»»

İmam Əli (ə) Əbu Bəkrin xilafətini qəbul edib?

Bu hadisənin baş verdiyində bütün firqələr həmfikirdirlər. İxtilaf isə hadisədən sonra beyət edib-etməməsində, yaxud beyət baş verdisə bunun məcburən, yoxsa öz razılığı ilə etməsindədir. İmamın (ə) Əbu Bəkrin xilafətini inkar etdiyinə dair bəzi dəlillərə nəzər salaq.

Buxari öz “Səhih”ində yazır: “Əbu Bəkr Fatiməyə bir şey verməkdən imtina etdi. Fatimə buna görə Əbu Bəkrə qəzəbləndi və üz döndərib ölənədək onunla danışmadı. Peyğəmbərin (s) vəfatından sonra altı ay yaşadı. Vəfat etdikdə zövcəsi Əli onu gecə ikən dəfn elədi. Əbu Bəkrin buna icazəsi yox idi. Əli ona namaz qıldı. Fatimə həyatda ikən Əlinin camaatla münasibəti vardı. Lakin o vəfat etdikdən sonra camaat Əli ilə münasibətdən çəkindi. Əli Əbu Bəkrə beyət etmək üçün imkan axtarmağa başladı. Əvvəlki altı ayda o, Əbu Bəkrə beyət etməmişdi. Əbu Bəkrin yanına adam göndərib təkbaşına onun görüşünə gəlməsini istədi. Bunda məqsədi Ömərin onunla birlikdə gəlməməsi idi. Ömər isə (Əbu Bəkrə) dedi: “Allaha and olsun ki, sən ora təkbaşına getməyəcəksən”. Əbu Bəkr: “Mənə nə edəcəklər? Allaha and olsun ki, mən ora tək gedəcəyəm” – deyə cavab verdi.

Əbu Bəkr onun yanına gəldi. Əli şəhadət gətirib dedi: “Biz sənin fəzilətini, Allahın sənə əta etdiklərini bilirik və Allahın sənə bəxş etdiyi xeyrə də həsəd aparmırıq. Lakin sən hakimiyyəti zorla və özbaşına ələ keçirmisən. Biz isə Peyğəmbərə (s) olan yaxınlığımıza görə özümüzün buna daha çox haqq sahibi olduğunu düşünürük”.523

Bu rəvayəti həmçinin Müslim öz “Səhih”ində, İbn Hibban və bir çox başqaları da kitablarında qeyd ediblər.524

Buxarinin və digər böyük mühəddislərin qeyd etdiyi bu rəvayət özündə bir neçə həqiqəti ehtiva edir:

Birinci həqiqət: Fatimə (ə) Əbu Bəkrdən narazı halda vəfat etdi. Bu barədə onun səhabələrlə münasibətlərindən bəhs edərkən söhbət açacağıq.

İkinci həqiqət: Peyğəmbərin (s) bədəninin bir parçası olan Fatimə vəfat edənədək Əli (ə) Əbu Bəkrə beyət etməmişdi. Bunun səbəbi Əlinin (ə) müəyyən işlərə başının qarışması deyildi. Əksinə, o, Əbu Bəkrin hakimiyyəti zorla və özbaşına ələ keçirdiyini, Peyğəmbərə (s) ən yaxın adamların hakimiyyətə daha çox haqqının olduğunu düşünürdü. Belə bir şəxs isə Əli (ə) idi. Bunu Buxarinin nəql etdiyi rəvayət də bəyan edir. Əlinin (ə) özünü hakimiyyətə daha çox haqq sahibi bilməsi dünya tamahından və ya Əbu Bəkrə həsədindən deyildi. Onun (ə) barəsində bunların heç biri təsəvvür edilə bilməz. O, özünün haqq sahibi olmasında ilahi rəyə və malik olduğu dini biliklərə əsaslanırdı. Heç şübhəsiz ki, Əli (ə) Peyğəmbərdən (s) sonra ümmət arasında İslamı bilən ən elmli şəxs idi. Bu onun sözüdür: “Nazil olan elə bir ayə yoxdur ki, harada, nə və kim barədə olduğunu bilməyim. Həqiqətən də Rəbbim mənə unutmayan (və ya düşünən) bir qəlb bəxş etmişdir”.525

İmam Əli (ə) kimin buna haqlı və kimin də haqsız olduğunu yəqin elmlə bilirdi. O, özünə aid olmayan haqqı tələb edib fitnə yaratmaqdan və müsəlmanlara qarşı çıxmaqdan çox-çox uzaq idi. Lakin bu məsələdə haqqın sahibinə məxsus olmadığını görürdü. Ona görə də şiddətlə buna qarşı çıxırdı. Bu üsyan dünya sevgisindən, vəzifə və ya mal-mülk həvəsindən deyildi. Allahın onun üçün hazırladığı, heç bir gözün görmədiyi, qulağın eşitmədiyi və heç bir bəşərin qəlbindən keçmədiyi mükafatlar qarşılığında o, bunlara möhtac deyildi.

