BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ
Həzrət Əli və onun nəslindən olan məsum imamların (ə.s) Rəsulullah (s)-ın varisləri olması məsələsi müsəlmanlar (şiələr) arasında qəti olaraq bilinən inanclardan biridir. Bu inanc Rəsulullah (s)-ın dinindən, onun (s) nəslindən olan məsum imamlar (ə.s)-da bu məsələni dilə gətirmiş, müsəlmanlara bildirmiş və səhabə ilə tabein nəsli arasında da bu inanc qəti olaraq tanınmışdır. İnşəallah bu məqalədə sünni mənşəli hədislərlə bu mövzunu sizlərə çatdıracağıq.
Əhməd b. Hənbəl, Nəsai və Təbəri başda olmaqla sünnilərin bir çox hədis alimi Həzrət Əli (ə.s)-ın Rəsulullah (s)-ın varisi olduğuna dair müxtəlif səhih yollardan hədislər rəvayət etmişdirlər.
Şəkildə gördüyünüz Nəsainin “Xəsais” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:
أخبرنا محمد بن يحيى بن عبد الله النيسابوري واحمد بن عثمان بن حكيم واللفظ لمحمد قالا حدثنا عمرو بن طلحة قال حدثنا أسباط عن سماك عن عكرمة عن ابن عباس رض أن عليا كان يقول في حياة رسول الله إن الله يقول أفائن مات أو قتل انقلبتم على أعقابكم ومن ينقلب آل عمران 144 والله لا ننقلب على أعقابنا بعد إذ هدانا الله والله لئن مات أو قتل لأقاتلن على ما قاتل عليه حتى مات والله إني لأخوه ووليه ووارثه وابن عمه ومن أحق به مني
Mənə Məhəmməd b. Yəhya və Əhməd b. Osman xəbər verdilər, dedilər ki: Bizə Əmr b. Təlha danışdı, dedi ki: Əsbat mənə Səmaqdan, o İkrimədən, o da ibn Abbasdan danışdı, dedi ki: Əli hələ Rəsulullah (s)-ın həyatda olduğu zamanlarda belə deyərdi: “Allah belə buyurmuşdur: “Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl bir çox peyğəmbərlər gəlib keçib. Ölsə, yaxud öldürülərsə geri mi dönəcəksiniz”? (Ali İmran, 144) Allaha and içirəm ki, Allah bizi haqqa yönəltdikdən sonra biz heç vaxt geri qayıtmayacağıq. Allaha and içirəm ki, Muhəmməd ölsə və ya qətlə yetirilsə mən sonuna qədər onun öldüyü şey uğrunda döyüşəcəyəm. Vallah mən onun qardaşı, vəlisi, varisi və əmisinin oğluyam. Elə isə kimin məndən ona daha yaxın olduğunu söyləməyə haqqı var”?
Nəsai, “Xəsais”, səhifə 64, hədis 61
Hədisi Təbərani “Mucəm əl-Kəbir”, 25/108 hədis 176-da; Hakim də “Müstədrək”, 3/136, hədis 4635-də eyni sənəd ilə rəvayət etmişdirlər. Hədisin sənədində yer alan bütün ravilər siqa (etibarlı) və sənəd müttəsildir. Hədisi öz kitabında rəvayət edən əl-Heysəmi hədis barədə deyir ki:
رجاله رجال الصحيح
Ricalları “Səhih” -in ricallarıdır.
Heysəmi, “Məcməuz-Zəvaid”, 9/134
Şəkildə gördüyünüz Nəsainin “Həsais” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:
أخبرنا الفضل بن سهل قال حدثنا عفان بن مسلم قال حدثنا أبو عوانة عن عثمان بن المغيرة عن أبي صادق عن ربيعة بن ناجد أن رجلا قال لعلي يا أمير المؤمنين لم ورثت ابن عمك دون عمك قال جمع رسول الله أو قال دعا رسول الله بني عبد المطلب فصنع لهم مدا من طعام قال فأكلوا حتى شبعوا وبقي الطعام كما هو كأنه لم يمس ثم دعا بغمر فشربوا حتى رووا وبقي الشراب كأنه لم يمس أو لم يشرب فقال يا بني عبد المطلب إني بعثت إليكم بخاصة والى الناس بعامة وقد رأيتم من هذه الآية ما قد رأيتم فأيكم يبايعني على أن يكون أخي وصاحبي ووارثي ووزيري فلم يقم إليه أحد فقمت إليه وكنت أصغر القوم سنا فقال اجلس ثم قال ثلاث مرات كل ذلك أقوم إليه فيقول اجلس حتى كان في الثالثة ضرب بيده على يدي ثم قال أنت أخي وصاحبي ووريثي ووزيري فبذلك ورثت ابن عمي دون عمي
Mənə Lütf b. Səhl xəbər verdi, dedi ki: Mənə Əffan b. Müslim danışdı, dedi ki: Əbu Əvanə mənə Osman b. Muğirədən, o Əbu Sadiq, o da Rabia b. Nəciddən danışdı, dedi ki: Biri Əliyə dedi ki: “Ey Möminlərin Əmiri! Necə oldu da əmilərin var ikən Rəsulullah (s)-a nə üçün sən varis oldun”? Əli dedi ki: “Rəsulullah (s) Əbdülmüttəliboğullarını toplayıb onlara ziyafət çəkdi. Onlar da doyana qədər yemələrinə baxmayaraq, yemək sanki heç toxunulmamış kimi eləcə qaldı! Sonra su gətirtdi, doya-doya içdilər. Buna baxmayaraq su sanki heç toxunulmamış kimi qalmışdı! Sonra belə buyurdu: “Ey Əbdülmüttəliboğulları! Mən, xüsusi olaraq sizlərə, ümumi olaraq da bütün insanlara peyğəmbər olaraq göndərildim. Bu möcüzədən gördüklərinizi gördünüz! (İndi söyləyin) Qardaşım, dostum və varisim olmağa qarşılıq, hansınız mənə beyət edəcək”? Heç kəs ayağa qalxmadı! Oradakıların yaşca ən kiçiyi olmama baxmayaraq təkcə mən ayağa qalxdım! Rəsulullah (s) oturmağımı istədi. Bu təklif tam üç dəfə təkrarlandı. Hər dəfə (mənə) “Otur”! Deyirdi. Nəhayət, üçüncü dəfə ayağa qalxanda, mübarək əlini əlimə qoydu, sonra dedi ki: “Sən mənim qardaşım, səhabəm, varisim və vəzirimsən”. Məhz buna görə əmi oğluma, (Rəsulullah (s)-a) digər əmilərim var ikən mən varis oldum”!
Nəsai, “Xəsais”, səhifə 64-65, hədis 62
Hədisi Əhməd b. Hənbəl “Müsnəd”, 1/159, hədis 1371-də eyni sənəd ilə; Təbəri, “Tarixi-Təbəri”, 1/543-də fərqli bir sənəd ilə rəvayət etmişdir. Nəsainin “Həsais” kitabını təhqiq edən Şeyx Əbu İshaq əl-Huveyni bu hədisin zəif olduğunu idda edir amma bu iddasına heç bir dəlil göstərmir. Sadəcə olaraq ravilərdən Rabia b. Nəcid haqqında rical alimi əz-Zəhəbinin “onu tanımıram” sözünü gətirir. Bəs əslində Rabia b. Nəcid kimdir? Həqiqətən tanınmayan, bəlli olmayan bir ravidirmi? Əhli sünnətin rical alimlərindən olan ibn Həcər bu ravi haqqında deyir ki:
ربيعة بن ناجد (1) الازدي ويقال أيضا الاسدي الكوفي
Rabia b. Nəcid əl-Əzdi, (əl-Əsədi də deyilmişdir) əl-Kufi
روى عن علي وابن مسعود وعبادة بن الصامت رضى الله عنهم. وعنه أبو صادق الازدي يقال انه أخوه ذكره ابن حبان في الثقات
Əli, ibn Məsud və Ubadə b. Samit (r.ə)-dan rəvayət etmiş, özündən isə Əbu Sadiq əl-Əzdi rəvayət etmişdir. Əbu Sadiqin qardaşı olduğu söylənmişdir. İbn Hibban onu “əs-Siqat (etibarlı ravilər)” kitabında zikr etmişdir.
قلت: وقال العجلى كوفي تابعي ثقة وقرأت بخط الذهبي لا يكاد يعرف
Mən (ibn Həcər) deyirəm ki: Və İcli onun siqa (etibarlı) Kufəli tabein olduğunu söyləmişdir. Əz-Zəhəbinin öz əl yazısından isə “onu tanımıram” sözünü oxudum.
İbn Həcər, “Təhzib ət-Təhzib”, 3/228, 498-ci ravi
Yəni İcli və ibn Hibban bu ravinin etibarlı olduğunu bildirmişdirlər. Əz-Zəhəbinin “onu tanımıram” sözü isə onun naməlum olduğu demək deyil. Çünki İcli və ibn Hibban kimi Rabia b. Nəcidin dövrünə yaxın zamanlarda yaşayan cərh və tədil alimləri onu tanımış və siqa olduğunu bildirmişdirlər. Əz-Zəhəbi isə ancaq hicri 673-cü ilində (miladi 1274) dünyaya gəlmişdir. Dolayısı ilə əz-Zəhəbinin birbaşa olaraq, heç kimə əsaslanmadan onu tanıması, vəziyyətini bilməsi onsuz da mümkün deyil. Və böyük ehtimal ilə əz-Zəhəbi bu ravinin biografiyasını axtararkən ibn Hibban və İclinin sözlərinə rast gəlməmiş və bu səbəbdən də “onu tanımıram” demişdir. Dolayısı ilə bu hədisin sənədi ən azından həsən dərəcəsindədir. Belə ki, nasibilerin böyük hədis alimlərindən olan əl-Əlbani də “Sünəni ibn Macə” kitabında Əbu Sadiq –> Rabia b. Nəcid — >Ubade b. Samit sənədi ilə rəvayət edilən bir hədis barədə deyir ki:
قال الشيخ الألباني : حسن
Şeyx əl-Əlbani dedi ki: həsən
İbn Macə, “Sünən”, 2/849, hədis 2540
Şəkildə gördüyünüz sünni hədis alimi, Buxari və Müslim başda olmaqla sünnilərin bir çox aliminin müəllimi olan ibn Əbu Şeybənin “Müsənnəf” kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:
حَدَّثَنَا حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ وَاقِدٍ ، حَدَّثَنَا زُهَيْرٌ ، حَدَّثَنَا أَبُو إِسْحَاقَ ، قَالَ : قِيلَ لِقُثَمَ : كَيْفَ وَرِثَ عَلِيٌّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ دُونَكُمْ ؟ قَالَ : ” إِنَّهُ وَاللَّهِ كَانَ أَوَّلُنَا بِهِ لُحُوقًا ، وَأَشَدُّنَا بِهِ لَزُوقًا “
Mənə Əhməd b. Əbdülməlik danışdı, dedi ki: Mənə Zuheyr danışdı, dedi ki: Mənə Əbu İshaq danışdı, dedi ki: Kusəm b. Abbasa deyildi ki: “Necə oldu da sizin aranızdan Əli Rəsulullah (s)-a varis oldu”? Kusəm dedi ki: “Çünki vallah O Rəsulullah (s)-a hamımızdan əvvəl qoşulub və ona bizdən daha çox bağlıydı”.
İbn Əbu Şeybə, “Müsənnəf”, 7/266, hədis 35938
Hədisi Hakim “Müstədrək”, 3/136, hədis 4633-də eyni sənəd ilə rəvayət etmişdir. Hədisin raviləri siqa (etibarlı) və sənədi də müttəsildir. Hədisi öz kitabında rəvayət edən Hakim və onun kitabını təhqiq edən əz-Zəhəbi hədis haqqında deyirlər ki:
هذا حديث صحيح الإسناد و لم يخرجاه
تعليق الذهبي قي التلخيص : صحيح
(Hakim): Bu hədisin sənədi səhihdir lakin rəvayət etmemişdirlər.
Əz-Zəhəbi: Səhih.
Hakim, “Müstədrək”, 3/136, hədis 4633
Hədislərin mətnlərindən aşkar şəkildə göründüyü kimi 3 səhabə (Həzrət Əli, Abdullah b. Abbas və Kusəm b. Abbas) Həzrət Əli (ə.s)-ın Rəsulullah (s)-ın varisi olduğunu bildirməkdədirlər. Əlavə olaraq Həzrət Əli (ə.s) bu mövzuda Rəsulullah (s)-ın sözünü də deyir. 2-ci və 3-cü hədislərdən göründüyü kimi insanlar gəlib Həzrət Əli və Kusəm b. Abbasa “necə oldu da Əli Rəsulullah (s)-ın varisi oldu”? Deyə soruşurlar. Yəni o dövrün insanları (səhabə və tabein) arasında Həzrət Əli (ə.s)-ın Rəsulullah (s)-ın varisi olduğu qəti olaraq bilinirdi.
Vəlhamdulillahi Rabbil aləmin.
(c) saqaleyn.wordpress.com