»»

Allahın haqqı Ömərin dilində qərar verib - iddiasına cavab

İhsan Zahir iddia edir ki, İmam Əlinin (ə) etiqadına görə, Uca Allah haqqı Ömərin dilində və qəlbində qərar vermişdir. Həmçinin Ömərin Peyğəmbərin sözləri ilə danışan şəxs olduğunu düşünürdü. Bu iddiasına dəlil olaraq isə daha böyük bir iddia ortaya atmış, İmamın (ə) Ömərin hətta əhəmiyyətsiz əməl və davranışların addım atmadığını söyləmişdir. İkinci iddiasına Dinəvərinin “Əxbarut-tivar” kitabından nəql etdiyi rəvayəti, Seyyid Mürtəzaya nisbət verdiyi sözləri göstərmiş və şiə kitablarından olduğu iddiası ilə daha üç rəvayətlə bunu təsdiqləməyə çalışmışdır.

İhsan Zahir deyir: “Əlinin (r) etiqadına görə, Allah haqqı Ömərin dilində və qəlbində qərar vermişdi. Onun fikrinə əsasən, Ömər Peyğəmbərin (s) sözləri ilə danışırdı. Bu səbəbdən də, hətta kiçik və əhəmiyyətsiz görünən məsələlərdə belə Ömərin əməl və davranışına zidd addım atmırdı. Şiə Dinəvəri nəql edir ki, (Əli) Kufəyə gəldiyi zaman ona deyilmişdi: “Ey Möminlərin əmiri! Sarayda qalacaqsan?” O isə cavabında “Mənim saraya ehtiyacım yoxdur. Belə ki, Ömər ibn Xəttab buna nifrət edərdi. Mən Rəhbədə qalacağam. Sonra irəliləyib böyük bir məscidə daxil oldu, orada iki rükət namaz qıldı, ardınca Rəhbədə qərarlaşdı”. (Əxbarut-tival, Əhməd ibn Davud Dinəvəri, s. 152)

Həmçinin Fədək barədə söhbət etdikdə Ömərin rəftarının ziddinə addım atmaqdan imtina etmişdir. Seyyid Mürtəza deyir: “Xilafət Əli ibn Əbu Talibə (ə) yetişdikdə Fədək barədə söhbət açaraq dedi: “Əbu Bəkrin qadağan etdiyi, Ömərin də bu qadağanı davam etdirdiyi bir şeyi geri qaytarmağa Allahdan həya edirəm” (“əş-Şafi fil-imamət”, s. 213; həmçinin, Şərhu Nəhcül-Bəlağə, İbn Əbülhədid)

Burada şiə kitablarından daha üç rəvayəti nəql edirik ki, bu iki rəvayətə dəstək xarakteri daşısın.

Birinci: “Həsən ibn Əli ibn Əbu Talibdən (r) belə dediyini nəql edilir: “Əlinin Ömərə zidd addım atdığını xatırlamıram. O, Kufəyə gəldikdə onun (Ömərin) etdiklərindən heç bir şeyi dəyişmədi”. (“ər-Riyazun-nəzirə” Muhib Təbəri, c. 2, s. 85)

İkinci: “Nəcran əhalisi Əlinin yanına gələrək Ömərin onlara qarşı etdikləri rəftardan şikayət etdilər. Əli onlara cavabında dedi: “Ömər dürüst xəlifə olub. Onun etdiyi heç bir şeyi dəyişməyəcəyəm”. (Beyhəqi, c. 10, s. 130; əl-Kamil, İbn Əsir, c. 2, s. 201, Misir çapı; Tarixul-kəbir, İmam Buxari, c. 4, s. 145, Hindistan çapı; Kitabul-xərac, İbn Adəm, s. 23, Misir çapı; Kitabul-əmval, s. 98; Futuhul-buldan, s. 74)

Üçüncü rəvayət: “Əli Kufəyə gəldikdə buyurdu: “Ömərin bağladığı heç bir düyünü açan deyiləm”. (Kitabul-xərac, İbn Adəm, s. 23; həmçinin, Futuhul-buldan, Bəlazuri, s. 74, Misir çapı)

Bütün bunların səbəbi Əlinin Öməri Peyğəmbər hədislərindən ilham alan və harada olsa ətrafında haqqın dövr etdiyi şəxs kimi görməsindən irəli gəlir”. (Şiə və Əhli-Beyt, s. 98-99)

Cavab

Bu iddialar obyektivlikdən tam uzaq və böyük Əhli-Sünnə alimlərinin etiqadlarına ziddir. Onlardan heç biri Möminlərin əmiri Əlinin (ə) Öməri Peyğəmbər (s) hədislərindən ilham alan və harada olsa ətrafında haqqın dövr etdiyi şəxs kimi gördüyünü iddia etməmişdir!
İhsan Zahir özü də bu böyük iddiasına heç bir dəlil təqdim etməmişdir. Burada yalnız öz gümanına əsasən söylədiyi “hətta kiçik və əhəmiyyətsiz görünən məsələlərdə belə Ömərin əməl və davranışlarına zidd addım atmırdı” iddiasına “dəlil” göstərir. Bunlar həqiqətdə dəlil hökmündə deyil, növbəti yeni bir iddiadır. Haqqın Ömərin dilində və qəlbində qərar verildiyi iddiasına da İmamın (ə) onun rəftar və əməlinə xilaf addım atmadığını dəlil göstərir. Bunlar qəribəliyin son həddidir!

İmam Əlinin (ə) hətta kiçik və əhəmiyyətsiz məsələlərdə belə Ömərin əməl və rəftarına zidd addım atmadığı iddiasına göstərdiyi dəlilə gəldikdə, onların heç biri dəlil və höccət səlahiyyətində deyil. Nə üçün:

Birinci: Dinəvərinin rəvayəti

Əbu Hənifə Əhməd ibn Davud Dinəvəri deyir: “Elm əhlinin keçmişlə bağlı xəbərlərini ehtiva edən kitablarında Adəmin (ə) məskunlaşdığı yerin Hərəm olduğunu oxudum...” Sonra deyir: “Deyirlər ki, onun Kufyə gəlişi bazar ertəsi günü, hicri 36-cı ilin rəcəb ayının 12-sində olub. Ona deyildi: “Ey Möminlərin əmiri! Sarayda qalacaqsan?” O isə cavabında “Mənim saraya ehtiyacım yoxdur. Belə ki, Ömər ibn Xəttab (r) buna nifrət edərdi. Mən Rəhbədə qalacağam”. Sonra irəliləyib böyük bir məscidə daxil oldu, orada iki rükət namaz qıldı, ardınca Rəhbədə qərarlaşdı”. 1145

Bu rəvayəti Ömərin hətta kiçik və əhəmiyyətsiz hərəkətlərində belə ona zidd addım atmadığına dəlil göstərmək bir neçə cəhətdən yanlışdır:

Birinci: Mürsəl (sənədsiz) rəvayət olduğuna görə; Rəvayət sənədli şəkildə yalnız bu əlavələr olmadan rəvayət də edilib.1146 Nəsr ibn Məzahim Minqəri (vəfatı: h.q 212) “Vaqətu Siffin” kitabında yazır: “Əli ibn Əbu Talib Bəsrədən Kufəyə gəldikdə bazar ertəsi günü, hicri 36-cı ilin rəcəb ayının 12-si idi. Allah ona yardım etmiş və düşmənlər qarşısında qalib qərar vermişdi. Onunla bərabər böyük şəxsiyyətlər və Bəsrə əhil də Kufəyə gəlmişdilər. Aralarında qarilər və görkəmli şəxslər olan Kufə əhlindən böyük bir izdiham onu qarşılayıb təbrik etdilər. Dedilər: “Ey Möminlərin əmiri! Harada məskunlaşacaqsan? Sarayda qalacaqsan?” O isə cavabında “Xeyr, mən Rəhbədə oturacağam”. Rəhbəyə gedib orada özünə yer seçdi, sonra məscidə daxil olub iki rükət namaz qıldı”. 1147

Bunu ondan İbn Əbülhədid (vəfatı: h.q 656) “Şərhu Nəhcül-Bəlağə”də 1148, Əllamə Məclisi (vəfatı: h.q 1111) isə “Biharul-ənvar” 1149 kitabında nəql edib.

Həmçinin Əhməd ibn Əsəm Kufi (vəfatı: h.q 314) “Kitabul-futuh”1150 əsərində də buna yer verib.

Bu, həmin əlavənin Dinəvəri tərəfindən artırılmış olduğunu göstərir. Bunu təsdiqləyən digər bir amil isə İmamın (ə) Kufəyə daxil olma hadisəsini yazan seyr və tarix əhlindən heç birinin bu əlavəni qeyd etməməsidir.

İkinci: Əbdürrəhman ibn Ovfun Ömərin xəlifə seçimi üçün yaratdığı şurada İmama (ə) beyət üçün şərt qoyduğu “ilk iki xəlifənin rəftarına uyğun rəhbərlik etmək” tələbinə zidd olması; İmam Əli (ə) xilafətin əldən gedəcəyinə rəğmən bu şərti qətiyyətlə rədd etmişdi. İbn Həcər deyir: “Əbdürrəhman ibn Ovf başçılığı üzərinə götürdükdə xəlifəliyi Əliyə təklif etdi. Lakin Əli bəzi şərtlərlə razılaşmadı. Osmana təklif etdikdə isə o, razılaşdı. Bunu Asim ibn Bəhdələnin Əbu Vaildən nəql etdiyi rəvayət də təsdiqləyir. Deyir: “Əbdürrəhman ibn Ovfdan Əlini kənarda qoyub Osmana necə beyət etdiklərini soruşdum, dedi: “Mənim bunda günahım yoxdur. Əliyə təklif edib dedim: “Allahın kitabı, Peyğəmbərin (s) sünnəsi, Əbu Bəkr və Ömərin üslubuna əsaslanacağın təqdirdə sənə beyət edirəm”. O isə “Bacardığım qədər...” deyə cavab verdi. Ardınca Osmana təklif etdim, o bu şərtləri qəbul etdi”. 1151

Həmçinin Təlhə ilə Zübeyrin İmama (ə) beyətlərini pozmalarına və ona qarşı savaşa çıxmalarına göstərdikləri bəhanələrdən biri də məhz ilk iki xəlifənin idarəçilik üslubundan uzaqlaşması idi. 1152

Əbdürrəzzaq “əl-Müsənnəf”də Muhəmməd ibn Abdullah sənədi ilə Həkəm ibn Üteybənin belə dediyini nəql edir: “Əli, övlad sahibi kölə barəsində Ömərin hökmünə zidd addım atdı. Belə ki, o qadın ağası üçün uşaq dünyaya gətirdikdə azad olunmurdu”. 1153

Həmçinin mütə nikahı, Nisa təvafı və heç kimin inkar etmədiyi bir çox digər məsələlərdə İmam (ə) Ömərin rəftarının əksinə addım atıb.

Üçüncü: Dinəvərinin rəvayətinin İmamiyyə şiələri üçün dəlil olmaq səlahiyyəti yoxdur; Belə ki, Dinəvərinin Hənəfi məzhəbinin alimlərindən olduğu isbatlanmışdır. Bəziləri onu hətta Hənəfilərin böyük alimlərindən hesab etmişlər. “Siyəru əlamin-nübəla” kitabında onun tərcümeyi-halında Zəhəbi yazır: “Əbu Hənifə: əllamə, bir çox elm sahibi, Əbu Hənifə Əhməd ibn Davud Dinəvəri Nəhvi, İbn Sikkitin şagirdidir... Hicri 282-ci il cəmadil-əvvəl ayında vəfat edib. Onun “ən-Nəbat” adlı böyük məcmuəsi, “əl-Ənva” və digər kitabları var. Hənəfi məzhəbinin böyük alimlərindən olduğu da deyilib”.1154

Təqi Ğəzzi “ət-Təbəqatus-sünniyyə fi təracimil-hənəfiyyə” kitabında da onun adını qeyd edib.1155

İkinci: Seyyid Mürtəzanın sözləri

İhsan Zahirin Seyyid Mürtəzanın “əş-Şafi fil-imamət” kitabına nisbət verdiyi “Xilafət Əli ibn Əbu Talibə (ə) yetişdikdə Fədək barədə söhbət açaraq dedi: “Əbu Bəkrin qadağan etdiyi, Ömərin də bu qadağanı davam etdirdiyi bir şeyi geri qaytarmağa Allahdan həya edirəm” sözləri açıq-aşkar saxtakarlıq və təhrifdir. Bu barədə əvvəlki bəhslərdə söhbət açmışıq. 1156

Üçüncü: Muhib Təbərinin rəvayəti

Muhib Təbəri “ər-Riyazun-nəzirə” kitabında yazır: “Şəbidən nəql edilir ki, Əli Nəcran əhlinə dedi: “Ömər dürüst xəlifə idi, onun etdiklərindən heç bir şeyi dəyişməyəcəyəm”.

Yenə də onda rəvayət edilir ki, Əli Kufəyə daxil olduqda dedi: “Ömərin bağladığı heç bir düyünü açan deyiləm”.

Həsən ibn Əlidən rəvayət edilir: “Əlinin Ömərə zidd addım atdığını xatırlamıram. O, Kufəyə gəldikdə onun (Ömərin) etdiklərindən heç bir şeyi dəyişmədi”. 1157

Buradakı dəlili “Həsən ibn Əlidən rəvayət edilir: “Əlinin Ömərə zidd addım atdığını xatırlamıram. O, Kufəyə gəldikdə onun (Ömərin) etdiklərindən heç bir şeyi dəyişmədi” sözləridir. Bu rəvayətdən öz iddiasına dəlil kimi istifadə etməsi bir neçə yöndən yanlışdır:

Birinci: Rəvayət mürsəldir (sənədsizdir); Həmçinin İmamın (ə) ilk iki xəlifənin rəftarının xilafına hərəkət etdiyinə dair isbatlanmış dəlillərə (ilk iki xəlifənin rəftarının şərt kimi irəli sürüldüyü xəlifəliyi qəbul etməkdən boyun qaçırmasına, Təlhə və Zübeyrin zidd rəftarı bəhanə edərək İmama (ə) beyətlərini pozaraq ona qarşı savaşa çıxmalarına, eləcə də İmamın (ə) övlad sahibi kölə qadın, mütə nikahı, Nisa təfavı kimi bir çox məsələdə Ömərin rəftarının ziddinə addım atmasına) ziddir.

