»»

İmam Baqir (ə) səhabələrinin münafiqliyini inkar edir? - Şübhəyə cavab

İmam Baqirdən (ə) Peyğəmbər (s) səhabələrinin münafiqliyini inkar edən rəvayət

İhsan Zahir deyir: “Zeynəlabidin Əlinin oğlu Muhəmməd Baqirdən Peyğəmbər (s) səhabələrindən münafiqliyi inkar edən rəvayət nəql edilir. Rəvayət onların imanını və Allaha olan məhəbbətlərini isbatlayır.

Əyyaşi və Bəhrani öz təfsirlərində “Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!”356 ayəsinin şərhində bunu qeyd etmişlər.

Səlam deyir: “Əbu Cəfərin yanında idim. Həmran ibn Əyan yanına gəldi. Ondan bəzi şeylər barədə soruşdu. Həmran getmək üçün ayağa qalxarkən Əbu Cəfərə (ə) dedi: “Sizə bir şey söyləyim. Sizin yanınıza gəlib görüşdükdən sonra buradan qəlbimiz aram, nəfsimiz dünyadan çəkinmiş, camaatın əlindəki dünya malına rəğbətsiz halda çıxırıq. Gedib camaata qarışdıqda, ticarətə başladıqda yenidən dünyaya meyl edirik... Niyə belə olur?”

Əbu Cəfər (ə) buyurdu: “Bu, qəlbin halıdır. İşlər bəzən ona çətin, bəzən asan gəlir”. Sonra buyurdu: “Peyğəmbərin (s) səhabələri ona demişdilər: “Öz barəmizdə münafiqlikdən qorxuruq”. Peyğəmbər (s) soruşmuşdu: “Niyə qorxursunuz?”

Demişdilər: “Sənin yanında olarkən bizə moizə edib qorxutduqda qorxur, dünyanı unudur və ona qarşı etinasız oluruq. Sənin yanında olarkən sanki Axirəti, Cənnəti və Cəhənnəmi görürük... Buradan ayrıldıqda, evlərimizə daxil olduqda, övladlarımızın ətrini aldıqda, əhli-əyalımızı və malımızı gördükdə isə halımız dəyişir, sanki sənin yanında heç bir şey hiss etməmiş kimi oluruq. Bunun nifaq olmasından qorxuruq”.

Peyğəmbər (s) onlara buyurmuşdu: “Xeyr, bu, Şeytanın addımlarıdır, sizi dünyaya rəğbətləndirir. Allaha and olsun ki, əgər mənim yanımda olduğunuz zaman özünüzdə vəsf etdiyiniz hal davam etsə mələklərlə əl verib görüşər, suyun üzərində gəzərsiniz. Əgər siz günah etməsəydiniz və buna görə Allahdan bağışlanma diləməsəydiniz, o zaman Allah başqa bir qövm yaradardı ki, onlar günah etsinlər, ardınca əfv diləsinlər və Allah da onları bağışlasın. Həqiqətən də mömin şəxs bəzən nəfsinə uyur, sonra peşman olaraq tövbə edir. Məgər Uca Allahın bu sözünü eşitməmisiniz? “Allah tövbə edənləri sevər!” və “Rəbbinizdən bağışlanma diləyib Ona tövbə edin”.357

Müzakirə

Birinci: Bu rəvayətdə özlərindəki hal haqqında soruşanlar bütün səhabələr deyillər. Bir dəstə səhabənin Peyğəmbərin (s) yanına gələrək bunu soruşması kifayətdir ki, İmamın (ə) “Peyğəmbərin (s) səhabələri ona demişdilər:..” sözü öz təsdiqini tapsın. Peyğəmbərin (s) barələrində nifaqı inkar etdiyi şəxslər də bir dəstə səhabədir. İmam (ə) isə rəvayətdə səhabələrin sayını bəyan etmir. Mövzu bağışlanma diləməyin və tövbə etməyin əhəmiyyəti, Allahın tövbəkarları sevməsidir. Bunlar isə İhsan Zahirin rəvayəti bütünlükdə Peyğəmbər (s) səhabələrindən nifaqın inkarı mövzusuna yönəltmək cəhdi ilə uyuşmur. Şiələr bütün səhabələri münafiqlikdə ittiham etmirlər ki, bu rəvayət də onların etiqadına zidd dəlil hesab edilsin.

İkinci: Rəvayət şiələrin səhabə haqqındakı etiqadını bir daha isbatlayır, səhabələrin digər bəşər övladları kimi haldan-hala düşdüklərini və günah etdiklərini bildirir. Lakin bütün günahlardan qorunmuş pak Əhli-Beyt (ə) belə deyillər. Onlar daim Allahın xəlq etdiyi hal üzərindədirlər. Səhabələr isə dünya ilə məşğul olarkən ona tərəf meyl edir, bu yolda günaha mürtəkib olur, döyüşdən qaçır, nəticədə tövbə edənlərini Uca Allah bağışlayır, günahda israr edənlərini isə oda daxil edir. Şiə əqidəsi onlar Allahdan bağışlanma dilədikləri zaman Allahın onları bağışlamadığını demir. Məsələ onların tövbə edib etməməsidir. Belə ki, onlardan bir dəstəsi günah etmiş, Allaha və Rəsuluna qarşı çıxmış, lakin tövbə etdiklərinə dair heç bir dəlil yoxdur. Peyğəmbərin (s): “Əgər siz günah etməsəydiniz...” sözü də söylədiyimizin dəlilidir. Bu isə səhabələrin ictihad edərək xəta etdiklərini söyləyənlərin iddialarına ziddir. İctihad sahibinin ictihadına günah deyilməz ki, sonradan da tövbəyə ehtiyac duysun. Əksinə, o, bu xətasına görə “mükafata” layiqdir.

Üçüncü: Qarşıda əhli-sünnə kitablarına istinadən Peyğəmbərin (s) səhabələrə olan münasibətinə müfəssəl şəkildə toxunacaq, Peyğəmbərin (s) bəzi səhabələrini münafiqliklə vəsf etdiyini görəcəyik. Müslimin “Səhih”ində qeyd edildiyi kimi: “Səhabələrim arasında on iki nəfər münafiq var. Onlardan səkkiz nəfəri dəvə iynə deşiyindən keçmədikcə əsla Cənnətə daxil olmayacaq”.358

Nəticə
İhsan Zahirin nəql etdiyi bu rəvayətdə şiələrin Əhli-Beyt (ə) rəvayətlərində mövcud olan tələblərə xilaf çıxdıqları iddiasını isbat edəcək heç bir dəlil yoxdur.

356 Bəqərə, 222
357 Şiə və Əhli-Beyt, s. 41-42. “Təfsirul-Əyyaşi”dən nəql edilərək. c. 1, s. 109. Təfsirul-burhan, c. 1, s. 215
358 Səhih, Müslim, c. 8, “Münafiqlərin vəsfləri” kitabı, s. 122

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе