»»

Fəth surəsi, 18-19 | Allah bütün səhabələrdən razıdır? | şübhəyə cavab

Fəth surəsi, 18-19cu ayə

“And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı.

“Həm də (Xeybərdə) ələ keçirəcəkləri çoxlu qənimətlərə (nail etdi). Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!”

Ayənin müzakirəsi

Bu iki ayə bütün səhabələrin mədhinə dəlalət etmir. Səbəbi aşağıdakılardır:

Birinci: Ayə beyət edən hər kəsin mömin olduğunu bildirmir.

Ayə ağac altında beyət edənlərin hamısının mömin olduğuna dəlalət etmir. Əksinə, beyət edən möminlərdən Uca Allahın razılığını ifadə edir. Ağac altında beyət edənlərin hamısının mömin olduğu sübuta yetməyib.

Çünki həmin beyətdə Abdullah ibn Übeyy, Mötəb ibn Qüşeyr və digərləri kimi Mədinə münafiqlərinin başçıları da vardı. Bəli, biz həmin beyətdə iştirak edənlərin əksəriyyətinin mömin olduğunu inkar etmirik. Ayə də məhz onlara şamildir və mübahisə mövzusu da deyil. Şiələrin bütün səhabələrin imansız olduğuna etiqad bəslədiklərini iddia etmək yalan və böhtandır. Şiələr onların çoxunun imanlı olduğu inancındadırlar.

İkinci: İlahi razılığın beyəti pozmamaqla şərtlənməsi

Həmin ağac altında Allaha və Peyğəmbərinə (s) etdikləri beyətlərinə bəzilərinin sadiq qalmadığına dair Quranda və tarix kitablarında bir çox dəlil var. Onlardan bir neçəsini qeyd edək:

1. Uca Allahın bəzilərinin bu beyətə sadiq qalmayacaqlarını bilməsi

Əgər ağac altında beyət edənlərin hamısının mömin olduğu fərz etsək də, Uca Allahın onların hamısından razı olduğunu qəbul etmirik. Çünki Uca Allah yalnız orada etdikləri beyətə sadiq qalan və sonradan beyətini pozmayanlardan razılığını ifadə edir. Necə ki, Qurani-Kərimdə buyurur: “Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər!”315

Əgər Uca Allah onlardan heç birinin gələcəkdə beyətlərini pozmayacağını bilirsə, o zaman ayədəki bu cümləyə ehtiyac qalmaz: “Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar...” Bu beyətə görə savab və əzabın vəd edilməsi fonunda onların beyətlərini pozmalarının mümkünsüzlüyünü necə iddia etmək olar?

2. Bəzi səhabələrin Şəcərə beyətinin şərtlərinə sadiq qalmaması

Bu beyətin şərtlərindən olan müşriklərlə heç bir savaşdan qaçmamaq şərtindən yalnız Cədd ibn Qeys kənarda qaldı.316 Lakin sonradan baş verənlərə və tarix kitablarında qeyd edilənlərə əsasən demək olar ki, oradakıların bir hissəsi qəbul etdikləri bu şərtə sadiq qalmadılar. Ağac altında beyət edən bir dəstə insan beyətini pozdu.

Bunu Məkkənin fəthindən əvvəl, Şəcərə beyətindən sonra baş verən Xeybər savaşında da görürük. Bu, Təbəraninin və digərlərinin rəvayətlərində qeyd edilib. Sələmə ibn Əkvə deyir: “Peyğəmbər (s) bayrağı Əbu Bəkr siddiqə verdi və Xeybər qalalarına tərəf hücuma göndərdi. O, döyüşüb geri qayıtdı. Səylərinə baxmayaraq fəth olmadı. Peyğəmbər (s) buyurdu: “Sabah bayrağı elə bir şəxsə verəcəyəm ki, Allahı və rəsulunu sevir. Allah onun əli ilə fəthi nəsib edəcək. O, əsla döyüşdən qaçan deyil”. (Səhəri gün) Əli ibn Əbu Talibi (r) çağırdı. Onun gözləri ağrıyırdı. Peyğəmbər (s) ağız suyunu onun gözlərinə sürtdü və buyurdu: “Bu bayrağı götür, Allah sənə fəthi nəsib edənədək döyüş”.

Sələmə deyir: “Allaha and olsun ki, (Əli) sürətlə hərəkət edirdi. Mən də onun ardınca gedirdim. O, bayrağı qayaya sancdı. Qalanın başından bir yəhudi bunu görüb dedi: “Sən kimsən?” Dedi: “Mən Əli ibn Əbu Talibəm”. Yəhudi dedi: “Siz Musaya nazil olana da qalib gəldiniz”. Əli Allah ona fəthi nəsib edənədək döyüşdü və geri qayıtdı”.317

Peyğəmbərin (s) “Allah onun əli ilə fəthi nəsib edəcək. O, əsla döyüşdən qaçan deyil” sözü döyüşdən qaçan fərarilərə vurulan eyham və etiraz cümləsidir ki, həmin şəxslər fəthə nail olmadan geri qayıtmışdılar.