İkinci: Muhib Təbərinin rəvayəti İmamiyyə şiələri üçün əsla dəlil sayılmaz; Belə ki, onun Şafei şeyxlərindən və öz zamanında Hicaz hədisçilərindən olduğu isbatlanmışdır. Zəhəbi onun tərcümeyi-halı barədə “Tarixul-İslam”, “Təzkiratul-huffaz”da,1158 Səfidi “əl-Vafi bil-vəfayyat”da,1159 Sübki “Təbəqatuş-Şafeiyyə”də,1160

Yafii “Miratul-cinan”da 1161 və s. kitablarda bunu qeyd etmişlər. Zəhəbi “Tarixul-İslam”da yazır: “Əhməd ibn Abdullah ibn Muhəmməd ibn Əbu Bəkr ibn Muhəmməd ibn İbrahim, Hərəmin şeyxi, Muhibbuddin Əbülabbas Təbəri Məkki Şafei, fəqihdir... Fəqih olmuş, dərs almış, fətva vermişdi. Şafei şeyxi və Hicaz hədisşünası idi”.1162

Üçüncü: “ər-Riyazun-nəzirə fi mənaqibil-əşəra” kitabı Əhli-Sünnə etiqadına əsasən, cənnətlə müjdələnmiş on nəfərin tərcümeyi-halı olaraq qələmə alınmış və şiələrinin onlar barəsindəki iradlarına rəddiyyə xarakteri daşıyır. Bunu müəllif özü də kitabının müqəddiməsində açıq bəyan edib. Orada yazır: “İzzət və Cəlal sahibi Allah Peyğəmbəri üçün səhabələr seçmiş, onların məxluqların ən xeyirliləri qərar vermiş və onlardan on nəfər ən möhtərəmini digərlərindən üstün tutmuşdur. Peyğəmbərin (s) həyatı boyunca ona olan məhəbbətlərindən, birgəyaşayışlarından və ona qucaq açmalarından Allah razı qalmış, ehtirama səbəb olacaq xüsusiyyətlərlə onlara üstünlük bəxş etmiş və bir addım öndə olmaqla səadətə qovuşdurmuşdur.

(Eyni zamanda) heç də onlarda olmayan xüsusiyyətləri onlara nisbət verən, ayrı-ayrı şəxslərində nöqsanlar göstərən, onları özlərində olmayan sifətlərlə vəsf edən kəsləri də bədbəxtliyə düçar etmişdir. Ədaləti məlum olan şəxsləri öz güman və zənlərinə əsaslanıb fasiq bilmiş, Allahın və rəsulunun razı olduğu kimsələri öz cəhalətləri ilə alçaltmaq istəmişlər. Onları öz böyük böhtan və qınaqlarının hədəfinə çevirmişlər. Halbuki Qurani-Kərimin ayələri onları mədh edir. Məlik və Cəlil olan Allah buyurur: “Muhəmməd (s) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər... Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki...” (“əl-Fəth”, 29).

Məgər onların bu vəsflərdən uzaqlaşdıqlarını, bu vəsfin onlardan götürüldüyünü və ya onlardan başqasına şamil olduğunu gördünmü? Yaxud səhabələrin kafirlərə qarşı sərt olmadığını və Peyğəmbərə (s) yardım etmədiklərini iddia etmək olar? Ya da deyilə bilərmi ki, səhabələrdən hansısa biri Peyğəmbərlə (s) olmayıb. Müsəlman və imanlı olmaq istəyən şəxsin bunu ilk qəbul etmiş şəxslərdən üstün olması, onlardan daha çox fəzilətdən pay aparması qeyri-mümkündür. Yaxud da, onlar bu sifətləri Peyğəmbərin (s) vəfatından sonra itirdilər, onlardan gözlənilən əməllərin xilafına rəftar etdilər deyilə bilməz. Çünki qəti dəlillər bunu rədd və belə düşüncəni qadağan edir. Uca Allah buyurur...

Məsələnin belə olmasından Allaha pənah aparırıq. Uca Allah da Öz Peyğəmbəri (s) üçün bu cür səhabələr seçməkdən pak və münəzzəhdir. Onlar barəsində söylənmiş zahirən ziddiyyətli məsələlərlə bağlı hüsnü-zənnə etiqad bəsləməmiz vacibdir.

Başqa cür necə ola bilər axı! Aşkar dəlillər, Kitab və sünnənin qəti dəlilləri buna hökm edir, Peyğəmbərin (s) onları cənnətlə müjdələməsi bunu bir daha təsdiqləyir. Əlbəttə, necə də olmasın! Peyğəmbər (s) onların gələcəkdə edəcəkləri əməllərindən xəbərdar idi. Onların aralarındakı münasibətləri və onlardan zahir olacaq bir çox əməlləri əvvəlcədən bildirmişdi. Nəticədə onları söyməyi qadağan etmiş, onları müzakirə etməkdən çəkindirmiş və sevməyi əmr etmişdir.

Axmaq cahil hara, onlar hara?! Peyğəmbər (s) onların bağışlanacağını bildirib. Özünü korluğa qoymuş şəxs onlar barədəki yozumları necə görə bilər?! Peyğəmbərin (s) bu sözünü necə təhrif edə bilər: “Əgər sizdən kimsə Ühüd dağı qədər qızılı ehsan edib xərcləsə, nə onların birinin sahib olduğunu və nə də onun yarısını əldə edə bilməz”. Allaha həmd olsun ki, bizi bu böyük bədbəxtlikdən xilas edib, onları sevməyi və doğru yollarında olmağı nəsib edib.

Yenə də Allaha həmd olsun ki, onların fəzilətlərini, ali dərəcələrini, şərəfli qədir-qiymətlərini, böyük üstünlüklərini və ümumi fəxr doğuran keyfiyyətlərini müxtəsər, nəzər yetirən şəxs üçün asanlıq yaratmaq məqsədilə sənədsiz şəkildə bu qələmə alınmış kitabda toplamağı bizə ilham və nəsib etdi...

Burada mən, yalnız mənbə olaraq böyük müəlliflərdən bizə nəql olunmuş, altından qırmızı xətt çəkilmiş rəvayətləri toplamışam. Bu mənbələrdən Əhməd ibn Hənbəlin “Müsnəd”i, Nəsainin “əs-Sünənul-kubra”sı...” 1163

Ardınca müəllif müraciət etdiyi mənbələri sadalayır. Bütün bunlar Əhli-Sünnə mənbələri və onların kitablarıdır.

Bütün bunlarla bərabər, İhsan Zahir Muhib Təbərinin şiə olduğunu necə güman edə bilər ki, onun kitabındakı rəvayəti şiələrə də dəlil göstərin?! Tutaq ki, onun sünni olduğuna şəkk etsək, bəs qələmə aldığı “ər-Riyazun-nəzirətu fi mənaqibil-əşəra” kitabının Əhli-Sünnənin səhabə haqqındakı etiqadına uyğun yazıldığına, oradakı rəvayətlərin bütünlüklə Əhli-Sünnə mənbələrinə istinad edildiyinə necə şəkk edək?! Halbuki bu mənbələri müəllif özü kitabının müqəddiməsində də sadalayır!

Dördüncü: Beyhəqinin, İbn Əsirin, Buxarinin, İbn Adəmin, İbn Səllamın və Bəlazurinin rəvayətləri

Beyhəqi “Sünən”də, İbn Əsir “əl-Kamilu fit-tarix”, Əbu Übeydə “əl-Əmval”, Bəlazuri “Futuhul-buldan” kitablarında və digər kitablarda Əməşin vasitəsilə Salim ibn Əbülcədədən rəvayət edirlər: “Əgər Əli (r) Öməri (r) bir gün də olsa pisləsəydi Nəcran əhli onu hər gün pisləyərdilər. Əli (r) Peyğəmbərlə (s) Nəcran əhlinin arasında məktublaşmaları yazan şəxs idi. Ömərin (r) xilafəti zamanı onların sayı olduqca artmışdı, camaat onlardan qorxmağa başlayırdı. Arasında fikir ayrılığı düşdü. Ömərin (r) yanına gələrək başçılarını dəyişməsini istədilər. Ömər də bunu etdi”.

Deyir: “Sonra peşman oldular, aralarında razılaşmaqdan boyun qaçırdılar və onun istefasını istədilər, Ömər isə onu işdən çıxarmaqdan imtina etdi. Əli (r) xəlifə olduqda onun yanına gəlib yenidən hökm verməsini istədilər. Əli (r) dedi: “Vay olsun sizə, həqiqətən də Ömər dürüst xəlifə idi”. 1164

Bunu Beyhəqi həmçinin “Sünən”də və Buxari “ət-Tarixul-kəbir”də Əta ibn Müslim Hələbinin vasitəsilə Saleh ibn Saleh Əsədidən, o da Əbdu Xeyrdən nəql edir: “Allaha and olsun ki, Ömərin (r) qərar verdiyi heç bir şeyi dəyişdirməyəcəyəm. Həqiqətən də Ömər (r) dürüst xəlifə idi”. 1165

İbn Adəm bunu “əl-Xərac”da Şəbidən mürsəl (sənədsiz) olaraq rəvayət edib. 1166

İhsan Zahirin bu sözləri İmamın (ə) ən kiçik və əhəmiyyətsiz məsələlərdə belə Ömərin rəftarına xilaf addım atmadığı iddiasına dəlil göstərməsi bir neçə cəhətdən batildir:

Birinci: Beyhəqi, İbn Əsri, Buxari, Bəlazuri, İbn Adəm və Qasim ibn Səllam Əhli-Sünnənin böyük alimləri və hədis hafizləridir. Onlardan bir neçəsinin tərcümeyi-halını təqdim etmişik. Necə ki, Bəlazurinin tərcümeyi-halını Zəhəbi “Siyəru əlamin-nübəla”da 1167 və Təqi Ğəzzi “ət-Təbəqatus-sünniyətu fi təracimil-hənəfiyyə” 1168 kitabında qeyd ediblər.

İbn Həcər İbn Adəmin tərcümeyi-halında deyir: “Yəhya ibn Adəm ibn Süleyman Kufi, Əbu Zəkəriyyə, Bəni-Üməyyənin azad olunmuş köləsi, etibarlı, fəzilətli və hədis hafizidir. Doqquzuncu təbəqənin böyüklərindəndir”. 1169

Zəhəbi onun tərcümeyi-halında yazır: “Yəhya ibn Adəm ibn Süleyman Əməvi, onların (Əməvilərin) azad olunmuş köləsidir, kufəlidir, künyəsi Əbu Zəkriyyədir, alim şəxslərdən biridir”. 1170

İbn Həcər Qasim ibn Səllamın tərcümeyi-halında yazır: “Qasim ibn Səllam Bağdadi, Əbu Übeyd, məşhur imamdır, etibarlı və fəzilət şəxsdir, onuncu təbəqədəndir, kitab müəllifidir”. 1171

Həmçinin Zəhəbi onun tərcümeyi-halında deyir: “Qasim ibn Səllam Əbu Übeydə Bağdadi, bir çox kitabın müəllifidir... əllamə və etibarlı şəxsdir”. 1172

Bu alim və hədis hafizlərinin məsələsi məlumdur və əsla gizli deyil. Həmçinin rəvayət də Əhli-Sünnənin rəvayətidir. Onu şiəyə dəlil göstərmək yersizdir.

İkinci: Əbdu Xeyrin rəvayəti isə ravilərin arasında Əta ibn Müslimin varlığı səbəbindən zəifdir. İbn Həbban onu “Kitabul-məcruhin”də qeyd edərək deyir: “Kitabları basdırıldı, ondan sonra hədis danışmağa başladı. Öz xəyalına uyğun sözlər danışır, xəta edir, hədislərində inkar olunan şeylər çox olurdu. Hədislərini dəlil göstərmək puçdur. Yalnız etibarlı (siqə) şəxslərin söylədiklərinə uyğun olan sözləri istisnadır”. 1173

Mizzi deyir: “Müaviyə ibn Saleh Yəhya ibn Muinə istinadən deyir: “Onda bir müşkül yoxdur. Hədisləri inkar olunur...” Əbu Hatəm deyir: “Yusuf ibn Əsbat kimi əməlisaleh şeyx olub. Kitabları basdırılmışdı, hədisləri təsdiqlənmir, güclü ravi deyil”. Əbu Übeyd Aciri Əbu Davuda istinadən deyir: “Zəif ravidir”. 1174

Şəbinin rəvayəti də mürsəldir (sənədsizdir).

Salim ibn Əbülcədənin rəvayəti isə iddiadan daha xüsusi mənadadır. Belə ki, iddia İmam Əlinin (ə) kiçik və əhəmiyyətsiz məsələlərdə belə Ömərin rəftarlarına zidd hərəkət etmədiyidir. Halbuki Salimin rəvayətindən anlaşılır ki, İmam (ə) Ömərin Nəcranlılar barədəki hökmünü qüvvədə saxlayır.
Heç kəs iddia edə bilməz ki, İmam (ə) Ömərin bütün verdiyi hökmlərə qarşı çıxıb və ya onları rədd edirdi. İmam (ə) bu hadisədə hökmü qüvvədə saxlayır. Niyə də olmasın? Belə ki, Ömər bir çox qərarlarını məhz İmam Əlinin (ə) məsləhəti ilə almışdı.

İmam Əlinin (ə) Ömərin verdiyi bəzi hökmləri qüvvədə saxlaması əsla İhsan Zahirin iddiasına dəlalət edə bilməz. Belə ki, İslam dini də cahiliyyət dövrünün bəzi hökmlərini qüvvədə saxlamışdı.

Üçüncü: Məlum və sübuta yetmiş faktdır ki, İmam (ə) Əbdürrəhman ibn Ovfun beyət təklifi zamanı ilk iki xəlifənin rəftarına uyğun davranmağı rədd etmişdi. Həmçinin Cəməl müharibəsində qarşı tərəfin bəhanələrindən biri də məhz İmam Əlinin (ə) ilk iki xəlifənin hakimiyyət üslubundan uzaqlaşması idi. Eləcə də İmamın (ə) övlad sahibi kölə qadın, mütə nikahı, Nisa təvafı və s. bu kimi bir çox məsələlərdə Ömərin hökm və qaydalarına xilaf çıxdığı məlumdur.

Beşinci: İbn Adəm və Bəlazurinin rəvayəti

İbn Adəm “əl-Xərac” kitabında Həccacdan, bir neçə şəxsin vasitəsilə Şəbidən rəvayət edir: “Əli (r) Kufəyə gəldiyi vaxt dedi: “Ömərin bağladığı heç bir düyünü açan deyiləm”. 1175

Bunu həmçinin İbn Əbu Şeybə “əl-Müsənnəf”də də qeyd edib. 1176

Bu rəvayətləri İhsan Zahirin öz iddiasına dəlil göstərməsi bir neçə cəhətdən batildir. Çünki:
Bu rəvayətin hökm qüvvəsi yoxdur, belə ki, Həccac tərədindən mürsəl (sənədsiz) nəql edilir, o isə saxtakar olub və rəvayəti məlum olmayan bir neçə şəxsə istinad edir. 1177 Həmçinin Şəbi tərəfindən də mürsəldir.

İhsan Zahirin oxucunu azdırmaq cəhdi

İhsan Zahirin əvvəlki iki rəvayəti təsdiq üçün təqdim etdiyi sonrakı üç rəvayət və bunların şiə mənbələrindən olduğu ağlasığmazdır. Şübhəsiz ki, o, bütün bu rəvayətləri Əhli-Sünnə mənbələrindən nəql edib. Lakin buna baxmayaraq, öyünərək deyir: “Burada şiə kitablarından daha üç rəvayəti nəql edirik ki, bu iki rəvayətə dəstək xarakteri daşısın”.

Şübhə yoxdur ki, o, bu üç rəvayəti, özünün də kitabın haşiyəsində qeyd etdiyi kimi, Muhib Təbəri, Beyhəqi, İbn Əsir, Buxari, İbn Adəm, Əbu Übeydə ibn Səllam, Bəlazuri kimi Əhli-Sünnə müəlliflərinin kitablarından götürüb. Oxucunun ağıl və düşüncəsinə İhsan Zahir kimi xor baxan və saymamazlıq göstərən varmı?!

Həmçinin “ər-Riyazun-nəzirə”dəki cümlələri götürərək özünə nisbət verir və həmin rəvayətlərin şiə kitabından olduğunu iddia edir. Bununla da özünü təhqiqatçı kimi göstərməyə çalışır. Muhib Təbəri “ər-Riyazun-nəzirə” kitabında deyir: “Şəbidən Əlinin Nəcran əhlinə belə dediyi nəql olunur: “Ömər həqiqətən də dürüst xəlifə idi. Mən onun hökmlərindən heç nəyi dəyişən deyiləm”. 1178 Ondan yenə də nəql olunur ki, Əli Kufəyə daxil olduqda dedi: “Ömərin bağladığı heç bir düyünü açan deyiləm”. 1179 Həsən ibn Əli deyir: “Əlinin Ömərə zidd addım atdığını xatırlamıram. O, Kufəyə gəldikdə onun (Ömərin) etdiklərindən heç bir şeyi dəyişmədi” 1180. 1181

Demək bu rəvayətləri şiə kitablarından götürməyib. Belə ki, şiə mənbələrində bu rəvayətlərin heç biri mövcud deyil. Bunların hamısı Muhib Təbərinin “ər-Riyazun-nəzirə” kitabından götürüb. Əhli-Sünnə kitablarında bu cür hədislərin olmasında heç bir qeyri-adilik yoxdur. Lakin İhsan Zahir bunları bizim özümüzə höccət və dəlil bilməyimizi istəyir. Bu rəvayətlər bizim hədis yollarımızla (bizim ravilərimiz tərəfindən) nəql edilməyib. Eləcə də bu rəvayətlərə işarə edən heç bir şiə mənbəyi də yoxdur. Yalnız İhsan Zahir kimi bir saxtakar bunu iddia edə bilər!

 

1145 Əxbarut-tival, Dinəvəri, s. 151-152
1146 “Belə ki, Ömər ibn Xəttab (r) buna nifrət edərdi” sözləri orada yoxdur.
1147 Vaqətu Siffin, Nəsr ibn Məzahim Minqəri, s. 3
1148 Şərhu Nəhcül-Bəlağə, İbn Əbülhədid
1149 Biharul-ənvar, Əllamə Məclisi, c. 32, s. 354
1150 Kitabul-futuh, Əhməd ibn Əsəm Kufi, c. 2, s. 491
1151 Fəthul-Bari, c. 13, s. 170-171
1152 Bax: Tarix, Xəlifə ibn Xəyyat, s. 136; eləcə də həmin dövrün və Cəməl savaşının hadisələrini təfsilatı ilə qeyd etmiş “Tarixu mədinəti Diməşq”, Təbərinin “Tarix”i, “Tarixu Bağdad” kimi mənbələr.
1153 əl-Müsənnəf, Əbdürrəzzaq Sənani, c. 7, s. 291, hədis 13221, “Uşaq sahibi kölələrin satılması” fəsli
1154 Siyəru əlamin-nübəla, Zəhəbi, c. 13, s. 422
1155 ət-Təbəqatus-sunniyyə fi təracimil-hənəfiyyə, Təqi Ğəzzi, c. 1, s. 104
1156 Bax: üçüncü bab, birinci fəsil, birinci bəhs, “İmam Əlinin (ə) xilafəti dövründə Fədək” başlığı
1157 ər-Riyazun-nəzirətu fi mənaqibil-əşəra, Muhib Təbəri, c. 1, s. 188
1158 Zəhəbi deyir: “Muhib – imam, hədisşünas, müftidir. Muhibbuddin Əbülabbas Əhməd ibn Abdullah ibn Muhəmməd ibn Əbu Bəkr Təbəri, sonra Məkki Şafei... Fəqih olmuş, dərs almış, fətva vermişdi. Şafei şeyxi və Hicaz hədisşünasıdır”. (Təzkiratul-huffaz, c. 4, s. 1471-1475)
1159 Səfidi deyir: “Qazi Muhibbuddin Təbəri Şafei: Əhməd ibn Abdullah ibn Muhəmməd ibn Əbu Bəkr ibn Muhəmməd ibn İbrahim, Hərəmin şeyxidir. Muhibbuddin Əbülabbas Təbəri Məkki Şafei, fəqih... dərs almış, fətva vermişdi. Şafei şeyxi və Hicaz hədisşünasıdır”. (əl-Vafi bil-vəfayat, c. 7, s. 90-91)
1160 Sübki yazır: “Əhməd ibn Abdullah ibn Muhəmməd ibn Əbu Bəkr ibn Muhəmməd ibn İbrahim, hafizdir, Əbülabbas Muhibbiddin Təbəri, sonra Məkkidir. Hərəmin şeyxi, Hicaz hədisşünasıdır...” (Təbəqatuş-şafeiyyətil-kubra, c. 8, s. 9)
1161 Yafii deyir: “Muhib Təbəri orada da vəfat etdi. Hərəmin şeyxi, imam, əllamə, hədis hafizi, bir çox kitabın müəllifidir, məşhur fəzilətlərə malikdir, Əbülabbas Əhməd ibn Abdullah ibn Muhəmməd ibn Əbu Bəkr Məkki Şafei... öz dövründə Hicaz hədisşünası və orada Şafei şeyxlərindən biri idi”. (Miratul-cinan, c. 2, s. 227)
1162 Tarixul-İslam, Zəhəbi, c. 52, s. 210-211
1163 ər-Riyazun-nəzirətu fi mənaqibil-əşəra, Muhib Təbəri, c. 1, s. 1-5, müqəddimə
1164 Sünən, Beyhəqi, c. 10, s. 120, hədis 20162, “Hakimlərdən ictihad edən və sonra hökmü dəyişdirilənlər” fəsli; Kiabul-əmval, Qasim ibn Səllam, c. 1, s. 266, hədis 247; əl-Kamilu fit-tarix, İbn Əsir, c. 2, s. 294; Futuhul-buldan, Bəlazuri, c. 1, s. 79, hədis 205
1165 Sünən, Beyhəqi, c. 10, s. 120, hədis 20161, “Hakimlərdən ictihad edən və sonra hökmü dəyişdirilənlər” fəsli; ət-Tarixul-kəbir, Buxari, c. 8, s. 145, rəqəm 2506
1166 Kitabul-xərac, Yəhya ibn Adəm, c. 1, s. 22, hədis 31
1167 Bax: Siyəru əlamin-nübəla, Zəhəbi, c. 13, s. 422
1168 Bax: ət-Təbəqatus-sünniyyə fi təracimil-hənəfiyyə, Təqi Ğəzzi, c. 1, s. 104.
1169 Təqribut-təhzib, İbn Həcər, c. 2, s. 296
1170 əl-Kaşif, Zəhəbi, c. 2, s. 128
1171 Təqribut-təhzib, İbn Həcər, c. 2, s. 19
1172 əl-Kaşif, Zəhəbi, c. 2, s. 360
1173 Kitabul-məcruhin, İbn Həbban, c. 2, s. 131
1174 Təhzibul-kəmal, Mizzi, c. 20, s. 104-106 (və ya 1104-1106), rəqəm 3940
1175 əl-Xərac, İbn Adəm Qüreşi, c. 1, s. 23, hədis 32.
1176 əl-Müsənnəf, İbn Əbu Şeybə, c. 6, s. 357, hədis 32005, “Ömər ibn Xəttabın fəziləti barədə qeyd edilənlər”.
1177 əl-Müsənnəf, İbn Əbu Şeybə, c. 6, s. 357, hədis 32005, “Ömər ibn Xəttabın fəziləti barədə qeyd edilənlər”.
1178 Təhzibul-kəmal, c. 5, s. 425, rəqəm 1112.
1179 İhsan Zahirin nəql etdiyi üçüncü rəvayət.
1180 İhsan Zahirin nəql etdiyi birinci rəvayət.
1181 ər-Riyazun-nəzirə, Muhib Təbəri, c. 1, s. 188

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 2, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе