»»

Əmmar ibn Yasirlə düşmənçilik edən səhabələr və onların hökmü

Əmmar ibn Yasirə nifrət bəsləyənin Allaha nifrət bəslədiyinə dair dəlillər

1– Əhməd ibn Hənbəl, İbn Əbu Şeybə, Nisai, İbn Hibban, Təbərani və Hakim səhih istinadla Xalid ibn Vəliddən nəql edirlər: “Əmmar ibn Yasirlə aramızda mübahisə baş vermişdi. Əmmar Peyğəmbərin (s) yanına gedib bundan şikayət etdi. Xalid isə orada da kobudluğuna davam edir, Peyğəmbər (s) isə susurdu.

Əmmar ağlayaraq dedi: “Ey Peyğəmbər, onu eşidirsiniz?” Peyğəmbər (s) başını mənə tərəf qaldırıb buyurdu: “Əmmarla düşmənçilik edənlə Allah düşmənçilik edər, ona nifrət bəsləyənə isə Allah nifrət bəsləyər”.

Mən oradan ayrıldım. Bundan sonra mənim üçün Əmmarın razılığından daha sevimli bir şey yox idi. Onunla görüşüb razılığını aldım”.431

2 – Nisainin, Təbəraninin, Hakimin və digərlərinin qeyd etdiyi hədis: Əştərdən belə dediyi nəql edilir: “Xalid ibn Vəlid əsr namazından sonra (qürub zamanı) camaata namaz qılmağı qadağan edirdi”. Əştər Xalidin belə dediyini söyləyir: “Peyğəmbər (s) məni savaşa göndərmişdi. Biz orada tövhid əhli olan bir ailəyə rast gəldik. Əmmar dedi: “Onlar tövhidlərini izhar etməklə bizə sığınırlar”. Mən Əmmarın sözünə əhəmiyyət vermədim. Əmmar dedi: “Bunu Peyğəmbərə (s) söyləyəcəyəm”.

Qayıtdıqda məndən Peyğəmbərə (s) şikayət etdi. Peyğəmbərin (s) məndən intiqam almadığını gördükdə gözləri yaşlı halda üzünü çevirib getdi. Peyğəmbər (s) onu geri qaytarıb buyurdu: “Ey Xalid, Əmmarı əsla təhqir etmə! Həqiqətən də Əmmarı təhqir edəni Allah alçaldar, Əmmara dəyər verməyənə Allah dəyər verməz, Əmmarı səfeh sayanı Allah səfeh hala salar”. Xalid deyir: “Öz günahlarımın arasında Əmmarı səfeh bildiyimə görə qorxduğum qədər heç birindən qorxmadım”.432

Göründüyü kimi, Peyğəmbər (s) Əmmara əhəmiyyət vermədiyi üçün Xalid ibn Vəlidi şiddətlə danlayır. Hətta Xalid ibn Vəlid Əmmara etdiklərindən heç bir günahdan qorxmadığı kimi qorxduğunu deyir. İbn Əsakirin rəvayətində deyilir: “Biz heç bir şey soruşmadığımız halda Xalid ibn Vəlid özü sözə başlayıb dedi: “Əmmar barədə etdiklərim qədər məni oda salacaq başqa bir əməlimdən qorxmuram”.433

Lakin Peyğəmbərin (s) vəfatından sonra bəzi səhabələr tərəfindən Əmmarın şiddətli təhqir, söyülmə və döyülməklə üzləşdiyini görürük. Bütün bunlar isə həmin səhabələri yuxarıdakı rəvayətlərdə qeyd edilən danlaq və məzəmmətlərə, Allahın və Rəsulunun qəzəbinə hədəf edir.

Məsələnin həqiqətinin aydın olması üçün Əmmarla bağlı həmin səhabələrin bəzi əməllərini təqdim edirik:

1 – Osman ibn Əffanın Əmmara münasibəti

İbn Əbu Şeybə “Müsənnəf”də Salim ibn Əbülcəddən nəql edir: “Muhəmmədin (s) səhabələri Osmanın nöqsanları haqqında məktub yazdılar və onu kimin aparacağını soruşdular. Əmmar “mən apararam” dedi. Osman məktubu oxuduqda dedi: “Allah burnunu yerə sürtsün! (Səni zəlil eləsin!)” Əmmar cavabında “Əbu Bəkrin və Ömərin burnunu...” dedi. Osman ayağa qalxıb onu yerə yıxdı və tapdadı. Sonra onu Zübeyr və Təlhənin yanına göndərdi. Onlar Əmmara dedilər: “Bu üçündən birini seç: ya üzr istəməyi, ya sürgün ediləcəyin bir yeri, ya da cəzalanmağını”.
Əmmar dedi: “Allahla görüşənədək bunlardan heç birini seçməyəcəyəm”.
Əbu Bəkir434 deyir ki, Yəhya ibn Adəmin belə dediyini eşitdim: “Bu hədisi Həsən ibn Salehə söylədim, dedi: “Osmanın bu etdikləri çox böyük (pis) əməldir”.435

2 – Təbərani “əl-Möcamul-kəbir” kitabında yazır: “Muhəmməd ibn Əmr atasından, o da babası Əlqəmə ibn Vəqqasdan nəql edir: “Osmanın qətlindən sonra beyət məsələsini müzakirə etmək üçün Məxrəmənin evində toplaşmışdıq. Əbu Cəhm ibn Hüzeyfə dedi: Sizdən kim bizlərdən birinə beyət etsə, biz qisas alınmasına mane olmayacağıq. Əmmar ibn Yasir dedi: “Osmanın qanın qisasından savayı...” Əbu Cəhm: “Ey Süməyyənin oğlu! Allaha and olsun ki, sənə vurduğu qamçılarla görə qisasını istəmirsən?!” – deyə cavab verdi. Həmin gün beyətdə qərarlaşmadan oradan ayrıldılar”.436

Heysəmi deyir: “Ravilərin siqə olduğuna hökm verilib”.437

Rəvayətdə mövzumuza dəlil Əbu Cəhmin Əmmara söylədiyi “sənə vurduğu qamçılarla görə” sözləridir. Bunda məqsəd Əmmarın Osman ibn Əffan tərəfindən dəfələrlə qamçılanmasını bildirməkdir.

3 – Təbəri, İbn Əsir, İbn Xəldun və digər tarixçilər İmam Həsənlə Əmmarın Kufəyə doğru hərəkət edərkən baş verən hadisəni qeyd edirlər: “...Onların yanına ilk gələn şəxs Məsruq ibn Əcdə oldu. Yanlarına gəlib salam verdi, sonra üzünü Əmmara tutub dedi: “Ey Əbülyəqzan, Osmanı da qətlə yetirdiniz? Dedi: “Şərəfimizi təhqir etdiyinə və camaatımızı vurduğuna görə”. Dedi: “Allaha and olsun ki, sizin kimi heç kəs cəzalanmayıb. Əgər buna səbr etsəydiniz, daha yaxşı olardı...”438

Bu rəvayətlərdən anlaşılır ki, Osman Əmmar ibn Yasiri söymüş, təhqir etmiş, hətta onu döymüş, alçaldıcı şəkildə qamçılatmışdır. Bütün bunların nəticəsində Peyğəmbərin (s) Əmmarı söyən və alçaldanlar barədə hökmü ona da şamil olur.

2 – Əbu Musa Əşərinin Əmmara münasibəti

Təbəri, İbn Əsir və İbn Xəldun sonuncu təqdim etdiyimiz rəvayətin ardını belə davam edirlər:
“Əbu Musa Həsənlə qarşılaşdı və onu qucaqladı. Sonra üzünü Əmmara tutub dedi: “Ey Əbülyəqzan! Möminlərin əmiri Osmanla düşmənçilik edənlərə birgə düşmənçilik etdin, özünü o günahkarlarla bir tutdun?!” Əmmar dedi: “Bunu etməmişəm və ancaq bunda pis bir şey də görmürəm...”439

Burada Əbu Musa Əşəri Əmmarı alçaldaraq onu Osmanın qətlində ittiham edir, onu günahkarlardan sayır. Məqsəd isə Əmmara danlaq vurmaqdır.

Bununla da aydın olur ki, Əbu Musa Əşəri də Peyğəmbərin (s) Əmmarla bağlı söylədiyi hökmə daxildir.

3 – Səd ibn Əbu Vəqqasın Əmmara münasibəti

İbn Qüteybə “əl-Məarif”də, İbn Əbdü Rabbih “əl-Əqdul-fərid” əsərində yazırlar: “Səd Əmmara dedi: “Biz səni Muhəmmədin (s) ən fəzilətli səhabələrindən sayırdıq. Ömrünün sonlarına bir şey qalmayıb, amma artıq İslam kəməndini boynundan çıxarmısan”. Sonra əlavə etdi: “Sənin üçün hansı daha sevimlidir: beyninin təmizlənməsi, yoxsa xoşluqla əlaqəmizi kəsmək?” Əmmar dedi: “Xoşluqla əlaqəmizi kəsmək”. Səd dedi: “Səninlə bir daha əsla kəlmə kəsməyəcəyəm!”440

Burada Səd ibn Əbu Vəqqasın Əmmara qarşı pis rəftarı, küfr və İslamdan çıxmaqda ittihamı, bir daha əsla onunla danışmayacağını bəyan etməsi aşkar görünür. Bundan böyük danlaq və təhqir ola bilərmi?! Bütün bunlardan sonra Peyğəmbərin (s): “...Həqiqətən də Əmmarı təhqir edəni Allah alçaldar, Əmmara dəyər verməyənə Allah dəyər verməz, Əmmarı səfeh sayanı Allah səfeh hala salar” sözü ona necə şamil olmasın?

431 Müsnəd, Əhməd ibn Hənbəl, c. 4, s. 89; əl-Müsənnəf, İbn Əbu Şeybə, c. 7, s. 523; əs-Sünənul-kubra, Nisai, c. 5, s. 73; Səhih, İbn Hibban, c. 15, s. 556, rəqəm 7081; əl-Möcamul-kəbir, Təbərani, c. 4, s. 114; əl-Müstədrək, Hakim Nişapuri, c. 3, s. 390. Deyir: “Əvvam ibn Huşəbin hədisi Buxari və Müslimin şərtlərinə əsasən istinadı səhihdir. Onlar Əvvam ibn Huşəbin və Əlqəmənin barəsində ittifaq etmişlər...” Heysəmi bu hədisin sənədi barədə deyir: “Raviləri “Səhih”in raviləridir”. (Məcməuz-zəvaid, c. 9, s. 293)
432 əs-Sünənul-kubra, Nisai, c. 5, s. 74, rəqəm 8271; əl-Möcamul-kəbir, Təbərani, c. 4, s. 112; Müstədərək, Hakim, c. 3, s. 441
433 Tarixu mədinəti Diməşq, İbn Əsakir, c. 43, s. 400
434 Bu, xəlifə Əbu Bəkr deyil, hədis alimidir.
435 Müsənnəf, İbn Əbu Şeybə, c. 6, s. 198, rəqəm 30639. Hədisin sənədi: Yəhya ibn Adəm Qütbə ibn Əbdüləzizdən, o da Əmaşdan, o da Əmr ibn Murrədən, o da Salim ibn Əbu Cəddən. Bunlar Buxari və Müslimin raviləridir.
436 əl-Möcamul-kəbir, Təbərani, c. 1, s. 82
437 Məcməuz-zəvaid, Heysəmi, c. 9, s. 98
438 Tarix, Təbəri, c. 3, s. 497; əl-Kamil fit-tarix, c. 3, s. 119; Tarix, İbn Xəldun, c. 2, s. 613
439 Tarix, Təbəri, c. 3, s. 497; əl-Kamil fit-tarix, c. 3, s. 119; Tarix, İbn Xəldun, c. 2, s. 613
440 əl-Məarif, İbn Qüteybə, s. 550. “Darul-məarif” nəşriyyatı; əl-İqdul-fərid, İbn Əbdü Rəbbih, c. 2, s. 188

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе