»»

İmam Əli (ə) müaviyəyə məktubunda Əbu Bəkr və Ömərdən razılığını bildirib?

Allah və Rəsuluna ən səmimi olanı xəlifə Siddiq, sonra isə onun xələfi xəlifə Faruq idi... !!??

İhsan Zahir deyir: “(Möminlərin əmiri Əli) Şam əmiri Müaviyə ibn Əbu Süfyana yazdığı məktubda birinci xəlifə Siddiqin xəlifəliyini və fəzilətini təsdiqləyir, ölümündən sonra onun üçün bağışlanma və xeyir diləyir, Rəbbinin dərgahına getdiyindən (onlardan ayrıldığına görə) təəssüflənir. Məktubunda yazır: “Qeyd etdin ki, Allah müsəlmanlardan onun üçün yardımçılar seçdi, onları onunla (peyğəmbərlə) gücləndirdi. Onun yanındakı məqamları, sənin güman etdiyin qədərilə, İslamdakı fəzilətlərinə görə idi. Aralarından Allah və Rəsuluna ən səmimi olanı xəlifə Siddiq, sonra isə onun xələfi xəlifə Faruq idi...

Ömrümə and olsun, o ikisinin İslamdakı məqamı böyük və onlara üz verən müsibətin İslamdakı yarası dərindir. Allah onlara rəhm eləsin və etdikləri yaxşı əməllərinə görə mükafatlandırsın!” 684

Müzakirə

Birinci cavab: Məktubda Əbu Bəkrin xilafətinin qanuniliyi etiraf edilmir

İmam Əlinin (ə) cavab xarakterli bu məktubu heç də özündən əvvəlki xəlifələrin hakimiyyətindən razılığına dəlalət etmir. Çünki Müaviyənin Möminlərin əmirinə (ə) göndərdiyi məktubda, eləcə də İmamın (ə) yazdığı cavabın tam mətnində onların xilafətindən razı olmadığı görünür. Belə ki, Müaviyə İmam Əliyə (ə) yazdığı məktubda deyir: “Onların hamısına həsəd apardın, hamısına qarşı çıxdın. Bunu sənin kəc-kəc baxışlarından, acı sözlərindən, dərin nəfəs almağından və xəlifələrdən kənar gəzməyindən də anlayırdıq. Bütün bunlara baxmayaraq, səni dəvənin noxtasından tutub sürüdükləri kimi beyətə apardılar.

Öz bibin oğluna səndən çox heç kim həsəd eləmədi. Halbuki onun fəzilətinə və sənə olan yaxınlığına görə məhz sən bunu etməməliydin. Nəticədə qohumluq əlaqəsini kəsdin, yaxşılıqlarını pislik kimi yad etdin, ədavət apardın, içində saxladıqlarınla insanları ona qarşı qaldırdın, sonda camaat hər yerdən öz dəvələrini və atlarını onun üzərinə sürdü. Peyğəmbərin (s) hərəmində onun üzərinə qılınc sıyırdın. Sənin gözünün qarşısında qətlə yetirildi. Həmin vaxt onun çəkdiyi ağrılardan fəryadını eşidirdin. Lakin nə sözünlə və nə də əməlinlə onu müdafiə etmədin.

Ömrümə and olsun, ey Əbu Talibin oğlu, əgər onun haqqını müdafiə edib camaatı bundan çəkindirsəydin, tələb etdiklərinin pis şey olduğunu onlara bildirsəydin bizim tərəfimizdən bir nəfər də səndən uzaqlaşmazdı. Səni Osmana qarşı üsyankar və onu tərk etmiş şəxs kimi tanımazdıq.

Digər tərəfdən, sən Osman ibn Əffanın yoldaşlarının nəzərində qətldə şübhəli şəxssən. Onun qatilləri sənə pənah gətiriblər. Onlar bu gün sənin gücün, vuran əlin və yardımçılarındır. Mənə xəbər çatıb ki, sən Osmanın intiqamından əl çəkmiş və Osmandan uzaq olduğunu bildirmisən. Əgər doğru deyirsənsə, o zaman qatilləri bizə ver ki, intiqam alaq. Bunu etsən sənə tərəf qaça-qaça gələn şəxslərin ilki biz olacağıq. Əks təqdirdə aramızda yalnız qılınc hökm edəcək...”

Müaviyə bu sözləri ilə sadə və avam insanlarda təsir qoymağa çalışır, İmamın (ə) əvvəlki xəlifələri inkar etməkdə məqsədinin xilafəti ələ keçirmək olduğu zənnini yaratmağa səy göstərir. Guya, bu inkar onun xəlifələrə olan həsədindən irəli gəlirdi. Əgər Müaviyə bu işin batil və yanlış olduğunu düşünürdüsə, o zaman halbuki özü də hazırda İmama (ə) qarşı eyni mövqedə idi. Bütün bunlar avam camaatın fikrini yayındırmaq cəhdlərindən savayı bir şey deyildi.

Lakin həqiqətlər bu və ya digər şəkildə onun dilindən də zahir olurdu. Xüsusilə də Muhəmməd ibn Əbu Bəkr kimi haqqı bilən, buna yəqinliklə inam bəsləyən və haqq əhlini tanıyan, eləcə də batili ayırd edən, onu haqdan ayıran və batil əhlini tanıyan şəxslərlə yazışmalarında bu aydın görünür. Muhəmməd ibn Əbu Bəkrə yazdığı məktubunda Müaviyə yaranmış vəziyyətlə əlaqədar olaraq xilafətin necə Əbu Bəkrə, ondan sonra Ömərə və Osmana keçdiyini açıq bəyan edir. Çünki Muhəmməd ibn Əbu Bəkr haqqı bilirdi, batilə haqq donu geyindirməklə onu aldatmaq mümkün deyildi. Bu, həqiqət axtaran oxucular üçün xüsusi diqqət yetirilməli bir etirafdır. Müaviyə yazır: “Müaviyə ibn Əbu Süfyandan atasına qarşı çıxmış Muhəmməd ibn Əbu Bəkrə! Hidayət ardınca gedən və təqva tədarük edənlərə salam olsun!

Sənin məktubun mənə çatdı. Allahı böyük ləyaqət, qüdrət və qüvvətlə yad etmisən. Onun Peyğəmbərinin xüsusiyyətlərini düzüb qoşduğun çoxlu sözlərlə, eləcə də öz atana olan əsassız nəzərlərinlə açıqlamış, kobud davranmısan.

Bu məktubda Əbu Talibin oğlunun üstünlüyünü, onun Allahın Peyğəmbəri ilə qohumluğunu, ona yardımlarını, vəfasını, qorxu və dəhşət zamanında yanında olduğunu açıqlamısan. Eləcə də mənə öz fəzilətlərini deyil, yalnız onun fəzilətlərini sübut kimi təqdim etmisən. Allaha həmd və şükür edirəm ki, bu fəzilətləri sənə deyil, başqasına əta etmişdir.

Mən və sənin atan Peyğəmbər həyatda ikən Əbu Talibin oğlunun haqqını özümüzə vacib bilir və bizə olan üstünlüyünü açıq-aşkar görürdük. Peyğəmbər Allahın vədəsini yerinə yetirib, dinini qalib və dəlillərini möhkəm etdikdən sonra Uca Allah onun canını aldı, Öz yanına apardı. Sənin atan və dostu Ömər onun (Əli ibn Əbu Talibin) haqqını mənimsəyən, onun qarşı çıxan və bu işdə bir-birləri ilə əlbir olan ilk şəxslər idilər. Sonra bu iki nəfər onu özlərinə beyətə dəvət etdilər. O, bundan imtina etdikdə, onu ağır möhnətlərə salmaq üçün planlar qurdular. Nəhayət onlarla beyət etdi. Sonra onların (xəlifələrin) üçüncüsü, yəni Osman xilafət kürsüsündə əyləşib onların yolunu və üslubunu davam etdi. Sən və sənin dostların ona irad tutdunuz, hətta ən günahkar şəxslər belə ona qarşı çıxıb əleyhinə fitnələr yaratdılar. Axırda öz arzularına nail olub onu öldürdülər.

Ey Əbu Bəkrin oğlu! Sənə xəbərdarlıq edir və tutduğun işə görə tezliklə əzab-əziyyətlərə düçar olacağını bildirirəm. Bil və agah ol ki, səbri və dözümü dağlarla bərabər olan, kimsənin zorakılıqla məğlub etməyə qadir olmadığı şəxsin yolu ilə gedə bilməzsən. Daha artıq səbrə malik olan şəxslər də onun kimi ola bilməzlər.

Lakin sənin atan (Əbu Bəkr) zəmin yaradıb öz hakimiyyətinin təməlini qurdu və onu yüksəkliklərə ucaltdı.

Əgər bizim gördüyümüz işlər düzgündürsə, bunun təməlini qoyan sənin atan olmuşdur, yox, əgər əyri yol olub zülm sayılırsa, yenə də onun əsasını qoyan sənin atandır və biz də onunla (bu günahda) şərikik. Sənin atan bunu etməsəydi, biz Əli ibn Əbi Talibə qarşı çıxmaz və onun əmrinə təslim olardıq. Lakin sənin atanının bunları etdiyini görüb, biz də onun kimi davrandıq, yolunu davam etdirdik. Əgər irad tutmaq istəyirsənsə, ya öz atana irad tut, ya da bu işdən əl çək. Azğınlığından üz döndərib tutduğu işlərdən tövbə edən və peşman olan şəxslərə salam olsun”. 685

Bu məktubu oxuyan şəxs Əbu Bəkr və Ömərin əməllərinin həcmini, İmam Əlinin (ə) onlardan razı olub-olmadığını asanlıqla anlaya bilər.

Bu Müaviyədir, atasının əməllərindən Muhəmməd ibn Əbu Bəkrin (ə) razı olmadığını bildirir. Məktubuna “...atasına qarşı çıxmış Muhəmməd ibn Əbu Bəkrə” sözləri ilə başlayır. Ərəbcə mətndəki “əz-Zari” kəlməsi lüğətdə “eyib tutaraq inkar və ittiham edən” mənasını verir. Xəlil ibn Əhməd Fərahidi deyir: “Yəzri fulanun əla sahibihi əmra” (filan şəxs öz dostuna bir işi eyib tutdu) – bu əməldən geri çəkilməsi üçün onu ayıblayır və danlayır. Məsdər olan “İzra” kəlməsi isə – insanlara qarşı diqqətsiz mənasını verir”. 686

Cövhəri deyir: “əz-Zari ələ-insan (insanı ayıblayan) – yəni onu əhəmiyyətsiz sayan və əməllərini inkar edən”. 687

Muhəmməd ibn Əbu Bəkr öz atasının əməllərini inkar edirdi. O, atasının hərəkətlərini pisləyir və yanlış görürdü. Əgər Muhəmməd ibn Əbu Bəkrin atasına qarşı münasibəti belədirsə, o zaman İmam Əlinin (ə) münasibəti necə olar?! Bu məsələnin bir tərəfi.

Digər tərəfdən: Müaviyə fitnənin mənşə və təməlinin Əbu Bəkr tərəfindən qoyulduğunu bildirir. Bu, onun məktubunda da aşkar görünür: “Əgər bizim gördüyümüz işlər düzgündürsə, bunun təməlini qoyan sənin atan olmuşdur, yox, əgər əyri yol olub zülm sayılırsa, yenə də onun əsasını qoyan sənin atandır və biz də onunla (bu günahda) şərikik. Sənin atan bunu etməsəydi, biz Əli ibn Əbi Talibə qarşı çıxmaz və onun əmrinə təslim olardıq. Lakin sənin atanının bunları etdiyini görüb, biz də onun kimi davrandıq, yolunu davam etdirdik. Əgər irad tutmaq istəyirsənsə, ya öz atana irad tut...”

Buna əsasən, Müaviyə özünün dinə zidd rəftarına və müsəlmanların xəlifəsinin üzərinə müharibəyə qalxmasına Əbu Bəkrin əməllərini dəlil göstərməklə bəraət qazandırır. Onu Əliyə (ə) qarşı çıxmağa, haqqı olmayan şeyi mənimsəməyə cürətləndirən məhz Əbu Bəkrin hərəkətləridir. Necə ki, bu məktubun Məsudidən nəql edilən nüsxəsində Müaviyə Əbu Bəkrin hərəkətləri barədə məhz “mənimsəyən” kəlməsindən istifadə edir.

Bunlar Müaviyənin sözləri də olsa, ona bəraət qazandırmaz. Çünki onun da vəzifəsi haqqı araşdırmaq və onun ardınca getmək idi. Lakin məsələ budur ki, o, Əbu Bəkrin hərəkətlərini öz əməllərinə, batil işlərinə və peyğəmbərlər Ağasının (s) şəriətinə qarşı çıxmağa dəlil kimi istifadə edir. Necə ola bilər ki, Muhəmməd ibn Əbu Bəkr haqqı bilsin, onun ardınca getsin, atasına qarşı çıxsın, lakin Müaviyə bunları bilməsin?! Əksinə, o, bütün bunları gözəl bilirdi, ancaq bir-iki günlük fani dünya şövqü onu bilərək haqqa qarşı çıxmağa sövq elədi.

Hər halda – heç bir şəkk yeri qoymadan – məktub, aydın şəkildə Möminlərin əmiri Əlinin (ə) Əbu Bəkrin xilafətindən razı olmadığını bəyan edir.

Məgər İhsan Zahir Əbu Bəkrin xilafətinə Əlinin (ə) münasibəti barədə “Möminlərin dayısından” 688 çox bilirdi?!

İkinci cavab: İmam (ə) Müaviyəni özünün də inam bəslədiyi məsələlərə tabe olmağa çağırır

İmam (ə) yazışmasında Müaviyəyə onun etiqad bəslədiyi məsələlər əsasında xitab edir. Çünki onun əleyhinə dəlil göstərməkdədir. Bu dəlillər öz nəzərində batil və etiqadına zidd olsa belə rəqibin inam bəslədiyi məsələlərdən olmalıdır. Məqsəd isə nəticədə qarşı tərəfin haqqa boyun əyməsidir. Müaviyənin xəlifələr barədə etiqadı belə idi. İmam (ə) da ona etiqad bəslədiyi məsələlərə uyğun rəftar etməyə çağırır.

İmam Əli (ə) Müaviyənin bu etiqadına özü inam bəsləmirdi, xilafətin qəsb edilmiş köynək kimi geyilməsinə razı deyildi. O (ə), haqq sahibi idi. Buna görə də cavab məktubunun sonunda İslamdakı mövqeyini, Peyğəmbər (s) yanındakı məqamını və Peyğəmbərdən (s) sonra rəhbərliyə ən layiqli şəxs olduğunu bəyan edir. Buyurur: “Əgər ona (xilafətə) Muhəmmədə (s) görə layiq idilərsə, o zaman Muhəmmədə ən yaxın şəxslər bizik və xilafətə daha çox layiqik. Əks təqdirdə pay baxımından Ənsar ən əzəmətli ərəblərdir. Bilmirəm, səhabələr mənim haqqımın alınmasına razı oldular, yoxsa ənsar zülm etdi. Lakin haqqımın alındığını bildim. Allaha xatir onlardan uzaqlaşıb xilafəti tərk etdim”. 689

İmamın (ə) cavabındakı “sənin güman etdiyin qədərilə” sözü Müaviyəni öz etiqad bəslədiyi məsələyə boyun əydirmək üçün söylənmiş daha bir dəlildir. Bununla İmam (ə) şamlı avam camaatın qarşısında da Müaviyənin saxta surətini bəyan edir və əleyhinə olan höccət tamamlayır. Müaviyə Möminlərin əmirinin (ə) birinci və ikinci xəlifələrə münasibətini tənqid edirsə və başqa bir tərəfdən onların xilafət haqlarının olmadığını deyirsə, o zaman qarşısındakı İmam Əli (ə) həm birinci, həm də ikinci cəhətdən qanuni haqq sahibidir. Lakin Müaviyənin bu üsula əl atması avam camaatın fikrində çaşqınlıq yaratmaqdan ötrü idi (haqqı bəyan edərək haqq cərgəsində dayanmaq deyildi). İmam (ə) onun hər iki iddiasının yolunu kəsir, Müaviyənin İslamdakı mövqeyini, birinci və ikinci barədəki ziddiyyətli fikirlərinin arasındakı fərqi göstərir.

Üçüncü cavab:

İmam Əlinin (ə) Müaviyəyə məktubunda Əbu Bəkri “Siddiq”, Öməri isə “Faruq” kimi sifətlərlə vəsf etməsinin heç bir səhih əsası yoxdur. Bu məktubu qeyd edən mənbələrin heç birində İhsan Zahirin iddia etdiyi həmin vəsflərə rast gəlinmir. Məsələn, Bəlazurinin mətnində bu sözlər yoxdur: “Qeyd etdin ki, şəni uca və ismi mübarək olan Allah möminlərdən onun üçün yardımçı seçdi və onun vasitəsilə dəstəklədi. Onların məqamı İslamdakı fəzilətlərinə görə idi. Onların ən fəzilətlisi xəlifəsi (Əbu Bəkr) və ondan sonra xəlifəsinin xəlifəsi (Ömər) idi”. 690

Bu vəsf qeyd edilmədən məktubu İbn Hibban “əs-Siqat” kitabında da nəql edir. Hətta orada bu kəlmələrin əvəzində “amma, xəlifələr barədə qeydinə gəldikdə, ömrümə and olsun ki...” sözləri yer alıb.


684 Şiə və Əhli-Beyt, s. 63. İbn Meysəm Bəhraninin “Nəhcul-Bəlağənin şərhi” kitabından nəql edilərək. s. 477, Tehran çapı
685 Ənsabul-əşraf, Bəlazuri, s. 396-397
686 Kitabul-eyn, Xəlil Fərahidi, c. 7, s. 381
687 əs-Sihah, Cövhəri, c. 6, s. 2367
688 Müaviyə Peyğəmbərin (s) zövcəsi, möminlərin anası Ümmü Həbibənin (Əbu Süfyanın qızı Rəmlənin) qardaşıdır. Buna görə də bəzi əhli-sünnə firqələri və sələfilər ona “Möminlərin dayısı” deyirlər.
689 Nəhcul-bəlağənin şərhi, İbn Meysəm Bəhrani, s. 489-490
690 Ənsabul-əşraf, Bəlazuri, s. 28

 

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе