»»

Şeyx Tusinin şafei olması barədə şübhəyə cavab

BİSMİLLƏHİR RAHMƏNİR RAHİM

Müxaliflərin bəzi alimləri tərəfindən imamiyyə məzhəbinin böyük fəqihi, alimi, dövrünün mərceyi-təqlidi Şeyx Əbu Cəfər Məhəmməd Tusinin şafei olması, yaxud əvvəllər şafei olub sonradan şiə olması barədə əsassız iddialar ortaya atılmışdır. İddianı ilk səsləndirən şəxslərdən biri şafei alimi Tacəddin Subkidir. Müxtəlif məqsədlərlə şiə alimlərini gözdən salmaq istəyən bəzi şəxslər də bu iddialara söykənmiş və onları təbliğ etməyə başlamışlar. Məsələ barədə Seyid Sistaninin ofisinə bağlı olan “aqaed.com” saytına sual ünvanlanmış və həmin suala bir neçə kitabda bu mövzu barədə qeyd edilənlərlə cavab verilmişdir. Həmin cavabı sizlərə təqdim edirik:

“Rəsailul-əşər” kitabında qeyd edilənlər

Subkinin Şeyx Tusinin tərcümeyi-halı barədə danışarkən qapıldığı bu güman Şeyx Tusinin “ər-Rəsailul-əşər” kitabında (kitabın əvvəlində Şeyx Tusinin həyatı barədə olan müqəddimədə - tərc.) qeyd edilir:

“Burada başqa bir sual da var, o da budur ki, Şeyx Tusi və onun ailəsi şiə ailələrindən idi, yoxsa əhli-sünnə ailələrindən? Heç bir şübhə yoxdur ki, Tusi Bağdada gələn zaman birbaşa tanınmış şiə alimi Şeyx Mufidin dərs məclisinə qatılmışdır. Habelə digər imamiyyə məzhəbi alimlərinin dərsində də iştirak etmişdir. Tusi elə həmin zamandan bu məzhəbi müdafiə edənlərdən olmuşdur. O, məzhəbin yayılmasında, sütunlarının möhkəmlənməsində ciddi səy göstərənlərdən biri idi. Yəqin ki bu məsələnin özü onun Bağdada köçməzdən əvvəlki əqidəsini və ailəsinin məzhəbini bildirmək üçün kifayət edir. Bununla belə onun ata-babalarının adları da bu məsələni təsdiqləyir.[1]

Şeyx Tusi barədə yazmış bütün şiə alimləri də cavanlığının ilk çağlarından onun elə şiə məzhəbinə mənsub olduğunu bildirmişlər. Bu, şiə alimlərinin nəzərində aydın olan bir məsələdir və onların heç biri bunun əksini deməyib.

Lakin bir neçə sünni alimi onun şafei məzhəbinə mənsub olduğunu bildirmişlər. Bununla belə onların öz sözləri arasında da fərqliliklər var. Zahir olan budur ki, bu fikri ilk iddia edən şəxs Tacəddin Subkidir. “Təbəqatuş-şafeiyyə”də bu iddianı ortaya atmış və belə demişdir:

“Əbu Cəfər Tusi şiələrin fəqihi və müəlliflərindəndir. Şafei məzhəbinə mənsub idi... Bağdada gəlib orada şafei məzhəbinin fiqhini öyrənmişdir. Kəlam və üsul elmlərini imamiyyə məzhəbinin fəqihi, Mufid ləqəbi ilə tanınan Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nomandan öyrənib...”

Subkidən sonra isə Əllamə Süyuti “Təbəqatul-mufəssirin” kitabında belə deyib:

“Məhəmməd ibn Həsən ibn Əli Əbu Cəfər şiələrin şeyxi və alimidir... Bağdada gəlib şafei məzhəbi əsasında fiqhə bağlı elmləri mənimsəmişdir. Sonra isə Şeyx Mufidin dərslərinə qoşuldu və onun təsiri ilə rafizi oldu”.

Bu məsələni ən son qeyd edənlərdən biri isə Katib Çələbidir. O, “Kəşfuz-zunun”da deyib:

 “O, şafei məzhəbinə mənsub idi”.

Lakin Çələbi Tusini Əminül-islam Təbərsi ilə qarışdırıb. Həmçinin o, Tusinin “ət-Tibyan” təfsiri ilə Təbərsinin “Məcməul-bəyan” təfsirini də səhv salıb. Bunlardan əlavə də bu məsələdə başqa səhvlərə yol verib.

Burada bir sual yaranır ki, nəyə görə Şeyx Tusi bir çox sünni alimi tərəfindən şafei məzhəbinə nisbət verilib? Niyə şiə alimləri bu barədə sakit qalıb və bunu qeyd etməyiblər?

Deyilə bilər ki, yeganə səbəb təəssübkeşlik və məzhəbçilikdir. Amma bunu demək yanlışdır. Çünki Şeyx ilk vaxtlarda şafei məzhəbindən olub sonradan şiəliyə keçsəydi, bu məsələ şiələr üçün utanılacaq (gizlədiləcək — red.) bir şey yox, fəxr ediləsi bir şey olardı. Axı bunun özü hər şeydən öncə bu məzhəbin haqq olduğunu və sahib olduğu qüdrəti bildirir. Habelə şiə alimləri İbn Qibə, Əyyaşi kimi böyük alimlərin tərcümeyi-halını yazarkən bunu etiraf etməkdən çəkinməmişlər.[2]

Ona görə də Şeyx Tusi kimi tanınmış bir şəxsiyyətin və böyük bir alimin öz elmi fəaliyyətinin ilk vaxtlarında şafei məzhəbindən şiə məzhəbinə keçməsi şafeilər üçün fəxr mənbəyi, şiələr üçün isə bir nöqsan deyil, tamamilə əksinədir. Bundan əlavə, sünni alimləri Şeyx Mufid, Seyid Mürtəza kimi digər böyük şiə alimlərindən heç birini digər bir məzhəbə aid etməyib. O zaman bu işin səbəbi nədir?

Mənim fikrimə görə,[3] Şeyxin kəlam elminə aid bəhslərdə mötədil və obyektiv mövqeyi; öz yazılarında, xüsusilə də “ət-Tibyan” təfsirində və “əl-Xilaf” kitabında müxtəlif islam məzhəbləri alimlərinin fikirlərini qeyd etməsi, fiqhin qollara, bölmələrə ayrılmasına rəvac verməsi, az sonra da görəcəyin kimi, ictihad metodunu sünnilərdə olduğu şəkildə (həmin tərtibdə, həmin bəhslərə uyğun şəkildə — tərc.) şiələr arasında yayması; onların sözlərindən, xüsusilə də İmam Şafeinin kitablarından öz əsərlərində, məxsusən “əl-Məbsut”da sitat gətirməsi, onların kitablarından rəvayətlər qeyd etməsi; sonradan bu işi tərk etsə də, əvvəllərdə özünün “Təhzibul-əhkam” kitabında hər iki firqənin hədislərini toplamaq istəməsi və bunun kimi digər işlər, çox güman ki, qeyd edilən bu üç alim tərəfindən belə bir gümanın səsləndirilməsinə səbəb olub. Yaxud da onlar Şeyx Tusini Tusdan olan başqa bir şəxslə səhv salıblar. Necə ki “Kəşfuz-zunun” kitabının müəllifi belə bir şey etmiş, hicri 548-ci ildə, yəni Tusidən 88 il sonra vəfat edən Şeyx Təbərsini onunla səhv salmışdır. Hətta aydın olan budur ki, bu şəxslər Şeyx Tusi və onun kitabları haqqında tam bir məlumata sahib deyildilər. Məsələn, Subki onun çoxlu kitabları arasından Quran təfsiri ilə “əl-Əmali”sini qeyd etməklə və onun Kufədə vəfat etdiyini yazmaqla kifayətlənib. Katib Çələbi də öz növbəsində həmin aşkar səhvlərə düçar olub.

Səbəb hər nə olursa olsun, digər əhli-sünnə alimləri də Tusinin həyatı barədə danışmışlar, lakin onlar bu üç şəxsin Tusi barədə dediklərini ona nisbət verməmişlər. Şeyxin müasiri olmuş bəzi sünni alimləri isə onu olduğu kimi tanıtmış və onun barəsində: “Həm sünni, həm də imamiyyə mənhəci üzrə alim idi” (hər ikisinə bələd idi – tərc.) demişdir.

Tusda şiə ailələrinin yaşaması məsələsi bizim nəzərimizdə dəqiq bilinən bir şeydir. Şair Firdovsi özü buna dəlildir. Bununla yanaşı bilirik ki, həmin məntəqənin əhalisinin əksəriyyəti əhli-sünnəyə mənsub idilər və aydın olan budur ki, şafei məzhəbinin davamçıları idilər. Vəzir Nizamül-mülkün (h. 408-485) Noğanda, İmam Qəzalinin (h. 450-505) Tabiranda[4] boya-başa çatması və həmçinin digər sünni alimləri bunu qüvvətləndirir. Ehtimal edilir ki, Şeyx Tusinin ailəsi Tusda olan Əhli-beyt şiələrindən olmuş, lakin onlara bir pislik edilməsin deyə özlərini şafei kimi göstərmiş və təqiyyə örtüyü altında gizlənmişlər. Necə ki belə bir davranış ölümündən sonra Firdovsiyə qarşı edilmişdir: rafizi olmasına görə onun müsəlman qəbiristanlığında dəfninə razı olmamışlar”.

“Əl-Xilaf” kitabında qeyd edilənlər

Şeyx Tusinin “əl-Xilaf” kitabında (kitabın müqəddiməsində — tərc.), səhifə 11-12 də yazılıb:

“Bağışlanmayacaq bir ziddiyət:

Müxalifləri onun üstünlüklərini təsdiqlədikdən, bütün elmlərdə onun məqamını qəbul etdikdən, onun ilahi maarifdəki qüdrətini və islam elmlərindəki təcrübəsini gördükdən sonra Subki və digərlərinə məsələ qaranlıq qalmış, Tusini şafei məzhəbinə nisbət verərək böyük bir ziddiyət və aşkar bir səhvə düçar olmuşlar. Tacəddin Subki “Təbəqatuş-şafeiyyətil-kubra”nın 3-cü cildi, 51-ci səhifəsində deyir:

“Məhəmməd ibn Həsən ibn Əli – Əbu Cəfər Tusi: şiə məzhəbinin fəqihi və müəllifidir. Şafei məzhəbinə mənsub idi. Onun bir Quran təfsiri var. İki cildlik kitabda da hədislər və hekayələr imla etmişdir. O, Bağdada gəlib burada şafei məzhəbinin fiqhini öyrənmişdir. Kəlam və üsul elmlərini imamiyyə məzhəbinin fəqihi, Mufid adı ilə tanınmış Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nomandan öyrənib. Hillal Həffardan hədis nəql etmiş, oğlu Əbu Əli Həsən də ondan hədis nəql etmişdir. Kitabları bir neçə dəfə insanların gözü qarşısında yandırılıb. 460-cı ildə Kufədə vəfat edib”.

Bəli, Şeyx Tusi şafei məzhəbinin və digər məzhəblərin — hənəfi, maliki, hənbəli, zahiri və s. kimi məzhəblərin fiqhini öyrənmişdi. Bu məzhəblərdə dərin məlumatlara yiyələnmiş və onlar barədə çox yazmışdı. Önündəki kitab da (“əl-Xilaf” kitabını nəzərdə tutur – tərc.) bunun əyani nümunəsi və onun bu insanların (digər məzhəb nümayəndələrinin — red.) məsələləri, onların əqidələri barədə nə qədər dərin bilik və məlumata sahib olmasına dəlildir. Amma bunlar Tusinin həmin məzhəblərdən birinə mənsub olmasını ifadə etmir. Bu da bilinməlidir ki, tarix Tusinin nə şafei olduğunu, nə də bu məzhəblərdən digər birinə mənsub olduğunu qeyd edib.

İbn Kəsir özünün “əl-Bidayə vən-nəhayə” kitabı, cild 12, səhifə 97-də, hicri 460-cı ilin hadisələrində deyir:

“Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi şiələrin fəqihidir. Əlinin ziyarətgahında dəfn edilib. 444-cü ildə Kərxdəki evi və kitabları yandırılandan bu ilin məhərrəm ayına qədər Əlinin yaxınlığında məskunlaşmışdı. Orada vəfat etmiş və orada dəfn edilmişdir”.

İbn Əsir özünün “əl-Kamil fit-tarix” kitabında, cild 10, səhifə 58-də deyib:

“Şiələrin fəqihi Əbu Cəfər Tusi Əmirəlmöminin Əli ibn Əbu Talibin məzarı olan məntəqədə vəfat edib”.

“Məsalikul-əfham ila ayatil-əhkam” kitabında qeyd edilənlər

Cavad Kaziminin “Məsalikul-əfham ila ayatil-əhkam” kitabında, cild 1, səhifə 3-ün haşiyəsində belə qeyd edilib:

“1067-ci ildə vəfat etmiş Hacı Xəlifə Katib Çələbinin “Kəşfuz-zunun”da Tusinin təfsirini qeyd etdiyi zaman düçar olduğu səhv çox qəribədir (Bax: c. 1, səh. 311, İstanbul, “Mətbəətul-aləm”, 1310-cu il). Biz onun sözlərini elə olduğu kimi nəql edirik:

“Tusinin təfsiri: O, Əbu Cəfər Məhəmməd ibn Həsən Tusidir, şiələrin fəqihidir. Şafei məzhəbinə mənsub idi. 561-ci ildə vəfat edib. Təfsirinə “Məcməul-bəyan liulumil-Quran” adını verib. Habelə “əl-Kəşşaf” kitabını xülasə etmiş və həmin xülasəni “Cəvamiul-cami” adlandırmışdır. Onu 562-cı ildə yazmağa başlamışdır. Subki deyib: “Kitabları bir neçə dəfə insanların gözü qarşısında yandırılıb”.

Burada hər kəsə aşkar olan xətalar mövcuddur:

Şeyx Tusi heç bir zaman şafei məzhəbinə mənsub olmamışdır. Onun şiələrin fəqihi olması ilə şafei məzhəbinə mənsub olması arasındakı ziddiyət olduqca aydındır. Axı necə düşünülə bilər ki, Şeyx Tusi kimi böyük bir şəxsiyyət elə bir məzhəbin yolunu tutsun, elə bir məzhəbdən faydalansın ki, onun başçısı belə Şeyxin əzəməti, dərin düşüncə və biliyi, elmi üstünlüyü, fətva və nəzərlərində başqalarından ehtiyacsızlığı və müstəqilliyi qarşısında kiçik qalar. Şeyx heç bir şəxsin müqəllidi olmamış və yalnız dəlillərin isbat etdiyi, düzgün bürhanların gərəkdirdiyi şeylərə önəm verən mütləq müctəhid olmuşdur. O, hədis nəqli və təhlili sahəsində bütün dövrlərdəki şiələr arasında etimad qazanmışdır. Biz Hacı Xəlifə və onun yolunu getdiyi şəxslərdən (Subki “Təbəqatuş-şafeiyyə”sində, c. 3, səh. 51) tələb edirik ki, bu qədər çox üsuli və fiqhi kitabları olan Şeyxə nisbət verdikləri bu iddianı sübut etmək üçün onun bir sözünü, bir rəyini və ya bir kitabını qeyd etsinlər. Bundan əlavə qeyd etməliyik ki, Şeyxin vəfatı 460-cı ildə olmuşdur. Hacı Xəlifənin qeyd etdiyi kimi 561-ci ildə olmayıb. Onun təfsirinin adı da “ət-Tibyan” idi, “Məcməul-bəyan” yox. “Məcməul-bəyan” 548-ci ildə vəfat etmiş Əbu Əli Fəzl ibn Həsən Təbərsinin olub, “Cəvamiul-cami” də həmçinin. Deməli, “Məcməul-bəyan”ın həqiqi müəllifinin belə vəfatı 561-ci ildə olmayıb.

Bundan sonra isə deməliyik ki, istər Tusi olsun, istərsə də Təbərsi, Hacı Xəlifənin “Məcməul-bəyan” və “Cəvamiul-cami”nin müəllifinin 561-ci ildə vəfat etməsi, sonra isə əsəri (istər əvəzlik “Məcməul-bəyan”a aid olsun, istərsə də “Cəvamiul-cami”yə)[5] 562-ci ildə yazmağa başlaması barədə dediklərinin mənası budur ki, müəllif  öldükdən bir il sonra kitabı yazmağa başlayıb.[6] Hacı Xəlifənin bir-birinin ardınca olan bu qədər qəribə səhvləri bizə məşhur bir fars deyimini xatırladır: “Xəsən və Xüseyn hər üçü Müğaviyənin qızlarıdır...”[7]

“Əl-Hədaiqun-nazirə” kitabında qeyd edilənlər

Mühəqqiq Bəhraninin “əl-Hədaiqun-nazirə” kitabında, cild 10, səhifə 14-dəki haşiyədə deyilir:

“Kəşfuz-zunun” kitabının müəllifi cild 2, səhifə 1286-da imamiyyə məzhəbi əsasında fiqh elmi barədə qələmə alınmış əsərlərə toxunarkən səhifənin aşağısında bu başlığa bir haşiyə yazaraq belə deyib:

“(Şiələr) Şafeiyə İbn İdris deyirlər”.

Sonra kitabları qeyd edən zaman yazıb:

“Əl-Bəyan” və “əz-Zikra”, “Şəraiul-islam” və həmin kitabın haşiyəsi, “əl-Qəvaid”, “ən-Nihayə”.

Daha sonra isə deyib:

“Onların batil fikirlərindən biri də budur ki, müstəhəb namaz üçün dəstəmazın vacib olmadığını deyirlər...”

Beləcə öz nəzərinə əsasən batil olan hökmləri qeyd edib. Onlar arasında da Qədir-xum gününün qüslunu qeyd edib və bildirib ki, Qədir-xum günü zil-hiccə ayının 10-dur.

Həmin kitabın 2-ci cildində, səhifə 1281-də isə deyib:

“İbn İdrisin, yəni Şafeinin məzhəbinə mənsub olan imamiyyə məzhəbi əsasında yazılmış əsərlər çoxdur, “Şəraiul-islam”, onun haşiyəsi, “əl-Bəyan”, “əz-Zikra”, “əl-Qəvaid”, “ən-Nihayə”.

(Qeyd olunanlara irad olaraq) deyirəm:[8] bilmirəm bu araşdırmaçı, mühəqqiq belə “nəfis” araşdırmanı haradan əldə edib. Onun araşdırma və təhqiqi necə olub ki, şiə alimləri arasındakı Məhəmməd ibn İdris İcli Hillidən və şiə alimlərinin kitablarından olan İbn İdrisin “əs-Sərair” kitabından qafil olması ilə nəticələnib. Beləliklə də gəlib belə bir hökm verib ki, şiə alimlərinin sözlərində “İbn İdris” deyəndə nəzərdə tutulan şəxs Məhəmməd ibn İdris Şafei Qurəşidir. Gərək o, ən azından İbn Həcər Əsqəlaninin “Lisanul-mizan”ına, cild 5, səhifə 65-ə müraciət edərdi. İbn Həcər orada deyir:

“Məhəmməd ibn İdris İcli Hilli şiələrin fəqihi və alimidir. Onun imamiyyə fiqhi barədə əsəri var. Öz dövründə şiələr arasında onun kimi birisi yox idi. 597-ci ildə vəfat etmişdir”.

Bəli, öz nəfsi istəyinə, təəssübkeşliyinin gərəyinə uyğun yazıb kitab ərsəyə gətirən və hökm verən, vicdanının səslədiyi araşdırma və təhqiqatdan boyun qaçıran biri üçün bu səhvlər qəribə deyil. Araşdırsaydı, imamiyyə alimlərinin sözlərindəki İbn İdrisin kim olduğunu anlayardı. Anlayardı ki, imamiyyə məzhəbi ilə şafei məzhəbi arasında yalnız ziddiyətlər mövcuddur və heç bir əlaqə yoxdur. İmamiyyə məzhəbinın əsası və mənbəyi Peyğəmbərin (s) özündən sonra ümmət içində qoyub getdiyi, tabe olmağı, onlara sarılmağı tapşırdığı, din işlərində müraciət mənbəi olaraq qərar verdiyi, özündən sonra azğınlıqdan amanda qalmağı onlara bağladığı Kitab və itrət, Əhli-beytdir (ə). Necə ki hər iki məzhəb tərəfindən sabit olan “Səqəleyn” hədisi açıqca bunu bildirir. Müraciət et: “əl-Hədaiqun-nazirə”, c. 9, səh. 360.

Deməli, imamiyyə məzhəbi öz hökmlərini “Kitab” (Qurani-kərim) və itrət çeşməsindən əldə edir, bu məzhəbin qətiyyən şafei məzhəbi ilə heç bir əlaqəsi yoxdur. Sadəcə başqa fikirləri qeyd etdiyi kimi, onun da fikrini “Şafei (belə deyib)” yazaraq qeyd edir.

Qeyd etdiklərimizdən müəllifin nəql etdiyi digər şeylərin də hansı dəyərə malik olduğu aydın olur. Məsələn, müstəhəb namaz üçün dəstəmazın vacib olmamasını imamiyyə məzhəbinə nisbət vermişdir. Halbuki bu, açıq-aşkar məzhəbə atılan iftiradır. Şiələrin kitabları müxtəlif diyarlara yayılmışdır (əgər belə bir hökm varsa, göstərsinlər). Həmçinin o, Qədir-xum gününü zil-hiccə ayının 10-u olaraq qeyd etmişdir.[9]

Habelə aydın olur ki, onun və digər şəxslərin imamiyyə məzhəbinin fikirlərinin batil olması barədə dediklərinin də heç bir dəyəri yoxdur. Bir halda ki bu fikirlər şəriəti gətirənin (s) qoyduğu əsasa söykənir. Məzhəbin fikirləri Peyğəmbərin (s) “Səqəleyn” hədisi və başqa hədislərdə müraciət ediləcək mənbə olaraq tanıtdığı yerə qayıdır.

Dediklərimiz barədə daha artıq məlumat sahibi olmaq üçün “Kəşfuz-zunun”, c. 1, səh. 452-yə müraciət et. Orada deyir:

“Tusinin təfsiri: O, Əbu Cəfər Məhəmməd ibn Həsən Tusidir, şiələrin şafei fəqihidir. Şafei məzhəbinə mənsub idi. 460-cı ildə vəfat edib. Təfsirinə “Məcməul-bəyan liulumil-Quran” adını verib. Habelə “əl-Kəşşaf” kitabını xülasə etmiş və həmin xülasəni “Camiul-cəvami” adlandırmışdır. Onu 542-ci ildə yazmağa başlamışdır”.[10]

Subki deyib: “Kitabları bir neçə dəfə insanların qarşısında yandırılıb”.

Bax gör ki necə “ət-Tibyan”ın yerinə “Məcməul-bəyan”ı Tusinin kitabı qərar verib, gör şiələrin fəqihi necə şafei olub. Eyni kitabın 2-ci cildinə, 1602-ci səhifəsinə müraciət et. Orada isə deyir ki, “Məcməul-bəyan fi təfsiril-Quran” şiə olmuş Şeyx Əbu Əli Fəzl ibn Hüseyn Təbərsi Məşhədinindir.

Bundan əlavə, “Reyhanətul-ədəb” kitabı, cild 5, səhifə 256-da belə yazılıb:

“İbn İdris: Məhəmməd ibn Əhməd və ya Məhəmməd ibn Mənsur ibn Əhməd ibn İdris ibn Hüseyn, künyəsi Əbu Abdullahdır. Şeyx Mamaqaninin rical kitabının 2-ci cildinə, “Məhəmməd” babına müraciət etdikdə nəsəbdəki ixtilafın səbəbi aydın olur”.

Bu iddiaya olan iradları daha da uzatmaq istəmirik. İddianın əvvəli və axırının bir-biri ilə ziddiyətli olması da irad olaraq kifayət edir. Axı şiələrin fəqih və müəllifi necə ola bilər ki, şafei fiqhini mənimsəyib şafei məzhəbinə mənsub olsun?! Bir halda ki hər iki məzhəb arasındakı fərq aydındır, hər iki məzhəbin özünəməxsus əsasları və sərhədləri mövcuddur.

Ola bilər ki, Subkinin bunu qeyd etməkdə məqsədi bu idi ki, Şeyx Tusi kimi böyük elmi və ictimai məqama sahib olan birini şafeilərin siyahısına əlavə etmək daha inandırıcı və asan qəbuledilən olacaqdı və onun tərcümeyi-halının əlavə edilməsi ilə qeyd etdiyi təbəqələrin sayı da çoxalacaqdı.

Bunu edən təkcə Subki olmayıb. Ondan başqa bəzi şəxslər də onun yolunu gedərək onun etdiyini təkrarlamışlar. “Əl-Vafi bil-vəfəyat”, c. 2, səh. 349-da Şeyx Tusinin tərcümeyi-halını qeyd edib onu “Şafei” olaraq vəsf edən Safədi, həmçinin “Təbəqatul-mufəssirin”, səh. 29-da Süyuti, “Kəşfuz-zunun” c. 1, səh. 452-də Katib Çələbi, son olaraq da “Mucəmul-muəllifin”, c. 9, səh. 202-də bunu qeyd edən Ömər Rza Kəhhalə də bunlardandır. Bəlkə də qarşımıza çıxmayan digər şəxslər də var”.

 

Məqalə “aqaed.com” saytından kiçik ixtisarla tərcümə edilmişdir.

Tərcümə: Əbdüssəməd Qurbanov

Besiret.az

 

[1] Şeyx Tusinin adı Məhəmməddir. Atasının adı Həsən, babasının adı Əli, babasının atası isə Həsəndir — tərc.

[2] İbn Qibə Razi hicri 4-cü əsrdə yaşamış şiə alimlərindən idi. Qeybəti-suğranın bir hissəsinə də şahid olub. O, əvvəl mötəzilə məzhəbindən olmuş, sonradan şiəliyə keçmişdir. Əyyaşinin isə əvvəllər sünni olduğu, sonradan şiəliyə keçdiyi qeyd edilir — tərc.

[3] Kitabın əvvəlində Şeyx Tusinin həyatı barədə yazan şəxsin sözləridir — tərc.

[4] Hər ikisi qədim Tus məntəqəsinin şəhərlərindən idi. Bəzi yerlərdə Tusun iki şəhərdən ibarət olduğu, bəzilərində isə dörd şəhərdən ibarət olduğu qeyd edilir — tərc.

[5] Ərəbcə ifadə bu şəkildədir: وابتدء بتأليفه في سنة اثنين وستين وخمسمائة

Mənası belədir: “Onu 562-cı ildə yazmağa başlamışdır”. Burada əvəzliyin hər iki kitaba aid olma ehtimalına işarə edir. Lakin hər bir halda, qeyd olunmuş iradın düzgünlüyünə bir təsiri yoxdur — tərc.

[6] Burada qeyd etməliyik ki, sonrakı sitatda 561 yerinə 460 yazıldığını görəcəksiniz. Aydın olan budur ki, müəllifin qeyd etdiyi nüsxədə bu şəkildə yazılıb və iradı bu əsasda bildirib. Həmçinin sonrakı iqtibasda da işarə edəcəyimiz kimi, kitabı yazma tarixində də çaplar arasında fərq olduğu aydın olur. Burada 562, sonrakı mətndə isə 542-ci il olaraq qeyd edilib — tərc.

[7] Əsli bu şəkildədir: خسن وخسين هر سه دختران مغاوية اند
Fars məsəlidir. Bir şəxs başdan-ayağa səhv danışarsa, bu məsəl yada düşər. Məsəl belədir ki, bir nəfər deyir: “Xəsən və Xüseyn hər üçü Müğaviyənin qızlarıdır. Onları Mədinədə qurd parçaladı”. Danışığı tamamilə səhv olan bu adama belə irad tuturlar: “Xəsən və Xüseyn yox, Həsən və Hüseyn. Hər üçü yox, hər ikisi. Qız yox, oğlan. Müğaviyə yox, Müaviyə. Müaviyə də yox, Əli. Qurd parçalamayıb. İmam Həsəni yoldaşı zəhərləyib, İmam Hüseyni isə Kərbəlada qətlə yetiriblər. Qurdun öldürdüyü isə Yusif idi. O da Mədinədə deyildi, Kənanda idi. Onu da heç qurd yeməmişdi. Qardaşları belə demişdi. Onların da sözü yalan idi” — tərc.

[8] Bunu deyən “Hədaiqun-nazirə”nin mühəqqiqi, Şeyx Məhəmmədtəqi İrəvanidir — tərc.

[9] Qədir-xum günü zil-hiccə ayının 18-idir. Bu da müəllifin şiələr, onların fikir və alimləri barədə savadsızlığının göstəricilərindəndir — tərc.

[10] Əvvəlki iqtibas və oradakı iradla ziddiyətli deyil. “Əl-Hədaiqun-nazirə”nin haşiyəsində, habelə “Kəşfuz-zunun” kitabının Mərəşi Nəcəfinin müqəddiməsi ilə olan çapında hərflərlə “dörd yüz altmış” yazılmış, yanında isə mötərizədə “(561)” qeyd edilmişdir. Lakin məqalədə sadəcə hərflərlə yazılan tarix qeyd edilib. Biz də mətnə bunu əlavə etmədik və bu qeydi yazmaqla kifayətləndik. Habelə kitabın yazılma ili 562 yox, həm hərf, həm də rəqəmlə 542 olaraq qeyd edilib — tərc.

Рейтинг

В этом разделе