»»

İmam Baqir (ə) Əbu Bəkrdən razı idi?

Birinci rəvayət: İmam Baqirin (ə) ilk iki xəlifənin fəzilətini inkar etmir

İhsan Zahir deyir: “Təbərsi İmam Baqirdən (ə) rəvayət edir: “Mən Əbu Bəkrin və Ömərin fəzilətlərini inkar edən deyiləm. Lakin Əbu Bəkr Ömərdən əfzəldir”.659

Müzakirə
Cavabın aydın olması üçün Təbərsinin nəql etdiyi tam mətni təqdim edirik. Müəllif özünün “əl-İhticac” kitabında yazır: “Rəvayət olunur ki, Məmun öz qızı Ümmül-Fəzli Əbu Cəfərlə evləndirdikdən sonra bir məclisdə oturmuşdu. Yanında Əbu Cəfər (ə), Yəhya ibn Əksəm və bir çox şəxs vardı. Yəhya ibn Əksəm dedi: “Ey Peyğəmbər övladı! Rəvayət olunan bu xəbər barədə nə deyirsən? “Cəbrail (ə) Peyğəmbərin (s) yanına enib dedi: “Ey Muhəmməd, Uca Allah sənə salam söyləyir və buyurur: “Əbu Bəkrdən soruş ki, Məndən razıdır? Amma Mən ondan razıyam”.

Əbu Cəfər (ə) buyurdu: “Əbu Bəkrin fəzilətini inkar edən deyiləm, lakin bunu iddia edənə Peyğəmbərin (s) Vida Həccindəki sözlərini nəql edən şəxsin rəvayəti ilə cavab verəcəyəm: (Peyğəmbər(s) buyurub:) “Mənim adımdan yalan söyləyənlər çoxalıb, məndən sonra da artacaqlar. Kim mənim adımdan bilərəkdən yalan söyləsə, Cəhənnəmdəki yerini hazır bilsin. Mənim adımdan sizə söylənən hədisləri Allahın kitabı və sünnəmlə tutuşdurun. Allahın kitabına və sünnəmə uyğun olanı götürün, müxalif olanı tərk edin”.

(Sizin iddia etdiyiniz) bu rəvayət Allahın kitabına uyğun deyil. Uca Allah kitabında buyurur: “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! 660 Əbu Bəkrin razılığı məgər Allaha gizli idi ki, bu barədə özündən soruşur? Bu, ağılla da qəbuledilməzdir”.

Yəhya ibn Əksəm dedi: “Rəvayət olunur ki, yer üzündə Əbu Bəkr və Ömər göylərdə Cəbrail və Mikail kimidirlər...” 661

İndi isə deyirik:

1 – Aydın olduğu kimi, rəvayət İmam Cavaddan (ə) nəql olunub. Lakin İhsan Zahir onu İmam Baqirə (ə) nisbət verir. Bu isə bir daha onun cahilliyinə dəlildir. İmam Baqir (ə) Əməvi hakimiyyəti dövründə yaşayıb. Təbərsi isə söhbətin Məmunun xəlifəliyi dövründə baş verdiyini yazır.

Məmun Abbası xəlifələrindəndir. Söhbət Abbasi xəlifəsi Məmunun hüzurunda qazi Yəhya ibn Əksəmlə Əbu Cəfər Sani künyəli İmam Cavad (ə) arasında baş verir. Müqabil tərəfin məlumatları barədə cahilliyi bu səviyyədə olan kəs şiə əqidəsinə necə irad bildirə bilər?!

2 – İhsan Zahir adəti üzrə rəvayətin özünə münasib gəlməyən hissəsini kəsib və başqa mənaya yönəldib. Təbərsinin “əl-İhticac”da nəql etdiyi bu rəvayət İmam Cavadla (ə) Yəhya ibn Əksəm arasındakı söhbətdən ibarətdir. Rəvayətdə Əbu Bəkr və Ömərin mədhinə dair Peyğəmbərə (s) istinad edilən uydurma hədislərin inkarından, Allahın kitabına, sünnəyə və ağıla müxalif olmasından söz açılır. Orada İmam Cavadın (ə) Əbu Bəkr və Ömərdən razı olduğuna dair yaxından-uzaqdan heç bir dəlil yoxdur. İmamın (ə) “Mən Əbu Bəkrin fəzilətini inkar edən deyiləm”, həmçinin “Mən Ömərin fəzilətini inkar edən deyiləm” sözləri onların fəzilətli olduğunu düşündüyü anlamını verməz. Əksinə, Yəhya ibn Əksəmə demək istəyir ki, indi söyləyəcəklərim Əbu Bəkri və Öməri tərifləyib və ya məzəmmət etmək üçün deyil, sadəcə o ikisinin fəzilətləri barədə Peyğəmbərə (s) nisbət verilən yalan hədisləri inkar etmək üçündür. Bu iki vəziyyət arasındakı fərq aydındır. Lakin bu fərqin İmam Baqirlə (ə) İmam Cavadı bir-birindən ayıra bilməyən İhsan Zahir üçün naməlum olması başa düşüləndir.

Başqa sözlə: İmam Cavadın (ə) Yəhya ibn Əksəmin söylədiyi uydurma rəvayətləri inkarından o ikisini məzəmmət etdiyi başa düşülə bilər. Bu sözləri ilə onlar barədə söylənən uydurma fəzilətləri rədd edərək buyurur: Mən Əbu Bəkr və Ömər barədə söylənən fəzilətləri deyil, onların fəzilətləri barədə Peyğəmbərə (s) istinad edilən hədisləri inkar edirəm. Bununla da İmam (ə): “Deməyin ki, onlara qarşı ədavətim olduğu üçün fəzilətlərini inkar edirəm, sadəcə hədis yalan olduğu üçün bu fəzilətləri qəbul etmirəm” demək istəyir, yalan olduğunu isə Allahın kitabına əsasən isbatlayır. Nəticədə onların fəzilət sahibi olub-olmadığına nəzər yetirmədən bu “fəzilət” hədislərinin uydurma olduğu anlaşılır.

Rəvayətin kəsilmiş hissəsindən bu mənanı başa düşmək mümkündürmü? Təbiidir ki, belə olduqda rəvayət öz məcrasında çıxır və iddia olunan mənaya yönəldilir. Biz mənaya xələl gətirmədən rəvayətlərdən müəyyən hissələrin qeyd edilməsinə, onların ixtisarına qarşı deyilik. Bunu ağıl da qəbul edir. Lakin biz mənanı dəyişən və məna əlamətlərini aradan aparan ixtisarlara qarşıyıq. Çünki bu nə elmi və nə də əxlaqi üslubdur.

3 – Rəvayət İhsan Zahirin iddiasına ziddir. Çünki Əbu Bəkr və Ömər üçün iddia olunan fəzilətlərin sağlam bir mənşəyinin olması lazımdır. Halbuki onların fəziləti barədə olan rəvayətlər uydurmadır. İmam (ə) isə onların Kitaba, sünnəyə və ağıla müxalif olduğunu sübut edir. Həmçinin İmam (ə) bu yalan rəvayətləri inkar edərkən onların fəzilətini təsdiq edəcək bir ayə və ya rəvayət də olsa dilinə gətirmir. Buradan da anlaşılır ki, İmam Cavad (ə) Möminlərin əmiri Əlinin (ə) sünni və şiələrin hədis kitablarında zikr edilən saysız fəzilətləri müqabilində Əbu Bəkr və Öməri ondan üstün tutacaq heç bir fəzilətin mövcud olmadığını bəyan edir.

İkinci rəvayət: Əbu Bəkr Siddiqdir

İhsan Zahir deyir: “İmam Zeynəlabidinin Baqir ləqəbli oğlu Muhəmməd ibn Əli ibn Hüseyndən – şiələrin beşinci məsum imamından – qılıncın bəzədilməsi haqqında soruşuldu. Bunu Əli ibn İsa İrbəli “Kəşful-ğummə”də rəvayət edir. Əbu Abdullah Cofidən, o da Ürvə ibn Abdullahdan nəql edir: “Əbu Cəfər Muhəmməd ibn Əlidən (ə) qılıncın bəzədilməsi haqqında soruşdum. Buyurdu: “Bunun eybi yoxdur. Əbu Bəkr Siddiq də öz qılıncını bəzəyərdi”. Dedim: “Siz Siddiq dediniz?” O, anidən yerindən qalxdı və üzünü qibləyə tutub dedi:

“Bəli, Siddiq!! Kim ona Siddiq deməsə, Allah onun nə dünyada, nə də axirətdə sözünü təsdiq etməz”. 662

Müzakirə

1 – Sənəd baxımından bu rəvayət etibarsızdır. Çünki mürsəl hədisdir. “Kəşful-ğummə” kitabının müəllifi 663 hədisi Ürvə ibn Abdullahdan nəql edir. Hədisi İmam Baqirdən (ə) rəvayət edən şəxslə “Kəşful-ğummə” kitabının müəllifi arasında təxminən 550 il var. İmam Baqir (ə) hicri 114-cü ildə şəhadətə yetişmiş, müəllif İrbəli isə hicri 673-cü ildə vəfat etmişdir. İmamdan (ə) hədisi birbaşa nəql edən şəxs 120 yaşından artıq yaşamamışdır. Beləliklə “Kəşful-ğummə”də hədisi nəql edən ravi ilə İmam Baqirin (ə) arasında ən azı 370 il fasilə yaranır. İmamdan (ə) hədisi eşidən şəxslə rəvayət edən şəxs arasındakı ravilərin qeyd edilmədiyinə görə, bu hədisə etimad etmək mümkün deyil.

2 – İrbəlidən başqa, bu rəvayəti heç bir şiə müəllifi kitablarında qeyd etməyib. Həmçinin şiənin mötəbər hədis kitablarında da ona rast gəlmirik. Belə vəziyyətdə rəvayət həm mürsəldir, həm də şiələr tərəfindən etimad görməyib. Bundan əlavə, İhsan Zahir həmin rəvayətin “Kəşful-ğummə”də olduğunu söyləsə də, əslində əhli-sünnə kitabına istinadən nəql edir. Bunu İbn Əsakir, 664 Zəhəbi 665 və digərləri qeyd etmişlər. Bu yolla isə şiəyə dəlil göstərmək düzgün deyil. Qarşı tərəfə dəlil yalnız özlərinin qəbul edib etimad göstərdikləri mənbələrdən olmalıdır. Lakin təəccüblüsü budur ki, İhsan Zahir bunu ənli-sünnə kitabından nəql etsə də, yenə də mürsəl nəql edir. Hətta öz kitablarında qeyd edilmiş sənədi də qeyd etmir. Bu isə növbəti saxtakarlıqdır.

3 – Bu rəvayətin uydurma olmasının əlamətləri aydın görünür. Belə ki, bəndələrin namaz, oruc kimi əməllərinin, eləcə də Allaha, kitablarına, peyğəmbərlərinə imanın qəbul şərti Peyğəmbər (s) səhabələrindən birinin vəsfinin təsdiqinə bağlanır. Halbuki nə Peyğəmbərdən (s), nə də səhabələrdən əməl və imanın qəbul edilməsinin belə bir vəsfə sahib şəxsin təsdiqinə bağlandığı əsla eşidilməyib! Bundan əlavə, belə bir sözün İmam Baqir (ə) tərəfindən söylənməsi ağılla qəbul edilən deyil.

 

659 Şiə və Əhli-Beyt, s. 55
660 Qaf, 16
661 əl-İhticac, c. 2, s. 249
662 Şiə və Əhli-Beyt, s. 55
663 Kəşful-ğummə, İbn Əbülfəth İrbəli, c. 1, II çap, 1885-ci il, Beyrut
664 Tarixu mədinəti Diməşq, İbn Əsakir, c. 54, s. 283. Beyrut çapı
665 Siyəru əlamin-nübəla, Zəhəbi, c. 4, s. 408. 1993-cü il çapı, Beyrut

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе