»»

Peyğəmbəri (s) ziyarət edən səhabələr cənnətlikdir? - Şübhəyə cavab

Peyğəmbər (s) öz səhabələrinə səadət və Cənnətlə müjdə verir!?

İhsan Zahir deyir: “Əli ibn Musa Rza Peyğəmbərdən (s) belə buyurduğunu nəql edir:

“Kim məni sağlığımda və ya vəfatımdan sonra ziyarət etsə, Allahı ziyarət etmiş olar”.359 Doğru danışan, əmin və məxluqların ağası olan Peyğəmbər (s) öz səhabələrinə səadət və Cənnətlə müjdə verir. Belə ki, bu rəvayətə bənzər digər bir rəvayəti Qummi Cəfər ibn Baqirdən, o da atasından nəql edir. Peyğəmbər (s) buyurur: “Kim məni sağlığımda və ya vəfatımdan sonra ziyarət etsə Qiyamət günü onun şəfaətçisi olaram”.360

Müzakirə

Birinci: Əməllər niyyətə bağlıdır
İnsandan zahir olan saleh əməllərlə bərabər xoş niyyətin də olması labüddür. Hər bir xeyirxah görünən əməl özü ilə savabı gətirmir. Savaba layiq əməldə Allaha yaxınlaşmaq niyyəti olmalıdır. Buxari Ömər ibn Xəttabdan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Həqiqətən də əməllər niyyətlədir. Hər bir şəxsə etdiyi niyyət qalar. Kim dünya əldə etmək və ya bir qadınla evlənmək üçün hicrət etmişsə, savabı da kimə görə hicrət etdiyindən gözləsin”.361

Hicrət özlüyündə gözəl və savaba layiq bir əməl olsa da öz həqiqətini tapması üçün ondakı niyyət də əsas şərtdir. Burada niyyət isə Allaha yaxınlaşmaq olmalıdır.

Bu iki rəvayətdə məqsədin mütləq mənada Peyğəmbəri (s) həm həyatda ikən və həm də vəfatından sonra ziyarət edən hər bir kəs olması mümkün deyil. Deyə bilmərik ki, həmin rəvayətlər niyyəti Allaha yaxınlaşmaq olmadan Peyğəmbəri (s) ziyarət edən hər kəsə də şamildir və Peyğəmbəri (s) onun üçün şəfaətçi olacaq. Belə bir şeyin mümkünsüzlüyü qətidir. Çünki bu ziyarət əməlin təməli sayılan xoş və düzgün niyyətə əsaslanmalıdır.

İkinci: Əməllər yalnız sonuna görə ölçülür
Peyğəmbəri (s) həyatda ikən və ya vəfatından sonra ziyarət etmək rəvayətlərdə qeyd edildiyi kimi müəyyən təsirlərə malikdir. Lakin şərt budur ki, sonradan ziyarət edən şəxs müxalif əməllərə və böyük günahlara mürtəkib olmasın. Yoxsa bu əməllər onun ziyarətdən əldə etdiyi savabları puç edəcək. Əhli-sünnə kitablarında nəql olunan bir çox rəvayətlər əməllərin yalnız sonuna görə ölçüldüyünü qeyd edir. Onlardan bir neçəsini qeyd edək:

1 – Heysəmi “Məcməuz-zəvaid” kitabında Ənəsdən nəql edir: “Peyğəmbər (s) buyurdu: “Bir kəsin əməlinin sonu (aqibəti) sizi təəccübləndirməsin. İnsan ömrünün bir hissəsini saleh işlər görür. Əgər bu halda ölsə Cənnətə daxil olar. Lakin sonradan pis əməl sahibinə çevrilir.
Həmçinin pis əməl sahibi də belədir. Pis əməl üzərində ikən ölsə Cəhənnəmə daxil olacaq. Lakin sonra dəyişir və saleh işlərə meyl edir.
Əgər Uca Allah bir bəndəsi üçün xeyir diləsə, onu ölümündən əvvəl hazırlayar”.
Dedilər: “Ey Peyğəmbər, onu necə hazırlayar?”
Buyurdu: “Onu saleh əməllərə yönləndirər, sonra canını alar”.

Bunu Əhməd ibn Hənbəl, Əbu Yəla, Bəzzar, Təbərani “əl-Övsat”da nəql ediblər. Ricalındakı ravilərin hamısı “Səhih”in raviləridir”.362

2 – Buxarinin “Səhih”ində Əbu Hüreyrədən nəql edilən rəvayətində deyilir: “Peyğəmbər (s) buyurdu: “...Bir şəxs cəhənnəm əhlinin əməllərini edir. Cəhənnəmlə arasında cəmi bir addım məsafə qalır. Əcəli yetişməzdən öncə cənnət əhlinin əməllərini etməyə başlayır və nəticədə Cənnətə daxil olur.
Bir şəxs də Cənnət əhlinin əməllərini edir. Cənnətlə arasında cəmi bir addım məsafə qalır. Əcəli yetişməzdən öncə Cəhənnəm əhlinin əməllərini etməyə başlayır və nəticədə oda daxil olur”.363

3 – Həmçinin Buxari Səhldən nəql edir: “Peyğəmbərlə (s) müşriklər savaşlardan birində üz-üzə gəldilər. Döyüş əsnasında hər iki tərəf öz ordusuna tərəf çəkildi. Lakin müsəlmanlardan bir nəfər müşriklərə aman verməyib onların ardınca gedir, qılıncı ilə onlara zərbə endirirdi. Dedilər: “Ey Peyğəmbər, heç kim filan şəxs kimi savaba malik olmaz”. Buyurdu: “O, Cəhənnəm əhlidir”. Dedilər: “Əgər bu cəhənnəm əhlidirsə, o zaman biz necə Cənnət əhli ola bilərik?!”

Onlardan biri həmin şəxsi izləməyə başladı. Sürətlənəndə onunla birlikdə sürətlənir, yavaşladıqda da onunla birgə yavaşlayırdı. Nəhayət yaralandı və yaraların ağrısından ölümünü tezləşdirmək istədi. Qılıncının dəstəyini yerə qoyub iti ucunu sinəsinə dayadı. Sonra sinəsini onun üzərinə basaraq özünü öldürdü. Onu izləyən şəxs Peyğəmbərin (s) yanına gəlib dedi: “Mən şəhadət verirəm ki, sən həqiqətən də Allahın elçisisən!” Peyğəmbər (s) nə baş verdiyini soruşduqda o, gördüklərini ona danışdı. Peyğəmbər (s) buyurdu: “Mümkündür ki, bir kəs insanların gözündə cənnət əhlinin əməllərini edir. Lakin o özü cəhənnəm əhlidir. Həmçinin bir şəxs camaat qarşısında cəhənnəm əhlinin əməllərini etdiyi halda nəticədə cənnət əhlindən ola bilər”.364

Bu və digər bu cür rəvayətlər aydın şəkildə əməllərin yalnız sonuna görə ölçüldüyünə dəlalət edir. Bəzən insan saleh əməllər etdiyi halda ömrünün sonunda əvvəlki əməllərini puç edəcək işlərə mürtəkib olur. Buna əməllərin puç olması barədə ayə də dəlalət edir: “Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar”.365 Həmçinin: “Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!”366

Təqdim edilənlərdən hasil olur ki, Peyğəmbərin (s) ziyarətinin saleh əməl olduğunu qəbul etsək də, bu, insanın gələcəkdə günah və xətalardan qorunduğu mənasını vermir. Bu onun aqibətinin yaxşı bitməsindən birbaşa asılıdır. Ziyarət də digər əməllər kimidir, onun da Axirətdə müsbət təsirləri var. Lakin bu müsbət təsirləri əldə etmək üçün aqibətinin xeyirli olması və sonradan öz əməllərini puç etməməsi şərtdir. Belə olduqda, bu hədisi mütləq mənada bütün hallara, xüsusən də aqibəti pis olan şəxslərə şamil etmək mümkün deyil.

359 Şiə və Əhli-Beyt, s. 43. İbn Babuveyh Qumminin “Uyunu əxbarir-Rza” kitabından nəql edilərək. c. 1, s. 115
360 Şiə və Əhli-Beyt, s. 43. Himyərinin “Qurbul-isnad” kitabından nəql edilərək. s. 31, Tehran çapı
361 Səhih, Buxari, c. 1, s. 2, “Vəhyin başlanma necəliyi” babı, hədis 1
362 əl-Möcamul-övsat, Təbərani, c. 3, s. 53
363 Səhih, Buxari, c. 4, s. 104. “Məxluqatın yaranması” kitabı
364 Səhih, Buxari, c. 5, s. 76. “Xeybər döyüşü” babı
365 Hucurat, 2
366 Bəqərə, 217

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе