»»

İmam Əlinin (ə.s) məziyyətləri (1-ci hissə)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

Hz. Əlinin (ə.s) Peyğəmbərdən (s) sonra ən üstün insan olduğunu isbatlayan ən dəyərli kitablardan biri də “Əl-Meyar vəl-Muvazinə” əsəridir. Əbu Cəfər İskafi Bağdadda yaşayıb və mötəzilə məzhəbinə mənsubdur. O və digər Bağdadın mötəzilə alimləri Əlini (ə.s) Peyğəmbər (s) müstəsna olmaqla hamıdan üstün bilirlər. Qeyd etmək lazımdır ki, mötəzilə məzhəbi Əlini (ə.s) üstün hesab etdiklərinə baxmayaraq Əbu Bəkr, Ömər və Osmanın xəlifəliyini qəbul edirlər. Şiə alimləri bu etiqadın əsassız olduğunu isbat etmək üçün müxtəlif kitablar yazdı. Muhəmməd bin Əli bin Noman “Ər-rəddu ələl-mötəzilə fi imamətil-məfzul” kitabını və şeyx Müfidin (dördüncü əsrin sonu və beşinci əsrin ilk onluğunda bu barədə yazdığı müxtəlif kitabları; “Əl-ifsah”, “Əl-izah” və “Ən-nəssul-cəli” misal çəkmək olar.

Əbu Cəfər İskafi üçüncü əsrin birinci yarısında yaşayıb və mötəzilə məzhəbinin məşhur alimlərindən hesab olunur. İyirmi iki kitab müəllifidir. İbn Nədim öz “Fehrest” kitabında onun kitablarının siyahısını qeyd etmişdir. Iki kitabı Əlinin (ə.s) üstünlüyünə həsr olunmuş və Onun fəzilətləri barədə yazılmışdır.

İbn Əbil Hədid “Nəhcül-Bəlağənin” 57-ci xütbəsinin şərhində İskafi barədə yazır: “Şeyximiz Əbu Cəfər İskafi həqiqətən Əlini (ə.s) sevməkdə və onu üstün bilməkdə mübaliğə edənlərdəndir. Bağdad mötəzilələri Əlini üstün saymaqda məşhurdurlar. Amma Əbu cəfərin əqidəsi daha ixlaslı görünür”. “Əl-Məqamat fi təfzili Əli (ə.s)” kitabı Əbu Cəfərin dördüncü kitabıdır və seyyid Rəzi o kitabdan çox bəhrələnmişdir. “Əl-Meyar vəl-Muvazinə” kitabı müəllifin digər kitabları kimi ona ünvanlanan çoxlu sayda suallardan sonra yazılmışdır. Müəllif və kitab barədə bu qədər tanışlıqla kifayətlənib əsas mövzumuza keçid alırıq:

 “Əl-meyar vəl-Muvazinə” kitabının birinci fəsli camaatın Əlidən (ə.s) üz çevirmələrinin səbəblərini araşdırır. Qeyd edir ki, başlıca səbəb toplum şəklini alan ədavətlər, kin-küdurət və cahiliyyət dövrünün təəssübkeşliyi idi.

كان سبب انحراف الناس عن عليّ هو الحقد و الضغينة، و العداوة الطائفية، و الحمية الجاهلية

Sonra böyük səhabələrdən nəql olunan və Hz. Əlinin (ə.s) üstünlüyünə dəlalət edən rəvayətləri nəql edib və həzrətin bütün yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik olduğunu vurğulayır. Əbu Cəfər əlavə edir: “Bu gün – hicri təqviminin üçüncü əsri- Bəni-Üməyyə padşahları aramızda yoxdur. Amma onların düşüncələrini davam etdirən camaat hələ də mövcuddur”

و ان ملوك بني أميّة و إن كانت قد بادت فإن عامّتها و شيعتها فينا اليوم ظاهرة متعلّقة بما ورثوه من ملوكهم الطاغية و أسلافهم الباغية

Müəllimlər məktəblərdə uşaqlara Əməvilərin düşüncələrini tədris edirdilər ki, uşaqlar bu düşüncələrlə böyüsünlər və hətta qocalanda belə bu növ düşüncələr onların başından çıxmasın. Belə ki, tədris üçün xüsusi kitabçalar hazırlanırdı və orada xəlifələrin adlarını – Əbu Bəkr ibn Əbi Qəhafə, Ömər ibn Xəttab, Osman ibn Offan və Muaviyə ibn Əbi Sufyan – bu ardıcıllıqla yazılırdı və Əli ibn Əbi Talibin (ə.s) adı yazılmırdı, beləliklə avam adamlar Əlini (ə.s) tanımadı və hətta Əlidən heç bir sözü dilə gətirmədilər.

فبلغ من عنايتهم بخطئهم في هذا الباب أن أخذوا معلّميهم‏ بتعليم الصبيان في الكتاتيب لينشئوا عليه صغيرهم و لا يخرج من قلب كبيرهم و جعلوا لذلك رسالة يتدارسونها بينهم و يكتب لهم مبتدأ الأئمة أبو بكر بن أبي قحافة و عمر بن الخطاب و عثمان ابن عفان و معاوية بن أبي سفيان، حتى ان أكثر العامة منهم ما يعرف عليّ بن أبي طالب و لا نسبه، و لا يجري على لسان أحد منهم ذكره.

(Ayətullah Safi Qulpayqani “Əmanul-umməti minəz-zəlali vəl-ixtilaf” kitabında Müaviyənin siyasətini izah edib. Qeyd edir ki, Müaviyə əslində Hz Peyğəmbərlə (s) düşmən idi. Onun adını, dinini və Əhli-beytini məhv etmək üçün əlindən gələni etdi. Sünni məxəzlərindən Müaviyənin mənfur siyasəti və siyasətinin icrası barədə nümunələr nəql edir. Bəzi yerlərdə “Allah və Peyğəmbərindən (s) həya edirəm”- yazıb Müaviyənin etdiklərini açıqlamayıb. Əlavə edir ki, Bəni Üməyyə və Bəni Abbası xəlifələrinin siyasətləri nəticəsində camaat Peyğəmbərin Əhli-beytini tanımadı və onların hədislərini eşitmədilər və o hədislərə istinad etmədilər...)

…”فهذا معاوية بن أبي سفيان يأمر بسب أمير المؤمنين، باب مدينة العلم وبطل الاسلام وابن عم الرسول وأخيه ومن أنزله من نفسه بمنزله هارون من موسى، وعمل على قتل ريحانة الرسول وسبطه الأكبر، وكتب بعد عام الجماعة "ان برئت الذمة ممن روى شيئا من فضل أبى تراب وأهل بيته" واستعمل على أهل الكوفة زياد بن أبيه وضم إليها البصرة، فكان يتتبع الشيعة وهو بهم عارف، فقتلهم تحت كل حجر ومدر ، وأخافهم وقطع الأيدي والأرجل وبسمل العيون وصلبهم على جذوع النخل وطردهم وشردهم عن العراق… واشتد الامر حتى أن المقرى قال: كان بنو أمية إذا سمعوا بمولود اسمه على قتلوه…ونقل أبو عثمان الجاحظ : ان معاوية كان يقول في آخر خطبته: اللهم ان أبا تراب ( إلى آخر ما قال مما لم نذكره حياءا من الله ورسوله ) …حتى تعلم أنهم لم يريدوا من سب علي الا سب رسول الله (ص) واطفاء نوره... هذا مختصر الكلام في سبب اعراض الجمهور عن أحاديث أئمة العترة الطاهرة” (امان الامة من الضلال و الاختلاف: ص 39-56/ آیت الله لطف الله صافی گلپایگانی)

Muhəmməd bin Hənəfiyyədən nəql olunan rəvayət də bu iddianın dəlili sayıla bilər. Bildirilir ki, “Cəməl” döyüşündə Muhəmməd bir kişiyə hücum edir, nizəni ona sancmaq istəyəndə o kişi deyir: “Mən Ömər ibn Əbi Talibin dinindəyəm!”. Muhəmməd onun “Əli ibn Əbi Talib”- demək istədiyini başa düşür və onu öldürmək fikrindən vaz keçir.

و مما يؤكد هذا ما يؤثر عن محمد بن الحنفية [عن‏] يوم الجمل، قال: حملت على رجل فلما غشيته برمحي، قال: أنا على دين عمر بن أبي طالب !!! قال: فعلمت أنه يريد عليا !!! فأمسكت عنه‏

Kitabın ikinci fəslində Əbu Cəfər Hz. Əlinin (ə.s) üstünlüyünə dəlalət edən və böyük səhabələrdən nəql olunan hədisləri araşdırır və əlavə edir ki, hərçənd ki, Əbu Bəkrin və Ömərin üstün olmasına dair hədislər də var. Amma Əlinin (ə.s) üstünlüyünə aid olan hədislər say baxımından çox, keyfiyyət baxımından isə mötəbərdir. Camaata Müaviyəni “möminlərin dayısı” kimi tanıtdırdılar. Əli (ə.s) Müaviyə ilə müharibə etdiyinə görə camaat Əliyə qarşı çıxdı və ona qarşı ədavətli oldular. Camaat Ayişə, Təlhə və Zubeyrə xatir Əlinin (ə.s) imamlığını inkar etdilər. Halbuki, həmin şəxslər Əlinin (ə.s) imaməti mövzusunda camaatı şəkk-şübhəyə saldılar.

و قد مالوا عن إمامة عليّ بن أبي طالب و ضعّفوها، و بعضهم نفاها بما كان من خلاف عائشة و طلحة و الزبير، و قعود ابن عمر و محمد بن مسلمة و أسامة بن زيد، و هؤلاء النفر الذين أوجبوا الشك في عليّ عندهم و ضعّفوا إمامته بقولهم‏

İkinci fəslin xülasəsi belədir ki, hakimiyyətin (məxsusən Müaviyənin) mənfi təbliğatları nəticəsində camaat Əlidən (ə.s) üz çevirdilər.

Üçüncü fəsildə Hz. Əlini (ə.s) ondan qabaqkı xəlifələrlə müqayisə edib yazır: “Siz özünüz Əlinin (ə.s) işlərinin dürüst olmasını, haqq əməlləri yerinə yetirilməsində onun israrını, nəfsani istəklərə müvafiq olan əməllərdən çəkinməsini, qəzəbini və hiddətini söndürmək üçün lazım olan səbrini nəql etdiniz ki, heç bir ağıl sahibinə gizli deyil!”

[المقايسة بين ما صنعه أمير المؤمنين من الصفح و الرجاحة، و ما أتى به من تقدّمه من الخفّة و الشراسة] و قد رويتم من توخّي أمير المؤمنين للحقّ و تركه لإعمال الهوى و صبره على كظم الغيظ ما لا خفاء به عن [كل‏] ذي عقل.

Müəllif yazır: Əlini (ə.s) İsa peyğəmbərə (ə.s) bənzətmək olar. Belə ki, İsanın ümməti iki hissəyə bölündü: Bəziləri onu həddindən artıq üstün tutub ona pərəstiş etdilər. Bəziləri isə əksinə, onu lənətlədilər. Əli (ə.s) barədə də “Əliallahlılar- Əlinin məhəbbətində ifrata varanlar” İsa barədə ifrat edənlər kimidir. Murciə isə Əliyə qarşı kinli idilər və onlar İsaya qarşı kinli və ədavətli olan Yəhudilərə bənzəyirlər. Hz Peyğəmbər (s) Əliyə (ə.s) buyurduğu hədislərdəndir ki, “sənin barəndə iki dəstə (qrup) insanlar həlak olar; Məhəbbətdə ifrata varanlar və kində (ədavətdə) ifrata varanlar”.

و لعليّ بن أبي طالب رضي اللّه عنه‏ عند اختلاف الناس فيه مثل من عيسى بن مريم (ص(، فاختلفت الأمّة في عليّ أصنافا كما اختلفت أمّة عيسى (ع) فيه أصنافا، و أفرط فيه قوم فعبدوه، و قصّر فيه قوم فمنزلة النصارى في الإفراط، منزلة الروافض في الإفراط و منزلة المرجئة في النصب و التقصير في عليّ منزلة اليهود في التقصير و شتم عيسى بن مريم صلّى اللّه عليه. و في ذلك ما يؤثر عن النبيّ (ص) أنّه قال لعليّ: يهلك فيك رجلان محبّ مفرط، و مبغض مفرط

Rey, Bəsrə və Şam şəhərlərində yaşayan nasibilər də Əlini (ə.s) doğru tanımaqda səhlənkarlıq etdilər.

Müəllif əlavə edir: Əliyə (ə.s) qarşı kin-küdurət və barəsində aparılan mənfi təbliğatlara görə Əliyə yuxarıdan aşağı baxmaq istəyənlər bilsinlər ki, bütün bunlar onun nöqsanına deyil, əslində onun fəzilətlərinə (üstünlüyünə) dəlalət edir. Həzrətin çoxlu müxaliflərinin olmasını və müharibələrdə öz əhd-peymanlarına vəfa etməyənlərin əməlləri Əlidə  müharibə siyasətinin olmamasına işarədir – deyirlər. Amma bu ona qarşı zülüm və ifrat dərəcədə insafsızlıqdır. Çünki, onlar etdiyi əməllərinə heç bir tutarlı dəlil tapmadıqlarına görə bu minvalla özlərinə bəraət qazandırmaq istəyirdilər.

Sonra Müəllif hər dörd xəlifənin xəlifəliyə seçilməsini araşdırır və Əlinin (ə.s) xəlifəliyə seçilməsini ən dogru üslubla həyata keçdiyini vurğulayır. (Bu mövzuda yazdıqlarını müəyyən səbəblər üzündən tərcümə və şərh etmirik. Ətraflı məlumat toplamaq üçün oxucu özü  “Əl-meyar vəl-Muvazinə” səh 44-49 müraciət edə bilər).

Müəllif yazır: “Siz bilirsiniz ki, bütün üstün (əfzəl) insanların üstünlüyü bundan ibarətdir ki, başqa insanların malik olduğu pərakəndə halda olan yaxşılıqlar və bəyənilmiş işlərin hamısını özündə toplayıb…”

فقد عرفتم أن فضل الفاضل، و منزلة المتقدّم، إنما يكون بفضل و تفضل باجتماع مناقب الخير فيه، و احتوائه على الفضائل، فيجتمع فيه ما يتفرّق في غيره‏

Hz. Əlinin (ə.s) üstünlüyünə dəlalət edən səciyyələrini təqdim edirik:

Birinci: Allaha, Onun dininə, tövhidə elmi olan və tövhiddən üz döndərənlərin müqabilində tutarlı dəlillərlə dayana bilməkdir.

العلم باللّه و بدينه، و الذبّ عن توحيده، و القيام بحجّته على من عند عنه‏

Bu üstünlük barədə Qurani-Kərim buyurur:

“…Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!...” (1)

 “Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə (haqqı görməyən) korla eyni ola bilərmi?” (2)

 “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar).” (3)

İkinci: Hamıdan qabaq islamı qəbul etmək də üstünlük amili sayılır.

 ثم بعده التقدم في الإسلام‏

Qurani-Kərim: “…Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur…” (4)

Üçüncü: Allahın düşmənləri ilə cihad etmək. ثم جهاد العدو.

Quran-Kərim: “Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu…” (5)

 “Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır…” (6)

Dördüncü: Çətinliklərdə səbir etmək və qəzəb atəşinə su səpməyi bacarmaq:

ثم الصبر على البأساء و الضرّاء، و كظم الغيظ

Qurani-Kərim buyurur:

“…Dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir…” (7)

“Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin, (Allahın düşmənlərinə qələbə çalmaq uğrundakı müharibə və döyüşlərdə sizə üz verən müsibət və çətinliklərə) dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!” (8)

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər.” (9)

“Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et…” (10)

“…Qəzəblərini udar, insanların günahlarından keçərlər…” (11)

Zöhd və təqva ilə ibadət etmək, oruc tutmaq, namaz qılmaq və xeyirli işlər görməyə tələsmək kimi Qurani-Kərimdə adı çəkilən və barəsində çoxlu sayda ayələr olan əməllər də üstünlük amilidir (fəzilətlərdir). Bu sifətlərə malik olan şəxs əlbəttə ki, digərlərindən üstündür.

ثم العبادة بالزهد و الصوم و الصلاة و المسارعة في أعمال البرّ. فهذه مناقب الفضل، و منازل الخير، فهي مذكورة في القرآن بالجملة و التفسير، فمن حازها و جمعها فهو المتقدم بها [على‏] الناس باجتماعها.

Sonra müəllif Hz. Əlinin (ə.s) hamıdan qabaq müsəlman olmasını vurğulayir. Əlavə edir ki, insanlar həddi-büluğa çatma mərhələsində fərqlidir.  Hamının qəbul etdiyi həqiqət budur ki, Əli (ə.s) Əbu Bəkrdən qabaq islamı qəbul etmişdir. Amma bəzi sünnilər iddia edirlər ki, Əli (ə.s) islamı qəbul edəndə on beş yaşı tamam olmamışdı. Yəni uşaq ikən müsəlman olub və bunun əhəmiyyətsiz olduğunu deyirlər.

ليعلموا أن حكم البلوغ يختلف، و أن الناس يتفاضلون فيه، فمنزلة النبيّ (ص) لم يلحقها أحد، و منزلة عليّ دونها لم يلحقها أحد. ليعلموا أن أموره عند الفكرة فيها و الاستنباط لها منزلة على البينونة من الناس و القرب من النبيّ (ص( لذلك استحقّ أن يكون منه بمنزلة هارون من موسى- صلوات اللّه على محمد و على من تقدمه من الأنبياء- و قد رويتم أنّه اصطفاه لأخوته، و قال: عليّ مني بمنزلة هارون من موسى إلا أنه لا نبيّ بعدي‏

Müəllif onların cavabında yazır ki, “on beş yaş büluğun (yetkinlik yaşının) həddi-hüdudu və başlanğıcı və sonu var. On beş, həddi-büluğun son yaş həddidir. Həddi-bülugun başlanğıcını Allah və Onun Peyğəmbəri (s) bilir…”  Müəllif bu minvalla Hz. Əlini (ə.s) hamıdan qabaq islamı qəbul edən şəxs kimi tanıtdırır və bu xüsusiyyəti imam üçün məziyyət hesab edir.

فقد أبان اللّه عليّ بن أبي طالب رضي اللّه عنه و عن جميع المؤمنين في عقله فجعله أول الناس بلوغا بعد النبيّ (ص) و أقدمهم إسلاما، و كان في سن الأطفال، و عقول البالغين، فبان عقله و تقدم في إسلامه و تكليفه.

Əbu Cəfər mövzunun davamında Əlinin (ə.s) həddi-büluğa çatmamış (on beş yaşına çatmamış) gördüyü işləri, yerinə yetirdiyi əməlləri və buyurduğu mübarək sözləri misal çəkir və əlavə edir ki, belə işləri həddi-büluğa çatmamış adi uşaq edə bilməz.

Müəllif əlavə edir ki, Əlinin (ə.s) müsəlman olduğu dövrü də nəzərə alsaq bu baxımdan da Əbu Bəkrdən üstündür. Çünki, maddi vəziyyətinin yaxşı olmadığı bir vaxtda İslamı qəbul etdi, bütün çətinliklərə dözdü və bu üzdən hikmət (elm) qəlbindən dilinə cari oldu.

فأسلم عليّ بن أبي طالب مع فقره، و نابذ قومه مع فاقته، و خلع الدنيا [عن نفسه‏] مع حداثته و حاجته، و كثرة دواعيه و نوازعه، فقمع الشهوة بصحة العزيمة، و أزال الوحشة بالانقطاع إلى اللّه، و اعتصم بالتقوى، و تقوّى بالتوكّل‏ و فارق القرابة، و استبدل بها الأنس باللّه، و كابد المشقّة بحسن الفكرة، و استعمل الصبر بيقين القلب... فلذلك أجرى اللّه على لسانه ينابيع الحكمة،، و عرّفه داء الدنيا و دواءها، و ما يحلّ بأهلها من أجل طلبها

“Əlinin (ə.s) sözlərini düşünün, onun xüsusiyyətlərini tanıyın və bilin ki, onun yenilməz mərifəti onu bu dərəcəyə çatdırmışdır. Bu Əlidir (ə.s) ki, alimlərin səbri və onların görəcəkləri dünya müsibətlərini Kumeyl ibn Ziyada danışır.

فتدبّروا كلامه، و تفهّموا صفاته لتعلموا أن المعرفة الثابتة أدّته إلى هذه المنزلة [و] هو القائل في صبر العلماء، و ما يلقون من مصائب الدنيا في بعض كلامه لكميل بن زياد.

Kumeyl ibn Ziyad deyir: Əmirəl-möminin Əli ibn Əbu Talib mənim əlimdən tutub məni səhraya apardı. Şəhərin kənarına çatanda bəlaya düşmüş şəxs kimi bir ah çəkdi. Sonra (elm və alimlər barəsində belə) buyurdu: “Ey Kumeyl ibn Ziyad! Həqiqətən korluğun əsasını təşkil edən ilk şəxs, təəssüblə cəhlə əl uzadan və qələbə çaldığını güman edən, dəlil və haqqın hökmlərini tapdayan şəxsdir…”

يا كميل بن زياد، إنّ أوّل من أسّس بنيان العمى و أدام توثب الجهل‏ تعسّفا فظنّ أنّه ظفر، و جاز عن دليل احكام الحق‏…

“Ey Kumeyl ibn Ziyad! Bu qəlblər qabdır (elm, həqiqət və sirlərin qablarıdır) və onların ən yaxşısı daha yaxşı saxlayanıdır (ona tapşırılan şeyi daha yaxşı qoruyaraq yadda saxlayanıdır). Buna görə də (diqqətli ol və) sənə dediklərimi qoruyaraq yaxşı saxla: İnsanlar üç qisimdirlər: Rəbbani və ilahi alim (yaradılışın başlanğıc və sonundan xəbərdar olub ona əməl edən, Allahı tanıyan alim); (cəhalət və nadanlıqdan) nicat və qurtuluş tapmaq yolunda olan elm axtaran və öyrənən; kiçik və zəif “milçəklər” (müxtəlif çirkinliklərə bulaşmış nadan və qanmaz) ki, hər çağıranın arxasınca (hər yola) gedir və hər küləklə bir tərəfə əyilirlər (düzü əyridən seçmirlər, heç bir yolda sabitqədəm deyildirlər və qarşıya çıxan hər bir yola gedirlər), elm nurundan işıq götürməyiblər (nadanlıq zülmətində qalıblar) və möhkəm sütuna (ağıl və elm sütunları üzərində dayanan haqq əqidəyə) sığınmayıblar (onları öyrənməyiblər və azdırıcı insanların arxasınca düşüblər).

Ey Kumeyl, elm maldan daha yaxşıdır. (Çünki) elm səni (dünya və axirət çətinliklərindən) qoruyur, malı isə (məhv olmaqdan) sən qoruyursan. Bağışlamaq malı azaldır, elm isə bağışlamaq (başqasına öyrətmək) nəticəsində artır...

Ey Kumeyl ibn Ziyad, elmlə tanışlıq və onu əldə etmək dindir ki, (qiyamət günü) ona görə savab və mükafat verilər. İnsan elmlə öz həyatında (Allah, Peyğəmbər və dini imam və rəhbərlərə) itaət və tabeçiliyi, ölümdən sonra isə yaxşı və gözəl sözləri (xalqın onun barəsindəki xoş danışıqlarını) əldə edir. Elm hökm edən, mal isə hökmə tabe olan və məğlubdur (mal əldən-ələ keçir və zavala uğrayır, elm isə bərqərar və qalandır).

Ey Kumeyl ibn Ziyad, sərvət toplayanlar diri olmalarına baxmayaraq, həlak olublar (onlar diri olsalar da qürur və azğınlıq onları məhv edəcəkdir). Alimlər, zaman durduqca duracaqlar. Onların vücüdları (bu dünya ilə vidalaşmaqla) itib, surətləri isə (xalqın onlar barəsində olan gözəl və xoşagələn xatirələri nəticəsində) qəlblərdə bərqərardır. Bil ki, (mübarək əli ilə sinəsinə işarə edib) burada çoxlu elm var, əgər onun üçün onu öyrənən şəxslər tapa bilsəydim! Bəli, zehni iti olan tapıram, amma (həmin elmlər barəsində) ondan xatircəm deyiləm. (Çünki) o, dini vasitələri dünya üçün istifadə edir və Allahın nemətləri (elm və mərifət əldə etmək nailiyyəti) ilə Onun bəndələrinə və dəlilləri (ağıl və düşüncə) ilə Onun dostlarına lovğalıq edir. Yaxud elm əhlinə itaətcil (danışıq və davranışında tabe) olan birini tapıram, amma onun (da) öz ətrafı barəsində gözüaçıqlıq və ayıqlığı yoxdur; qarşıya çıxan ilk şübhə onun qəlbində əks şəkk və güman alovu şölələndirir. Bil ki, nə bu (bəsirətsiz tabe olan kəs) layiqdir (əmanət və həqiqi elm əhlidir), nə də o (iti zehinli). Yaxud da ləzzət və kefdə ifrata varan və asanlıqla şəhvətə və nəfsi istəyinə tabe olan bir kəs tapıram. Ya da (dünya malı və sərvət) toplamaq və yığmaq vurğunu olan bir kəsi! Bu iki nəfər də dini hər hansı bir işdə qoruyanlardan deyildirlər. Bunların ikisinə ən yaxın misal otlayan dördayaqlılardır. Belə bir dövrdə elm, daşıyıcısı və qoruyanının ölümü ilə ölür (məhv olub aradan gedir).

Sonra buyurdu: “Ey Kumeyl, istəyirsənsə qayıt”.

ثُمَّ قَالَ يَا كُمَيْلَ بْنَ زِيَادٍ إِنَ‏ هَذِهِ‏ الْقُلُوبَ‏ أَوْعِيَةٌ فَخَيْرُهَا أَوْعَاهَا… ْ انْصَرِفْ يَا كُمَيْلُ إِذَا شِئْت‏

Kumeyl deyir: “Allaha and olsun ki, Əli (ə.s) bütün bəyənilmiş sifətlərin başıdır. Bu üzdən Allah yolunda bütün çətinliklər onun üçün asan olur, qorxu və vəhşət halında Allaha sığınırdı və Onunla ünsiyyət qururdu. Bunlara görə Allah onun vasitəsi ilə öz bürhan və hüccətini saxladı”

فقال كميل: كان و اللّه أمير المؤمنين رأس أهل هذه الصفات الجميلة، فلذلك استلان عنده كلّ شديدة في جنب اللّه، فآنس عند كل وحشة ثقة منه باللّه، و لذلك حفظ اللّه به بيّناته و حججه حتى زرعها في قلوب أتباعه و أوليائه، و باشر روح اليقين بما منّ اللّه عليه.

Əbu Cəfər İskafi Kumeyl ibn Ziyaddan nəql olunan və Nəhcül-Bəlağənin 147-ci hikməti kimi yer alan Hz. Əlinin (ə.s) nurani kəlamlarını nəql etməklə bir daha o həzrətin üstünlüyünü isbatlamış olur. (12)
                                                                                                      

Əlavələr:

1 - Zümər surəsi, 9-cu ayə.
2 - Rəd surəsi, 19-cu ayə.
3 - Fatir surəsi, 28-ci ayə.
4 - Hədid surəsi, 10-cu ayə.
5 - Nisa surəsi, 95-ci ayə.
6 - Tovbə surəsi, 111-ci ayə.
7 - Bəqərə surəsi, 177-ci ayə.
8 - Ali-İmran surəsi, 200-cü ayə.
9 - Bəqərə surəsi, 155 və 156-cı ayələr.
10 - Əhqaf surəsi, 35-ci ayə.
11 - Ali-İmran surəsi, 134-cü ayə.
12 - “Əl-Meyaru vəl-Muvazinə” səh: 63-87.

2-ci hissə bu linkdə: http://az.313news.net/article/14-mesum/imam-elinin-es-meziyyetleri-2-ci-hisse

 


Hazırladı: Ə. Şəhriyar.



   

Рейтинг

В этом разделе