»»

Peyğəmbərin (s) adından yalan danışan səhabələr

Peyğəmbərin (s) adından yalan danışan Cəhənnəm odundadır

Buxari öz “Səhih”ində bu mövzuda bir neçə rəvayəti qeyd edir:

1 – Əli ibn Cəd Şöbədən, o da Mənsurdan nəql edir: “Rəbi ibn Hərraşın Əlinin belə dediyini söylədiyini eşitdim: Peyğəmbər (s) buyurur: “Mənim adımdan yalan danışmayın. Mənim adımdan yalan danışan kəsin yeri Cəhənnəmdir”.

Əbu Vəlid Əlinin (ə) belə dediyini eşitdiyini söyləyir: “Peyğəmbər (s) buyurur: “Mənim adımdan yalan danışmayın. Mənim adımdan yalan danışan kəsin yeri Cəhənnəmdir”.

2 – Amir ibn Abdullah ibn Zübeyr atasından nəql edir: “Zübeyrə dedim: “Mən filan-filan kəslərdən etdiyi kimi sənin də Peyğəmbərdən (s) hədis rəvayət etdiyini eşitmirəm”. Dedi: “Mən bunu tərk etməmişəm, ancaq Peyğəmbərin (s) belə buyurduğunu eşitmişəm: “Mənim adımdan yalan danışan kəs Cəhənnəmdəki yerini hazır bilsin”.

3 – Əbu Müəmmər Əbdülvarisdən, o da Əbdüləzizdən Ənəsin belə dediyini nəql edir: “Məni Peyğəmbər adından sizə çoxlu hədis rəvayət etməkdən çəkindirən şey onun (s) belə buyurmasıdır: “Kim mənə yalanı nisbət versə Cəhənnəmdəki yerini hazır bilsin”.441

Bu rəvayətlərdəki xitab səhabələrə və digər insanlaradır ki, onları Peyğəmbər (s) adından yalan danışmağın pis aqibətindən çəkindirir. Belə ki, bəzi səhabələrin onun (s) adından yalan uydurduqları məşhurdur. Onların başında Əbu Hüreyrə Dusi gəlir ki, nəql etdiyi hədislərinin çoxluğundan sanki mağaza lövhəsi kimi istifadə edirdi. O, yalançılıqda məşhur idi. Əbu Hüreyrə Kəbul-Əhbardan eşitdiyi yəhudi rəvayətlərini Peyğəmbərimizə (s) nisbət verirdi. Bunun bəzi dəlillərini təqdim edirik:

Əhməd ibn Hənbəl “Müsnəd”də Zuhridən, o da Qasim ibn Muhəmməddən rəvayət edir: “Əbu Hüreyrə və Kəb bir yerdə oturur, Əbu Hüreyrə ona Peyğəmbərimizdən (s), Kəb də ona yəhudilərin rəvayətlərindən xəbər verirdi”.442

Aydındır ki, Əbu Hüreyrə Kəbdən çoxlu yəhudi rəvayətləri dinləyib. Bu səbəbdən də Peyğəmbərin (s) hədisləri ilə Kəbin rəvayətlərini qarışıq salırmış. Peyğəmbərə (s) yalan nisbət verənlərin aqibətini bildiyinə baxmayaraq Kəbdən eşitdiklərini Peyğəmbərə (s) nisbət verməkdən çəkinmirdi. Onu İbn Kəsir kimi bəzi böyük əhli-sünnə alimləri də bu cür vəsf ediblər. Qarşıda buna toxunacağıq.

Məsələnin həqiqətini bilmək üçün İbn Əsakirin nəql etdiyi rəvayətə nəzər salaq: “Əbülqasim ibn Səmərqəndi Əbülqasim ibn Musədədən, o da Həmzə ibn Yusifdən, o da Əbu Əhməddən, o da Həsən ibn Osman Tustəridən, o da Sələmə ibn Həbibdən Yezid ibn Harunun Şöbədən belə söylədiyini eşitdiyi nəql edir: “Əbu Hüreyrə saxtakarlıq edirdi”.443

İbn Kəsir deyir: “Yəni Kəbdən eşitdiyini Peyğəmbərdən (s) eşitmiş kimi təqdim edir, onları bir-birindən ayıra bilmirdi. Şöbə Əbu Hüreyrənin söylədiyi hədisi buna dəlil göstərir: “Səhərə cünub halda çıxan şəxsin boynunda oruc yoxdur”. Bu sözünü isə əsaslandırmayaraq “bir kəs mənə xəbər verib” deyir. Bunu Peyğəmbərdən (s) eşitməyib”.444

İbn Kəsir başqa bir rəvayəti nəql edir: “Abdullah ibn Əbdürrəhman Darəmi Mərvan Dəməşqidən, o da Leys ibn Səddən, o da Bukeyr ibn Əşəcdən Bəşər ibn Səidin belə dediyini söyləyir: “Allahdan qorxun, hədisləri qoruyun! Allaha and olsun ki, Əbu Hüreyrə ilə birgə oturduğumuz vaxt Peyğəmbərdən (s) və Kəbdən rəvayətlər söylədiyini gördüm. Bizə Peyğəmbərdən (s) söylədiyi bəzi hədislər Kəbdən eşitdikləri, Kəbdən söylədikləri isə Peyğəmbərin (s) hədisləridir”.

Başqa bir rəvayətdə isə: “Kəbin söylədiklərini Peyğəmbər (s) adından, Peyğəmbərin (s) söylədiklərini isə Kəbin adından söyləyir. Allahdan qorxun, hədisləri qoruyun!”445

Həmçinin Əbu Hüreyrənin Peyğəmbərə (s) nisbət verdiyi, sonra bunların həqiqətdə Kəbul-Əhbarın rəvayətləri olduğunun aydınlaşdığı barədə İbn Teymiyyənin sözlərinə diqqət yetirin. Hədisi qeyd edərək deyir: “Allahın məxluqları şənbə günü torpaq şəklində, yeddinci gün ərzində isə məxluq formasında yaratması barədə rəvayəti... Bunun Yəhya ibn Muin, Əbdürrəhman ibn Mehdi, Buxari və digər hədis imamları yalan olduğunu qeyd ediblər. Bu Peyğəmbərin (s) sözü deyil, Buxari hədisin Kəbul-Əhbardan olduğunu açıq bəyan edib.

Quran da bunun yanlış olduğuna işarə edir və məxluqatın altı gündə yaradıldığını bildirir. Məxluqların sonuncu mərhələsinin cümə günündə olduğu “Səhih”dəki hədislərlə də isbatlanıb. Bununla da ilk yaradılış bazar günündən başlayır”.446

İbn Teymiyyənin işarə etdiyi bu rəvayəti Müslim, Beyhəqi, Nisai, Əbu Yəla Mosuli, İbn Xüzeymə, İbn Hibban və digərləri də qeyd ediblər. Əbu Hüreyrədən nəql olunur: “Peyğəmbər (s) əlimdən tutdu və buyurdu: “Allah məxluqları şənbə günü torpaq şəklində yaratdı. Bazar günü dağları, bazar ertəsi ağacları, bəyənilməyən şeyləri çərşənbə axşamı, nuru çərşənbə günü xəlq etdi. Məxluqları cümə axşamı günü yer üzündə yaydı. Adəmi (ə) isə cümə günü əsr vaxtından sonra yaratdı. Digər məxluqları isə cümə gününün əsrlə axşam vaxtı arasında son saatlarda xəlq etdi”.447

Təəccüb doğuran budur ki, bütün bunlarla yanaşı Buxari öz kitabında Əbu Hüreyrədən çoxlu hədislər nəql edir!

Məsələn ondan nəql etdiyi başqa bir hədisdə deyilir: “Əbu Hüreyrədən: “Ölüm mələyi (Əzrail) Musanın (ə) yanına gəldi. Gəldikdə Musa onu vurub gözünü çıxardı və o, Rəbbinin yanına qayıdıb dedi: “Ey Rəbbim, məni ölmək istəməyən bəndənin yanına göndərdin”. Uca Allah mələyin gözünü özünə qaytarıb buyurdu: “Yenidən bəndəmin yanına get və de ki, dünya həyatını istəyirsən?! Bu halda əlini öküzün belinə qoy, əlinə nə qədər tük çıxarsa onun sayı qədər yaşayacaqsan”.448

Həmçinin ondan rəvayət edir: “Peyğəmbər (s) buyurdu: “Musa həyalı bir şəxs idi. Həyasına görə onun bədənin bir hissəsini belə heç kəs görməmişdi. Bəni-İsrail ona əziyyət verib dedilər: O, cismindəki eybini gizlətmək üçün belə örtünür. Ya onun bədənində xora, ya dəbəlik və ya da başqa bir xəstəlik var.

Allah onun Bəni-İsrailin sözlərindən uzaq olduğunu bəyan etmək istədi. Bir gün Musa təkbaşına çimirdi və paltarlarını soyunub daşın üzərinə qoymuşdu. Çimib qurtardıqdan sonra paltarlarını geyinmək üçün daşın yanına gəldi. Lakin daş paltarları götürüb qaçdı. Musa əsasını götürüb daşın ardınca qaçıb deyirdi: “Ey daş, paltarım! Ey daş, paltarım! Ta ki, bir dəstə Bəni-İsrailli şəxsin yanına çatdılar. Onu Allahın ən gözəl biçimdə yaratdığını gördülər və əvvəlki fikirlərindən döndülər. Daş paltarı Musaya qaytardı. Musa paltarını geyinib daşa əsası ilə bir zərbə vurdu. Allaha and olsun ki, daş bu zərbədən üç, dörd və ya beş dəfə zarıldadı. Bu da Allahın Qurandakı sözüdür: “Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah (Musanı) onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli (qədir-qiymətli) idi”.449

Əgər Əbu Hüreyrənin Quranın və sağlam fitrətin açıq bəyanlarına zidd rəvayətlərini (hansı ki, bəzi rəvayətləri Peyğəmbərin (s) şəxsiyyətinə toxunur və dində danlağa hədəf olur) qeyd etmək istəsək bunların olduqca çox olduğunu görərik.

Belə rəvayətləri o həddə çatmışdı ki, ona qırmanc cəzası kəsilmiş və rəvayət nəql etmək qadağan edilmişdi. Ömər ibn Xəttab ona Peyğəmbər (s) adından rəvayət danışmağı qadağan etmişdi. Zəhəbinin “Siyəru əlamin-nübəla” kitabındakı rəvayət buna dəlalət edir: “Səid ibn Əbdüləziz İsmayıl ibn Übeydullahdan, o da Saib ibn Yeziddən nəql edir: “Ömərin Əbu Hüreyrəyə belə dediyini eşitdim: “Peyğəmbərin (s) hədislərindən əl çək! Yoxsa səni öz Dus torpağınıza göndərərəm!” Kəbə isə dedi: “Sən də hədis söyləməyi tərk et, yoxsa səni də Qirdə torpağına göndərərəm”.450

Amma Ömərin vəfatından sonra Peyğəmbərdən (s) eşitdiyi və eşitmədiyi hədisləri söyləməyə davam elədi. Elə qəribə bir hal yaratmışdı ki, sanki Peyğəmbəri (s) bundan başqa heç kim görməmiş və ya ondan başqası bir şey eşitməmişdi.

Hətta Aişə də onun rəvayətlərinə etiraz edir, Peyğəmbərdən (s) belə hədisləri əsla eşitmədiyni bildirirdi. Əbu Hüreyrə isə cavabında onun Peyğəmbərdən (s) hədis dinlədiyi vaxtlarda Aişənin sürmə çəkməklə məşğul olduğunu söyləyirdi. Halbuki Peyğəmbərin (s) yanında cəmi üç il olmasına baxmayaraq Əbu Hüreyrə bütün səhabələrin ümumilikdə söylədikləri hədislərdən artıq hədis rəvayət etmişdi.451

441 Səhih, Buxari, c. 1, s. 36
442 Müsnəd, Əhməd ibn Hənbəl, c. 2, s. 275
443 Tarixu mədinəti Diməşq, İbn Əsakir, c. 68, s. 359
444 əl-Bidayə vən-nihayə, İbn Kəsir, c. 8, s. 117
445 əl-Bidayə vən-nihayə, İbn Kəsir, c. 8, s. 117
446 Dəqaiqut-təfsir, İbn Teymiyyə, c. 2, s. 58. Muhəmməd Seyyid Cəlindin təhqiqi ilə, I çap, h.q.1404. “Ulumul-Quran” müəssisəsinin nəşri
447 Səhih, Müslim, c. 8, s. 127; əs-Sünənul-kubra, Beyhəqi, c. 9, s. 3; Müsnəd, Əbu Yəla, c. 10, s. 513; Səhih, İbn Xüzeymə, c. 3, s. 117; Səhih, İbn Hibban, c. 14, s. 30
448 Səhih, Buxari, c. 2, s. 92, “Müqəddəs torpaqda dəfn edilmək istəyən şəxs” babı
449 Əhzab, 69
450 Siyəru əlamin-nübəla, Zəhəbi, c. 2, s. 600. Kitabın təhqiqatçısı Şüeyb Arnavut yazdığı haşiyədə deyir: “Əbu Zərə Diməşqi öz “Tarix”ində Muhəmməd ibn Zərə Rueynidən, o da Mərvan ibn Muhəmməddən, o da Səid ibn Əbdüləzizdən, o da İsmail ibn Übeydullahdan, o da Saib ibn Yeizddən Əmər ibn Xəttabın Əbu Hüreyryə belə dediyini eşitdiyini rəvayət edir: “Peyğəmbərin (s) hədislərindən əl çək! Yoxsa səni öz Dus torpağınıza göndərərəm!”
451 ət-Təbəqatul-kubra, İbn Səd, c. 2, s. 364; Müstədrək, Hakim, c. 3, s. 582; Fəthul-Bari, İbn Həcər, c. 7, s. 76

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе