»»

Əhli-sünnə alimləri nəzərində bidətçi şəxsin hədislərinin hökmü

Bu məsələ ilə bağlı əhli-sünnə alimləri üç qrupa ayrılırlar:

1) Bidətçinin hədisini mütləq şəkildə rədd edənlər

Qazı Əbu Bəkr əl-Baqillani Malik ibn Ənəsin bu fikirdə olduğunu nəql etmiş, özü də bu fikirdə olmuşdur.1

Bu qrup alimlərin fikrincə, bidətçi şəxsdən hədis nəql etmək o şəxsin əqidəsini yaymaq və o şəxsi məşhur etmək mənasına gəldiyi üçün, yolverilməzdir.

Xətib Bağdadi “Əl-Kifayə” kitabında (səh.148) deyir:

اختلف أهل العلم في السماع من أهل البدع والأهواء كالقدرية والخوارج والرافضة وفي الاحتجاج بما يروونه فمنعت طائفة من السلف صحة ذلك لعلة أنهم كفار عند من ذهب إلى اكفار المتأولين وفساق عند من لم يحكم بكفر متأول وممن يروى عنه ذلك مالك بن أنس.

“Alimlər qədəriyyə, xəvaric və rafizilər kimi bidət əhli şəxslərdən hədis eşitmək və bu şəxslərin hədislərinə etimad etmək məsələsində ixtilaf etmişlər. Sələfdən bir qrup alim kafir və ya fasiq (bu, “mütəəvvil”in2 kafir sayılıb-sayılmaması məsələsindən asılıdır) olmalarına görə onların hədislərinin qəbuledilməz olduğunu bildirmişdir. Malikin də bu fikirdə olduğu nəql edilmişdir”.

İbn Həcər “Lisanul-mizan” kitabında (1/10) deyir:

فالمنع من قبول رواية المبتدعة الذين لم يكفروا ببدعتهم كالرافضة والخوارج ونحوهم ذهب إليه مالك وأصحابه والقاضي أبو بكر الباقلاني وأتباعه

“Malik və onun əshabı, habelə Baqillani və onun ardıcılları rafizilər, xəvariclər və s. kimi kafir olmayan bidətçilərin hədislərinin qəbuledilməz olduğunu demişlər”.3

İbn əs-Səlah “Ulumul-hədis” kitabında (səh.104) bu fikri rədd edərək demişdir:

والقول بالمنع مطلقاً بعيد مباعد للشائع عن أئمة الحديث فإن كتبهم طافحة بالرواية عن المبتدعة غير الدعاة

“Bidətçinin hədisinin mütləq şəkildə rədd olunması fikri hədis imamlarının izlədikləri yola zidd bir fikirdi. Hədis imamlarının kitabları “qeyri-dəvətçi”4 bidətçilərin hədisləri ilə doludur”.

Bu qrupa daxil olan alimlərdən biri də Əbu İshaq İbrahim ibn Yaqub əl-Cuzcanidir. O, hifz və dəqiqliklə məşhur olan çox az şəxs istisna olmaqla harada şiə görürdüsə, onun hədisini rədd edirdi. Əl-Müəllimi “Ət-Tənkil” kitabında (1/46) deyir:

والجوزجاني فيه نصب وهو مولع بالطعن في المتشيعين

“Cüzcanidə nasibilik vardır. O, şiələrə tənə vurmağa böyük həvəslidir”.5

2) Bidətçinin öz bidətinə dəvət edən olmadığı təqdirdə hədisinin qəbul olduğunu deyənlər

Xətib Əhməd ibn Hənbəlin bu fikirdə olduğunu bildirmiş və bunu öz sənədi ilə İbn Mehdi və İbn əl-Mübarəkdən nəql etmişdir.

قال الإمام أحمد عن شبابة بن سوار تركته لم أكتب عنه للإرجاء قيل له يا أبا عبدالله وأبو معاوية قال شبابة كان داعية

Əhməd Şəbabə barəsində belə deyir: “Mürci olduğuna görə onun hədisini tərk etdim, yazmadım.”

Ona deyirlər: “Ey Abdullahın atası, bəs Əbu Müaviyə?”.

Deyir: “Şəbabə öz bidətinə dəvət edən idi”.6

Xətib “Əl-Kifayə” kitabında (səh.149) deyir:

وقال كثير من العلماء يقبل أخبار غير الدعاة من أهل الأهواء فأما الدعاة فلا يحتج بأخبارهم وممن ذهب إلى ذلك أبو عبدالله أحمد بن محمد بن حنبل

“Alimlərin bir çoxu qeyri-dəvətçi bidətçilərin hədislərinin məqbul olduğunu, dəvətçi bidətçilərin hədislərinin isə məqbul olmadığını demişlər. Belə alimlərdən biri Əhməd ibn Hənbəldir.”

Əbdürrəhman ibn Mehdi deyir:

من رأى رأياً ولم يدع إليه أحتمل ، ومن رأى رأياً ودعا إليه فقد استحق الترك

“Kim bir fikirin tərəfdarı olsa, lakin insanları o fikirə dəvət etməsə, onun hədisini qəbul edərəm, kim bir fikirin tərəfdarı olsa, lakin insanları ona tərəf dəvət etsə, onun hədisini tərk edərəm”.7

Əli ibn Həsən ibn Şəqiq deyir:

قلت لعبدالله - يعني ابن المبارك - : سمعت من عمرو بن عبيد . فقال بيده هكذا أي كثرة . قلت : فلم لا تسميه وأنت تسمى غيره من القدرية . قال : لأن هذا كان رأساً.

“İbn əl-Mübarəkə dedim: “Əmr ibn Übeyddən hədis eşitmisən?”.

İbn əl-Mübarək əli ilə işarə etdi ki, “çox”.

Dedim: “Bəs nə üçün qədərilərdən çoxlu şəxsin adını çəkdiyin halda, onun adını çəkmirsən?”.

Dedi: “Çünki o, qədərilərin başçısı idi”.8

Nəvəvi “Ət-Təqrib” kitabında (səh.43) deyir:

هو الأظهر والأعدل وقول الكثير أو الأكثر.

“Ən üstün və ən doğru rəy budur. Çoxluğun və ya əksəriyyətin rəyi belədir”.

İbn əs-Səlah “Ulumul-hədis” kitabında (səh.104) deyir:

وهذا أعدل الأقوال وأولاها.

“Ən üstün və ən doğru rəy budur”.

İbn Kəsir “İxtisaru-ulumil-hədis” kitabında (1/299) deyir:

والذي عليه الأكثرون التفصيل بين الداعية وغيره.

“Əksəriyyətin qəbul etdiyi rəy dəvətçi ilə qeyri-dəvətçi arasında fərq qoyulması rəyidir”.

Hətta İbn Hibban alimlərin bu fikir barəsində yekdillik olduğunu iddia etmişdir. O, Cəfər ibn Süleyman əd-Dabbinin tərcümeyi-halını qeyd edərkən belə demişdir:

جعفر بن سليمان من الثقات المتقنين في الروايات غير أنه كان ينتحل الميل إلى أهل البيت ولم يكن بداعية إلى مذهبه وليس بين أهل الحديث من أئمتنا خلاف أن الصدوق المتقن إذا كان فيه بدعة ولم يكن يدعو إليها أن الاحتجاج بأخباره جائز فإذا دعا إلى بدعته سقط الاحتجاج بأخباره ولهذه العلة ما تركوا حديث جماعة ممن كانوا ينتحلون البدع ويدعون إليها وإن كانوا ثقات واحتججنا بأقوام ثقات انتحالهم كانتحالهم سواء غير أنهم لم يكونوا يدعون إلى ما ينتحلون وانتحال العبد بينه وبين ربه إن شاء عذبه وإن شاء عفا عنه وعلينا قبول الروايات عنهم إذا كانوا ثقات على حسب ما ذكرناه في غير موضع من كتبنا.

“Cəfər ibn Süleyman hədis nəqlində siqə və mutqin olan şəxslərdəndir. Amma, Əhli-Beytə meyl edirdi (!?). Öz məzhəbinə dəvət edən bir şəxs olmayıb. Bizim əhli-hədis imamlarımızın hamısı deyir ki, əgər səduq və mutqin şəxsdə bir bidət olarsa, lakin o, bu bidətə dəvət etməzsə, onun hədislərinə etimad etmək olar. Əgər dəvət etsə, onda etimad edilməz. Məhz buna görə alimlər bidət məzhəblərin nümayəndələri olmalarına baxmayaraq bir qrup şəxsin hədislərini tərk etməmişlər.. Bəndənin hansı məzhəb və ya əqidəni qəbul etməsi onunla Rəbbi arasındadır; Rəbbi istəsə ona əzab verər, istəsə bağışlayar. Bizə düşən, siqə olduqları təqdirdə onların hədislərini qəbul etməkdir”.9

Hakim də bu məsələdə ittifaq – yekdillik olduğunu nəql etmişdir.10

Lakin İbn Həcər “Nəzhətun-nəzər” kitabında (səh.137) bu iddianı qəribə hesab etmişdir.

Digər bir qrup alim isə, bu şərtdən əlavə başqa bir şərt də qeyd etmişlər. Həmin şərtə əsasən, bidətçinin hədisi “öz bidətini gücləndirən (dəstəkləyən) bir hədis olmadığı halda” məqbul hesab edilə bilər.

İbrahim ibn İbrahim əl-Cuzcani “Əş-Şəcərə fi mərifətir-rical” kitabında (səh.32) deyir:

ومنهم زائغ عن الحق ، صادق اللهجة ، فليس فيه حيلة ، إلا أن يؤخذ من حديثه ما لا يكون منكراً إذا لم يقو به بدعته.

“Ravilərin bir qismi haqqdan uzaq olan, lakin doğrudanışan şəxslərdirlər. Belə şəxslərlə bağlı tək çıxış yolu bidətlərini gücləndirmədiyi və münkər olmadığı təqdirdə onların hədislərini qəbul etməkdir”.

İbn Həcər əl-Əsqəlani “Lisanul-mizan” kitabında (1/11) deyir:

وينبغي أن يقيد قولنا بقبول رواية المبتدع إذا كان صدوقا ولم يكن داعية بشرط أن لا يكون الحديث الذي يحدث به مما يعضد بدعته ويشيدها فأنا لا نأمن حينئذ عليه من غلبة الهوى والله الموفق.

“Bidətçinin hədisi yalnız bidətçi doğru danışan olduğu, öz bidətinə dəvət etmədiyi və nəql etdiyi hədis bidətini dəstəkləmədiyi halda məqbul hesab edilə bilər. Bundan qeyri hallarda biz nəfsi istəklərinin ona qələbə çalmayacağına əmin deyilik.”

Həmçinin, “Nuxbətul-fikr” kitabında (səh.136) deyir:

ثم البدعة إما بكفر أو بمفسق:
فالأول : لا يقبل صاحبها الجمهور.
الثاني : يقبل من لم يكن داعية في الأصح إلا إن روى ما يقوي بدعته فيرد على المختار وبه صرح الجوزجاني شيخ النسائي.

“Bidətçilər iki növ olur: kafir bidətçilər, fasiq bidətçilər.

Alimlərin cühmuru birinci növ bidətçilərin hədislərini qəbul etmirlər.

İkinci növə gəlincə isə, onların hədisləri dəvətçi olmadıqları halda qəbul edilir. Lakin əgər onların hədisləri bidətlərini dəstəkləyən hədis olsa, onda üstün rəyə əsasən, rədd edilir. Nəsainin şeyxi əl-Cüzcani bu fikirdə olmuşdur.”

3) Bidətçi hafiz, dəqiq və doğrudanışan olduğu təqdirdə onun bidətinin heç bir önəminin olmadığını deyənlər

Bu qrup alimlərin fikrincə, ravinin dindarlığı və doğrudanışanlığı onu yalan danışmaqdan saxlayır.11 Başda, Buxari, Müslim, Əli ibn Mədini, Yəhya ibn Səid əl-Qəttan, İbn Xüzeymə və başqaları olmaqla, tənqidçilərin və son dövr alimlərinin cümhurunun nəzəri budur.

Buxari “Səhih” kitabında bir yerdə İmran ibn Hittandan hədis nəql etmişdir.12 İmran isə xəvaricdən olmuşdur. İbn Həcər “Hədyus-sari” kitabında onun barəsində “öz məzhəbinə dəvət edən şəxs olmuşdur”, - demişdir.

Həmçinin, Əbdülhəmid ibn Əbdürrəhman əl-Həmmanidən hədis nəql etmişdir.13 O isə, Əbu Davudun dediyinə əsasən, müricə məzhəbinin dəvətçilərindən olmuşdur.

Həmçinin, Buxari və Müslim Qeys ibn Əbu Hazimdən belə bir hədis nəql etmişlər:

إن آل آبي بياض ليسوا بأوليائي ، إنما وليي الله وصالح المؤمنين.

“Əbu – ağ yer* – ailəsi mənim dostlarım deyillər. Mənim dostum Allah və saleh möminlərdir”.14

*Qeyd: “Ağ yer” sözü rəvayətin mətnində gəlmişdir. Görünür, hədisi ilk dəfə qələmə alan şəxs tənqid hədəfinə tuş gəlməməkdən ötrü “Əbu” sözündən sonra gələn isimi silmiş, əvəzinə belə bir söz yazmışdır. Bir qədər sonra aydın olacaq. (Tərc).

Qeys ibn Əbu Hazim nasibi olmuşdur15 və bu hədis, zahirən, onun bidətini dəstəkləyən məzmundadır, buna baxmayaraq, Buxari və Müslim bu hədisi nəql etmişlər.16

Hafiz İbn Əbu Həcər “Fəth” kitabında (10/515) deyir:

قال أبو بكر بن العربي في « سراج المريدين » : كان في أصل حديث عمرو بن العاص إن آل أبي طالب فغير آل أبي فلان كذا جزم به ، وتعقبه بعض الناس وبالغ في التشيع عليه ونسبه إلى التحامل على آل أبي طالب ولم يصب هذا المنكر فإن هذه الرواية التي أشار إليها ابن العربي موجودة في مستخرج أبي نعيم ... من هذا الوجه أيضا.

“Əbu Bəkr ibn əl-Ərəbi “Siracul-muridin” kitabında əminliklə belə demişdir: “Hədisin orijinalında “Əbu Talib ailəsi” ifadəsi olmuş, lakin sonradan çıxarılmışdır”. Bir nəfər bu sözünə görə İbn əl-Ərəbiyə etiraz edərək onu möhkəm tənqid etmiş və onu Əbu Talib ailəsinə qarşı antisimpatiyada ittiham etmişdir. Lakin, o etiraz edən şəxs düz deməmişdir. Çünki İbn əl-Ərəbinin qeyd etdiyi bu rəvayət Əbu Nüeymin “Əl-Müstəxrəc” kitabında mövcuddur... və orada “Talib” sözü işlənmişdir”.

Həmçinin, Müslim ibn Həccac Ədiy ibn Sabit yolu ilə Əli ibn Əbu Talibdən belə nəql etmişdir:

إنه لعهد النبي الأمي إلى أنه لا يحبك إلا مؤمن ولا يبغضك إلا منافق.

“Ümmi Peyğəmbər mənə demişdir ki, səni yalnız mömin sevər, sənə yalnız münafiq nifrət edər”.

Ədi ibn Sabit isə şiədir!

Zəhəbi “Mizan” kitabında (3/61) belə deyir:

عدي بن ثابت عالم الشيعة وصادقهم وقاصهم وإمام مسجدهم.

“Ədi ibn Sabit: şiələrin alimi, doğru danışanı, rəvayət söyləyəni və məscid imamıdır”.

Buna baxmayaraq, Müslim bu hədisi ondan nəql etmişdir.

Xətib “Əl-Kifayə” (səh.157) kitabında öz sənədi ilə Əli ibn əl-Mədinidən belə nəql etmişdir:

قلت ليحيى بن سعيد القطان أن عبدالرحمن بن مهدي قال أنا أترك من أهل الحديث كل من كان رأساً في البدعة فضحك يحيى بن سعيد فقال كيف يصنع بقتادة ؟! كيف يصنع بعمر بن ذر الهمدْاني ؟! كيف يصنع بابن أبي رواد وعد يحيى قوما أمسكت عن ذكرهم ثم قال يحيى أن ترك عبدالرحمن هذا الضرب ترك كثيراً.

“Yəhya ibn Səid əl-Qəttana dedim: “Əbdürrəhman ibn Mehdi deyir ki, mən bidətdə başçı olan raviləri tərk edirəm.”

Yəhya ibn Səid gülüb dedi: “Bəs Qətadəni nə edir?! Ömər ibn Zər əl-Həmədanini nə edir? İbn Əbu Ruvvadı nə edir?”.

Bundan sonra bir neçə şəxsin adını çəkdi ki, daha adlarını qeyd etmirəm.

Sonra dedi: “Əgər Əbdürrəhman bu üsulla raviləri tərk etsə, çoxunu tərk etməli olacaq”.

Yenə Xətib “Əl-Kifayə” kitabında (səh.157) Əli ibn əl-Mədinidən belə nəql edir:

« لو تركت أهل البصرة لحال القدر ولو تركت أهل الكوفة لذلك الرأي يعني التشيع خربت الكتب » . قال الخطيب : قوله « خربت الكتب يعني لذهب الحديث ».

“Qədəriliyə görə bəsrəliləri, o əqidəyə - yəni, şiəliyə - görə də kufəliləri tərk etsəm, kitablar zay olar.” Xətib deyir: “Kitablar zay olar”, yəni, hədislər aradan gedər.

Həmçinin, İbn Xüzeymə “Səhih” kitabında (2/376) belə nəql edir:

حدثنا عباد بن يعقوب المتهم في رأيه الثقة في حديثه ...

“Bizə əqidəsində yanlış, hədisində güvənilən olan Əbbad ibn Yaqub nəql edib dedi...”.

Göründüyü kimi, İbn Xüzeymə şiə Əbbad ibn Yaqubu əqidədə yanlış, hədis nəqlində isə siqə hesab etmişdir.

Doğru olan nəzər də məhz budur.

Çünki “iki səhih” kitabın müəllifləri doğrudanışan olan bir çox dəvətçi və qeyri-dəvətçi bidətçilərdən hədis nəql etmişlər.

Əl-Müəllimi “Ət-Tənkil” kitabında (1/50) belə deyir:

وقد وثق أئمة الحديث جماعة من المبتدعة واحتجوا بأحاديثهم وأخرجوها في الصحاح . ومن تتبع رواياتهم وجد فيها كثيراً مما يوافق ظاهره بدعهم ، وأهل العلم يتأولون تلك الأحاديث غير طاعنين فيها ببدعة راويها ولا في راويها بروايته لها.

“Hədis imamları bir dəstə bidətçini siqə hesab edərək, onların hədislərinə etimad etmiş, həmin hədisləri səhih kitablarında nəql etmişlər. Bu hədisləri incələyən şəxslər onların bir çoxunun zahirdə onları nəql edən ravilərin bidətlərinə uyğun gəldiyini görə bilər, lakin alimlər həmin hədisləri təvil edərək, nə ravilərin bidətlərinə görə həmin rəvayətlərə, nə də həmin rəvayətlərə görə onların ravilərinə tənə vurmuşlar”.

Zəhəbi “Mizanul-itidal” kitabında (1/5) belə deyir:

قد يقول قائل : كيف ساغ توثيق مبتدع وحد الثقة العدالة والإتقان ؟ وجوابه : أن البدعة على ضربين :
1- فبدعة صغرى كغلو التشيع أو كالتشيع بلا غلو ولا تحرف فهذا كثير في التابعين وتابعيهم مع الدين والورع والصدق فلو رد حديث هؤلاء لذهب جملة من الآثار النبوية وهذه مفسدة بينة .
2- بدعة كبرى : كالرفض الكامل والغلو فيه والحط على أبي بكر وعمر والدعاء إلى ذلك فهذا النوع لا يحتج بحديثهم ولا كرامة .

“Kimsə deyə bilər ki, bidətçinin hədisi necə qəbul edilər bilər (məzmun). Cavab: Bidət iki növdür:

1. Kiçik bidət: ifrat, yaxud ifratsız şiəlik kimi. Bu növ bidət – din, təqva və doğruluqla bərabər – tabeilər və tabeilərin tabeiləri arasında çox müşahidə olunur. Əgər bu şəxslərin hədisləri rədd edilsə, Peyğəmbər hədislərinin bir çoxu aradan gedər. Bu da açıq-aşkar zərərdir.

2. Böyük bidət: kamil rafizilik, rafizilikdə ifrata varmaq, Əbu Bəkr və Öməri təhqir etmək və buna dəvət etmək kimi. Bu növ bidət sahiblərinin hədisləri qəbul edilməz.”

Zəhəbi “Siyər” kitabında (7/154) belə deyir:

هذه مسألة كبيرة وهي القدري والمعتزلي والجهمي والرافضي إذا علم صدقه في الحديث وتقواه ولم يكن داعياً إلى بدعته فالذي عليه أكثر العلماء قبول روايته والعمل بحديثه وترددوا في الداعية هل يؤخذ عنه ؟ فذهب كثير من الحفاظ إلى تجنب حديثه وهجرانه وقال بعضهم : إذا علمنا صدقه وكان داعية ووجدناه عنده سنة تفرد بها فكيف يسوغ لنا ترك تلك السنة ؟ فجميع تصرفات أئمة الحديث تؤذن بأن المبتدع إذا لم تبح بدعته خروجه عن دائرة الإسلام ولم تبح دمه فإن قبول ما رواه سائغ .

“Əgər qədəri, mötəzili, cəhmi və rafizi hədis nəqlində doğruçu və təqvalı olsa və öz bidətinə dəvət etməsə, alimlərin əksəriyyətinin nəzərinə əsasən, onun rəvayəti qəbul edilər. Lakin alimlər öz bidətinə dəvət edən bidətçinin hədisinin qəbul edilib-edilməməsi barəsində ixtilaf etmişlər. Hafizlərin bir çoxu belə bir şəxsin hədisinin qəbuledilməz olduğunu demiş, bəziləri isə “əgər o, doğrudanışan və dəvətçi olsa, habelə nəql etdiyi rəvayətin yalnız onun tərəfindən nəql edildiyini və nəql edilən şeyin bir sünnə olduğunu görsək, onda o sünnəni necə tərk edə bilərik?”, - demişlər. Hədis imamlarının bütün davranışları ona dəlalət edir ki, bidətçinin bidəti onu İslam dinindən çıxarmır və qanını halal etmirsə, onda onun nəql etdiyi rəvayət məqbul sayılar...”.

Zəhəbi “Mizan” kitabında (1/5) Əban ibn Təğlibin tərcümeyi-halında belə deyir:

شيعي جلد لكنه صدوق فلنا صدقه وعليه بدعته .

“Qatı şiədir, amma doğrudanışandır. Doğruluğu bizə, bidəti özünə”.

Həmçinin, “Siyər” kitabında (19/368) İbrahim ibn Əbu Davud əl-Bərəlusinin tərcümeyi-halında deyir:

العمدة في ذلك صدق المسلم الراوي فإن كان ذا بدعة أخذ عنه والإعراض عنه أولى ولا ينبغي الأخذ عن معروف بكبيرة والله أعلم.

“Bu məsələdə əsas olan ravinin doğrudanışan olmasıdır. Əgər ravi bidətçi olsa, hədisi qəbul edilər, hərçənd ki, tərk edilməsi daha məqsədəuyğundur. Böyük bidətlə məşhur olan şəxsin hədisi isə qəbul edilməməlidir”.

Həmçinin, “Mizan” kitabında (1/27) deyir:

اختلف الناس في الاحتجاج برواية الرافضة على ثلاثة أقوال:

1- المنع مطلقاً.

2- الترخيص مطلقاً إلا فيمن كذب.

3- التفصيل.

فتقبل رواية الرافضي الصدوق العارف بما يحدث.

وترد رواية الرافضي الداعية ولو كان صدوقا.

“Alimlər rafizilərin hədislərinə etimad etmək məsələsində ixtilaf edərək üç dəstəyə bölünmüşlər:

1. Mütləq şəkildə rədd edənlər;

2. Yalan danışanlar istisna olmaqla, mütləq şəkildə qəbul edənlər;

3. Təfsil (ayırma, fərqləndirmə) edənlər; nəql etdiyindən agah olan doğrudanışan rafizinin hədisi qəbul edilər. Doğrudanışan olsa belə, öz məzhəbinə dəvət edən rafizinin hədisi rədd edilər”.

İbn Həcər “Lisanul-mizan” kitabında deyir:

فالمنع من قبول رواية المبتدعة الذين لم يكفروا ببدعتهم كالرافضة والخوارج ونحوهم ذهب إليه مالك وأصحابه والقاضي أبو بكر الباقلاني وأتباعه والقبول مطلقا إلا فيمن يكفر ببدعته وإلا فيمن يستحل الكذب ذهب إليه أبو حنيفة وأبو يوسف وطائفة وروى عن الشافعي وأما التفصيل فهو الذي عليه أكثر أهل الحديث بل نقل فيه ابن حبان إجماعهم ووجه ذلك أن المبتدع إذا كان داعية كان عنده باعث على رواية ما يشيد به بدعته .

“Rafizilər, xəvariclər və s. kimi kafir olmayan bidətçilərin hədislərinin qəbuledilməz olduğunu deyənlər: Malik və onun əshabı, habelə Baqillani və onun ardıcılları bunlarandırlar.

Bidəti səbəbindən kafir olanlar və yalançılar istisna olmaqla, bidətçilərin hədislərinin məqbul olduğunu deyənlər: Əbu Hənifə, Əbu Yusif və bir qrup şəxslər bunlardandırlar. Şafeinin də bu qrupdan olduğu nəql edilmişdir.

Təfsil tərəfdarı olanlar: hədis əhlinin əksəriyyəti, hətta İbn Hibbana görə hamısı bu fikirin tərəfdarıdır. Onlar öz fikirlərini belə izah edirlər ki, əgər bidətçi (eyni zamanda) dəvətçi olsa, onda onun daxilində öz bidətini dəstəkləyən (gücləndirən) şeylər nəql etməyə bir meyl (maraq) olar.”17

*Deyirəm: bidəti səbəbindən kafir olan şəxsin hədisi rədd edilər. Nəvəvi bu barədə ittifaq – yekdil rəy olduğunu nəql etmişdir.18

Nəvəvi demişdir:

من كفر ببدعته لم يحتج به بالاتفاق .

“Bidəti səbəbindən kafir olan şəxsin hədisinə, ittifaqa əsasən, etimad edilməz”.19

İbn Kəsir “İxtisaru-ulumil-hədis” kitabında (1/299) demişdir:

المبتدع إن كفر ببدعته فلا إشكال في رد روايته.

“Əgər bidətçi öz bidəti səbəbindən kafir olarsa, onun rəvayətinin rədd edilməsində bir problem yoxdur”.

Hafiz İbn Həcər “Nəzhətun-nəzər” kitabında (səh.138) belə deyir:

والتحقيق أنه لا يرد كل مكفر ببدعته لأن كل طائفة تدعي أن مخالفيها مبتدعة وقد تبالغ فتكفر مخالفها فالمعتمد أن الذي ترد روايته من أنكر أثرا متواترا من الشرع معلوماً من الدين بالضرورة وكذا من اعتقد عكسه .

“Doğru nəzər budur ki, bidəti səbəbindən kafir olan hər kəsin hədisi rədd edilməz. Çünki hər dəstə öz müxaliflərinin bidətçi olduğunu iddia edir və bəzən mübaliğə edərək öz müxalifini kafir adlandırır. Doğru olan budur ki, məhz şəriətin hansısa mütəvatir bir hədisini – dinin zəruri bir prinsipini inkar edən, habelə bunun əksinə etiqad edən şəxsin hədisi rədd edilər”.

Əl-Müəllimi “Ət-Tənkil” (1/42) kitabında belə demişdir:

لا شبهة أن المبتدع إن خرج ببدعته عن الإسلام لم تقبل روايته لأن من شروط قبول الراوية الإسلام.

“Şübhə yoxdur ki, bidətçi şəxs öz bidətinə görə dindən çıxsa, onun rəvayəti qəbul edilməz. Çünki, rəvayətin qəbul şərtlərindən biri müsəlmanlıqdır”.

_______________________________________________

1 “Fəthul-muğis” (Səxavi): 3/60; “Ət-Tənkil” (Müəllimi): 1/45.

2 Cahil olmayan, bir şeyə müəyyən dəlillər əsasında etiqad edən. (Tərc.)

3 “Fəthul-muğis”: 3/60; “Ət-Tənkil”: 1/45.

4 Öz əqidəsinə dəvət etməyən. (Tərc.)

5 “Şərhul-iləl” (İbn Rəcəb): 1/357; “Əs-Suqat”: 8/82; “Əl-Kamil”: 1/310; “Ət-Tənkil”: 1/99.

6 “Mizanul-itidal”: 1/301; “Təhzibut-təhzib”: 2/147.

7 “Əl-Kifayə”: səh.155.

8 “Əl-Kifayə”: səh.155.

9 “Əl-Məcruhin”: 1/18.

10 “Ət-Tənkil”: 1/43.

11 “Fəthul-muğis”: 2/61; “Təhzib”: 3/317; “Fəthul-Bari”: 10/357.

12 “Səhihul-Buxari”: “kitabul-libas”, “babu-libasil-hərir lir-rical”, 5835.

13 “Kitabu-fadailil-Quran”, “babu-haqqi-həsənis-saut bil-qiraəti lil-Quran”, 4761.

14 “Təhzib”: 3/444; “Fəthul-Bari”: 10/516.

15 “Təhzib”: 3/444; “Fəthul-Bari”: 10/516.

16 “Ət-Tənkil”: 1/51 və Əlbaninin qeydi.

17 “Əs-Suqat”: 6/140; “Əl-Məcruhin”: 1/18.

18 “Tədribur-ravi”: 1/383; “Şərhun-Nəvəvi alə Muslim”: 1/60.

19 “Tədribur-ravi”: 1/383; “Şərhun-Nəvəvi alə Muslim”: 1/60.

Şeyx Səid Deydan əs-Subai

Рейтинг

В этом разделе