»»

"Səhih əl-Buxari"də xəlifənin məsumiyyəti və əhli-xilafa suallarımız

Rəvayətin nəql edildiyi babın adı: "İmamın yaxın şəxsi və məşvərət etdiyi şəxs"

حَدَّثَنَا أَصْبَغُ، أَخْبَرَنَا ابْنُ وَهْبٍ، أَخْبَرَنِي يُونُسُ، عَنِ ابْنِ شِهَابٍ، عَنْ أَبِي سَلَمَةَ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ، عَنِ النَّبِيِّ صلى الله عليه وسلم قَالَ ‏"‏ مَا بَعَثَ اللَّهُ مِنْ نَبِيٍّ وَلاَ اسْتَخْلَفَ مِنْ خَلِيفَةٍ، إِلاَّ كَانَتْ لَهُ بِطَانَتَانِ، بِطَانَةٌ تَأْمُرُهُ بِالْمَعْرُوفِ وَتَحُضُّهُ عَلَيْهِ، وَبِطَانَةٌ تَأْمُرُهُ بِالشَّرِّ وَتَحُضُّهُ عَلَيْهِ، فَالْمَعْصُومُ مَنْ عَصَمَ اللَّهُ تَعَالَى ‏"


Bizə Əsbəğ nəql edib dedi: bizə İbn Vəhb xəbər verib dedi: mənə Yunus İbn Şihabdan, o Əbu Sələmədən, o Əbu Səid əl-Xudridən, o da Peyğəmbərdən (sallallahu əleyhi [və alihi] və səlləm) xəbər verib dedi:

“Allah hansı peyğəmbəri göndərmiş və hansı xəlifəni təyin etmişsə, onun iki yoldaşı olmuşdur; biri onu yaxşı işə əmr edib yaxşı işə təşviq edən yoldaş, digəri isə onu şərrə əmr edib şərrə təşviq edən yoldaş. Məsum məhz Allahu-təalanın (günahdan və xətadan) qoruyub saxladığı şəxsdir.”

 

Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, Quranın təfsiri kitabı, əl-Bəqərə surəsinin təfsiri babı, s.913, h.6611; Dar ər-Ruşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Əbdüs-Salam b. Muhəmməd Ömər Alluş

QEYDLƏR:

Deməli:

1. Hədisin birinci cümləsindən belə başa düşürük ki, Allah həm peyğəmbərlər, həm də xəlifələr göndərmişdir. Elə isə kimdir bu xəlifələr?

Kimsə deyə bilməz ki, xəlifə dedikdə peyğəmbərlər nəzərdə tutulmuşdur. Xeyr! Bu yanlış cavabdır, buna belə cavab verilər ki, əgər “xəlifə” sözü ilə peyğəmbərlər nəzərdə tutulmuşdusa, o zaman xəlifə sözündən əvvəl peyğəmbərlərin zikr edilməsinin mənası nədir? Başqa sözlə, hədisdə zatən peyğəmbərlərdən söz açılmışdır, bunun ardınca ikinci dəfə peyğəmbərlərdən danışılmasının nə mənası var? Elə isə, xəlifə sözü ilə peyğəmbələr nəzərdə tutula bilməz.

Elə isə sual veririk: kimdir bu xəlifələr?

2. Əgər keçmiş ümmətlərdə xəlifə təyin edilmişdirsə, o zaman bizim ümmətin bu qaydadan istisna olması qeyri-mümkündür. Belə ki, məsələn, əgər həzrət Musa (əleyhis-səlam) 70.000 nəfərlik Bəni-İsraili tək qoyub Allah ilə münacata gedərkən öz yerinə xəlifə qoymuşdusa, o zaman həzrət Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) rəfiqi-ə`laya gedərkən sayı 100.000-lərlə ölçülən bir ümmətin başına necə xəlifə qoymaya bilərdi? Deməli, bu ümmət üçün də bir xəlifə təyin edilməlidir. Elə isə kimdir o təyin edilən xəlifə?

3. Hədisin sonunda “məsum məhz Allahu-təalanın (günahdan və xətadan) qoruduğu şəxsdir” cümləsi gəlmişdir. Məlumdur ki, hədisin məzmunu mütləqdir. Buna əsasən ki, hədisdə bu qeyd etdiyimiz cümləyə qədər deyilənlərin cümlələrin hamısı həm peyğəmbərə, həm də xəlifəyə şamil olur; hədisdəki “iki yoldaş”ın Allah tərəfindən göndərilən peyğəmbər üçün də, onun təyin etdiyi xəlifə üçün də mövcud olduğu bildirilir. Bunun ardınca isə məsum şəxsin məhz Allahın günahdan qoruyub saxladığı şəxs olduğu bildirilir. Elə isə deməli, bu cümlə də həm peyğəmbərə, həm də xəlifəyə aid olur. Çünki, hədisin əvvəldən sonradək eyni məzmunda gəlib, sonuncu cümlədə peyğəmbərə aid olmasının heç bir əsası yoxdur. Buna əsasən, nəticə alırıq ki, hədisin məzmunu mütləqdir. Başqa sözlə: həm peyğəmbərə, həm də onun təyin etdiyi xəlifəyə şamil olmuşdur.

Elə isə “ismət” və “məsumluq” təkcə peyğəmbərlərdə deyil, həm də onların təyin etdikləri xəlifələrdə də ola bilər. Bu isə şiənin məsumiyyət barədə etiqadını təsdiqləyir.

4. Hədisdə qeyd-şərtsiz bildirilir ki, Allahın göndərdiyi bütün peyğəmbərlərin ətrafında onları pis və şər işlərə dəvət edən müəyyən şəxslər olmuşdur. Elə isə deməli, İslam Peyğəmbəri həzrət Muhəmməd (sallallahu əleyhi və alihi və səlləm) də bu qaydadan istisna deyildir. Deməli, o həzrətin də ətrafında müəyyən bəd xislətli şəxslər olmuşdur və bu şəxslər o həzrətin pisliyini istəmişlər. Bu da məlumdur ki, o həzrətin ətrafındakı şəxslər “səhabə” adlanırlar. Elə isə deməli səhabələr içərisində həzrət Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) şər işlərə göstəriş vermək və o həzrəti bu işlərə təşviq etmək istəyən şəxslər olmuşdur. Bu isə “bütün səhabələr ədalətlidirlər” – deyən şəxslərin iddialarını alt-üst edir.

Bəli, bəziləri çıxılmaz duruma düşdüklərini görüb vəziyyətdən çıxmağa çalışmışlar. Demişlər ki, hədisdə “bitanə” (“yoldaş” kimi tərcümə etmişik –red.) sözü ilə mələk və şeytan nəzərdə tutulmuşdur.

Halbuki, bu, tamamilə batildir və açıq-aşkar hədisin mətni ilə oynamaq sayılır. Belə ki, əvvəla nə Qurani-Kərimdə, nə sünnədə, nə də dilçiliklə bağlı lüğətlərin heç birində şeytan və ya mələk üçün “bitanə” sözü işlənməmişdir. Əksinə, Qurani-Kərim bu sözü işlədərək məhz yoldaş, sirdaş, insanın ətrafında olan yaxın şəxs mənasını nəzərdə tutmuşdur. Buyurur: “Ey iman gətirənlər! Özündən başqasını özünüzə “bitanə” – sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər” (Ali-İmran surəsi, 118).

Lüğətdə də “bitanə” sözü “insanın yaxınında olan şəxs”, “yaxın dost”, “sirdaş” mənalarına gəlir. Bunun üçün istənilən lüğət kitabına müraciət etmək kifayət edər. Habelə, sünnədə də “bitanə” sözünün “mələk” və ya “şeytan” kimi mənalarda işlənməsinə rast gəlmirik.

İkincisi, “bitanə” sözünün mələk və şeytan mənalarına aid edilməsi hədisin mətni ilə də uyğun gəlmir. Belə ki, əgər pisliyə əmr edən yoldaş ilə, yaxşılığa əmr edən yoldaşı şeytan və mələk kimi mənalandırsaq, o zaman – haşa – Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) sözündə ziddiyyət yaranmış olacaq. Çünki, Peyğəmbər buyurur: “Allah hansı peyğəmbəri göndərmiş və (həmin peyğəmbər) hansı xəlifəni öz yerinə təyin etmişsə, onun iki yoldaşı olmuşdur; biri onu yaxşı işə əmr edib yaxşı işə təşviq edən yoldaş, digəri isə onu şərrə əmr edib şərrə təşviq edən yoldaş...” Bu onu göstərir ki, bu xüsusiyyət məhz peyğəmbər və onun xəlifəsinə məxsusdur. Halbuki, şeytan və mələyin pisliyə və yaxşılığa əmr etməsi təkcə peyğəmbərlərə və ya onların xəlifələrinə aid deyil, bütün bəşəriyyətə aiddir. Elə isə “bitanə” sözünün mələk və şeytana aid edilməsi, Quran, sünnə və dilçilik baxımından sübuta yetmədiyi kimi hədisin mətni ilə də sübuta yetmir.

Elə isə soruşuruq: Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) çox yaxınlığında olan həmin şərr yoldaşlar kimlərdir?

Рейтинг

В этом разделе