»»

Ömər cənnət əhli idi? - Seyyid Mürtəza, Şeyx Tusi və Şeyx Səduqa atılan iftiraya cavab

İhsan Zahir iddia edir ki, Möminlərin əmiri Əli (ə) və İbn Abbas Ömərin cənnət əhli olduğuna şahidlik ediblər. Bu iddiasına İbn Əbülhədid Mötəzilinin rəvayətini dəlil göstərib. Həmçinin iddia edib ki, Möminlərin əmiri Əli (ə) Ömərin cənnət əhli olduğuna inanırdı. Bu sözlərinə də yeni bir iddia ilə – guya İmam Əli (ə) Allahın hüzuruna Ömərin əməl dəftərindəki əməllərlə çıxmasını arzulayır iddiasını dəlil göstərir. Buna da üç böyük şiə alimlərinə nisbət verdiyi rəvayəti dəlil kimi təqdim edir. Bu alimlər: Seyyid Mürtəza, Şeyx Tusi və Şeyx Səduqdur.

İhsan Zahir deyir:
Əli... onun cənnət əhlindən olduğuna iman bəsləyirdi. Belə ki, bunu Allahın məxluqlarının ən xeyirlisi, Mustafa, Sadiq və Əmin Muhəmmədin dilindən eşitmiş, bu səbəbdən də, Allahın hüzurunda Ömər Faruqun (r) həyatı boyu əldə etdiyi gözəl əməllər kimi əməllərlə çıxmağı təmənna etmişdir. Necə ki, bunu Seyyid Mürtəza, Əbu Cəfər Tusi, İbn Babəveyh və İbn Əbülhədid də rəvayət ediblər: “Ömərə qüsl verilib kəfənləndikdə Əli oraya gəlib dedi: “Mənim üçün Allahın hüzuruna bu qarşınızda kəfənlədiyiniz şəxsin əməl dəftəri ilə çıxmaqdan yer üzündə daha sevimli bir şey yoxdur”. (Kitabuş-Şafi, Ələmul-Huda, s. 171; Təlxisuş-Şafi, Tusi, c. 2, s. 428, İran çapı; Məanil-əxbar, Şeyx Səduq, s. 117, İran çapı)

Cavab:

Bu iddialar batil və dəlilsizdir. Belə ki, təqdim etdiklərinin dəlil olmaq səlahiyyəti yoxdur. Bu “dəlillər” barədə müfəssəl sözlərimizi sizə təqdim edirik:

Seyyid Mürtəza və Şeyx Tusiyə istinad edilən rəvayət

Seyyid Mürtəza deyir: “Kitabın müəllifi 1193 deyir: “Onların digər dəlilləri: Çox vaxt onlar bu mövzuda iddia etdikləri hədislərlə əlaqələndirirlər. O hədislərin bəzisi xəbəri vahidlər, bəziləri xəbəri vahidin şərtlərinə əsasən belə isbatlanması mümkün olmayan rəvayətlərdir. Məsələn, iddia edirlər ki, Peyğəmbər (s) səhabələrə Əliyə “Möminlərin əmiri” və bu kimi sözlərlə salam verməyi buyurur...

Şeyximiz Əbu Əli bu hədislərin heç bir cəhətdən isbat olunmadığını, qəti dəlillərin isbatlanmasında onlara əsaslanmağın doğru olmadığını bildirib. Bu və bu kimi rəvayətlərin mütəvatir olduğu iddialarının da doğru olmadığını bəyan edib. Çünki mütəvatir hədislərin şərtləri onlarda cəm olmayıb...

Həmçinin (Əbu Əli) bəyan etdi ki, onların bu hədislərinə qarşı olan dəlillərdən biri də eyni sözlərin Əbu Bəkr üçün söyləndiyidir. Belə ki, hədis əhlinin arasında belə rəvayətlər çoxdur.

Həmçinin bildirdi ki, qəti dəlilin isbatı hədissiz mümkün deyil. Qədim əsrlərdəki şəraitdə isə bu olduqca çətin idi.

Möminlərin əmiri Əlinin (ə) Əbu Zərr, Əmmar, Miqdad və Salman kimi şiələrinin olduğu və onu bu adla çağırdıqları iddiasının da isbatı mümkün deyil. Belə hədislər yalnız onların Əli ilə (ə) xüsusi yoldaşlıqlarını, onun fəzilətlərini söylədiklərini, imamətə layiq olduğunu, ona və fikirlərinə bağlılığı isbatlayır. Bundan başqa iddialar isə uzaq rəylərdir. Çünki heç bir qəti dəlil onların iddialarını qeyd etmir.

Qeyd etdi ki, əgər onlar özləri üçün bir şeyin isbatında belə hədislərə əsaslanmağa razıdırlarsa, o zaman Peyğəmbərin (s) özündən sonra xəlifə təyin etmədiyinə dəlalət edən hədislər bundan daha üstündür. Belə ki, Əbu Vail və Həkəm Əli ibn Əbu Talibdən (ə) “özündən sonrakı xəlifəni vəsiyyət etməyəcəksən?” sualına cavabda belə dediyini nəql edirlər: “Peyğəmbər (s) vəsiyyət etdi ki, mən də vəsiyyət edim?! Lakin Allah camaata xeyir diləsə, onları ən yaxşılarının ətrafında toplayar. Necə ki, Peyğəmbərdən (s) sonra onları ən yaxşılarının ətrafında toplamışdı”. Səsəə ibn Sovhan rəvayət edir...

O cür hədisə əsaslanmaqdansa, ondan üstün olan bu kimi hədislərə niyə etimad etmirlər?

Onların (şiələrin) bu iddiasına zidd olan digər bir məsələ Əbu Bəkrin xilafəti ilə bağlı nəql edilən rəvayətdir. Ənəs ibn Malikdən rəvayət olunur ki, Əbu Bəkr gəldikdə Peyğəmbər (s) onu cənnətlə və özündən sonra xəlifəliklə müjdələməyi, həmçinin Öməri də cənnətlə və Əbu Bəkrdən sonra xəlifəliklə müjdələməyi əmr etmişdi. Cübeyr ibn Mutəmdən rəvayət olunur... Cəfər ibn Muhəmməd atasından, o da Cabir ibn Abdullahdan rəvayət edir: “Ömərə qüsl verilib kəfənləndikdə Əli oraya gəlib dedi: “Mənim üçün Allahın hüzuruna bu qarşınızda kəfənlədiyiniz şəxsin səhifəsi ilə çıxmaqdan yer üzündə daha sevimli bir şey yoxdur”. Bu cür hədis İbn Abbasdan və İbn Ömərdən də rəvayət olunub. Və digər rəvayətlər ki, onları burada qeyd etmək sözümüzün uzanmasına səbəb olacaq.

Bu və qeyd edilməsi söhbəti uzadacaq o aşkar rəvayətlər olduğu halda, nə üçün belə üstün sübutlar, Əbu Bəkrin xilafəti və fəzilətinə... dair qəti dəlillər müqabilində onların Möminlərin əmiri Əlinin (ə) imamət və fəzilətinə dəlil olduğunu iddia edirsiniz?” 1194

Cavabında ona deyilir: “Möminlərin əmiri Əliyə (ə) “Möminlərin əmiri” ünvanı ilə salam vermək əmrini ehtiva edən hədis şiələrin arasında nəqldə təvatür həddindədir. Həmçinin şiələr rəvayətdəki təkcə bir sözü deyil, onu barəsində mütəvatir həddində olan Peyğəmbərin (s) buyurduğu “O, müsəlmanların ağası, təqvalıların imamı, alnı parlaqların öndəridir”, eləcə də “Bu, məndən sonra bütün mömin kişi və mömin qadınların rəhbəridir” sözləridir. Bu kəlmələr də həmin sözün məcrasındadır. Əgər bu hədisi yalnız şiələrin nəql etdiyini düşünürsünüzsə, onu bir çox Əhli-Sünnə raviləri də müxtəlif yollarla rəvayət etmiş və səhih olduğunu söyləmişlər. Heç bir Əhli-Sünnə ravisinin və alimin bu hədisləri inkar etdiyini və ya kənara atdığını görməmişik. Əgər İmam Əliyə (ə) “Möminlərin əmiri” ünvanı ilə salam vermək hədisi onların rəvayətlərindəki oxşar hədislərin mətninə zahirdə bənzəyirsə, bunların hamısı Əhli-Sünnə yolu ilə nəql edilibsə və Əbu Əlinin iddiasına görə mütəvatir deyillər, xəbəri vahidə də uyğun gəlmirlər, həmçinin onun iddiasına görə, mütəvatirin şərtlər bu rəvayətlərdə cəm olmayıbsa, biz kitabın əvvəlində mütəvatir üçün tələb olunan şərtlərin o rəvayətlərdə toplandığını bəyan etmişik.

Onu sözü: “Bu hədis mətəvatirlər sırasına daxil deyil. Deyilə bilər ki, şiələr əsrlər boyunca ölkələrdə çoxluq təşkil etməyiblər ki, nəticədə mütəvatirin şərtlərinin hasil olması bir kənara dursun, onların təvatür həddindəki nəqli belə mümkün olsun”. Mütəvatir hədislərin necə müəyyənləşdiyini biz bilmirik? Məgər bu, əksər hallarda rastlaşdığımız, tanınmış, gizli olmayan, nəsildən-nəsilə nəql edilən sifətlərə sahib hədislər deyilmi? Bilirik ki, onların birincisinin vəsfi sonuncusunun vəsflərinin şərtləri kimidir. Bunları və şiə nəqllərindəki mütəvatirin isbatının dəlillərini əvvəldə qeyd etdik. Əgər qeyd etdiklərimizə kiminsə şəkki varsa, bizə bir mütəvatir xəbəri nümunə göstərsin ki, şiə rəvayətinin onunla eyni, artıq və ya əskik səviyyədə olduğunu bilək. Əgər biz onun mütəvatirliyinə hökm etməsəydik, o zaman bu cümlənin üzərində dayanmazdıq...

Bu hədisin Əbu Bəkrlə bağlı iddia edilən qəti dəlillərə zidd olmasına gəldikdə, onun barədə də sözümüzü dedik, burada təkrara lüzum görmürük. Həmin iddianın puçluğunu bəyan etmişik. Bu dəlil şiənin Möminlərin əmiri Əli (ə) ilə bağlı təqdim etdiyi dəlillə eyni səviyyədə və ya ona yaxın da deyil, təqdim edilən dəlilin qarşısında qeyd edilmə səlahiyyəti yoxdur. Bu mövzuda şübhələri aradan qaldıracaq bir neçə cəhəti qeyd etdik...

Peyğəmbərin (s) özündən sonra xəlifə təyin etmədiyinə və ya Əbu Bəkri xəlifə təyin edərək imamətini bildirdiyinə dair Peyğəmbərdən (s) bir neçə hədisi nəql edərək şiələrin bu iddiasının ziddinə təqdim etməsinə gəldikdə: Bu barədə ona deyəcəyimiz ilk söz budur ki, ziddiyyət məqamında eyni səviyyəli, bir-birinə qarşı olmaq səlahiyyətinə sahib dəlillər olmadıqda, iddiaçının təəssübü zahir olur. Ziddinə təqdim edilən dəlillərlə bizim əsaslandığımız dəlillərin arasındakı fərqliliklər hamıya məlumdur. Belə ki, bizim təqdim etdiyimiz bütün və ya əksər hədislərin nəqlində onlarla müştərəkliyimiz var. Onların ravilərinin səhih olduğunu söyləmiş və öz kitablarında, əsərlərində “səhih” hökmü ilə qeyd etmişlər. Lakin onun iddiasına təqdim etdiyi rəvayətlər isə bir tərəfdən nəql edilmişdir. Möminlərin əmiri Əlinin (ə) müxtəlif məzhəblərdən olan şiələri bunları inkar və rədd edir, ravilərini etibarlı saymırlar. Bundan əlavə, nəql edilmiş həmin rəvayətlərə diqqətlə nəzər saldıqda, ravisini, mətnin əslini araşdırdıqda bunların Əhli-Beytdən (ə) üz döndərdikləri və onlardan uzaqlaşdıqları məşhur olan təəssübkeşlərin məhsulu olduğu aydınlaşır. Bunlar nəzərə alındıqda, onların şiə ilə mübahisələrdə təqdim etdiyimiz dəlilin qarşılığında heç bir üstünlüyü yoxdur. Hətta bunu hamı nəql etsə, hamı razı olsa belə... Bizim mütəvatirlik vəsflərini qeyd etdiyimiz hədisin qarşısında belə rəvayətlərlə çıxmaq alimə yaraşman təəssüb deyil, bəs nədir?” 1195

Mətndən də göründüyü kimi, Seyyid Mürtəza kitabın həmin yerində Qazi Əbdülcabbarın sözlərini nəql etməkdə və ardınca ona cavab verməkdədir. Əbdülcabbarın sözlərinin xülasəsi bu idi ki, şiələrin İmam Əlinin (ə) imamətinə dəlil göstərdikləri bu mövzuda olduğunu iddia etdikləri hədislərdir ki, onlara da öz şeyxi Əbu Əlidən nəql etdiyi sözlərlə cavab verir. Əbu Əli həmin rəvayətin elmi cəhətdən heç bir şeyi sübut etmədiyini və etimad olunmayacağını deyir, şiələrin bu rəvayətlərdən bəzilərinin mütəvatir həddinə çatdığı iddiasının mütəvatir şərtlərinin cəm olmadığı üçün düzgün sayılmadığını bildirir. Bunun qarşılığında Əbu Bəkr və Ömərin xəlifəliyi barədə qəti dəlillərin olduğunu söyləyir və deyir ki, əgər şiələr bu cür dəlillərə etimad edirlərsə, bundan daha üstün və açıq mənalı olan belə rəvayətlərə niyə əhəmiyyət vermirlər? Bunun ardınca isə xəlifənin təyin olunmadığına və ya Əbu Bəkrin və Ömərin xəlifəliyinə dair rəvayətləri qeyd edir. Bunlardan biri də İmam Əlinin (ə) Ömərə qüsl verilib kəfənlənərkən həmin yerə gəlib “Mənim üçün Allahın hüzuruna bu qarşınızda kəfənlədiyiniz şəxsin səhifəsi ilə çıxmaqdan yer üzündə daha sevimli bir şey yoxdur” dediyi rəvayətdir.

Göründüyü kimi, Seyyid Mürtəza da bu iddiaları müfəssəl şəkildə cavablandırır.

Buna əsasən, Ömərə qüsl verilib, kəfənlənərkən İmam Əlinin (ə) gəlib “Mənim üçün Allahın hüzuruna bu qarşınızda kəfənlədiyiniz şəxsin səhifəsi ilə çıxmaqdan yer üzündə daha sevimli bir şey yoxdur” dediyi iddia olunan bu sözlər Qazi Əbdülcabbarın Ömərin xilafətinə dəlil olaraq təqdim etdiyi rəvayətlərdən biridir. Bu rəvayəti isə şiələrin İmam Əlinin (ə) imamətinə göstərdikləri dəlillərin ziddinə göstərir. Lakin İhsan Zahir öz adəti üzrə yenə də saxtakarlığa əl ataraq Qazi Əbdülcabbarın sözlərini Seyyid Mürtəzanın sözləri kimi təqdim edib.

Buradan İhsan Zahirin Şeyx Tusiyə nisbət verdiyi sözlərin də qondarma olduğu anlaşılır. Belə ki, Şeyx Tusinin “Təlxisuş-Şafi” kitabı Seyyid Mürtəzanın “əş-Şafi fil imamət” əsərinin xülasəsindən başqa bir şey deyil. Nəticədə Qazi Əbdücabbarın sözlərini bu dəfə Şeyx Tusiyə nisbət verir.

Şeyx Səduqa nisbət verdiyi rəvayət

Şeyx Səduq “Məanil-əxbar”da Müfəzzəl ibn Ömərə istinadən rəvayət edir: “Əbu Abdullahdan (İmam Sadiqdən) İmam Əlinin (ə) ikinciyə (xəlifə Ömərə) qüsl verilib kəfənlənərkən söylədiyi “Mənim üçün Allahın hüzuruna bu qarşınızda kəfənlədiyiniz şəxsin səhifəsi ilə çıxmaqdan yer üzündə daha sevimli bir şey yoxdur” sözünün mənası barədə soruşdum”. Buyurdu: “Bu sözü ilə Kəbədə imzalanan səhifəni nəzərdə tutub”. 1196

Şeyx Səduqun rəvayətində “bu qarşınızda kəfənlədiyiniz şəxsin səhifəsilə” sözündə məqsəd İmam Sadiqin (ə) də rəvayətdə bəyan etdiyi kimi, Kəbədə imzaladıqları vərəqdir. Bu söz isə özündə Ömərə qarşı ciddi tənqid və məzəmmət daşıyır.

İmam Sadiqin (ə) rəvayətdə toxunduğu “Kəbədə imzalanmış səhifə (vərəq)” məsələsi şiə mənbələrində məşhur mövzudur. Bu vərəqdə bir dəstə şəxsin Vida Həccindən sonra xilafəti Əliyə verməyəcəklərinə dair bağladıqları əhd qeyd edilib. Şiə alimləri rəvayət edirlər ki, bir dəstə səhabə Əbu Bəkrin evində toplaşaraq Peyğəmbərin (s) xilafəti barədə müqavilə bağlamış, bunu bir vərəqdə yazmışdılar. Orada inkar edilən ilk məsələ Möminlərin əmiri Əlinin (ə) vilayətidir. Müqaviləyə əsasən, xilafət əvvəlcə Əbu Bəkrə, sonra Ömərə və ardınca Əbu Übeydəyə çatmalı idi. Sonra həmin kağız Əbu Übeydə ibn Cərraha verilərək Məkkəyə göndərilmiş, Ömər ibn Xəttabın hakimiyyətinədək Kəbədə basdırılaraq saxlanmışdı. Onu Ömər ibn Xəttab oradan çıxarmışdı. 1197

Bu, İmam Əlinin (ə) Ömər ibn Xəttab öldükdə Allahın hüzuruna həmin səhifə ilə çıxması barədəki təmənnasıdır. Lakin İhsan Zahir bu səhifənin Ömərin əməl dəftəri olduğu xülyasını oxucuya təlqin etməyə səy göstərib. Bununla da Qazi Əbdülcabbarın söylədiyi rəvayəti Şeyx Səduqun rəvayət kimi təqdim edərək ona iftira atıb.

1193 Bu, Əhli-Sünnə alimi Qazi Əbdülcabbar Mötəzilidir; “əl-Muğni” kitabının müəllifidir.
1194 əl-Muğni, Qazi Əbdülcabbar Mötəzili, c. 20, s. 90-91
1195 əş-Şafi fil-imamət, Seyyid Mürtəza, c. 3, s. 89-96
1196 Məanil-əxbar, Şeyx Səduq, s. 412
1197 Kitabu Süleym ibn Qeys, Süleym ibn Qeys (vəfatı: h.q 76), s: 154, 161, 203, 269

 

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 2, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе