar sözlərini bitirdikdə Əli ibn Hüseyn deyir: “Mənə söyləyin, “Yurdlarından çıxarılaraq mal-dövlətlərindən məhrum edilmiş, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir!” 647 ayəsinin barəsində söhbət açdığı şəxslərsiniz?
Onlar “Xeyr” deyə cavab verdilər.
Bəlkə siz “Onlardan əvvəl (Mədinədə) yurd salmış və iman gətirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) hicrət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!” 648 ayəsində qeyd edilən şəxslərsiniz?
Onlar yenə də “Xeyr” cavabını verdilər.
İmam (ə) buyurdu: “Siz bu ayələrin vurğuladığı şəxslərdən olduğunuzu inkar etdiniz. Mən şəhadət verirəm ki, o zaman siz barələrində Allahın belə buyurduğu şəxslərdən də deyilsiniz: “Onlardan (mühacirlərdən və ənsardan) sonra gələnlər (tabeinlər) belə deyərlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” 649
Qalxıb yanımdan gedin, Allah sizinlə bildiyi kimi rəftar eləsin!” 650
Müzakirə
İhsan Zahir bu rəvayəti İrbəlinin “Kəşful-ğummə” 651 kitabından bəzi kəlmələrini təhrif etməklə nəql edib. Hər halda, gətirdiyi bu “dəlilə” aşağıdakı cavabları veririk:
1 – Rəvayət sənədsizdir. Ravilər qeyd edilmədən birbaşa mürsəl olaraq İmamdan (ə) nəql edilir. Rəvayət əvvəldə “İraq əhlindən bir neçə nəfər onun yanına gəldi...” sözləri ilə başlayır. Heç bir ravisi olmayan mürsəl rəvayətə necə etimad etmək olar?! Bir rəvayətin şiə kitabında varid olması onun “səhih” olduğuna dəlalət etməz. Həmçinin rəvayət şiənin dörd əsas və mötəbər, eləcə də digər hədis kitablarında qeyd edilməyib.
Lakin sünni kitablarında buna rast gəlirik. İsfahani rəvayəti “Hilyətul-övliya” kitabında qeyd edib. Bunun sünni rəvayəti olması isə şiəyə dəlil olmadığının əlavə sübutudur. Həmin mənbələrdəki rəvayət də zəifdir. Sənədi belədir: “Əhməd ibn Əbdülvahabdan, o da Muhəmməd ibn İshaq Sərracdan, o da Əbu Musəbdən, o da İbrahim ibn Qüdamədən (o, Muhəmməd ibn Hatibin oğludur), o da atasından və o da Əli ibn Hüseyndən nəql edir ki...” 652
Ravilərin arasında İbrahim ibn Qüdamə var. Zəhəbi onun barəsində deyir: “İbrahim ibn Qüdamə Cəmhi, mədinəlidir, şəxsiyyəti bilinmir. Əğərr Əbu Hüreyrəyə yetişən sənədlə deyir: “Cüməyə getməzdən əvvəl dırnaqlarını qısaldır, bığlarını kəsirdi”.
Bəzzar ondan Ətiq ibn Yaqubun nəql etdiyi rəvayəti qeyd edib. Həmin rəvayət isə inkar olunur. Bəzzar deyir: “İbrahim höccət şəxs deyil”.
İbn Qəttan onun barəsində deyir: “Əlbəttə, İbrahim tanınan (məruf) şəxs deyil...” 653
2 – Əgər bu rəvayətin səhihliyi fərz olunsa, rəvayətdən başa düşülən məzmun budur ki, İmam Zeynəlabidinin (ə) yanına gəlmiş iraqlılar qeyd edilən ayələrin şamil ola bilməyəcəyi şəxslərdir. Ancaq bu heç də Əbu Bəkrin, Ömərin və Osmanın bu ayələrə müvafiq şəxslər olduğuna dəlalət etmir. Əksinə, orada ayələrin Əbu Bəkrə şamil olmadığına dəlil var. Hamıya məlum olduğu kimi, Əbu Bəkr heç də fəqir olmayıb. Buna əsasən, ayədəki “Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur” sözü ona necə şamil ola bilər?
3 – İhsan Zahir İmamın (ə) yanına gəlmiş və üç xəlifəni pisləyən bu iraqlıların Əhli-Beyti daim nəzarətdə saxlayan, Əhli-Beyti (ə) minbərlərdən söyən zalım Əməvi hakimiyyətinin xəfiyyələri olmadığını haradan bilir? İmam Zeynəlabidin (ə) atası İmam Hüseyn (ə) Kərbəlada şəhid edildikdən sonra xüsusi nəzarət altında yaşayırdı. Xüsusilə də, Fironun Bəni-İsrailə etmədiyini müsəlmanların haqqına təcavüz etməklə, bir çox böyük günahlara əl atmaqla edən Əbdülməlikin və oğlu Vəlidin hakimiyyəti dövrlərində.
Əhli-sünnənin böyük alimlərindən olan Cəssas deyir: “Ərəblərin və Ali Mərvan xanədanının arasında Əbdülməlikdən daha zalımı, daha kafiri və daha günahkarı olmayıb. Onun məmurları arasında da ən zalımı, ən kafiri və ən günahkarı Həccac idi. Yaxşılığı əmr etdiyinə və pislikdən çəkindirdiyinə görə insanların dilini ilk dəfə kəsən Əbdülməlik olmuşdur. O, minbərə qalxaraq demişdi: “Allaha and olsun, mən əsla (Osman kimi) aciz və (Müaviyə kimi hiyləgər) xəlifə deyiləm. Siz bizə bəzi şeyləri əmr edir, yalnız özünüz onlara əməl etməyi unudursunuz. Allaha and olsun, bundan sonra kim mənə Allaha qarşı təqvalı olmağı əmr eləsə, onun boynunu vurduracağam!” 654
Əhməd ibn Hənbəl öz “Müsnəd”ində yazır: “Ömər ibn Xəttabdan (r): Peyğəmbər (s) zövcəsi Ümmü Sələmənin qardaşının oğlu dünyaya gəldi. Uşağın adını Vəlid qoydular. Peyğəmbər (s) buyurdu: “Ona öz fironlarınızın adını qoymusunuz ki, bu ümmətdə də “Vəlid” deyilən firon olsun. Həqiqətən də, onun şəri Fironun öz camaatına qarşı olan şərindən daha çox olacaq”. 655
Hakim isə yazır: “Əbu Hüreyrədən (r): Peyğəmbər (s) zövcəsi Ümmü Sələmənin qardaşının oğlu oldu. Uşağın adını Vəlid qoydular. Bunu Peyğəmbərə (s) xəbər verdikdə buyurdu: “Ona öz fironlarınızın adını qoymusunuz ki, bu ümmətdə də “Vəlid” deyilən adam olsun. Həqiqətən də, onun şəri Fironun öz camaatına qarşı olan şərindən daha çox olacaq”.
Zühri deyir: “Bu, Vəlid ibn Yeziddir. Əks təqdirdə Vəlid ibn Əbdülməlikdir”. 656
Sonra deyir: “Bu, Buxari və Müslimin şərtlərinə əsasən səhih hədisdir. Lakin onu qeyd etməyiblər”.
Bəni-Üməyyə hakimiyyətinin terror və zülmünü yaşayan bir İmam (ə) Əbu Bəkri, Öməri və Osmanı danlamaqla onların əlinə necə dəlil verər. Onun yanına gəlmiş iraqlılar Əməvi hakimiyyətinin xəfiyyələri olmasa belə, əməlləri İmamı (ə) razı salmamış, İmam (ə) da onları hidayət etməyə və xətalarını göstərməyə başlamışdır. Hamının bildiyi kimi, İmam (ə) öz məclisindən əsla heç kəsi qovmazdı. Əksinə yanına gəlmiş azmışları hidayət edər, cahilləri öyrədər və özünə pislik edənləri bağışlayardı. Təbərinin onun barəsində nəql etdiyinə diqqət yetirək: “Muhəmməd ibn Ümarədən, o da İsmail ibn Abandan, o da Səbbah ibn Yəhya Məriydən, o da Süddidən, o da Əbu Deyləmdən nəql edir: “Əli ibn Hüseyn (r) əsir olaraq (Şama) gətirildikdə Dəməşqin pilləkənlərində dayandırıldı. Şam əhlindən bir nəfər qalxıb dedi: “Sizi öldürüb kökünüzü kəsən, fitnənin buynuzlarını qıran Allaha həmd olsun!”
Əli ibn Hüseyn (r) ona dedi: “Sən Quran oxuyursanmı?”
Kişi “Bəli” dedi.
Əli ibn Hüseyn (r): Quranda “Ali Ha Mum”i oxumusanmı?
Kişi: Quran oxumuşam, amma “Ali Ha Mim”i yox.
Əli ibn Hüseyn (r): “De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlara məhəbbətdən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm” 657 ayəsini oxumusanmı?
Kişi: Siz həmin şəxslərsiniz?
Əli ibn Hüseyn (r) “Bəli” deyə cavab verdi”. 658
4 – Əgər iraqlıların həmin üç nəfəri pisləməsi İmamın (ə) xoşuna gəlməsəydi bunu açıq bəyan edər, onlara: “Əbu Bəkrin, Ömərin və Osmanın barəsində filan-filan fəzilətlər qeyd olunub” – deyərdi. Lakin İmam (ə) bunu etmir. Əksinə, bir neçə ayəni zikr edərək iraqlı qonaqlara həmin ayələrin ünvanı olmadıqlarını söyləyir. Ardınca isə: “O üç şəxs həmin ayələrin ünvanıdır” – demir.
647 Həşr, 8
648 Həşr, 9
649 Həşr, 10
650 Şiə və Əhli-Beyt, s. 54
651 Bax: Kəşful-ğummə, İrbəli, c. 2, s. 291. Beyrut çapı
652 Hilyətul-övliya, c. 3, s. 137
653 Lisanul-mizan, Zəhəbi, c. 1, s. 92, II çap, 1971-ci il, Beyrut çapı
654 Əhkamul-Quran, Cəssas, c. 1, s. 86, I çap, 1995-ci il, Beyrut çapı
655 Müsnəd, Əhməd ibn Hənbəl, c. 1, s. 18. Beyrut çapı
656 əl-Müstədrək, Hakim Nişapuri, c. 4, s. 494
657 Şura, 23
658 Camiul-bəyan, İbn Cərir Təbəri, c. 25, s. 33. Beyrut çapı
Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)
Kitabın yükləmə linki: buradan yüklə