»»

Maidə, 67 və Qədir Xum

"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər  etməsən,  risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!"

Bu ayənin Əli (ə)-ın barəsində nazil olmasını həm şiə, həm də sünni təfsirlərində görə bilərik: 

 

 

"Allah Rəsulullah (s.a.v.v.) -ə əmr etdi ki, Əli (ə)-ı öz canişini kimi xalqa tanıtsın, amma Rəsulullah (s.a.v.v.) nigaran idi ki, camaat deyəcək öz əmisioğlunu himayə elədi və tüğyan edəcəklər. Allah  "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et." ayəsini nazil etdi və Rəsulullah (s.a.v.v.) Qədir Xum günü Əli (ə)-ın vilayətini bəyan etdi."

Təfsiri-Əyyaşi, cild 1, səh. 360,

Məcməul-Bəyan, Təbərsi, cild 3, səh. 344 

 

"Əbu Səid Xudri dedi: "Ey Rəsul! Rəbbindən sənə nazil olanı təbliğ et" ayəsi Rəsulullah(s.a.v.v.)-ə Qədiri xum günü Əli ibni Əbu Talib haqqında nazil olmuşdur."

Tarixi-İbni Əsakir, cild 42 səh. 237. 

Bu ayə barəsində sünni alimi Alusi (vəfatı hicri 1280) Ruhil Məani təfsirində 6-cı cild səh.193-də bu cür nəql edir:  Abdullah ibn Məsud deyirdi ki, biz bu ayəni Rəsulullah (s.a.v.v.) zamanında bu cür oxuyurduq. Ya Əyyuhərrəsul bəlliğ ma unzilə iləykə min rəbbikə ənnə Əliyyən vəliyyil muminin və in ləm təf"əl fəma bəlləğtə risalətəh. Bu mətləb kiçik bir şey deyil və Alusi bu hədisin mətni və sənədi barədə xırda da olsa işkal qeyd etmir.

"Ruhul-Məani", Alusi, cild 6, səh. 193

Həmçinin bu hədisi Suyuti öz "Durrul-Mənsur" təfsirində Maidə, 67 ayəsinin təfsirində gətirmişdir. 

"Durrul-mənsur", Suyuti, Maidə, 67 təfsiri 

İbni Əbi Hatəm də öz təfsirində 4-cü cild səh. 1172-də deyir ki, bu ayə Əli (ə) barədə nazil olub, qəribəsi də budur ki, o deyir ki mən bu kitabda ən səhih rəvayəti seçmişəm.

"Təfsir İbni Əbi Hatəm", cild 4, səh. 1172

 

Mühüm nöqtələr: 

 

1. Ayədə Peyğəmbər (s.a.v.v.)-ə xəbərdarlıq edilir ki, əgər bunu təbliğ etməsən, öz peyğəmbərlik vəzifəni yerinə yetirmiş sayılmazsan. 23 illik zəhmətin hədər gedər. Deməli, bu dinin ən vacib məsələlərindən biri olmalıdır ki, onsuz din naqis sayılar. 

 

2. Bu ayə namaz, oruc, həcc kimi ibadətlər və ya tovhid, nübuvvət, məad kimi etiqadi məsələlər barəsində deyildir, çünki Maidə surəsi peyğəmbərliyin sonunda nazil olmuşdu və o məsələlər daha öncə dəfələrlə bəyan edilmişdi. 

 

3. Rəsulullah (s.a.v.v.)-ə əmr olunan şey Onu nigaran edəcək qədər həssas bir məsələ idi ki, Allah Onu qoruyacağına zəmanət verir. 

 

4. Peyğəmbər (s.a.v.v.)-in bu məsələyə qarşı çıxacağından qorxduğu şəxslər Qureyş müşrikləri və ya yəhudi və xristianlar ola bilməzdi, çünki artıq Məkkə fəth olunmuş, kitab əhli də Ərəbistan yarımadasında heç bir nüfuza və qüdrətə malik deyildi. Deməli, burada nəzərdə tutulan şəxslər özünü müsəlman kimi göstərən münafiqlər idi. Onlar Təbuk səfəri zamanı da Peyğəmbər (s.a.v.v)-in öz yerinə Əli (ə)-ı təyin etməsinə dözə bilməyib şayiələr yaymışdılar. 