Üçüncü həqiqət: Buxarinin rəvayətinin dəlalətinə əsasən, əgər İmamın (ə) Əbu Bəkrə beyət etdiyini qəbul etsək, bu hadisənin özü belə Əbu Bəkrin xilafətinə qanunilik qazandırmır. Çünki beyət Əlinin (ə) könül xoşluğu və razılığı ilə baş verməyib. Əksinə, rəvayətdə də deyildiyi kimi, Fatimə (ə) vəfat etdikdən sonra camaat Əlidən (ə) üz döndərmişdi. Onun əlindən başqa nə gələrdi ki?! Tərəfdarlarının az olduğu halda qılınca əl atmalıydı? Belə bir rəftarı isə İslamın aradan getməsinə, ümmət arasında fitnə çıxmasına şərait yaradacaqdı. Ömər düşünürdü ki, Əli (ə) öz haqqı barədə əsla susmayacaq, Əbu Bəkri xilafətdən imtina etməyə vadar edəcək. Bu səbəbdən Əbu Bəkrin təkbaşına onun evinə getməsinə icazə vermirdi. Əbu Bəkr Ömərin bu hədələrinə “Mənə nə edəcəklər? Allaha and olsun ki, mən ora tək gedəcəyəm” deməsi ilə əhəmiyyət vermir.

İmam Əlinin (ə) Əbu Bəkrdən onun yanına Ömərsiz gəlməsini tələb etməsinin özü də Ömərin Əbu Bəkrin xilafətinin əleyhinə olanlara qarşı mənfi münasibətini bir daha təsdiq edir. Ömər onları öldürməklə, evlərini içindəki şəxslərlə birlikdə yandırmaqla təhdid edirdi ki, əlində heç bir qanuni əsas, şəri dəlil və icmanın rəyi olmadığı halda insanları bu beyətə məcbur etsin. Bu səbəbdən Ömər Əbu Bəkrə beyəti “...qəfildən, məşvərətsiz oldu və baş tutdu. Bəli, Əbu Bəkrə beyət həqiqətən də o cür olub. Amma, Allah onun şərindən qorudu” 526 deyərək vəsf edir. Hətta Əbu Bəkr özü xilafətinin qeyri-qanuni olduğunu bu sözləri ilə təsdiqləyir: “Bilin ki, mən sizə aranızda ən yaxşınız olmadığım halda rəhbər oldum”.527

Əbu Bəkrin xilafətinə beyət almaq üçün istifadə olunan təhdidlər barədə İbn Əbu Şeybə səhih sənədlə belə yazır: “Zeyd ibn Əsləmdən, o da atası Əsləmdən nəql edir: “Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkrə beyət edilərkən Əli və Zübeyr Peyğəmbərin (s) qızı Fatimənin evində toplaşdılar. Onunla məşvərət edir və bu məsələdə geri çəkildiklərini bildirirdilər. Bunu eşidən Ömər Fatimənin evinə yollandı və evə yetişəndə dedi: “Ey Peyğəmbərin qızı, and olsun Allaha, sənin atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Lakin Allaha and olsun ki, bu məhəbbət heç vaxt başına yığdığın adamlara görə evi yandırmaq əmrini verməkdə mənə mane ola bilməz”.

Ömər getdikdən sonra onlar Xanımın yanına gəldilər. Fatimə (ə) dedi: “Bilirsiniz, Ömər bura gəlmişdi və Allaha and içib dedi ki, bir də bura yığışsanız evi sizinlə birgə yandıracağam. And olsun ki, onlar dediklərini edəcəklər”.

Evə toplaşanlar oradan çıxdılar, Əbu Bəkrə beyət edənədək də bir daha ora qayıtmadılar”.528

Təbəri isə yazır: “Ziyad ibn Kuleyb deyir: “Təlhə, Zübeyr və mühacirlərdən bir qrupu Əlinin evinə toplaşmışdılar. Ömər ora gəlib dedi: “Ya çıxıb beyət edin, ya da Allaha and olsun ki, evi siz içəridə olduğunuz halda yandıracağam”. Zübeyr qılıncını çəkərək onun qarşısına çıxdı. Lakin bu an ayağı sürüşərək qılıncı əlindən düşdü. (Bunu gördükdə) üzərinə atılıb onu yaxaladılar”.529

Ömər Fatimənin (ə) evinə toplaşmış Əbu Bəkrə beyət etməyən şəxsləri evlə birgə yandırmaqla hədələyir. Evdə isə həmin vaxt Fatimə, Əli, Həsən və Hüseyn də vardı. Bundan böyük terror?!

Bu səbəbdən də İmam Əli (ə) Əbu Bəkrə beyətdən boyun qaçırır, ona yardım edən və bu hadisəni eşidib razı olan səhabələri ittiham və tənqid edirdi. Belə ittihamlar təbii ki, həmin səhabələrin fasiqliyinə, azğınlığına, Ali-Muhəmmədin haqqına qarşı zülmlərinə, hakimiyyəti zorla və özbaşına qəsb etdiklərinə hökm edir. Özünü xilafətə haqlı bildiyi halda Əlinin (ə) Əbu Bəkrə beyət etməyə məcbur qalması, şübhə yoxdur ki, onların haqqına edilən böyük zülmü bir daha təsdiqləyir.530

İmam Əli (ə) Əbu Bəkr və Öməri yalançı, günahkar, namərd və xain kimi görürdü. Buna Müslimin “Səhih”ində nəql etdiyi rəvayət də şahidlik edir: “...Sonra digərlərindən soruşduğu kimi Abbasdan və Əlidən də soruşdu: “Siz bunu bilirsiniz?” Onlar: “Bəli” – deyə cavab verdilər.

Ömər sözünə davam edib dedi: “Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkr dedi: “Mən Peyğəmbərin (s) canişiniyəm”. Siz ikiniz (Abbas və Əli) gəldiniz. Sən (Abbas) qardaşın oğlunun mirasını tələb edirdin. O da (İmam Əli) zövcəsinin atasından qalan mirasını istəyirdi. Əbu Bəkr dedi: “Peyğəmbər (s) buyurub: Biz miras buraxmırıq, özümüzdən sonra qoyduqlarımız sədəqədir”. Siz onu yalançı, günahkar, namərd və xain kimi gördünüz. Halbuki, Allah bilir, o, düz danışan, dindar, düzgün inanclı və haqqa tabe olan idi. Əbu Bəkr öldükdən sonra mən Peyğəmbərin (s) və Əbu Bəkrin canişini oldum. Siz ikiniz məni də yalançı, günahkar, namərd və xəyanətkar bildiniz. Lakin, Allah mənim düz danışan, dindar, düzgün inanclı və haqqa tabe olan olduğumu bilir”.531

Bunu həmçinin Beyhəqi “əs-Sünənul-kubra”da nəql edib.532

 

523 Səhih, Buxari, c. 5, s. 82

524 Səhih, Müslim, c. 5, s. 154; Müsnəduş-şamiyyin, Təbərani, c. 4, s. 199

525 ət-Təbəqatul-kubra, Muhəmməd ibn Səd, c. 2, s. 338. “Sadir” nəşriyyatı, Beyrut; Tarixu mədinəti Diməşq, İbn Əsakir, c. 42, Əli Şirinin təhqiqilə. 1415-ci h.q. ili. “Darul-fikr” nəşriyyatı, Beyrut

526 Səhih, Buxari, c. 8, s. 25-26, “Küfr əhli və mürtədlərlə müharibə kitabı”.

527 əs-Sünənul-kubra, Beyhəqi, c. 6, s. 353; əs-Siqat, İbn Hibban, c. 2, s. 157; Tarix, Təbəri, c. 2, s. 450; əl-Bidayə vən-nihayə, İbn Kəsir, c. 5, s. 269

528 əl-Müsənnəf, İbn Əbu Şeybə, c. 8, s. 572. Hədisin sənədi belədir: “Muhəmməd ibn Bişr Übeydullah ibn Ömərdən, o da Zeyd ibn Əsləmdən, o da atasından...” Muhəmməd ibn Bişr Əbdülqeys Kufinin kölələrindən və “Səhih”lərin ravilərindəndir. Həmçinin rəvayətin digər raviləri də bu cürdürlər. Bu hədis heç bir şübhə olmadan səhihdir.

529 Tarix, Təbəri, c. 2, s. 443

530 Əlinin (ə) xilafətə daha çox haqq sahibi olduğunu, haqqının qəsb edildiyini Müaviyə ibn Əbu Süfyan Muhəmməd ibn Əbu Bəkrə yazdığı məktubunda da etiraf edir. Bəlazuri və Məsudi yazırlar: “Müaviyə ibn Səxrdən atasına qarşı çıxmış Muhəmməd ibn Əbu Bəkrə! Sənin məktubun mənə çatdı. Orada Allahı böyük ləyaqəti, qüdrəti və qüvvətilə yad etmişdin. Allahın elçisinin xüsusiyyətlərini düzüb qoşduğun çoxlu sözlərlə bəyan etmiş, öz atanı isə əsassız nəzərlərinlə qeyd etmisən.
Bu məktubda Əbu Talibin oğlunun üstünlüyünü, onun Allahın Peyğəmbəri ilə qohumluğunu, ona kömək etməsini, vəfalı olmasını, qorxu və vəhşətli halətlərdə onunla birgə olduğunu açıqlamışdın. Eləcə də mənə öz fəzilətlərini deyil, yalnız onun fəzilətlərini sübut etmişdin. Allaha həmd və şükür edirəm ki, bu fəzilətləri sənə deyil, başqasına əta etmişdir.
Mən və sənin atan Peyğəmbər həyatda ikən Əbu Talibin oğlunun haqqını bilir və onun bizə olan üstünlüyünü açıq-aşkar görürdük. Peyğəmbər Allahın vədəsini yerinə yetirib, dinini qalib və dəlillərini möhkəm etdikdən sonra Uca Allah onun canını alıb, Öz yanına apardı. Sənin atan və dostu Ömər onun haqqını mənimsəyən, ona qarşı çıxan və bu işdə bir-birləri ilə əlbir olan ilk şəxslər idilər. Sonra bu iki nəfər Əlini özlərinə beyətə dəvət etdilər. O, bu işdən imtina etdikdə onu ağır müsibətlərə düçar etmək üçün planlar qurdular. Nəhayət onlarla beyət etdi. Sonra üçüncüsü, yəni Osman xilafət kürsüsündə əyləşib onların yolunu və üslubunu davam etdi. Sən və sənin dostların ona irad tutdunuz, hətta ən günahkar şəxslər belə ona qarşı çıxıb əleyhinə fitnələr yaratdılar. Axırda öz arzularına nail olub onu öldürdülər.
Ey Əbu Bəkrin oğlu! Sənə xəbərdarlıq edir və tutduğun işə görə tezliklə əzab-əziyyətlərə düçar olacağını bildirirəm. Bil və agah ol ki, səbri, dözümü dağlarla bərabər olan, kimsənin onu zorakılıqla məğlub etməyə qadir olmadığı şəxsin yolu ilə gedə bilməzsən. Səndən daha artıq səbrə malik olan şəxslər də onun kimi ola bilməzlər.
Lakin sənin atan zəmin yaradıb öz padşahlığının əsasını qurdu və onu yüksəkliklərə ucaltdı.
Əgər bizim gördüyümüz işlər düzgündürsə, bunun təməlini sənin atan qoymuşdur, yox, əgər əyri yol olub zülm sayılırsa, yenə də onun əsasını qoyan sənin atandır və biz də onunla şərikik. Əgər sənin atan bu işləri görməsəydi, biz Əli ibn Əbi Taliblə qarşı çıxmaz və ona təslim olardıq. Lakin sənin atanının belə işlər etdiyini gördükdə, biz də onun kimi hərəkət edib yolunu davam etdirdik. Əgər irad tutmaq istəyirsənsə, ya öz atana irad tut, ya da bu işdən əl çək. Azğınlığından üz döndərib tutduğu işlərdən tövbə edən və peşman olan şəxslərə salam olsun!” (Murucuz-zəhəb, Məsudi, c. 3, s. 12)

531 Səhih, Müslim, c. 5, s. 152

532 əs-Sünənul-kubra, Beyhəqi, c. 6, s. 698

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе