»»

İmam Əlinin (ə) adının Quranda keçməməsi barədə irada cavab

Tarix boyu bəzi həqiqətləri qəbul etməyən müəyyən bir qrup insanlar bu həqiqətləri qəbul etməkdən boyun qaçırmaq üçün özlərinə müxtəlif bəhanələr gətirmişlər.

Onlardan bəziləri bu bəhanələrlə dinin aşkar hökmlərini inkar etmiş, bəziləri isə digərlərinin bu həqiqətlər barədə etdikləri iradlara görə şübhəyə düşmüşlər. Həmin bəhanələrin ən məşhurlarından biri isə bəzi şeylərin onların istədikləri kimi müqəddəs Qurani-Kərimdə açıq-aşkar keçməməsidir. Bu şübhələrin ən yayğın olanlarından və şiələr əleyhində daim səsləndirilənlərindən biri də İmam Əlinin (ə) adının Quranda keçməməsi məsələsidir. Məxsusən yalançı Quran müsəlmanlığının yayıldığı son dövrlərdə bəziləri bu və bunun kimi aşkar məsələlərin Quranda zikr olunmamasını əsas gətirərək sadəlövh insanları şübhəyə salmışlar. Onların sözlərini nəzərdən keçirdikdə belə dediklərinin şahidi oluruq: əgər Həzrət Əlinin (ə) imamət məsələsi dinin əsaslarından sayılsa idi və müsəlmanların dini inancında mühüm bir rol oynasaydı, bu, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə qeyd olunmalı idi. Çünki onlara nazil olan əsas kitab və dinin mənbəyi olan Qurani-Kərim hər bir şeyi açıqlayır və dini məsələlərin hamısını əhatə edir. Əgər Peyğəmbərin (s) onlara gətirdiyi və hər bir şeyin açıqlayıcısı olan əsas kitabda onun adı qeyd olunmayıbsa, demək bu məsələ o qədər də mühüm bir məsələ deyil və bunun bir əsası yoxdur.

Bu yazımızda Allahın izni ilə qeyd olunan iradı işıqlandırmağa çalışacağıq. Lakin bu şübhəni cavablandırmamışdan qabaq iki əsas mühüm nöqtəyə işarə edirik:

Qurani-Kərim hər bir şeyi açıqlayandır

Heç bir şəkk yoxdur ki, müqəddəs kitabımız olan Qurani-Kərim Allah tərəfindən insanların hidayət olmaları üçün nazil olunmuş bir kitabdır və insanların hidayəti üçün lazım olan hər bir şeyi bəyan etmişdir, həmçinin bununla yanaşı, Peyğəmbərin (s) sünnəsi[1] həmin kitabı izah edir və açıqlayır. Müqəddəs kitabımızda Allah-taala buyurur: “Biz kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstərici, mərhəmət və müjdə olaraq nazil etdik”.[2] Burada Allah-taala Qurani-Kərimi hər bir şeyi izah edən və bəyan edən bir kitab kimi vəsf edir, onda müsəlmanların hidayəti üçün ehtiyac duyulan hər bir şey mövcuddur, lakin bununla yanaşı, Rəbbimiz Quranın başqa bir yerində belə buyurur: “Biz sənə zikri (Quranı) nazil etdik ki, insanlara onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr”.[3] Əvvəlki ayəyə əsasən hər bir şeyi bəyan edən Qurani-Kərim bu ayədə izah edir ki, Allah tərəfindən nazil olunan Qurani-Kərimin izah olunması da zəruri məsələlərdən və Peyğəmbərin (s) vəzifələrindən biridir. Peyğəmbərimiz (s) isə öz həyatında sünnə vasitəsilə bu müqəddəs kitabı müsəlmanlara izah etmiş və onların hidayəti üçün əlindən gələni əsirgəməmişdir. Hər bir müsəlman buna səmimi-qəlbdən inanır. Peyğəmbərin bu işi, onun sünnəsi Quranın tamamlayıcısıdır. Bu mənada ki, dinin özü — hökmləri, əqidəvi məsələləri, əsasları ilə birlikdə müqəddəs Qurani-Kərimdə mövcuddur, lakin bütün bu şeylərin təfsilatını izahını və tətbiqini Peyğəmbərin (s) sünnəsindən öyrənməliyik. Çünki şübhəsiz ki Peyğəmbər (s) ona nazil olan kitabın şərhini, təfsirini və mənasını hər kəsdən yaxşı bilirdi və biz nazil olunmuş kitabı həqiqətən də dərk etmək istəyiriksə, bu zaman Allahın rəsuluna, yəni onun sünnəsinə və həyatına müraciət etməliyik. Buna görə də elə müqəddəs Qurani-Kərimin özündə Allah-taala özünə olan itaəti peyğəmbərinə (s) olan itaətlə yanaşı qeyd edir və Quran özü Peyğəmbərə (ə) müraciət edərək ona tabe olmağın zəruriliyini bildirir: “Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun...”[4] Başqa bir ayədə şəni uca olan Allah belə deyir: “Ey iman gətirənlər, Allaha və Peyğəmbərə itaət edin, eşitdiyiniz halda ondan üz döndərməyin”.[5] Eynilə Peyğəmbərə (s) üsyankarlıq etmək elə Allaha qarşı çıxmağa bərabər tutulur: “Kim Allaha və Peyğəmbərə asi olarsa, onun üçün içərisində əbədi qalacağı cəhənnəm odu hazırlanmışdır”,[6] həmçinin digər ayədə buyurulur: “Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim qərar verməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar”.[7] Bütün bunlara nəzər yetirdikdə anlayırıq ki, insanları hidayət etmək üçün nazil olmuş və hər bir şeyi bəyan edən bir kitabı anlamaq üçün onun həqiqi öyrədəni olan Peyğəmbərə (s) ehtiyacımız var, necə ki bu elə Peyğəmbərin (s) vəzifələrindən biri idi və həqiqətdə Peyğəmbərə tabe olmaq elə Allaha və onun dediklərinə, həmçinin Quran maarifinə tabe olmaq sayılırdı. Bunun müqabilində ona qarşı üsyankarlıq etmək və narazılıq göstərmək isə müqəddəs Allah dərgahına edilmiş hörmətsizlik və uca Rəbbimizin tabeçiliyindən xaric olmağa bərabərdir. Demək, hər kim ki Qurana tabe olduğunu deyərək Peyğəmbər (s) sünnəsinin əhatəsindən çıxırsa, həmçinin Peyğəmbərə (s) müraciət etmədən Quranı anlamaq istəyirsə, həqiqətdə həmin şəxs Allaha və elə Quranın özünün gətirdiyi təlimlərə zidd getmiş sayılır. Əksinə, Qurani-Kərimi anlamaqda Peyğəmbərin (s) bəyanına yönələn və dediklərində ona tabe olan şəxslər isə elə Allaha tabe olmuş və Quranın gətirdiyi ecazkar hökmlərə boyun əymiş sayılır.

Allahın və onun peyğəmbərinin əmr etdiklərinə itaət vacibdir

“Allah və onun elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və onun elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür”.[8]

Qeyd etdiklərimizdən də aydın olduğu kimi, Allah-taala Peyğəmbərinin (s) hökm etdiyi, əmr etdiyi şeylərdə iman gətirənlər üçün alternativ bir seçim ixtiyarı qoymayıb, Allah elçisi bir şeyə əmr edirsə, ona tabe olmaq vacibdir. Eynilə hər hansısa bir şeydən çəkindirən zaman ondan çəkinməyin vacib olduğu kimi. Qurani-Kərim buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan etsə, ondan çəkinin”.[9] Həmçinin Allah-taala Peyğəmbərin (s) dediyi şeylərin hamısının onun izni və razılığı çərçivəsində olduğunu bəyan edərək bununla bir daha da ona tabeçiliyin nə qədər mühüm olmasına diqqət çəkir: “O öz istəyi (həvayi-nəfsi) ilə danışmır. Bu ona təlqin olunan vəhydir”.[10] Yəni Peyğəmbərin (ə) əmr etdiyi və ya çəkindirdiyi şey barədə hətta Quran ayəsi nazil olmasa belə, dediklərində ona  (s) tabe olmaq vacibdir.

Allahın Quranda nazil etdikləri ilə yanaşı, Peyğəmbərin (s) də buyuruqlarına itaət etmək İslamın ilk dövrlərindən məşhur bir məsələ olmuşdur. Elə buna görə də hər iki məzhəbin kitablarında bu məsələnin zəruriliyinə işarə edən çoxsaylı hədislər nəql olunub.

Əhli-sünnənin əsas mənbələrindən biri sayılan “Səhihul-Buxari”də belə nəql olunur:


عَنْ عبدِ اللَّهِ قالَ: لَعَنَ اللَّهُ الوَاشِمَاتِ والمُوتَشِمَاتِ، والمُتَنَمِّصَاتِ، والمُتَفَلِّجَاتِ لِلْحُسْنِ، المُغَيِّرَاتِ خَلْقَ اللَّهِ. فَبَلَغَ ذلكَ امْرَأَةً مِن بَنِي أسَدٍ يُقَالُ لَهَا: أُمُّ يَعْقُوبَ، فَجَاءَتْ فَقالَتْ: إنَّه بَلَغَنِي عَنْكَ أنَّكَ لَعَنْتَ كَيْتَ وكَيْتَ، فَقالَ: وما لي لا ألْعَنُ مَن لَعَنَ رَسولُ اللَّهِ صلَّى اللهُ عليه وسلَّم، ومَن هو في كِتَابِ اللَّهِ؟ فَقالَتْ: لقَدْ قَرَأْتُ ما بيْنَ اللَّوْحَيْنِ، فَما وجَدْتُ فيه ما تَقُولُ، قالَ: لَئِنْ كُنْتِ قَرَأْتِيهِ لقَدْ وجَدْتِيهِ، أَمَا قَرَأْتِ: {وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا}؟ قالَتْ: بَلَى، قالَ: فإنَّه قدْ نَهَى عنْه

Abdullahdan (ibn Məsud) belə dediyi nəql olunur: “Allah onun yaratdığını dəyişdirərək döymə vuran, döymə vurduran qadınlara, həmçinin üzlərindən tükləri alan, aldıran və gözəlləşmək üçün dişlərini (ayırıb) incəldən qadınlara lənət etsin”. (Ravi) deyir: “Onun bu sözü Bəni-Əsəd qəbiləsindən Ümmü-Yaqub adlı bir qadına çatdı. O, Abdullahın yanına gələrək dedi: “Mənə sənin “filan-filan qadınlara” lənət dediyinin xəbəri çatıb”. Abdullah ona belə dedi: “Peyğəmbərin lənətlədiyi və Allahın kitabında olan kəsi mən niyə lənətləməyim ki?” Ümmü-Yaqub dedi: “Mən iki üz qabığı arasında olanı (Quranı) oxumuşam, amma sən dediyin şeyi görməmişəm”. Abdullah dedi: “Əgər onu oxusaydın, görərdin. Məgər “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan etsə, ondan çəkinin”[11] (ayəsini) oxumamısan?” Ümmü-Yaqub dedi: “Əlbəttə oxumuşam”. Abdullah belə cavab verdi: “Peyğəmbər bunları (döyməni və s.) qadağan edib”.[12]

Hədisdən aydın olur ki, Abdullah ibn Məsuddan Quranda ayə nazil olmayan bir hökm soruşulduqda dəlil olaraq Peyğəmbər (s) sünnəsini göstərir.

Həmçinin qeyd olunan məsələ barədə nəql olunan hədislərdən biri də Əbu Davudun, Tirmizinin, İbn Macənin “Sünən” kitablarında və “Musnədu-Əhməd”də Əbu Übeydullah ibn Əbu Rafenin atasından nəql etdiyi hədisdir:

أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ: لاَ أُلْفِيَنَّ أَحَدَكُمْ مُتَّكِئًا عَلَى أَرِيكَتِهِ يَأْتِيهِ الأَمْرُ مِمَّا أَمَرْتُ بِهِ، أَوْ نَهَيْتُ عَنْهُ، فَيَقُولُ: لاَ ندْرِي، مَا وَجَدْنَا فِي كِتَابِ اللهِ اتَّبَعْنَاهُ

Peyğəmbər (s) buyurub: “Mənim əmr etdiyim və ya qadağan etdiyim bir iş çatan zaman sizdən heç kimi öz taxtına söykənərək “(Qurandan başqa bu barədə) bir şey bilmirik, (yalnız) Allahın kitabında tapdığımız şeyə tabe olarıq” deyən görməyim!”[13]

Peyğəmbər (s) bu hədisdə ondan (s) Quranda olmayan bir şey barədə hökm nəql olunan zaman “Biz yalnız Quranda gələnlərə tabe oluruq” fikrini və bu sözü deməyi qadağan edir.

 

Qeyd edək ki, bu barədə olan hədislər və alimlərin sözləri kifayət qədər çoxdur. Bütün bunlara əsasən aydın olur ki, insanın hidayəti, öz Rəbbi ilə əlaqəsi üçün mövcud olan hər bir şey Quranda mövcuddur, lakin onların təfsilatını və tam həqiqətlərini öyrənmək üçün Peyğəmbərin (s) sünnəsinə müraciət etmək lazımdır. Bunu başa düşmək üçün ən məşhur nümunələrdən biri elə namazdır. Əgər biz Peyğəmbərin (s) sünnəsinə müraciət etməsəydik, namazın qılınma keyfiyyətini, onun sözlərini, rükətlərinin sayını, şərtlərini, onu batil edən şeyləri və s. kimi zəruri təfsilatlarını bilməzdik. Eynilə həcc və sair ibadətlər də onun kimi. Sünnəyə müraciət etmədən keyfiyyətini, şərtlərini və s. kimi təfsilatını bilmək qeyri-mümkündür. Çünki heç kəs bu təfsilatı yalnız Qurana müraciət etməklə əldə edə bilməz. O cümlədən Quranda bu təfsilatlar gəlmədiyinə görə onları inkar etmək də olmaz.

Beləliklə, dini maarifi əldə etmək üçün Quranla yanaşı, sünnəyə də müraciət etmək labüddür. Kim yalnız Quranla kifayətlənmək istəsə, o elə Quranın öz göstərişlərinə zidd getmiş sayılır. Çünki Qurani-Kərimin özü müsəlmanları Peyğəmbərə (s) tabe olmağa çağırır. Bu barədə olan ayələri yuxarıda qeyd etdik. Yalnız Peyğəmbərin (s) gətirdiyi Qurana “iman gətirib”, Peyğəmbərin (s) sünnəsini kənara atmaq isə heç də ona (s) tabe olmaq sayılmır.

Vəhhabi alimlərindən olan Albani deyir: “Ey müsəlman, məbada Quranı sünnə olmadan fəhm etməyə çalışasan. Şübhəsiz ki sən bunu bacarmayacaqsan...”[14]

Əhli-sünnə mənbələrindən və hətta vəhhabi alimindən sitat gətirməklə göstərmək istəyirik ki, bu məsələdə bütün müsəlmanlar ittifaq ediblər. Bu səbəbdən hər kim insanları Quranla kifayətlənməyin vacibliyinə və sünnəni kənara atmağa çağırarsa, İslamın əvvəl dövründən bu günə qədər bütün müsəlmanlara zidd getmiş sayılar.

Bu iki müqəddimədən “Quran bizə yetər” deyənlərin fikirlərinin batil olduğunu az da olsa anladıq. İndi isə keçirik məsələnin əslinə. Biz deyirik ki, ümumilikdə imamət mövzusu və İmam Əlinin (ə) vilayəti müqəddəs Qurani-Kərimdə zikr olunmuşdur. Bunu bizə Quranı açıqlayan və bəyan edən Peyğəmbərimiz söyləmişdir. Lakin İmam Əlinin (ə) adının Qurani-Kərimdə açıq-aşkar çəkilməməsini isə aşağıda qeyd edəcəyimiz məsələlərlə anlamaq olar:

1. İlahi hikmət

Hamımıza məlumdur ki, Allah-taalanın bütün işləri hikmət üzərədir. Bu mənaya uyğun olaraq Allah özünü Qurani-Kərimdə dəfələrlə Həkim, hikmət sahibi olaraq vəsf edir. Hər bir müsəlman bu etiqadda olmalıdır. Yəni Allah-taala bir şeyə əmr edirsə, o şeydə bir məsləhət olduğuna görə bunu edir. Eyni zamanda əgər bir şeydən çəkindirirsə, demək həmin şeydə bir fəsad mövcuddur. Ümumi olaraq əqidəmiz bundan ibarətdir. Lakin bunu da bilməliyik ki, insan ağlı Allah-taalanın işlərindəki bütün hikmətləri dərk etməkdən acizdir. Allahın etdiyi işləri nəyə görə etdiyini öz ağlımızla anlamaq bizim üçün qeyri-mümkündür. Elə şəriətimizdə çoxsaylı məsələlərin əsas hikməti bizə bəlli deyil. Düzdür, ola bilər bəzi şeylərin faydalarını, xeyirlərini dərk edək, amma tam şəkildə onun nəyə görə Allah tərəfindən əmr olunduğunu dəqiq bilmirik. Elə bəndəçilik və tam təslimiyyət də bura da özünü büruzə verir. Əsas hikmətini bilməsək belə, biz Allah tərəfindən buyurulan bütün məsələlərə diqqətlə yanaşmalı, ona əmr etdiklərində itaət etməli və qadağan etdiyi şeylərdən çəkinməliyik. Qulluq, bəndçilik bu deməkdir. Bir qul ağasının ona əmr etdiyi şeylərin tam hikmətini dərk etməsə belə, bir işi nə məqsədlə tapşırdığını bilməsə belə, ağasına tam şəkildə itaət göstərməlidir. Eynilə biz də Allah-taalanın bəndələri olaraq onun etdiyi şeylərin hikmətini tam dərk etmədiyimiz halda belə mütləq şəkildə ona itaət etməliyik. Çünki iman gətirmişik ki, uca olan Rəbbimizin bütün işləri müəyyən hikmətlərə, məsləhətlərə dayanır. Diqqət etmək lazımdır ki, bu məsələ çox həssas bir məsələdir. Bəzi insanlar şəriətdə olan müəyyən hökmləri öz ağılları ilə dərk etmədiklərinə görə inkar etmiş və bununla da Allaha qarşı üsyankarlıq göstərmişlər. Buna görə də insan ağılının tam anlaya bilmədiyi hər şeyi inkar etməyə tələsməməlidir. Möminlərin əmiri Əli (ə) bu məqamda buyurur:

فَلاَ تَقُولُوا بِمَا لاَ تَعْرِفُونَ فَإِنَّ أَكْثَرَ اَلْحَقِّ فِيمَا تُنْكِرُونَ ... فَلاَ تَسْتَعْمِلُوا اَلرَّأْيَ فِيمَا لاَ يُدْرِكُ قَعْرَهُ اَلْبَصَرُ وَ لاَ تَتَغَلْغَلُ إِلَيْهِ اَلْفِكَرُ

“Bilmədiyiniz şeyləri deməyin. Haqqın çoxu inkar etdiyiniz şeylərdədir... Belə isə əslini gözün dərk etmədiyi və fikirlərin yol tapmadığı şeylərdə öz fikir (və tədbirlərinizi) işlətməyin”.[15]

Buna əsasən, ola bilər ki, İmam Əlinin (ə) adının Qurani-Kərimdə Allah tərəfindən çəkilməməsi müəyyən hikmətə görədir və bu hikmət bizə bəlli deyil. Bu da dəqiq hikmətini anlamağa ağlımızın qüdrətinin çatmadığı çoxsaylı yerlərdən biridir. Beləliklə, heç kəs ad çəkilməmə məsələsi ilə batil iddialar edə bilməz. Çünki mümkündür ki, burada bir hikmət olsun və həmin şəxs onu anlamasın. Eyni zamanda heç kəsin haqqı yoxdur ki bu barədə Allaha etiraz etsin. Yəni heç kim “əgər əgər Həzrət Əlinin (ə) imaməti bu qədər mühüm məsələ idisə, Allah onun adını Qurani-Kərimdə açıq-aşkar qeyd etməli idi” deyə etiraz edə bilməz. Çünki Allahın hökmünə etiraz təslimiyyətin və bəndəçiliyin xilafınadır və Quran bizi bundan çəkindirir: “O (Allah) etdiyi işlər barədə soruşulmaz, onlar isə soruşulacaqlar”.[16] Allaha isə vacib deyil ki, etdiyi hər bir şeyin hikmətini insanlara bəyan etsin.

2. Peyğəmbər (s) Həzrət Əlinin imamətini açıq-aşkar söyləmişdir

Peyğəmbər (s) öz həyatında dəfələrlə Həzrət Əlinin (ə) imamətini, onu özündən sonra müsəlmanlara rəhbər təyin etdiyini açıq-aşkar bəyan etmişdi. Bu bəyanlar hər iki məzhəbin kitablarında mütəvatir olan Qədir-xum hədisi kimi, Mənzilət və s. kimi hədislərdə nəql olunmuşdur. Əgər Peyğəmbərin (s) bunu deməsi qəti şəkildə sabit olubsa, bu məsələnin Quranda keçib-keçməməyi o məsələnin etibarlılığına heç bir xələl gətirmir. Yəni əgər bir şey Qurani-Kərimdə açıq-aşkar keçməyibsə, bu o demək deyil onun dəlili yoxdur. Çünki qeyd etdiyimiz kimi Peyğəmbərimiz (s) hər hansısa bir şeyə özündən əmr etmir, insanları hər hansısa bir şeyə şəxsi istəkləri əsasında çağırmır. Peyğəmbər (s) elə danışan Qurandır. Onun sözü elə Allahın sözüdür, əmri Allahın əmridir və onun göstərişlərinə tabe olmamaq elə Allah tabe olmamaq deməkdir. Peyğəmbər (s) özü çoxsaylı yerlərdə Həzrət Əlinin (ə) imam olacağını söyləmiş və daim müsəlmanların diqqətini bu məsələyə yönəltmişdir. Demək, İmam Əlinin (ə) vilayətinin vacib olması Allah tərəfindən öz peyğəmbəri vasitəsilə insanlara bildirilmişdir, hətta Qurani-Kərimdə onun (ə) adı açıq-aşkar gəlməsə belə. Qurani-Kərimdə açıq-aşkar bildirilən şeylərə təslimiyyət göstərmək vacib olduğu kimi, eynilə Allahın öz peyğəmbərinin (s) dili ilə insanlara vacib etdiyi şeylərə də tabeçilik göstərmək zəruridir. Tabe olmaq baxımından bu ikisi arasında heç bir fərq yoxdur. Məxsusən, biz qeyd etmişdik ki, Peyğəmbər (s) Qurani-Kərimdə gələn maarifin açıqlayıcısı, onun öyrədənidir. İmam Əlinin (ə) vilayət və fəzilətinə isə Qurani-Kərimin bir neçə yerində işarə edilmişdir. Peyğəmbər (s) də öz dövründə Qurani-Kərimdə olan bu işarələri öz ümməti üçün bəyan edib. İmam Sadiqdən (ə) səhih sənədlə nəql olunan hədisdə belə buyurulur:

“Əbu Bəsir deyir: “İmam Sadiqdən (ə) Allah-taalanın “Allaha, peyğəmbərinə və özünüzdən olan əmr sahiblərinə itaət edin”[17] ayəsi haqqında soruşdum. O buyurdu: “Bu ayə Əli ibn Əbu Talib, Həsən və Hüseyn barədə nazil olub”. İmama dedim: “İnsanlar deyirlər ki, nəyə görə o, Allah-taalanın kitabından Əlinin və ailəsinin adlarını çəkmir?” İmam (ə) buyurdu: “Onlara belə deyin: Allah rəsuluna namaz qılmaq nazil olmuşdu, amma Allah onun üç, yoxsa dörd rükət olmasını açıqlamayıb. Belə ki, bunu onlara izah edən Peyğəmbər (ə) idi”.[18]

Qeyd edək ki, hədisin davamında İmam Sadiq (ə) namaz kimi zəkatın, həccin də Peyğəmbərə (ə) Quranda nazil olmasından, lakin onun təfsilatının isə Qurani-Kərimdə açıqlanmadığından, bu vəzifəni Peğəmbərin (s) icra etdiyindən danışır. Məlum məsələdir ki, bu gün heç kim namazın üç və ya dörd rükət olmasını Qurani-Kərimdə açıq-aşkar keçmədiyinə görə inkar etməyib. Necə ki namazın, orucun, zəkatın, həccin və s. kimi başqa şeylərin təfsilatı Qurani-Kərimdə keçməsə belə Peyğəmbərin (s) sünnəsində olduğuna görə qəbul edirik, İmam Əlinin (ə) də imamətini o cür qəbul etməliyik.

3. Vəsf etmək bəzən ad çəkməkdən daha təsirlidir

Bəzən bir şəxsi müəyyən etmək üçün onun xüsusiyyətlərini demək adının çəkilməsindən daha təsirli sayılır. Məlum məsələdir ki, bəzi adlar həm xüsusi isimdir, həm də sifət mənası daşıyır. “Əli” adı da həmin adlardan biridir. O, xüsusi isim olduğu kimi, ərəb dilində “uca” mənasını da ifadə edən bir sifətdir. Mümkündür deyək ki, hətta İmam Əlinin (ə) adı müqəddəs Qurani-Kərimdə çəkilsəydi belə qəlbində kin olan şəxslər onu xüsusi isim kimi yox, sifət mənasında götürə bilərdilər. Bununla məsələ yenə də mübhəm qalacaqdı. Buna əsasən, Qurani-Kərim nəzərdə tutulan şəxsi, möminlərin vəlisini onun adı ilə yox, xüsusiyyətini, sifətini bəyan etməklə göstərir: “Sizin vəliniz yalnız Allah, Onun rəsulu və iman gətirənlərdir. O kəslər ki namaz qılır və rüku halında zəkat verirlər”.[19] Mütəvatir olan hədislərə görə və elə əhli-sünnə alimlərinin öz etiraflarına əsasən, bu ayədə rüku halında zəkat verənlərdən məqsəd yalnız və yalnız Möminlərin əmiri Əli (ə) idi. Allah-taala insanlara onların hamisini, vəlisini onun xüsusiyyəti ilə bəyan etmişdi və yuxarıda qeyd etdiklərimizə əsasən, bu cür bəyan etmək ad çəkməkdən də təsirli və məqsədəuyğun metoddur. Çünki ad çəkildiyi halda bəziləri onun sifət mənasını əsas götürə bilərdilər.

4. Adın Qurani-Kərimdə çəkilməsi bəzilərinin bu adı oğurlamasına səbəb ola bilərdi

Gəlin təsəvvür edək ki, Həzət Əlinin (ə) adı Qurani-Kərimdə qeyd olunub. Diqqətlə fikirləşsək, görəcəyik ki, bu belə ixtilafın aradan qalxmasına səbəb olmayacaqdı. Çünki qəlbində xəstəlik olan şəxslər bu adı oğurlayacaq və ayədə qeyd olunan “Əli”nin məhz özü olduğunu iddia edəcəkdilər. Bu həm Quranın nazil olduğu dövrlərdə baş verə bilərdi, həm də neçə illər sonra Əli adında hər hansı biri gəlib ayədə adıkeçən şəxsin məhz özü olduğunu deyə bilərdi. Bəziləri buna təəccüblə yanaşa bilər, lakin elə İmam Əlinin (ə) timsalında biz bu hadisənin şahidi olmuşuq. O həzrətə (ə) məxsus olan ləqəblərdən biri “əmirəlmöminin” (möminlərin əmiri) idi. Hətta hədislərimizə əsasən, digər imamlarımızı belə bu ləqəblə çağırmaq olmazdı. Lakin iş o yerə qədər gəlib çıxdı ki, Müaviyə, Yezid kimi ən alçaq şəxslər belə bu ləqəbi özlərinə götürmüşdülər. Həmçinin “siddiq” (çox doğru danışan) və “faruq” (haqla batili ayıran) ləqəbləri də o həzrətin ləqəbləri idi. Lakin məzlumiyyətə baxın ki, hətta bu ləqəbləri belə ondan oğurlamış və başqalarına aid etmişdilər. Təəssüflər olsun ki, hal-hazırda belə bəzi müsəlmanlar özündən hədis uydurmuş və başqalarının haqqını qəsb etmiş Əbu Bəkri “siddiq” ləqəbi ilə yad edirlər. Eyni zamanda təyəmmümün hökmünə belə cahil olan Ömər “faruq” ləqəbi ilə məşhurlaşıb. Bəlkə də, gələcəkdə bu barədə əhli-sünnə mənbələrində olan dəlillərdən istifadə edərək bir məqalə yazarıq.

Bütün bunlara görə deyirik ki, hətta İmam Əlinin (ə) adının çəkilməsi belə bu gün irad edənləri qane etməyəcəkdi. Haqqı qəbul etməyən şəxslər bu adı istədikləri şəxslərə aid edəcək və ya bu addan sui-istifadə edənlər olacaqdı.

5. Adın çəkilməsi bəzi münafiqlərin adı Qurandan çıxarmasına səbəb ola bilərdi

Əfsuslar olsun ki, İslam tarixində öz mənafeyini hər şeydən üstün tutan bəzi şəxsiyyətlər dindən və şəriətdən öz məqsədlərinə uyğun şəkildə sui-istifadə etmiş, lazım gəldikdə isə dini maarifin bəzisini təhrif etmişlər. Buna ən yaxşı nümunə tarixdə yaranan bəzi azğın firqələr və sapqın əqidələr hesab olunur. Buna görə heç də uzaq bir görüş deyil ki, xilafəti qəsb edən tamahkarlar hətta ad çəkilsəydi belə Qurana əl ata bilər, həmin adı Qurandan çıxara bilərdilər və təhrif baş verə bilərdi. Allah-taala isə mümkün qədər təbii səbəblərlə öz kitabını təhrifdən qoruyur. “Şübhəsiz ki zikri biz nazil etmişik və biz də onu qoruyacağıq”.[20] Bəlkə də, adın kitabda açıq-aşkar qeyd olunmaması bu təhlükəli məsələnin qarşısını almağın yollarından biri idi.

6. Adın açıq-aşkar qeyd olunması ixtilafın həll yolu deyil

Bəziləri düşünə bilər ki, əgər İmam Əlinin (ə) adı Quranda açıq-aşkar qeyd olunsaydı, bununla onun imaməti barədə olan digərlərində yaranan şəkk-şübhə aradan qalxardı. Lakin bu barədə düşündükdə bunun doğru olmadığını görərik. Çünki biz görürük ki, Qurani-Kərimdə zikr olunan bir çox şeyin özündə ixtilaflar baş vermiş, bəziləri isə inkar olunmuşdur. Onlardan biri müvəqqəti nikah haqqında olan ayədir: “Mütə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin. Mehr müəyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir”.[21] Mütə nikahı haqqında Qurani-Kərimdə ayə gəlməsinə və Peyğəmbərin, səhabələrin bunu mübah görmələrinə baxmayaraq, bu məsələdə ixtilaf düşmüşdür. İddia edirlər ki, Ömər - sanki buna haqqı var imiş kimi - mütə nikahını müsəlmanlara qadağan etmişdi.

Kim zəmanət verə bilər ki, İmam Əlinin (ə) və onun ailəsinin haqqını qəsb edən, Quranda halal buyurulmuş şeyi müsəlmanlara haram edən Ömər və onun kimiləri İmam Əlinin (ə) imaməti barədə gələn açıq-aşkar ayələrə də müdaxilə etməyəcəkdilər? Elə buna görə deyirik ki, bu məsələ ilə ixtilafın aradan qalxacağını güman edənlər yanılırlar.

7. Adın çəkilməsi şiələrin Quranın təhrifində ittiham olunmasına səbəb ola bilərdi

Tarix boyu Əhli-beyt (ə) sevgisindən məhrum olmuş elm iddiaçıları İmam Əlinin (ə) fəzilətləri barədə olan, onun imamətinə dəlalət edən bir çox hədisləri və başqa dəlilləri “rafizilərin uydurmalarıdır” deyə insanlara təqdim ediblər. Hətta öz əqidə yoldaşlarından və ya eyni əqidədə olduqları alimlərdən biri bu fəzilətlər barədə bir şey nəql etdikdə hətta doğrudanışan olsa belə onu etibardan salmağa çalışmış, şiəlikdə ittiham etmişlər. Bütün bu ittihamların və etibardan salma səylərinin daim bir məqsədi olub: İmam Əlinin (ə) və onun övladlarının fəzilətlərinin gizlədilməsi. Allah bilir, bəlkə də İmam Əlinin (ə) adı Quranın hər hansısa bir ayəsində keçsəydi, bunu da şiələrin sonradan Qurana əlavə etdiklərini deyəcəkdilər. Necə ki şiə məzhəbinin Quranın təhrif olmadığını qəbul etməsinə baxmayaraq, onlar daim şiələrin Quranın təhrif olunmasına inanmaqda ittiham edirlər. Bəlkə də hədisləri inkar etdikləri kimi, həmin ayəni də inkar edəcəkdilər. Bu sizə heç də qəribə gəlməsin, Peyğəmbər (ə) Qədir-xum günü minlərlə müsəlmanın önündə özündən sonrakı rəhbərin İmam Əli (ə) olacağını açıq-aşkar bildirmişdi, amma üstündən çox keçmədi ki, münafiqlər bu həqiqəti inkar etməyə başladılar. Şiələr isə bu hadisə ilə dəlil gətirdiklərinə görə bu gün belə uydurmaçılıqda və savadsızlıqda ittiham olunurlar. Eyni şey adın Quranda çəkilməsinə görə də baş verə bilərdi.

8. Bu metodun yanlışlığı

Ümumiyyətlə, adın çəkilib-çəkilməməsi bir şeyi dəyişdirmir. Əgər Peyğəmbər (s) tərəfindən İmam Əlinin (ə) imaməti açıq-aşkar bəyan olunubsa, bu onun imamətinə dəlil olaraq kifayətdir.

Bununla yanaşı, diqqət etsək, görərik ki bu qəbildən olan sualların sayı-hesabı yoxdur və eyni cür suallar müxaliflərə və hər şeyi Quranda axtaran şəxslərə də ünvanlana bilər. Məsələn, nəyə görə Allah Quranı elə açıq-aşkar nazil etməyib ki təfsirində heç kəs ixtilaf etməsin? Nəyə görə Allah İslamda əsas sayılan namaz, oruc, həcc kimi ibadətlərin təfsilatlarını açıq-aşkar bəyan etməyib? Nəyə görə Allah Quranda əhli-sünnənin iddia etdiyi kimi bütün səhabələrin ədalətli olmağını açıq şəkildə deməyib? Məgər Quranın hansı ayəsində açıq-aşkar gəlib ki, Allah Peyğəmbərdən sonra müsəlmanlara rəhbərlik edəcək şəxsin adını açıq-aşkar çəkməlidir? Hansı ayədə bildirilib ki sünnədə dəlil olsa belə bir şey Quranda qeyd olunmadıqda onu qəbul etmək olmaz?

Bütün bu sualların cavabları Qurani-Kərimdə açıq-aşkar qeyd olunmayıb.

Ad çəkilmə məsələləsinin böyük bir əhəmiyyəti olduğunu qəbul etməli olsaq, gərək Musa peyğəmbərin (ə) İslam peyğəmbərindən (s) daha əhəmiyyətli və üstün olduğunu deyək. Çünki Məhəmməd peyğəmbərin (s) adı Quranda 4-5 dəfə çəkildiyi halda, Musa peyğəmbərin (ə) adı 160 dəfə çəkilib, İsa peyğəmbərin (ə) adı təqribən 25 dəfə, Həzrət İbrahimin adı isə 130 dəfə çəkilib.

Bütün müsəlmanlar 124000 peyğəmbərin nübüvvətinə inanır, amma onlardan yalnız bəzisinin adı Qurani-Kərimdə qeyd olunub: “Biz səndən əvvəl də elçilər göndərdik. Onlardan bəziləri haqqında sənə danışdıq, bəziləri haqqında isə danışmadıq”.[22] Əgər məsələ ad çəkilməkdədirsə, onların hamısının adı keçməyib. Məgər adı keçməyənləri qəbul etməməliyik? Hərçənd ki Qurani-Kərimdə müxtəlif meyvələrin, hətta heyvanların belə adı keçib. Məgər bu onların digər peyğəmbərlərdən daha əhəmiyyətli olmasınamı dəlalət edir?

Bütün bunlar əvvəldə də qeyd etdiyimiz kimi Allahın hikmətinə qayıdan məsələlərdir və Allaha da vacib deyil ki, etdiyi işlərdəki bütün hikmətləri bəndələrinə açıqlasın. İnsanlar isə hikmətinə varmadıqları şeylərdə öz Rəblərinə etiraz edə bilməzlər. O cümlədən hikmətini dəqiq bilmədiyimiz şeyləri inkar da edə bilmərik.

Son olaraq deyirik ki, İmam Əlinin (ə) imaməti qəti dəlillərlə sübuta yetəndən sonra bu kimi əsassız iradlarla məsələ barədə şübhə yaratmaq və ya şübhəyə düşmək yersizdir.

“Möminlər ancaq Allaha və onun rəsuluna iman gətirən, sonra şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir. Sadiq olanlar məhz onlardır”.[23]

 

Məqalədə “Əl-əcvibətul-vafiyə” kitabından istifadə olunmuşdur.

Baqir Cəfəri

Besiret.az

 


[1] Peyğəmbərin yerinə yetirdiyi feillər, dediyi sözlər və qarşısında bir iş yerinə yetirilən zaman bu işdən çəkindirməməyi, yəni iqrarı onun sünnəsi adlanır. Biz sünnəni hədislər vasitəsilə əldə edirik.

[2] Nəhl, 89.

[3] Nəhl, 44.

[4] Nisa, 59.

[5] Ənfal, 20.

[6] Cin, 23.

[7] Nisa, 65.

[8] Əhzab, 36.

[9] Həşr, 7.

[10] Nəcm, 3-4.

[11] Həşr, 7.

[12] Buxarinin “Səhih” kitabı, c. 3, səh. 284, hədis 488; Bu hədis eynilə Müslimin də “Səhih” kiabında nəql olunmuşdur: c. 3, səh. 1678, hədis 2125.

[13] Bax: Əbu Davudun “Sunən” kitabı, c. 4, səh. 205, hədis 4605; Tirmizinin “Sunən” kitabı, c. 4, səh. 134, hədis 2801; İbn Macənin “Sunən” kitabı, c. 1, səh. 6.

[14] Albani, Sifətu-salatin-nəbi,səh. 171.

[15] Vəsailuş-şiə, c.18, səh.116, hədis 18.

[16] Ənbiya, 23.

[17] Nisa, 59.

[18] Şeyx Kuleyni, Əl-Kafi, c. 1, səh. 286.

[19] Maidə, 55.

[20] Hicr, 9.

[21] Nisa, 24.

[22] Ğafir, 78.

[23] Hücurat, 15.


 

Рейтинг

В этом разделе