 

5. Rəsulullah (s.a.v.v.)-in ömrünün sonlarında İslamın ilahi proqramını kimə həvalə edəcəyi, camaatı kimə tapşıracağı aktual bir məsələ idi və mümkün deyildi ki, insanlar bu barədə düşünməsinlər. Çünki O, sonuncu peyğəmbər idi və Öz yerinə kimisə təyin etməli idi.  Allah  da həmişə Öz xəlifəsini Özü seçmişdi və bu dəfə də camaatın ixtiyarına buraxmazdı.  Buna görə də bu məsələni bəyan etmədən din tamam olmazdı, münafiqləri də bundan çox heç bir ilahi hökm narahat edə bilməzdi. 

 

6. Qədir Xum günü Mövlamız Həzrəti Muhəmməd (s.a.v.v.) Əli (ə)-ı bütün insanlara mövla kimi tanıtdırandan sonra, Maidə surəsi, 3-cü ayə nazil oldu. "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi  tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim." Yəni dinin sonuncu və ən önəmli fərzinin nazil edilməsi ilə artıq risalət tamamlanmış oldu və İslam dini kamilləşdi. 

 

 

Təbliğ ayəsinin Qədir Xum hadisəsi barədə olmamağını sübut etmək üçün aşağıdakı iradlar gətirilmişdir:

 

1. Bəzi təfsirçilər iddia edirlər ki, guya bu ayə Məkkədə nazil olmuş və müşriklərə ümumi təbliğ barədə idi. Əhli-Sünnət alimlərindən Sələbi, Qurtubi və Şövkani öz təfsirlərində bunu qəti şəkildə inkar ediblər: "Bu surə icmanın rəyinə əsasən Mədəni (Mədinədə nazil olmuş) surədir." (Əl-Cəvahirul-hisan, cild 1 səh. 404, Əl-Camiul-Əhkam lil Quran, cild 6 səh. 30, Fəthul-Qədir, cild 2 səh. 3) Buna cavab olaraq da deyənlər var ki, ancaq həmin ayə Məkkədə, qalan ayələr Mədinədə nazil olub. İbni Kəsir  öz təfsirində guya bu ayənin Məkkədə nazil olması barədəki hədisləri ğərib sayıb inkar edir, məşhur nəzərin əksinə olduğunu qeyd edir və hətta bu ayənin Mədinədə, sonuncu nazil olmuş ayələrdən olduğunu qeyd edir.

"Təfsirul-Quranil-Əzim", İbni Kəsir, cild 1 səh. 81

 

Həmçinin, Məkkədə nazil olmuş ən əvvəlinci surələrdən sayılan Hicr surəsində Allah buyurur: 

 

Sənə əmr olunanı  açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!  Şübhəsiz ki, istehza edənlərə qarşı Biz sənə kifayət edərik.  O kəslər ki, Allaha başqa tanrı şərik qoşdular! Onlar mütləq biləcəklər!

Hicr surəsi, 94-96.

Bu ayədən də göründüyü kimi, ümumi təbliğ və müşriklərdən qorxmamaq barədə əmr Maidə, 67-dən bir neçə il əvvəl nazil olmuşdu və bunu təkrarlamağa ehtiyac yox idi. Deməli, Maidə, 67-də əmr olunan məsələ xüsusi bir təbliğ idi. 

 

2. Digər bir irad da guya bu ayənin Ərəfə günü nazil olmasıdır. Halbuki, Ərəfə günü Rəsulullah (s.a.v.v.)-in dediyi xütbə tam şəkildə həm şiə, həm də sünnilərin mötəbər kitablarında gəlmişdir (Üsuli-Kafi, cild 1 səh. 403, Səhih-Muslim, cild 2 səh. 889, Sünəni-Tirmizi, cild 5 səh. 34 və s.)  onun məzmunu insan hüquqları, ilahi təqva kimi mövzular olmuşdur. Onu çatdırmaqda nədənsə çəkinməyə və Allahın xüsusi bir qorumağına ehtiyac yox idi. 

 

3. Bəzi təfsirçilər ayənin nazil olma səbəbi kimi müxtəlif ehtimallar irəli sürmüşlər: Rəcm və qisas hökmünü çatdırmaq əmr edilib, yaxud yəhudilərin tənələri barədədir, münafiqlərin cihada ikrahla yanaşması haqqındadır, bəziləri də deyirlər ki, bu ayə Əhzab, 28-də Peyğəmbər (s.a.v.v.)-in öz zövcələrinə dünya və ya axirəti seçmək barədə ixtiyar verməsi haqqındadır və s. Bunların heç biri səhih hədisə əsaslanmır və elə ayədə qeyd olunduğu kimi, bunlar elə məsələlər deyildilər ki, Rəsulullah (s.a.v.v.) bunları təbliğ etməkdən çəkinsin və onları deməsə, risalətini yerinə yetirmiş sayılmazdı. Qəribəsi də budur ki, Fəxri Razi "Məfatihul-Ğeyb" təfsirində bu ayənin nazil olmasına səbəb kimi yuxarıdakılarla bərabər 10 ehtimal sayır ki, 10-cusu elə Qədir Xum günü Əli (ə) barədə nazil olmasıdır: 

 

"Bu ayə Əli (ə) barədə nazil olmuşdur. Bu nazil olduğu zaman Rəsulullah (s.a.v.v.) Əli (ə)-ın əlini tutdu və "Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. Allahım, ona dost olana dost ol, ona düşmən olana düşmən ol!" - deyə buyurdu. Ömər Əli (ə) ilə qarşılaşdı və dedi: "Ey Əbu Talibin oğlu, xoş halına! Gözün aydın! Mənim və bütün mömin və möminələrin mövlası oldun." Bu İbni Abbas, Bərra ibni Azib və Muhəmməd ibni Əli (İmam Baqir  əleyhissəlam)-ın nəzəridir. Bil ki, bu rəvayətlər çox olsalar da, övla olan bu ayəni Allahın Peyğəmbərini (s.a.v.v.) yəhudi və xristianların hiylələrindən qoruyub, rahat təbliğ etməsini əmr etməsi mənasındadır. Çünki ondan əvvəlki və sonrakı ayələr yəhudi və xristianlar barədədir."

"Təfsir Məfatihul-Ğeyb", Fəxri Razi, cild 9 səh. 158.

 

Diqqət etdinizsə, Fəxri Razi bu ayənin Əli (ə) barədə olmasını təsdiq edən şəxslərin adını çəkir və digər ehtimallarla müqayisədə rəvayət cəhətdən və eləcə də ayənin mənasına ən uyğun təfsirin bu olması açıq-aydın gözə çarpır. Ancaq Fəxri Razi bu möhkəm dəlilin əvəzinə ayənin əhli-kitab barəsində olmasını qəbul edir ki, yuxarıda bu nəzəriyyənin niyə puç olmasını izah etmişdik. 

 

Nəticə olaraq aydın olur ki, Rəsulullah (s.a.v.v.)-ə təkidlə əmr olunan şey Əli (ə)-ın canişinlik məsələsindən başqa bir şey ola bilməzdi, çünki bu məsələ qədər münafiqləri narahat edən və dinin gələcəyi üçün əhəmiyyətli olan ikinci bir məsələ yoxdur. Çünki ümməti ancaq Allah tərəfindən təyin edilən xəlifə münafiqlərdən, parçalanmaqdan və fitnələrdən qoruya bilərdi. 

 

(c) Mahdi.az

Рейтинг

В этом разделе