Həmçinin onlardan bir çoxu Hüneyn savaşında fərarilik etməklə beyətlərini pozmuşlar. Buna Uca Allahın sözü də şahidlik edir: “Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn (savaşı) günündə kömək etdi. O gün çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu, sonra dönüb qaçdınız”.318

Bunlara əsasən anlaşılır ki, Allahın razılığı mütləq şəkildə onların hamısına şamil olmayıb. Onlardan bəzilərinin beyətini pozduğunu qeyd etmək lazımdır. Halbuki onların çoxu həmin gün bağladıqları beyəti sonradan pozmuşdular.

Üçüncü: Onlardan bəziləri Osmanın qətlində iştirak etdilər

Ağac altındakı Rizvan beyətində iştirak edən bəzi səhabələr Osman ibn Əffanın qətlində iştirak etmişlər. Bu, Əbdür-Rəhman ibn Üdeys Bəlvidir. İbn Əbdülbərr “əl-İstiab”da yazır: “Əbdür-Rəhman ibn Üdeys Peyğəmbərlə (s) ağac altında beyət edən səhabələrdən idi”. Əbu Ömər deyir: “O, Misirdən Mədinəyə gələn, Osmanın evini mühasirəyə alıb onu qətlə yetirən qoşunun başçısı idi”.319

İbn Səd “ət-Təbəqat”da yazır: “Əbdür-Rəhman ibn Üdeys Bəlvi Peyğəmbər (s) səhabəsi olmuş, ondan hədis eşitmişdir. Osmanı mühasirəyə alıb qətlə yetirənlərlə birgə Mədinəyə gəlmişdi. O, gələnlərin başçısı idi”.320

İbn Əsakir deyir: “Əbdür-Rəhman ibn Üdeys... səhabədir. Ağac altında beyət edənlərdəndir... Misirdə məskunlaşmış, Osmanın qətlinə yardım etmişdi”.321

Həmin kitabın başqa yerində deyilir: “Misirdən gəlib Osmanı qətlə yetirənlərin sayı altı yüz nəfər idi. Onların başçıları Əbdür-Rəhman ibn Üdeys Bəlvidir. O, ağac altında Peyğəmbərə (s) beyət edən səhabələrdən olub”.322

Burada İhsan Zahirdən soruşuruq: O, Osmanın qatillərinin ədalətli şəxslər olduğuna etiqad bəsləyir?! Rizvan beyətini bütün səhabələrin ədalətli olduğuna dəlil göstərməyə çalışır. Xüsusilə, məgər o, Əbdür-Rəhman ibn Üdeys Bəlvinin Osmanı mühasirəyə alan və tarix kitablarının da şahidlik etdiyi kimi, onun qanının axıdılmasında iştirak edən qoşunun başçısı olduğunu bilmirmi?!

Xülasə:
Bu ayənin izahından İhsan Zahirin qeyd etdiyi, həmçinin İmamiyyə şiələrilə digərləri arasında səhabələrin ədaləti və düzgünlüyü barədə ixtilaf mövzusu olan başqa ayələrin də halı aydın olur. İmamiyyə şiələri Peyğəmbərin (s) bütün səhabələrinin azmış və haqq yoldan üz döndərmiş kəslər olduqlarını iddia etmirlər. Belə bir iddianı onlara nisbət vermək açıq-aydın yalan və iftiradır. Bəzilərinin iddiasına zidd olaraq, səhabələrdən fasiqlik, mürtədlik, üsyan və nifaq kimi sifətlərə sahib olanları ədalət və dürüstlük kimi sifətlərlə vəsf etmək əsla doğru sayılmaz. Bu mövzuya dair qarşıdakı bəhslərdə də dəlillər təqdim ediləcək.

315 Fəth, 10
316 əl-Möcamul-kəbir, Təbərani, c. 7, s. 35. Həmçinin bax: Fəthul-bari, İbn Həcər, c. 7, s. 365
317 Müsnəd, Əhməd ibn Hənbəl, c. 3, s. 396. Orada ibn Zübeyrin sözləri də qeyd edilir: “Cabirdən soruşdum: “Bəs siz Peyğəmbərlə (s) ölümədək beyət etmişdiniz?!” Dedi: “Xeyr, biz qaçmayacağımıza beyət etmişdik”. Dedim: “Şəcərə beyətində orda idin?” Dedi: “Bəli, Ömər ibn Xəttabla əlbəəl verib Peyğəmbərə (s) beyət etdik”. Dedim: “Neçə nəfər idiniz?” Dedi: “Min dörd yüz nəfər idik. Cədd ibn Qeysdən savayı hamı beyət etdi. O, həmin vaxt dəvənin qarının altında gizlənmişdi. Həmin gün yetmiş kök dəvə kəsdik. Hər yeddi nəfər üçün bir dəvə”.
318 Tövbə, 25
319 İstiab, c. 2, s. 840
320 ət-Təbəqatul-Kubra, c. 7, s. 509
321 Tarixu mədinəti Diməşq, c. 35, s. 107
322 Tarixu mədinəti Diməşq, c. 4, s. 1155

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе