»»

İmam Əli (ə) Əbu Bəkrə beyət etdi?

İhsan Zahir “əl-Ğarat” kitabından nəql edir: “Orada Peyğəmbərin (s) əmisi oğlu, kürəkəni, qızının əri və iki nəvəsinin atası Əli ibn Əbu Talib (r) Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkrə edilən beyəti xatırlayır, camaatın Əbu Bəkrə beyətə yönəldiyini və buna qaçaraq getdiklərini bildirir: “Həmin vaxt Əbu Bəkrin yanına gedib beyət etdim, təhlükəli hadisələrin qarşısını almağa səy göstərdim. Nəticədə batil puç olub aradan getdi. Kafirlər istəməsə də Allahın sözü ən üstün oldu. Əbu Bəkr xilafətin rəhbərliyinə keçdi. İş asanlaşdı, düzgün məcraya düşdü, bir-birinə yaxınlaşdılar və mötədil oldu. Nəsihətçi olaraq yoldaşlıq etdim, Allaha mütilik göstərilən şeylərdə ona itaət etdim”. 573

Bir neçə cəhətdən müzakirəsi mümkündür:

1 – “əl-Ğarat” etibardan düşmüş kitabdır. Çünki bizə mötəbər yollarla yetişməyib. Bunu “Peyğəmbərin (s) səhabələri mədh edən rəvayətləri” bəhsinin üçüncü rəvayətini müzakirə edərkən qeyd etdik. Beləliklə də, bir mənbə kimi şiəyə dəlil ola bilməz.

2 – İmam Əliyə (ə) nisbət verilən bu sözlərdə Əbu Bəkr üçün heç bir tərif və mədh yoxdur. Yalnız “yaxınlaşdılar və mötədil oldu” sözlərindən başqa. Lakin bu iki kəlmə qısa deyilmiş icmali sözlərdir və İmam Əlinin (ə) Əbu Bəkri təriflədiyinə dəlalət etməz. Məsələn, nəyə yaxınlaşdılar? Nədə mötədil oldu? Halbuki İmam Əli (ə) xilafətin Əbu Bəkrin haqqı olmadığını açıq bəyan edib. İhsan Zahir burada da İmamın (ə) sözlərindən öz məqsədləri üçün yararlı olduğunu güman etdiyi hissəni kəsib təqdim etmiş, iddiasını puç edəcək hissələrini isə nəzərlərdən gizlətməyə çalışmışdır. Rəvayətin tam mətni belədir: “Peyğəmbərin (s) dünya həyatındakı ömrü tamamlandıqda Uca Allah onun ruhunu aldı. Bu, yaxınları üçün xüsusi, müsəlmanlar üçün isə ümumi bir müsibət idi ki, bundan əvvəl heç vaxt belə bir şeylə qarşılaşmamışdılar. Peyğəmbər (s) həyatdan köçdükdən sonra müsəlmanlar xilafət məsələsində fikir ayrılığına düşdülər. Allaha and olsun ki, heç qəlbimdən keçməz və ağlıma da gəlməzdi ki, ərəblər Peyğəmbərdən (s) sonra xilafəti Əhli-Beytdən alacaq, məni bu işdən uzaqlaşdıracaqlar. Camaatın Əbu Bəkrə beyətə yönəldiyi və beyət etmək üçün qaçdıqları təəccübümü doğurdu. Mən əl saxladım. Həmin məqama Peyğəmbərdən (s) sonra xilafəti əlinə almış kəsdən özümü daha layiq bilirdim. Allah dilədiyi qədər bu işdən çəkindim. Camaatın arasında İslamdan dönmək barədə səslər yüksəldiyini gördüm. Onlar Allahın dini, Muhəmməd (s) və İbrahimin ümmətini aradan aparmaq istəyirdilər. Qorxdum ki, əgər İslama və əhlinə yardım etməsəm sonradan onlarda böyük yarıqlar və dağıntılar görəcəyəm. Nəticədə bu, az dünya günlərində bərqərar olacaq vilayət haqqımın aradan getməsindən daha böyük müsibətlər yaradacaq. Ardınca əldə edilənlər bir ilğım və ya bulud kimi yox olacaq. Həmin vaxt Əbu Bəkrin yanına gedib beyət etdim, təhlükəli hadisələrin qarşısını almaq üçün çalışdım. Nəticədə batil puç olub aradan getdi və Allahın sözü ən üstün oldu”.574

İhsan Zahirin təqdim etdiyi bu rəvayət əslində İmam Əlinin (ə) xilafət haqqını qəsb edən kəslərə qarşı dəlil kimi göstərilməlidir. Çünki İmam (ə) bu sözlərində öz məzlumluğunu bəyan etməkdədir. O, bu xilafətə Peyğəmbərin (s) göstərişinə əsasən haqq sahibidir. Necə ki, bu, onun sözlərindən də aydın başa düşülür: “Həmin məqama Peyğəmbərdən (s) sonra xilafəti əlinə almış kəsdən özümü daha layiq bilirdim...”

İhsan Zahirin rəvayətdən qeyd etmədiyi hissələr Peyğəmbərin (s) vəfatından sonra İslam ümmətinin başının üzərini almış təhlükələri, müsəlmanlar arasında xilafət mövzusunda olan ixtilafları özündə əks etdirir. Bu da İmamın (ə): “Peyğəmbər (s) həyatdan köçdükdən sonra müsəlmanlar xilafət məsələsində fikir ayrılığına düşdülər...” sözüdür.

Rəvayət tam həcmdə İhsan Zahirin iddialarına heç bir fayda vermir, əksinə dəlil olaraq əleyhinədir. Bu səbəbdən də həmin hissəni kəsərək nəql etmir. Çünki müsəlmanların ixtilafı Əbu Bəkrin xilafətə heç də onların təbii razılığı ilə yetişmədiyini göstərir. Əksinə, bunun müsəlmanlar arasında münaqişə, qarşıdurma və mübahisələr yaratdığını, onların Əbu Bəkrin xilafəti məsələsində icma etmədiklərini təsdiqləyir. Bu məsələni Ömərin özü də etiraf edib: “Əbu Bəkrə beyət bir ani qərarla baş verib bitdi. Bilin ki, bu, həqiqətən də belə oldu. Lakin Allah onun şərindən qorudu”.575

3 – Rəvayət bir daha göstərir ki, Möminlərin əmiri Əli (ə) Əbu Bəkrə heç də rəğbətindən və ya hökumətinin düzgünlüyünə iman bəslədiyindən beyət etməyib. Əksinə, bu addımı İslamı qorumaq, Allahın və Muhəmmədin (s) dinini aradan getməkdən xilas etmək üçün atıb. Ali bir hədəfi müdafiə etmək üçün zülmə dözməyi seçdi. Bu isə daha əhəmiyyətlinin mühümdən üstün tutulmasıdır.

4 – Rəvayətdə tarixdə isbat olunmuş məsələlərlə uyğunsuzluqlar var. Bunlardan: “Camaatın Əbu Bəkrə beyətə yönəldiyi və beyət etmək üçün qaçdıqları təəccübümü doğurdu...” Həqiqətdə camaat Əbu Bəkrə bu şəkildə beyət etməyib. Ona beyət edənlər Ömər, Əbu Übeydə və “Səhifə” əhli idi. Bu beyətdən sonra Ömər qılıncını yelləyərək camaatı beyətə məcbur etməyə başladı. Həmin vaxt da münaqişə və qarşıdurmalar yaşandı. Bəs camaatın Əbu Bəkrə yönəlib, ona tərəf qaçması haradadır?!

Görünən odur ki, rəvayətin bu hissəsi Osmanın qətlindən sonra camaatın İmam Əliyə (ə) etdikləri beyəti vəsf edən sözlərindən götürülüb: “Canavardan qorxmuş qoyunlar çobanın ətrafına yığışdığı kimi hər tərəfdən mənim ətrafıma toplaşdıqları məni təəccübləndirdi...”

5 – Həmçinin rəvayətdəki “...təhlükəli hadisələrin qarşısını almaq üçün çalışdım” sözü də hadisələrə uyğun deyil. Tarix, rəvayət və xəbərlər Möminlərin əmirinin (ə) həmin hadisələrdə iştirak etmədiyini, qılınc qaldırmadığını və bir ox belə atmadığını qeyd edir.

İkinci (kitabda üçüncü) rəvayət: Əbu Bəkr xilafətə ən çox haqq sahibidir

İhsan Zahir deyir: “Bir sual qalır: Bəs nə üçün beyət etməkdə günlərlə gecikdi? Buna İbn Əbülhədid cavab verir: “Sonra Əbu Bəkr qalxıb camaata xütbə söylədi, onlardan üzr istəyib dedi: “Həqiqətən də mənə beyət bir ani qərarla oldu və Allah onun şərindən qorudu. Mən fitnə çıxacağından qorxdum. Allaha and içirəm ki, bir gün də olsun (xəlifəliyə) həris olmadım. Elə bir əzəmətli iş öhdəmə qoyuldu ki, buna nə gücüm, nə də taqətim vardı. İnsanlardan daha güclüsünün yerimdə olmasını dilədim”.

Bu sözlərlə camaatdan üzr istədi və mühacirlər onun üzrünü qəbul etdilər. Əli və Zübeyr dedilər: “Bizi yalnız məşvərət etməməklə qəzəbləndirdin. Biz də Əbu Bəkri buna ən çox layiq şəxs görürük. O, Peyğəmbərin (s) mağara yoldaşı, aramızda ən yaşlısı, Peyğəmbər (s) həyatda ikən camaata namaz qıldırmasını əmr etdiyi şəxsdir”.580

Müzakirə
Bu rəvayətə bir neçə cəhətdən irad bildirmək olar:

1 – İbn Əbülhədid bu rəvayəti Əbu Bəkr Əhməd ibn Əbdüləzizdən nəql edir. O isə sünni alimidir. Buna onun hədis, elm və ədəb dərsi aldığı şeyxləri də şahidlik edir. Onların arasında nə sonradan, nə də əvvəldən şiə olanı yoxdur. İbn Əbülhədidin ondan nəql etdiyi rəvayət şiəyə dəlil sayılmaz. Bunu əvvəldə də qeyd etmişdik.

2 – İbn Əbülhədidin özü də sünni alimidir və mötəzilidir. Mötəzilənin iki firqəsi var: bu firqələrdən biri Əbu Bəkri fəzilətli bilib hamıdan önə keçirir, digəri isə Əlini (ə) hamıdan üstün tutur. İbn Əbülhədid ikinci firqədəndir. Onun İmamiyyə şiəsi olduğunu iddia etməyin mənası yoxdur. O, sadəcə Əlini (ə) üstün bilən bir sünni idi. Onun barəsində kitabın girişində İhsan Zahirin bəhs üslubundan danışarkən söhbət açmışıq.

İhsan Zahirin İbn Əbülhədidi şiələrə nisbət verməsi və səbəbini izah etməməsi ya onun cahilliyinə və terminləri anlamadığına dəlildir, ya da adəti üzrə oxucunu aldatmağa yönəlmiş saxtakarlığıdır.

3 – Rəvayətdə nəzərdən qaçmış qeydlər var. Həmin qeydlər Əlinin (ə) və Fatimənin (ə) Əbu Bəkrdən narazılıqlarına, Allah övliyalarının ehtiramına və Peyğəmbər (s) qızının evinə təcavüz olunduğuna işarə edir. Belə ki, evə hücum, İmam Əlinin (ə) və Zübeyrin qılıncının sındırılması, məcbur edilərək və güc tətbiq olunaraq Əbu Bəkrin yanına aparılmaları, beyətin onlarla məşvərət olunmadan baş verdiyi üçün onlara qəzəblənmələri sübuta yetmiş hadisələrdir. Ancaq İhsan Zahirin dəlil olaraq göstərdiyi “...Biz də Əbu Bəkri buna ən çox layiq şəxs görürük. O, Peyğəmbərin (s) mağara yoldaşı, aramızda ən yaşlısı, Peyğəmbər (s) həyatda ikən camaata namaz qıldırmasını əmr etdiyi şəxsdir” sözləri şiə və sünnilərin icmasına əsasən də batildir. Çünki doğruluğu isbat olunduğu təqdirdə mağarada yoldaşlığın, müsəlmanlara pişnamazlığın və aralarında Əbu Bəkrdən daha yaşlısı olduğu halda qocalığın xəlifəlik və fəzilət üçün meyar olacağını kimsə iddia etməyib.

 

573 Şiə və Əhli-Beyt, İhsan İlahi Zahir, s. 48
574 əl-Ğarat, İbrahim ibn Muhəmməd Səqəfi, c. 1, s. 306
575 Bax: Səhih, Buxari, c. 8, s. 26, “Kitabul-muharibin min əhlil-kufri vər-riddə”.
580 Şiə və Əhli-Beyt, s. 67

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе