Xanım Zəhranın (Allahın salamı olsun ona) şəhadəti tarixdə özündən sonra böyük iz qoymuş ən əzəmətli şəhadətlərdən və ən böyük müsibətlərdən biridir. Xanım Zəhranın (Allahın salamı olsun ona) müsibəti tarixin surətinin dəyişilməsinə, bir çox müsibətlərin əsasının qoyulmasına və ən əsası, Kərbəla musibətinin əsasının qoyulmasına səbəb olmuşdur.
Hər il bu günlər gəldikdə, bəzi iradlar ortaya çıxır və bu iradlar cəmiyyətdə surətlə yayılır. Məsələn, son dövürlərin ən çox suallarından biri, elə matəm haqqındadır. Xanım Zəhranın (Allahın salamı olsun ona) matəm günlərində də, həmin iradlar ortaya çıxır:
"Niyə biz matəm saxlamalıyıq?"
"Görəsən bu saxlanılan matəm, şəriət ilə uyğundur ya yox?"
Cavab:
Əvvəla Xanım Zəhranın (Allahın salamı olsun ona) şəhadətinin ehtimal olunduğu günlər matəm günləridir! Bu cür günləri matəm saxlamağı adətən “sirətul-üqəla” adlanan və ağıl sahibləri və ağıllı insan cəmiyyətinin həyat tərzindən ibarət olan qayda-qanunlar təsdiq edir.
Məsələn; Onlar (yəni ağıl sahibləri və onların yolunu gedənlər) öz böyüklərinin və ya əzizlərinin öldüyü günü matəm qeyd edirlər ya yox?! Yaxud, hansısa bir faciəvi günü, matəm günü kimi, qeyd edirlər ya yox ?!
Bildiyimiz kimi şəriətdə bir çox hökümlər “sirətul-üqəla” - yəni ağıllı insanların həyat tərzi əsasında təyin olunur .
Bunu ona görə qeyd etdik ki, ola bilər hər hansısa bir şəxs Quran və hədisin bu kimi məsələlərdə dəlil olmaması iddiasını irəli sürsün. O zaman biz onlara "ağıllı insanlarin həyat tərzin”dən dəlil gətirərək bu işin bütün ağıllı insanlar tərəfindən məqbul sayıldığını göstərə bilərik.
Əgər biz ümumən insanlara baxsaq (burada sünnü və ya şiədən, müsəlman - qeyri musəlmandan söhbət getmir) görərik ki, onlar öz yaşayış tərzlərində hansısa bir günləri, əlamətdar gün kimi qeyd edirlər.
Məsələn, hansısa bir xalq öz ərazisini düşməndən qoruyub düşmənə qələbə çaldığı üçün hər il həmin günü, əlamətdar gün kimi – qələbə günü kimi qeyd edir. Heç kim də buna etiraz edib "bu iş ağılsız bir işdir"kimi ifadələr işlətmir.
İnsanların və bəşəriyyətin öz təqvimlərində qeyd etdiyi həmin o əlamətdar günlərdən biri də matəm olaraq qeyd etdikləri günlərdir. Müəyyən bir gün və yaxud günlər təyin edib o günlərdə matəm qeyd edirlər. Məsələn, 1990-cı ilin 20 yanvarında Azərbaycanda faciə baş verib və hər il o gün gəldikdə hər bir azərbaycanlı rəsmi sürətdə o günü matəm günü kimi qeyd edir.
Digər bir misal isə 31 martın soyqırım günü kimi qeyd olunmasıdır. 1918- cı ildə Azərbaycanda ermənilərin etdiyi soyqırıma görə üstündən 100 il keçməsinə baxmayaraq həmin günlər matəm günləri kimi qeyd olunur və heç bir ağlı olan insan durub bu günlərin matəm kimi keçirilməsinə etiraz etmir. Çünki hər bir şəxs bilir ki, bu kimi günlər matəm keçirilərək yaddaşlarda saxlanılmalıdır.
Bu əlamətdar günlərin keçirilməsində bir çox fayda var. Bu faydaların ən böyüklərindən biri budur ki, bu kimi günlərin matəm olaraq qeyd olunması insanlarda terrora və insanların günahsız yerə öldürülməsinə qarşı nifrət yaradır və bu səbəbdən terrora və cinayətə meyl azalır .
Bu kimi matəm günlərinin çox keçirilməsinə də heç bir şəxs etiraz edərək deyə bilməz ki, “kifayət qədər matəm günləri var, çalışın camaatı bezdirməyin.” Çünki bu cür fikirlər də yanlışdır! Əgər hansısa bir müsibətin böyüklüyü matəm gününün çox qeyd edilməsinə ehtiyac yaradırsa, o zaman matəm günlərinin çox qeyd edilməsində də heç bir irad yoxdur.
Əgər məsələnin mahiyyətini insanlara başa sala bilsən, insanlar da matəmdən bezmədən hər dəfə o günləri qeyd edəcəklər. Bu barədə hətta günümüzdən də müxtəlif misallar vura bilərik. Məsələn bu yaxınlarda Əfqanıstanda baş vermiş partlayış nəticəsində bir çox insan həyatını itirmişdir.
Bu faciəyə görə Fransada məşhur Eyfel qülləsinin işıqları söndürülmüşdür. İl ərzində bir çox baş vermiş terror hadisəsinə görə Eyfel qülləsinin işıqları söndürülüb. Lakin heç bir Parisli durub bu işıqların söndürülməsinə etiraz etməyib. Halbuki bir vətəndaş kimi deyə bilər ki, “bura mənim ölkəmdir, o qüllənin işığı isə şəhərimizin bəzəyidir. Hansısa ölkədə baş vermiş terrora görə Eyfel qülləsinin işıqlarını söndürməyin.”
Buna etiraz etməməyin səbəbi isə budur ki, orada yaşayanlar bilirlər ki, bu terror aktıdır və çox pis bir şeydir, buna etiraz olunmalıdır. Etirazın dinc yollarından biri də matəm keçirmək və ya faciə sahibinin dərdinə şərik olmaqdır.
İndi isə məsələni gətirək Xanım Zəhranın (Allahın salamı olsun ona) və ya Əhli-beytin (əleyhimussəlam) müsibətinə görə saxlanılan matəm mərasimlərinə.
Xanım Zəhranın (Allahın salamı olsun ona) müsibəti tarixdə baş vermiş və nəticəsinə görə ən geniş miqyaslı və ən böyük cinayət və terrorlardan biridir. Bəzən bir terror nəticəsində 100 nəfər həyatını itirir, başqa bir terror nəticəsində isə minlərlə, milyonlarla insanlar həyatını itirir. Bu terrorlardan hansı daha müsibətlidir və hansı daha çox qeyd olunmalıdır?!
Təbii ki, daha çox itkilərə səbəb olan terror üçün qeyd olunan matəm daha çox və daha əzəmətli şəkildə qeyd olunmalıdır.
Xanım Zəhranın (Allahın salamı olsun ona) qəsbkar xəlifələr tərəfindən bu qətlə yetirilməsi bu günümüzə qədər günahsız insanların qanlarının axıdılmasına səbəb olan bir terror idi.
Tarix boyu müsəlmanlar arasında baş vermiş və bu gün də baş verməkdə davam edən terrorların əksəriyyəti məhz Xanım Zəhranın (Allahın salamı olsun ona) qətlə yetirilməsi və xilafətin qəsb edilməsi səbəbindəndir. İstər bunu qəbul et, istər etmə, bu belədir!
Əgər bu terrorun tarixini bir şəxs müəyyən qədər araşdırsa, həqiqətən görəcək ki, əksər terrorların əsası ora qayıdır - xilafətin qəsb edilməsinə, Xanım Zəhraya (Allahın salamı olsun ona) zülm olunmasına, Həzrəti Əlinin (Allahın salamı olsun ona) evinə od vurulmasına. Hətta Kərbəla faciəsinin əsasının qoyulması da qeyd etdiyimiz faciəyə qayıdır.
Əgər Peyğəmbərdən (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) üç gün sonra onun yeganə yadigarı olan əziz qızının evinə hücum olmasaydı, qapısı yandırılmasaydı, qılıncın qını ilə onun bətninə vurulmasaydı, Peyğəmbərdən 50 il sonra kim cürət edib onun əziz nəvəsini Kərbəlada faciəvi şəkildə öldürüb, başsız bədənin üzərində at çapardı?! Onlar Peyğəmbər (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) ailəsinə hücum edib, onları öldürmənin əsasını qoyduqları üçün ondan sonra bir qrup cinayətkar cürət tapıb onun əzizlərini bir-bir qətl edib, başlarını nizəyə taxıb, şəhərbəşəhər gəzdirirdilər.
Bu müsibətə görə matəmlərin keçirilməsi əslində bütün bəşəriyyəti bu böyük və əzəmətli terrora etiraz etməyə çağırmaqdır !! Bu da nə məzhəbi, nə də dini gözdən s alan bir şey deyildir.
Bəziləri iddia edə bilər ki, bu iş şəriətə xilafdır!
Mümkündür ki, bəzilərinin zehinlərində belə bir sual meydana gəlsin ki, niyə Xanım Zəhranın (Allahın salamı olsun ona) şəhadəti üçün bir gün deyil, neçə gün matəm qururuq.
İlk olaraq Xanım Zəhranın (Allahın salamı olsun ona) şəhid olduğu gün barədə qısa bir məlumat verək:
Xanım Zəhranın (Allahın salamı olsun ona) şəhid olduğu gün barədə bir çox tarixlər qeyd olunmuşdur. Onların içində məşhuru üç gündür:
1) Peyğəmbərdən (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) 40 gün sonra, rəbius-sani ayının səkkizi;
2) Peyğəmbərdən (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) 75 gün sonra cəmadiul-əvvəl ayının 13-ü;
3) Peyğəmbərdən (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) 95 gün sonra cəmadius-sani ayının üçü.
Bu üç tarixdən son ikisi isə ən məşhuru və səhih hədislərin göstərdiyi tarixlərdir. Lakin bu iki tarixin fərqli göstərilməsinə ən böyük səbəb qədim ərəb yazısında indi olduğu kimi adətən nöqtə qoyulmamasıdır. Bu da nöqtəsiz yazıları eyni olan 75 və 95 rəqəminin hədisdə ayırd edilə bilməməsinə gətirib çıxarmışdır. Lakin qədim zamandan böyük alimlərmiz elə bu iki tarixin daha əzəmətli qeyd edilməsinə tövsiyələr etmişlər.
Bu matəm günləri barədə belə bir sual yarana bilər ki, Xanımın (Allahın salamı olsun ona) şəhid olduğu gün bir gün olduğu halda, 20 gün matəm mərasimləri qurmaq şəriətə xilaf deyilmi?
Cavabında qeyd edə bilərik ki, xeyr, bu iş şəriətə xilaf deyil. Aşağıda buna dəlillər gətirməyə çalışacağıq.
İmam Rza (Allahın salamı olsun ona) buyurur ki, “muhərrəm ayı daxil olduqda atamın (İmam Museyi-Kazımın (Allahın salamı olsun ona)) üzünü gülən görən olmazdı.”[1]
Məgər İmam Kazım (Allahın salamı olsun ona) bilmirdi ki, İmam Hüseyni (Allahın salamı olsun ona) muhərrəm ayının onuncu günü - aşura günü qətlə yetiriblər?! Nə üçün 10 gün öncədən qəm-qüssə içində olurdu ?!
Demək 10 gün əvvəl matəm qeyd etməyin heç bir problemi yoxdur və şəriətdə “matəm yalnız şəhid edilən gün qeyd olunmalıdır”- deyə bir fikir mövcud deyil.
Əgər bir şəxs iradının matəm keçirmək barədə deyil, məhz toy və şadlıq mərasimlərinin qadağan edilməsi barədə olduğu söyləyərsə, cavabında deyərik ki, İmam Huseynin (Allahın salamı olsun ona) matəmi münasibəti ilə toy və şadlıq edilməyən muhərrəm və səfər aylarında da toy və şənliklərin keçirilməsi şəriətdə haram deyil.
Alimlərimiz yalnız Aşura günündə toy və ya şadlıq etməyin hörmətsizliyə səbəb olduğu təqdirdə haram olduğunu deyir. Amma aşuradan öncəki və sonrakı günlərdə toy və şadlıq etməyin haram olduğunu demirlər. Burada yalnız tövsiyə olaraq alimlər qeyd edir ki, muhərrəm və səfər aylarında toy və ya şadlıq etmək yaxşı deyil. Təbii ki, muhərrəm və səfər aylarında toy və ya şadlıq etmək haqlı olaraq ictimai qınağa səbəb olacaq. Bu da ağıl sahiblərinin qəbul etdiyi bir ictimai qınaqdır.
Məsələn bizim cəmiyyətimizdə 20 yanvar günündə toy etmək və ya şadlıq etmək qanunla qadağan edilməyib və bu işi yerinə ytirən şəxs üçün qanunda cəza təyin edilməyib. Lakin bir şəxs həmin gündə şənlik etsə, haqlı olaraq ictimai qınaq obyektinə çevriləcək. Çünki insanların şəhidlərini yad etdikləri bu günlərdə şadlıq etməyi onların ruhuna hörmətsizlik bilirlər.
Həmçinin şəriətdə də, aşuradan on gün əvvəl (aşuraya qədər) və aşuradan sonra 40 mərasiminə qədər toy və şadlıq keçirmək üçün heç kim haram sözünü demir. Lakin bu işi icra edən şəxs haqlı olaraq ictimai qınaq obyektinə, çevriləcək. Çünki insanlar Əhli-beytin (Allahın salamı olsun onlara) müsibətli günləri olan muhərrəm və səfər ayını matəm günləri bilirlər və bu günlərdə edilən toy və şadlıq mərasimlərini Əhli-beytə (Allahın salamı olsun onlara) hörmətsizlik kimi qəbul edirlər.
Bundan əlavə olaraq şəriətimizdə Allah övliyalarının müsibəti üçün uzun müddət matəm saxlamağa aid ümumi dəlillərimiz də mövcuddur.
Bu dəlillərdən biri Həzrət Yəqubun (Allahın salamı olsun ona) öz oğlu Həzrət Yusif (Allahın salamı olsun ona) üçün illərlə matəm saxlamasıdır.
Allah-təala Qurani-kərimdə Həzrət Yəqubun (Allahın salamı olsun ona) oğlu Həzrət Yusufun (Allahın salamı olsun ona) itməsindən uzun bir zamanın keçməsinə baxmayaraq digər oğlu Benyamini itirdikdə belə Həzrət Yusifi xatırlayıb ağlamasını vəsf edərkən buyurur:
"(Yəqub) dedi: «Əksinə, nəfsiniz işi sizin üçün nahaq olaraq cilvələndirmişdir. Odur ki, gözəl bir səbr etməm gərəkdir. Ümid var ki, Allah onların hamısını (Misirdə olan o iki nəfəri və Yusufu) mənə qaytarsın. Həqiqətən (hər şeyi) bilən və hikmət sahibi Odur»! Və onlardan üz döndərib dedi: «Heyif Yusufdan!» Və qəm-qüssədən (qəm-qüssənin çoxluğundan) onun hər iki gözünə ağ gəldi (gözləri kor oldu) və onu daim qüssə boğurdu. (Oğlanları) dedilər: «And olsun Allaha, sən Yusufu o qədər xatırlayırsan ki, axırda ölüm yatağına düşəcək və ya həlak olacaqsan.» Dedi: «Mən öz ağır kədər və qüssəmdən (sizə deyil) yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şeyi bilirəm.»"[2]
Uzun müddətli matəm saxlamaqla digər insanları bezdirməyin yolverilməz olduğunu bildirən insanlar gərək bu ayələrə də nəzər salsınlar. Bu ayələrdən məlum olur ki, Həzrət Yəqub (Allahın salamı olsun ona) oğlu Həzrət Yusuf (Allahın salamı olsun ona) üçün gözləri kor olana qədər ağlayır və ətrafındakı insanlar artıq bundan təngə gəlirlər. Lakin Həzrət Yəqub (Allahın salamı olsun ona) ağlamısının əsas səbəbini öz bildiyi bir məlumatla əsaslandırır.
Buna başqa bir misal da çəkmək olar. Xanım Zəhranın (Allahın salamı olsun ona) əziz atası Peyğəmbərin (Allahın salamı olsun ona) şəhadətindən sonra mübarək qəlbinə ele bir hüzn daxil olmuşdur ki, həmişə ağlayardı.
Xanım Zəhra (Allahın salamı olsun ona) o qədər ağlayır ki, axırda bir qrup Mədinə əhli həzrət Əliyə (Allahın salamı olsun ona) müraciət edib deyirlər ki, Xanım Zəhraya ya gecələr, ya da gündüzlər ağlamasını desin.[3] Demək Mədinə əhlinin bir qrupu artıq bu ağlamaqdan bezmişdilər.
Məgər Xanım Zəhranın (Allahın salamı olsun ona) atası üçün uzun müddətli matəm saxlamağından və onun üçün ağlamağından digər Mədinə əhli narahat olub bezirdilərsə, Xanım Zəhra (Allahın salamı olsun ona) şəriət xilafına hərəkət etmiş sayılır? Təbii ki, xeyr!!
Başqa bir missal isə Həzrət Əlinin (Allahın salamı olsun ona) Peyğəmbərdən (Allahın salavatı salamı olsun ona və onun ailəsinə) və Xanım Zəhradan (Allahın salamı olsun ona) neçə il sonra müəyyən şəxslərin “Ya Əli, saqqalına bəlkə həna qoyasan?” sözünə verdiyi cavabdır. Həzrət Əli (Allahın salamı olsun ona) onlarn cavabında buyurur "Həna zinətdir. Biz isə musibətdə olan bir qövmük."[4] O Həzrət bu sözü ilə Həzrət Peyğəmbərin və Xanım Zəhranın (Allahın salavatı və salamı olsun onlara və ailələrinə) müsibətinə işarə edir. Həzrət Əli (Allahın salamı olsun ona) bu müsibətdən neçə illər keçməsinə baxmayaraq yenə də matəm saxlayır.
İmam Əli (Allahın salamı olsun ona) illərlə hüzn içində olduğu və hər gününü matəm qeyd etdiyi halda, onun şiələri il ərzində iyirmi gün Xanım Zəhra (Allahın salamı olsun ona) üçün matəm keçirsələr şəriətə xilaf iş görmüş olacaqlarmı?
Əhli-beytə (Allahın salamı olsun onlara) hər bir halda matəm saxlamağın şəriət tərəfindən bəyənilən bir əməl olmasına olan bəzi dəlillər
İmam Sadiqdən (Allahın salamı olsun ona) nəql olunan bir hədisdə İmam (Allahın salamı olsun ona) Bəkr ibn Muhəmməd Əzdi adlı səhabəsinə buyurur:
"Məclis qurub oturursuz və orada (bizim hədislərimizi) danışırsız? Ravi dedi: “Bəli.” İmam (Allahın salamı olsun ona) buyurdu: “Mən o məclisləri sevirəm. (Bu cür məclislərlə) bizim əmrimizi dirildin. Kim bizi xatirlasa və yaxud onun yanında bizi xatırlasalar (yəni biri onun müsibətini zikr etsə və o da onu xatırlasa) və buna görə onun gözündən milçəyin qanadı qədər yaş çıxsa, Allah onun günahlarını bağışlayar. Hətta onun günahları dənizin köpüklərindən çox olsa belə.”[5]
Bu hədisə nəzər yetirdikdə görürük ki, İmam (Allahın salamı olsun ona) hədisdə adi məclislərdən deyil, məhz Əhli-beytin müsibəti zikr olunan və onlara matəm saxlanılan məclislərdən danışır. Hədisin alt hissəsində İmamın (Allahın salamı olsun ona) Əhli-beyti (Allahın salamı olsun onlara) xatırlayıb və ya onun yanında Əhli-beyt xatırlandığı halda ağlayan və matəm saxlayan şəxsin savabından danışır.
Hədisin bizə bildirdiyi ikinci bir nöqtə isə İmamın (Allahın salamı olsun ona) bu cür matəm məclislərinin məxsusi bir vaxtda deyil, hər zaman keçirə biləcəyimizi bildirməsidir. Hədisdə zaman baxımından mütləqlik var. Demək istənilən zaman Əhli-beyt (Allahın salamı olsun ona) üçün matəm məclisi keçirə bilərik.
Burada kimsə etiraz edib deyə bilər ki, “bəs dinin o müqəddəs bayram günləri necə oldu? Din özü o müqəddəs günləri, bayram bilir. Bayram günündə əza edək?!”
Bu iradın cavabında aşağıdakı hədisə işarə edərik:
İmam Baqirdən (Allahın salamı olsun ona) nəql olunmuş hədisdə İmam belə buyurur: "Ey Abdulllah (Abdullah ibni Dinar) müsəlmanların elə bir bayramı yoxdur ki, - istər qurban, istər fitr bayramı olsun - həmin gündə Peyğəmbər (Allahın salamı olsun ona) ailəsinin hüznü yenilənməsin.”
(Ravi deyir) İmama dedim: “O (hüzn) nə üçündür?”
İmam (Allahın salamı olsun ona) buyurdu: “Çünki onlar öz haqlarını başqalarının əlində (qəsb) olunduğunu görürlər.”[6]
Bu hədisdən məlum olur ki, hətta müsəlmanların bayram günlərində belə Əhli-beyt (Allahın salamı olsun onlara) başlarına gəlmiş müsibətlərə görə kədərli və matəm içindədirlər. Əgər bir şiə hətta bayram günlərini belə matəm edərsə, ona kimsə “sən Əhli-beytin (Allahın salamı olsun onlara) şəriətinə xilaf əməl edirsən” – deyə bilməz.
Bayram günlərində matəm edib Əhli-beytin(Allahın salamı olsun onlara) müsibətinə hüzünlənmək barədə başqa bir misalı isə “Nüdbə” duası ilə çəkə bilərik.
Bildiyimiz kimi müsəlmanların dörd böyük bayramı var: Fitr, qurban, cümə günü və bunların hamısından üstün olan Qədir- Xum bayramı. Həmin bu dörd bayram günlərində müstəhəb əməllərdən biri “Nüdbə” duasının oxunmasıdır. “Nüdbə” sözünün mənası ağı, yas saxlamaq deməkdir. Bu günlərdə bu duanın oxunması təkid olunur. Bəs “Nüdbə” duasında nələri oxuyuruq?
Nüdbə duasında Həzrət Əlinin (Allahın salamı olsun ona) şəhid edilməsindən danışılır, sonra isə buyurulur: "...Ondan sonra olan hidayət edici imamlar haqqında Peyğəmbərin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) əmrinə riayət olunmadı. Ümmət onun qohumları ilə olan əlaqəni kəsməkdə və onun övladlarını şəhərbəşəhər didərgin salmaqda israr edirdi. Yalnız ümmətin çox az bir hissəsi onlar haqqında olan əhdə vəfa etdi. Onlardan öldürülənlər öldürüldü, əsir edilənlər əsir edildi, şəhərbəşəhər didərgin salınanlar didərgin salındı və elə bir şeylər baş verdi ki onlara görə (yəni o müsibətlərə görə) böyük mükafatlar mövcuddur.
Peyğəmbər və Əlinin (Allahın salamı olsun onlara və onların ailəsinə) ailəsindən olan gözəl və pak şəxslər üçün gərək ağlayanlar ağlasın , matəm saxlayanlar gərək onlara matəm saxlasın, onlar kimisinə gərək göz yaşı axıdılsın, vay-şüvən edənlər, gərək onlara görə vay-şüvən etsin, bərk ağlayaraq bağıranlar, gərək onlar üçün ağlasın.”[7]
Əgər hədislərimiz bayram günlərində də insanların nüdbə duasında qeyd olunan hallarda olmasını təkid edirsə, demək nəinki digər günlərdə, hətta bayram günlərində də, hüzünlənib matəm qeyd etmək olar.
Necə ki, “ziyarəti - nahiyədə” İmam Zaman (Allahın salamı olsun ona) İmam Huseynə (Allahın salamı olsun ona) xitab edərək deyir:
“Sənə gecə və gündüz matəm saxlayaram.”[8]
Digər bir yerdə İmam Rza (Allahın salamı olsun ona) buyurur: "Ey Şəbibin oğlu, əgər hər hansı bir şeyə ağlamaq istəsən, o zaman Hüseynə ağla.!”[9]
Diqqət etsək görərik ki, İmam (Allahın salamı olsun ona) “hər hansı bir şey” dedi. Məsələn, birinin övladı vəfat edib, müsibət üz verib, fəqirlik üz verib, ağlamaq istəyirsə, İmam (Allahın salamı olsun ona) buyurur ki, “Hüseynə ağla.!”
İndi birinə fəqirlik üz verdiyi üçün kövrəlsə və İmamının (Allahın salamı olsun ona) sözünə əməl edərək İmam Hüseynə (Allahın salamı olsun ona) ağlasa və bu iş bundan hər dəfə təkrarlansa, kimsə bu şəxsə deyə bilərmi ki, sən bu qədər ağlamağınla və matəm saxlamağınla insanları bezdirirsən və məzhəbi gözdən salırsan?
Həzrət Əli (Allahın salamı olsun ona) Xanım Zəhra (Allahın salamı olsun ona) üçün ömrünün axırına qədər matəm saxlayır
Həzrət Əli (Allahın salamı olsun ona) Xanım Zəhranı (Allahın salamı olsun ona) dəfn etdikdən sonra üzünü Peyğəmbərin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) qəbrinə tutaraq ona xitab edib buyurur:
“Allah tərəfindən gəlmişik, ona doğru qayıdacağıq. Artiq bu əmanət (zorla) məndən alındı... Ey Allah Rəsulu, (bu müsibətə görə) hüznüm əbədidir! Gecələrim isə səhərə qədər yuxusuzdur... Bu müsibətə görə elə bir qəmim var ki, (o qəm) heç vaxt qəlbimdən getməz”[10]
Bu və digər hədislərdən məlum olur, Əhli-beyt (Allahın salamı olsun onlara) başlarına gətirilmiş müsibətə görə daim hüzn və matəm içində olub. Əgər bir şəxs sırf Əhli-beytə (Allahın salamı olsun ona) iqtida edərək daim matəm saxlamaq istəsə, heç kim ona etiraz edə bilməz və onun işinin şəriətə uyğun olmadığını deyə bilməz.
Bunu qeyd edək ki, burada bu kimi hədisləri gətirməkdən məqsədimiz hər günü matəm etməliyik – demək deyil. Sadəcə olaraq bu kimi hədislərin mütləq olması səbəbi ilə müəyyən şəxslərin Əhli-beytin (Allahın salamı olsun ona) müsibətli günlərində matəm qeyd etmələrinin şəriətə xilaf olmamasını bildirməkdir. Əgər bir şəxs Xanım Zəhra (Allahın salamı olsun ona) üçün 20 gün əza saxlamaq barədə şəriətimizdən dəlil tələb edərsə, ona bu və bunun kimi bir çox hədisləri dəlil gətirmək olar.
Demək Quran, hədis və sağlam ağıldan gətirdiyimiz dəlillərə əsasən bu matəmlərin keçirilməsində heç bir problem yoxdur!
Bəli əgər biri bu matəmi saxlamaq istəmirsə, biz ona demirik ki, sən dindən və ya məzhəbdən çıxırsan, yaxud haram bir iş edirsən. Sadəcə deyirik ki, bir Əhli-beyt şiəsi kimi o günləri matəm etmək daha münasibdir. Bu matəm günlərində toy və şənlik etmək şəriətdə haram olmasa belə, (dindar camiədə) ictimai qınağa səbəb olduğu üçün ondan çəkinmək və bu işlərdə diqqətli olmaq lazımdır!
Çalışmalıyıq ki, Əhli-beytin (Allahın salamı olsun ona) qəm-qüssəli günlərində onların müsibətlərini yad edək və onların başlarına gətirilmiş zülmləri həm özümüz xatırlayaq, həm də digərlərinə xatırladaq.
Sonda bir daha qeyd etmək istərdik ki, Əyyami-Fatimiyyədə (Xanım Fatimə günlərində) 20 gün əza saxlamayan möminlər bu günlərdə əza saxlayıb, matəm quran digər möminlərə tənə vurmaqdan və onları şəriətin xilafına getməkdə ittiham etməkdə ehtiyatlı olmalıdırlar. Çünki yuxarıda qeyd etdiyimiz və bu məqalədə qeyd etmədiyimiz bir çox hədislərə əsasən Əhli-beytə hər vaxt əza saxlamaq gözəl və bəyənilən bir əməldir. Lakin bu əməlin pis olmasını göstərən heç bir hədisimiz yoxdur. Buna görə də unutmamalıyıq ki, bizim üçün əsas ölçü Quran və Əhli-beyt olmalıdır. Allah-təala Xanım Zəhra (Allahın salamı olsun ona) müsibətində matəm saxlayanlara o Xanımın şəfaətini nəsib etsin.
Qeyd 1: Xanım Zəhranın (s) şəhid olduğu gün barədə 3 məşhur rəy mövcuddur:
Xanım Zəhra (s) Peyğəmbərdən (s) ya 40 gün sonra (8 rəbius-sani), yaxud 75 gün sonra (13 cəmadiul-əvvəl) və ya 95 gün sonra (3 cəmadius-sani) şəhid olmuşdur.
Qeyd 2: Qədim zamandan böyük alimlərimiz cəmadiul-əvvəl ayının 13, 14, 15-ci günlərini və cəmadius-sani ayının 1, 2, 3-(bəzi alimlər isə əlavə olaraq 4 və 5-)ci günlərini Xanım Fatimə (s) günləri (əyyami-Fatimiyyə) kimi qeyd etmişlər. (red.)
Məqalədə şeyx Fəqan Məmmədovun mühazirələrindən istifadə olunmuşdur.
Seyyid Tahir Baqıyev
besiret.az
[1] Şeyx Səduq, Əmali, səh. 128
[2] Yusuf, 83-86
[3] Biharul-ənvar, c. 43, səh. 177; Azca fərqlə Biharul-ənvar, c. 43, səh.155
[4] Nəhcül-Bəlağə, səh. 265, “Qısa hikmətli kəlamlarından” bölməsi, 473-cü hədis
[5] Şeyx Səduq, Savabul-əmal, 187
[6] Üsuli-Kafi, c. 4, səh. 169
[7] Məfatihul-cinan, səh. 560
[8] İbn Məşhədi, “Məzarul-Kəbir”, səh. 501