»»

Nə üçün İmam Əli (əleyhissalam) Səqifə əhlinə qarşı döyüşmədi?

Xanım Zəhranın (salamullahi əleyha) evinə edilmiş hücumu və başına gələn müsibətləri inkar etmək üçün tarix boyu müxaliflərimiz tərəfindən bir çox şübhələr atılmışdır. Onlardan biri və ən əsası budur ki, İmam Əli (əleyhissalam) cihadlarda öz gücü, igidliyi və şücaəti ilə tanınan bir şəxs olmuşdur. Necə ola bilər ki, İmam Əli (əleyhissalam) kimi birinin evinə hücum edilsin, yoldaşına əziyyət verilsin və İmam Əli (əleyhissalam) bunların müqabilində heç bir şey etməsin. Bu şübhəyə alimlərimiz tərəfindən müxtəlif cavablar verilmişdir. Biz də bu şübhəyə müxtəsər şəkildə cavab verməyə çalışacağıq.

 İlk öncə bunu qeyd etməliyik ki, bu irad bizim məzhəbə edilmişdir və vacib deyil ki, bu şübhəyə müxaliflərimizin öz sözləriylə cavab verək. Yəni, bu şübhəyə öz kitablarımızda yazılanlardan istifadə edərək cavab vermək kifayət edir. Çünki bu irad bizim məzhəbə, əqidə bəslədiyimiz şeylərə edilmişdir.

Hər şeydən əvvəl bizim əqidəmizə görə İmam Əli (əleyhissalam) imam və Allah tərəfindən təyin edilmiş höccətdir. Allah tərəfindən təyin olunduğuna görə də onun işləri və vəzifələri də Allah tərəfindən müəyyən olunur. Allah tərəfindən təyin olunan imam yalnız Allah tərəfindən verilmiş vəzifələri yerinə yetirməlidir. Bu barədə mənbələrimizdə çoxsaylı hədislər mövcuddur[1]. Həmin hədislərin məzmunu bundan ibarətdir ki, imamlar (əleyhimussalam) etdikləri hər bir işi Allah tərəfindən müəyyən olunmuş əmr əsasında yerinə yetirirlər və həmin əmrdən kənara çıxmırlar. Nəticədə əgər İmam Əli (əleyhissalam) həmin zülmkarlarla müharibə etməyibsə, buna səbəb Allah tərəfindən olan əmrdir və imam da həmin əmri yerinə yetirdiyinə görə səbir edib, döyüşməmişdir. Qeyd edək ki, bu məsələnin özü də Əmirəl-möminin (əleyhissalam) şəxsiyyətinin böyüklüyünə işarədir. Belə ki, o, bu böyük müsibətin müqabilində Allahın əmrini yerinə yetirmiş və səbir etmişdir. İmam Huseynin (əleyhissalam) etdiyi də bu qəbildən olmuşdur. İmam Huseyn (əleyhissalam) ailəsinin başına nələrin gələcəyini bilə-bilə Kərbəlaya getmiş, Allah tərəfindən ona təyin olunmuş  vəzifəni yerinə yetirmişdir. İmam Huseynin (əleyhissalam) şəhadətindən sonra İmam Səccadın (əleyhissalam) etdiyi səbir də qeyd etdiyimiz səbəbə görə idi. İmam Səccad (əleyhissalam) da öz atasını qorumaq istəyirdi. Lakin, İmam Səccadın (əleyhissalam) Allah tərəfindən təyin edilən vəzifəsi dini qorumaq üçün sağ qalmaq və imamətini davam etdirmək idi. Buna görə də o, bütün bu zülmlərə səbir edirdi. İmam Səccadın və İmam Huseynin (əleyhissalam) həyatı barədə məlumatları oxuduqda və diqqət etdikdə hamı onların yaxınlarını qorumayıb bunun müqabilində səbir etmələrini öz ailələrini Allaha qurban verməkləri kimi başa düşür. Necə ki, onlar səbir etmiş və Allahın əmrini icra etmişdilər, İmam Əli (əleyhissalam) də bu cür səbir etmiş və Allahın ona təyin etdiyi vəzifədən kənara çıxmamışdı. 

İkinci olaraq cavab kimi deyə bilərik ki, bu məsələdə Allahın əmriylə yanaşı Peyğəmbərin (sallallahu əleyhi və alih) də vəsiyyəti var idi. Peyğəmbər Həzrət Əliyə (əleyhiməssalam) vəsiyyət etmişdi ki, məndən sonra sənin başına müsibətlər gələcək və sən o müsibətlərə səbir etməlisən. Bu barədə çoxsaylı dəlillərimiz vardır. “Biharul-ənvar” kitabında nəql olunur:

قَالَ دَخَلَ عَلَيْهِ النِّسَاءُ يَبْكِينَ وَ ارْتَفَعَتِ الْأَصْوَاتُ وَ ضَجَّ النَّاسُ بِالْبَابِ مِنَ الْمُهَاجِرِينَ وَ الْأَنْصَارِ فَبَيْنَا هُمْ كَذَلِكَ إِذْ نُودِيَ أَيْنَ عَلِيٌّ فَقَالَ يَا أَخِي افْهَمْ فَهَّمَكَ اللَّهُ وَ سَدَّدَكَ وَ أَرْشَدَكَ وَ وَفَّقَكَ وَ أَعَانَكَ وَ غَفَرَ ذَنْبَكَ وَ رَفَعَ ذِكْرَكَ اعْلَمْ يَا أَخِي أَنَّ الْقَوْمَ سَيَشْغَلُهُمْ عَنِّي مَا يَشْغَلُهُمْ فَإِنَّمَا مَثَلُكَ فِي الْأُمَّةِ مَثَلُ الْكَعْبَةِ نَصَبَهَا اللَّهُ لِلنَّاسِ عَلَماً وَ إِنَّمَا تُؤْتَى مِنْ كُلِّ فَجٍّ عَمِيقٍ وَ نَأْيٍ سَحِيقٍ وَ لَا تَأْتِي يَا أَخِي وَ الَّذِي بَعَثَنِي بِالْحَقِّ لَقَدْ قَدَّمْتُ إِلَيْهِمْ بِالْوَعِيدِ بَعْدَ أَنْ أَخْبَرْتُهُمْ رَجُلًا رَجُلًا مَا افْتَرَضَ اللَّهُ عَلَيْهِمْ مِنْ حَقِّكَ وَ أَلْزَمَهُمْ مِنْ طَاعَتِكَ وَ كُلٌّ أَجَابَ وَ سَلَّمَ إِلَيْكَ الْأَمْرَ وَ إِنِّي لَأَعْلَمُ خِلَافَ قَوْلِهِمْ فَإِذَا قُبِضْتُ وَ فَرَغْتَ مِنْ جَمِيعِ مَا أُوصِيكَ‏ بِهِ وَ غَيَّبْتَنِي فِي‏ قَبْرِي فَالْزَمْ بَيْتَكَ وَ اجْمَعِ الْقُرْآنَ عَلَى تَأْلِيفِهِ وَ الْفَرَائِضَ وَ الْأَحْكَامَ عَلَى تَنْزِيلِهِ ثُمَّ امْضِ [ذَلِكَ‏] عَلَى غير لائمة [عَزَائِمِهِ وَ] عَلَى مَا أَمَرْتُكَ‏ بِهِ وَ عَلَيْكَ بِالصَّبْرِ عَلَى مَا يَنْزِلُ بِكَ وَ بِهَا حَتَّى تَقْدَمُوا عَلَي‏

 

[1] Nümunə üçün müraciət et: Şeyx Kuleyni, “Əl-Kafi”, c. 1, səh. 279, “İmamlar etdikləri və edəcəkləri hər bir işi Allahla aralarında olan əhdə və Allahın əmrinə görə yerinə yetirirlər. Ondan kənara çıxmazlar” babı.

 

İmam Sadiq (əleyhissalam) buyurdu: “(Peyğəmbər ömrünün son anlarında özündən getmişdi. Özünə gəldikdən sonra) Qadınlar ağlayaraq onun yanına gəldilər. (Onların) Səsləri ucaldı. Ənsardan və mühacirdən olan insanlar qapıda nalə edirdilər. Bu anda “Əli haradadır?” deyə nida olundu. (İmam Əli daxil olduqdan sonra) Peyğəmbər buyurdu: “Ey qardaşım, mənə qulaq as. Allah sənə başa düşməkdə kömək olsun, səni düz yolda qərar versin, sənə doğru yolu göstərsin, müvəffəq etsin və sənə kömək olsun, günahını bağışlasın və adını uca etsin. Ey qardaşım, bil ki, bu camaatı (məndən sonra) məşğul olduqları iş məndən məşğul edəcəkdir (yəni, öz işləri ilə məşğul olub mənim dəfnimi unudacaqlar). Sənin bu ümmətdəki misalın Kəbənin misalı kimidir. Allah Kəbəni insanlar üçün əlamət təyin etmişdir. Bütün uzaq yollardan və uzun məsafələrdən Kəbəyə tərəf gəlinər. Kəbə onlara tərəf getməz. Məni haqq ilə göndərənə and olsun ki, mən sənin haqqında Allahın vacib etdiyi şeyləri və sənin itaətini onlara Allahın vacib etdiyini onlara bir-bir dedikdən sonra onları əzabla qorxutmuşam. Onların hamısı (müsbət) cavab verdi və işləri sənə təslim etdilər. Mən onların dediklərinin xilafına olacaqlarını bilirəm. Elə ki, mənim canım alındı, sənə vəsiyyət etdiklərimi yerinə yetirib qurtardıqdan sonra və  məni qəbrimdə basdırdıqdan sonra evinə get. Quranı tərtibinə görə və vacibləri, hökmləri (Quranda) nazil olunduğu tərtibə uyğun olaraq cəm et. Daha sonra sənə əmr etdiklərimi heç bir qüsur olmadan yerinə yetir. Mənim yanıma gələnə qədər sənin və onun (Xanım Zəhranın) başına gələcək müsibətlərdə sənə səbir etməyi tapşırıram”.[1]

Bu Peyğəmbərin (sallallhu əleyhi və alih) ömrünün sonlarında İmam Əliyə (əleyhissalam) etdiyi vəsiyyət idi ki, Peyğəmbər İmam Əlinin və Xanım Zəhranın (salamullahi əleyhima) başına gələcəklərinə görə İmama səbir etməyi tapşırır.

Vəsiyyətə dəlalət edən dəlillərdən biri də ən qədim mənbələrdən biri olan Süleym ibn Qeys əl-Hilalinin və Şeyx Səduqun “Kəmalud-din” kitabında nəql olunan hədisdir.

ثُمَ‏ نَظَرَ رَسُولُ اللَّهِ ص إِلَى فَاطِمَةَ وَ إِلَى بَعْلِهَا وَ إِلَى ابْنَيْهَا فَقَالَ يَا سَلْمَانُ أُشْهِدُ اللَّهَ أَنِّي حَرْبٌ لِمَنْ حَارَبَهُمْ وَ سِلْمٌ لِمَنْ سَالَمَهُمْ أَمَا إِنَّهُمْ مَعِي فِي الْجَنَّةِ ثُمَّ أَقْبَلَ النَّبِيُّ ص عَلَى عَلِيٍّ ع فَقَالَ يَا عَلِيُ‏ إِنَّكَ سَتَلْقَى [بَعْدِي‏] مِنْ قُرَيْشٍ شِدَّةً مِنْ تَظَاهُرِهِمْ عَلَيْكَ وَ ظُلْمِهِمْ لَكَ فَإِنْ وَجَدْتَ أَعْوَاناً [عَلَيْهِمْ‏] فَجَاهِدْهُمْ وَ قَاتِلْ مَنْ خَالَفَكَ بِمَنْ وَافَقَكَ فَإِنْ لَمْ تَجِدْ أَعْوَاناً فَاصْبِرْ وَ كُفَّ يَدَكَ وَ لَا تُلْقِ بِيَدِكَ‏ إِلَى التَّهْلُكَةِ فَإِنَّكَ [مِنِّي‏] بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى وَ لَكَ بِهَارُونَ أُسْوَةٌ حَسَنَةٌ إِنَّهُ قَالَ لِأَخِيهِ مُوسَى‏ إِنَّ الْقَوْمَ اسْتَضْعَفُونِي وَ كادُوا يَقْتُلُونَنِي‏

“Daha sonra Peyğəmbər (sallallahu əleyhi və alih) Xanım Zəhraya, onun həyat yoldaşına və iki övladına baxıb, dedi: “Ey Salman, Allahı şahid tuturam ki, mən onlarla müharibə edənlərlə müharibədə və onlarla sülh edənlərlə sülhdəyəm. Onlar cənnətdə mənimlədirlər”. Sonra Peyğəmbər İmam Əliyə (əleyhimassalam) üzünü tutdu və dedi: “Ey Əli, sən məndən sonra Qüreyş tərəfindən zülm görəcəksən ki, onlar sənin əleyhinə qalxacaq və sənə zülm edəcəklər. Əgər sən onlara qarşı özünə köməkçilər tapsan, onlarla cihad et və sənə müvafiq olanlarla birlikdə sənə qarşı müxalifətçilik edənlərə qarşı döyüş. Əgər köməkçilər tapmasan (sənə kömək edən olmasa), səbir et, özünü saxla və öz əlinlə özünü təhlükəyə atma. Həqiqətən də sənin mənə olan nisbətin Harunun Musaya olan nisbətindədir. Harun sənin üçün gözəl bir nümunədir. O, qardaşı Musaya demişdi: “Həqiqətən, bu camaat məni zəif bilib az qala öldürəcəkdilər[2]”.[3]

Gördüyünüz kimi hədisdə Peyğəmbər (sallallahu əleyhi və alih) İmam Əliyə (əleyhissalam) kömək edəcək adam tapmadıqda səbir etməyini tapşırır. Qeyd etdiyimiz iki hədisə və digər hədislərə əsasən deyə bilərik ki, əgər İmam Əli (əleyhissalam) səbir etmişdisə, bunu Peyğəmbərin (sallallahu əleyhi və alih) vəsiyyətinə və tapşırığına əsasən etmişdi.

 

[1] Əllamə Məclisi, “Biharul-ənvar”, c.22, səh.483-484

[2] Əraf, 150                                                                                               

[3] Süleym ibn Qeys əl-Hilalinin kitabı, c.2, səh.568; Şeyx Səduq, “Kamalud-din”, c.1, səh.264

 

Üçüncü olaraq deyirik ki, İmam Əlinin (əleyhissalam) Allahın əmrinə və Peyğəmbərin (sallallahu əleyhi və alih) vəsiyyətinə uyğun olaraq səbir etməyi yalnız və yalnız onlarla döyüşməkdən özünü saxlamasından ibarət idi. Lakin, bu, o demək deyil ki, İmam Əli (əleyhissalam) öz həyat yoldaşını əsla müdafiə etməmişdi. Bəziləri şübhə yaratmaq üçün deyirlər ki, necə olur ki, evə daxil olub Xanım Zəhraya (əleyhassalam) zülm edirlər və İmam Əli (əleyhissalam) bunun müqabilində heç bir şey etmir. Həqiqətdə isə hadisə anidən baş vermişdi və hücum olunan zaman Xanım Zəhra (salamullahi əleyha) qapının arxasında dayanmışdı. Xanım Zəhra (salamullahi əleyha) istəyirdi öz səsini eşitdirməklə Peyğəmbəri onlara xatırlatsın ki, bəlkə onlar bu çirkin əməllərindən çəkinələr. Bu anda evə hücum edilir və Xanım Zəhra (salamullahi əleyha) qapı arxasında qalır. Bütün bunlar baş verən zaman bəzilərinin dediyi kimi İmam Əli (əleyhissalam) heç nə etmədən durub tamaşa etmir. Əksinə həmin andaca İmam Əli (əleyhissalam) evə daxil olmaq istəyən şəxsə hücum edir və onu vuraraq, öz xanımını müdafiə edir. Dəlil olaraq Süleym ibn Qeys əl-Hilalinin kitabından bir hədisi nəql edirik:

فَقَالَتْ فَاطِمَةُ ع يَا عُمَرُ مَا لَنَا وَ لَكَ فَقَالَ افْتَحِي الْبَابَ وَ إِلَّا أَحْرَقْنَا عَلَيْكُمْ بَيْتَكُمْ فَقَالَتْ يَا عُمَرُ أَ مَا تَتَّقِي اللَّهَ تَدْخُلُ عَلَى بَيْتِي فَأَبَى‏ أَنْ‏ يَنْصَرِفَ‏ وَ دَعَا عُمَرُ بِالنَّارِ فَأَضْرَمَهَا فِي الْبَابِ ثُمَّ دَفَعَهُ فَدَخَلَ فَاسْتَقْبَلَتْهُ فَاطِمَةُ ع وَ صَاحَتْ يَا أَبَتَاهْ يَا رَسُولَ اللَّهِ فَرَفَعَ عُمَرُ السَّيْفَ وَ هُوَ فِي غِمْدِهِ فَوَجَأَ بِهِ جَنْبَهَا فَصَرَخَتْ يَا أَبَتَاهْ فَرَفَعَ السَّوْطَ فَضَرَبَ بِهِ ذِرَاعَهَا فَنَادَتْ يَا رَسُولَ اللَّهِ لَبِئْسَ مَا خَلَّفَكَ أَبُو بَكْرٍ وَ عُمَرُ فَوَثَبَ عَلِيٌّ ع فَأَخَذَ بِتَلَابِيبِهِ ثُمَّ نَتَرَهُ‏ فَصَرَعَهُ وَ وَجَأَ أَنْفَهُ وَ رَقَبَتَهُ وَ هَمَّ بِقَتْلِهِ فَذَكَرَ قَوْلَ رَسُولِ اللَّهِ ص وَ مَا أَوْصَاهُ بِهِ فَقَالَ وَ الَّذِي كَرَّمَ مُحَمَّداً بِالنُّبُوَّةِ يَا ابْنَ صُهَاكَ‏ لَوْ لا كِتابٌ مِنَ اللَّهِ سَبَقَ‏ وَ عَهْدٌ عَهِدَهُ إِلَيَّ رَسُولُ اللَّهِ‏ص لَعَلِمْتَ أَنَّكَ لَا تَدْخُلُ بَيْتِي‏

“(Ömər evə hücum edərkən) Xanım Zəhra (qapının arxasından) dedi: “Ey Ömər bizimlə sənin aranda nə baş verib?” Ömər dedi: “Qapını aç. Yoxsa evinizi yandıracığıq”. Xanım Zəhra (salamullahi əleyha) buyurdu: “Ey Ömər, Allahdan qorxmursan ki, evimə daxil olursan?” Ömər geri qayıtmaqdan boyun qaçırdı və od gətirilməsini istədi. Ömər qapıya od vurdu, qapını itələdi və içəri daxil oldu. Xanım Zəhra (salamullahu əleyha) qarşısına çıxdı və “Ey ata, ey Allahın rəsulu” deyə harayladı. Ömər qılıncın qınından qılıncı yuxarı qaldırdı və qılıncın qını ilə Xanım Zəhranı vurdu. Xanım Zəhra (əleyhassalam) “Ey ata” deyə qışqırdı. Ömər qamçını qaldırıb onunla Xanım Zəhranın qoluna zərbə endirdi. Xanım Zəhra nida etdi: “Ey Allahın rəsulu, Əbu Bəkr və Ömər səndən sonra nə pis davrandılar”. Bu zaman İmam Əli (əleyhissalam) özünü tez yetirdi və Ömərin yaxasından yapışıb (kənara) atdı. Onu yerə yıxıb, onun burnuna və boynuna (zərbə) vurdu. İmam Əli (əleyhissalam) Öməri öldürmək istədiyi anda Peyğəmbərin sözünü və ona vəsiyyət etdiyi şeyi xatırlayıb dedi: “Muhəmmədi peyğəmbərliklə əziz tutana and olsun, ey Səhhakın oğlu, əgər Allahdan gələn bir kitab və Peyğəmbərin mənimlə bağladığı əhd olmasaydı, mənim evimə daxil ola bilməyəcəyini görərdin”.[1]

Hədisdən də oxuduğumuz kimi evə daxil olduqdan sonra Ömər birinci Xanım Zəhranı (salamullahi əleyha) görür. Bu zaman Ömər qılıncın qını və qamçıyla Xanımı Zəhranı (əleyhassalam) vurur və Xanım qışqırmağa başlayır. Elə bu anda İmam Əli (əleyhissalam) özünü yetirir və öz xanımını müdafiə edir. İmam Əli (əleyhissalam) hətta onu öldürmək istəsə də Peyğəmbərin (sallallahu əleyhi və alih) vəsiyyətini və Allah tərəfindən təyin olunmuş vəzifəsini xatırlayıb onu öldürmür. Hədislərimizdə gələn səbirdən məqsəd də sırf bu səbirdir ki, İmam Əli (əleyhissalam) səbir edərək Öməri öldürmür. Nəinki, irad bildirənlərin dediyi kimi həyat yoldaşına zülm edirlər və o da bütün bunların müqabilində heç bir şey etmir.

Həmçinin, Əllamə ət-Təbrizi əl-Ənsari (rəhmətullahi əleyh) özünün “əl-Lumətul-beyza” kitabında bu hadisəni qeyd etdikdən sonra yazır:

و هذه القصة من المشهورات المسلمة بین الخاصة و العامة ان انکره بعض المخالفین من الامة

“Bu hadisə sünnilər və şiələr arasında qəbul olunmuş məşhur məsələlərdəndir. Baxmayaraq ki, ümmətdən olan bəzi müxaliflər onu inkar etmişdir”.[2]

Məqalə Şeyx Fəqan Məmmədovun “Həzrət Əli (əleyhissalam) vəhy evinə hücum zamanı Xanım Zəhranı müdafiə etmişdimi?” adlı mühazirəsi əsasında yazılmışdır.

Hazırladı: Baqir Cəfəri

Besiret.az


[1] Süleym ibn Qeys əl-Hilalinin kitabı, c.1, səh.585

[2] Əllamə ət-Təbrizi əl-Ənsari , “əl-Lumətul-beyza”, Səh.796

Рейтинг

В этом разделе