»»

Şiə alimi Kaşiful-ğita İmam Əlinin (ə) iki xəlifəyə öz xoşu ilə beyət etdiyini deyib?

İhsan Zahir deyir:

“Bunu sonrakı dövrlərin alimi, şiələrin imamı Muhəmməd Hüseyn Al Kaşiful-ğita adlandırdıqları alimi aşağıdakı sözləri ilə təsdiq edir: “Peyğəmbər (s) bu dünyadan əbədiyyət yurduna köçdükdə səhabələr Əlinin xəlifəliyə münasib olmadığını düşündülər. Bu düşüncə ya onun yaşının azlığına, ya da Qüreyşin peyğəmbərlik və xilafəti Bəni-Haşimin əlində cəmləmək istəmədiyinə görə idi...”

Sonra deyir: “Ardınca Əli, birinci və ikinci xəlifənin tövhid kəlməsinin yayılması, ordunun təchizatı, fəthlərin genişləndirilməsi uğrunda səy və cəhdlərini, özbaşınalıq etmədiklərini və mənimsəmədiklərini görüb beyət etdi və sülh yaratdı”. 702

Müzakirə

Kaşiful-ğitanın kitabındakı sözlərinin tam mətnini oxumayan şəxs həqiqətən də İmam Əlinin (ə) Əbu Bəkr və Ömərin xilafətindən razı olduğunu ifadə etdiyini düşünə bilər. Lakin kitabdakı mətnə müraciət etdikdə İhsan Zahirin iddiasının tam əksi ilə qarşılaşacaq. Orada İmam Əli (ə) buyurur: “Şəriət sahibi (Peyğəmbər) bu toxumlar (xilafət vəsiyyəti) barədə əhd aldı. Bunu şiələrdən əlavə, əhli-sünnənin də məşhur hədis imamlarının və alimlərinin nəql etdikləri kəlmələrindəki pak və şirin su ilə suvardı. Onların əksəriyyəti “Səhih” kitablarda qeyd olunur. Peyğəmbər (s) buyurur: “Əlinin mənə nisbəti Harunun Musaya olan nisbətidir” 703; “Səni yalnız mömin sevər və münafiqdən başqası sənə nifrət bəsləməz” 704; “Quş” hədisində “İlahi, ən çox sevdiyin bəndəni yanıma (bu quşu mənimlə birlikdə yeməyə) göndər” 705; “Sabah bayrağı elə bir şəxsə verəcəyəm ki, Allahı və rəsulunu sevir, həmçinin Allah və rəsulu da onu sevir” 706; “Sizin aranızda iki ağır əmanət qoyuram: Allahın kitabı və itrətim olan Əhli-Beytim” 707; “Əli haqq ilə, haqq da Əli ilədir” 708. Və eləcə də bir çox digər hədislər ki, məqsədimiz bu kitabda onları saymaq və sənədlərini isbat etmək deyil. Bu mövzuda şiə alimlərinin kitabları kifayət qədərdir. Gözəl alimimiz Seyyid Hamid Hüseyn Luknahuri “Əbəqatul-ənvar” adlandırdığı, hər bir cildi Buxarinin “Səhih”i qədər olan, həcmi on cildi aşan əsərində həmin hədislərin sənədlərinin səhihliyini əhli-sünnənin mötəbər yollarına və dəlillərinə əsasən isbatlamışdır. Bu, ondan əvvəlki və sonrakıların minlərlə kitabından yalnız biridir.

Sonra Peyğəmbər bu dünyadan axirət aləminə köçdükdə bir dəstə səhabə Əlini (ə) xilafətə haqq sahibi olaraq görmədilər. Bu, ya onun yaşının azlığı, ya da Qüreyşin peyğəmbərlik və xilafəti Bəni-Haşimin əlində cəmləməsini istəmədikləri üçün idi. Elə güman edirdilər ki, peyğəmbərlik və xilafət onların istəklərinə tabedir, kimdə istəsələr qərarlaşdıra bilərlər!! Yaxud da başqa səbəbdən idi. Burada mövzumuz onun səbəblərini araşdırmaq deyil. Lakin hər iki firqə onun əvvəldə beyətdən imtina etdiyi barədə həmfikirdirlər.

Buxarinin “Səhih”ində “Xeybər qəzvəsi” babında deyilir ki, o, yalnız altı aydan sonra beyət etdi, 709 onun beyətinin ardınca Zübeyr, Əmmar, Miqdad kimi digər öndə gələn səhabələr də beyət etdilər 710.

Hər kəs bilir ki, Əli (ə) xilafəti rəhbərlik sevgisinə və padşahlıq hərisliyinə görə tələb etmirdi. Onun İbn Abbasla Zi Qardakı söhbəti məşhurdur. 711 Məqsədi İslamın qüvvətlənməsi, ərazisinin genişlənməsi, haqqı bərqərar və batili məhv etmək idi.

Sonra onlara qarşı çıxmasının İslamda bərpaolunmaz təfriqələrə səbəb olacağını gördü. Eyni zamanda ona qarşı çıxan birinci və ikinci xəlifənin tövhid kəlməsinin yayılması, ordunun təchizatı, fəthlərin genişləndirilməsi uğrunda səy və cəhdlərini, özbaşınalıq etmədiklərini və mənimsəmədiklərini görüb beyət etdi, sülh yaratdı. İslamı qorumaq və camaatı əvvəlki cahiliyyətə qaytaracaq ixtilafların baş qaldırmaması üçün özünün haqqına göz yumdu”. 712

Kaşiful-ğita sözünün əvvəlində İmam Əlinin (ə) xilafətə yeganə haqq sahibi olduğunu bəyan edir. İmamın (ə) xilafətinin şəxsən Peyğəmbər (s) tərəfindən səpilmiş və pak, şirin sözlərinin suyu ilə suvardığı bir əhd olduğunu, onu özündən sonra ümmətin idarəçiliyi üçün hazırladığını söyləyir. Ardınca da buna əhli-sünnənin məşhur və ən mötəbər “Səhih” kitablarından beş hədisi nəql edərək dəlil göstərir.
Ardınca: “Sonra Peyğəmbər bu dünyadan axirət aləminə köçdükdə bir dəstə səhabə Əlini (ə) xilafətə haqq sahibi olaraq görmədilər. Bu, ya onun yaşının azlığı, ya da Qüreyşin peyğəmbərlik və xilafəti Bəni-Haşimin əlində cəmləməsini istəmədikləri üçün idi” – deyə buna qarşı çıxıldığını qeyd edir.

Bu sözləri isə özünün deyil, Peyğəmbərin (s) İslam ümməti üçün hazırlayıb təyin etdiyi xəlifəsini vəzifəsindən kənarlaşdıran həmin bir dəstə səhabənin əqidəsidir. Kaşiful-ğita özü bu əqidəyə etiqad bəsləmir. Bunun dəlili həmin sözlərdən sonra “Elə güman edirdilər ki, peyğəmbərlik və xilafət onların istəklərinə tabedir, kimdə istəsələr qərarlaşdıra bilərlər!! Yaxud da başqa səbəbdən idi. Burada mövzumuz onun səbəblərini araşdırmaq deyil” -deyir. Kaşiful-ğita onların fikirlərini “Elə güman edirdilər ki...” sözü ilə mücərrəd gümana bağlayır. Bilindiyi kimi, güman – həqiqətdə baş verənlərə müxalif olan əqidədir və heç bir dəlilə söykənmir.

İhsan Zahirin Kaşiful-Ğitanın bu sözlərindən Əbu Bəkrin xilafətindən İmam Əlinin (ə) razı olduğunu güman etməsi də həqiqətə uyğun deyil. Çünki müəllif orada İmam Əlinin (ə) o ikisinin xilafətindən razı olmadığını bəyan etməkdədir. Buna altı ay beyət etmədiyini, böyük səhabələrdən olan Zübeyr, Əmmar, Miqdad və s. bir dəstə tərəfdarının da onun kimi beyətdən çəkindiyini dəlil olaraq göstərir. Altı aydan sonra isə ziyanı ən az olanını seçməyə məcbur qalaraq beyət etdiyini yazır: “Hər kəs bilir ki, Əli (ə) xilafəti rəhbərlik sevgisinə və padşahlıq hərisliyinə görə tələb etmirdi. Onun İbn Abbasla Zi Qardakı söhbəti məşhurdur. Məqsədi İslamın qüvvətlənməsi, ərazisinin genişlənməsi, haqqı bərqərar və batili məhv etmək idi. Sonra onlara qarşı çıxmasının İslamda bərpaolunmaz təfriqələrə səbəb olacağını gördü...”

Bütün bunlarla rəğmən, İmam Əlinin (ə) Əbu Bəkrin xilafətindən razı olduğunu Kaşiful-ğıta harada etiraf edir?!

 

702 Şiə və Əhli-Beyt, s. 66-67
703 Səhih, Buxari, c. 5, s. 24; Səhih, Müslim, c. 4, s. 2404; Sünən, Tirmizi, c. 5, s. 638, hədis 3731; Sünən, İbn Macə, c. 1, s. 42, hədis 115; Usudul-ğabə, c. 5, s. 8; ər-Riyazun-nəzirə, c. 3, s. 117; Tarixu Bağdad, c. 4, s. 204; Hilyətul-övliya, c. 7, s. 194; “Tarixu Diməşq” kitabında “Tərcumətul-imami Əli (ə)”, c. 1, s. 124
704 Bax: Səhih, Müslim, c. 1, s. 86, hədis 131; Səhih, Tirmizi, c. 5, s. 635, hədis 3717; Sünən, İbn Macə, c. 1, s. 42, hədis 114
705 Sünən, Tirmizi, c. 5, s. 636, hədis 3721; Müstədrək, Hakim, c. 3, s. 130; ər-Riyazun-nəzirə, c. 3, s. 114; Hilyətul-övliya, c. 4, s. 339; “Tarixu Diməşq” kitabında “Tərcumətul-imami Əli (ə)”, c. 2, s. 105
706 Səhih, Buxari, c. 4, s. 65, 73; Sünən, Tirmizi, c. 5, s. 637, hədis 3724; Sünən, İbn Macə, c. 1, s. 45, hədis 121; Müsnəd, Əhməd ibn Hənbəl, c. 4, s. 52; Sünən, Beyhəqi, c. 9, s. 131; Tarixul-kəbir, Buxari, c. 7, s. 263; əl-Müsənnəf, Əbdürrəzzaq, c. 5, səh287, hədis 9637
707 Sünən, Tirmizi, c. 5, s. 622, hədis 3786, s. 663, hədis 3788; Müsnəd, Əhməd, c. 3, s. 17, c. 5, s. 181; Müstədrək, Hakim, c. 3, s. 109, 147; Usudul-ğabə, c. 2, s. 12
708 Tarixu Bağdad, c. 14, s. 321; Müstədrək, Hakim, c. 3, s. 123; “Tarixu Diməşq” kitabında “Tərcumətul-imami Əli (ə)”, c. 3, s. 117, hədis 1159
709 Səhih, Buxari, c. 5, s. 177; Səhih, Müslim, “Kitabul-cihad vəs-seyr”, c. 5, s. 152; əl-İmamətu vəs-siyasə, c. 1, s. 11; Murucuz-zəhəb, c. 2, s. 302; Tarix, Təbəri, c. 3, s. 208; əl-Kamilu fit-Tarix, c. 2, s. 327; Səvaiqul-muhriqə, s. 13
710 Onlardan: Əbu Zərr Ğəffari, Salman Farisi, Miqdad ibn Əmr, Əmmar ibn Yasir, Fərvə ibn Əmr, Xalid ibn Səid ibn As, Ubey ibn Kəb, Bərra ibn Azib, Qeys ibn Səd ibn İbadə, Xüzeymə ibn Sabit və başqaları. Müraciət edin: Murucuz-zəhəb, c. 2, s. 301; əl-Əqdul-fərid, c. 4, s. 259; Tarix, Təbəri, c. 3, s. 208; əl-Kamilu fit-tarix, c. 2, s. 325; Tarix, Yəqubi, c. 2, s. 103; Tarix, Əbülfida, c. 2, s. 63
711 Abdullah ibn Abbas deyir: “Zi Qarda olarkən İmam Əlinin (ə) yanına gəldim, o, başmağını tikirdi. Mənə dedi: “Bu başmağın dəyəri nə qədərdir?” Dedim: “Bu başmağın heç bir dəyəri yoxdur”. Buyurdu: “Allaha and olsun ki, haqqı bərqərar edib, batili dəf etmək imkanı olmasa, bu başmaq mənə sizə xəlifəlik etməkdən daha sevimlidir”. Bax: Nəhcul-bəlağənin şərhi, Şeyx Muhəmməd Əbduh, 1:76/32
712 Əsluş-şiəti və usuluhə, Şeyx Kaşiful-ğita, s. 191-193

 

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе