»»

Əllamə Mürtəza əl-Əskəri - "Qəza və qədər"

Bağışlayan və mehriban Allahın adı ilə

Cəbr, təfviz və ixtiyar

1. “Cəbr” sözü leksik baxımdan: “Cəbr” sözü “cəbərə” – “məcbur etmək” sözündən düzəlmişdir. Ərəblər deyirlər: “Cəbərəhu ələl-əmr” və ya: “əcbərəhu ələl-əmr”, yəni, Əhməd Əlini filan işi görməyə məcbur etdi, vadar etdi.

2. “Cəbr” sözü islam sxolastiklərinin terminologiyasında: İslam alimlərinin terminologiyasında “cəbr” insanların bütün yaxşı və pis, xeyir və şər işlərinin icbari şəkildə Allah tərəfindən təyin edildiyini irəli sürən, insanların öz işlərini ixtiyari şəkildə görmədiklərini və onların heç bir seçim haqqına sahib olmadıqlarını iddia edən bir ideologiyadır. Cəbr ideologiyası cəbriyyə firqəsinin inancını təşkil edir. Cəbriyyə firqəsinə görə, insanın gördüyü bütün işlər daha öncədən müqəddər (təyin) olunmuşdur. Buna görə də insan ixtiyar sahibi yox, sadəcə bir icraçıdır. Əşərilər də bu düşüncədədirlər.1

3. “Təfviz” sözü leksik baxımdan: “Təvfiz” sözü “fəvvəzə” – “öhdəsinə buraxmaq”, “sərəncamına vermək” sözündən düzəlmişdir. Ərəblər deyirlər: “Fəvvəzə ileyhil-əmrə”, yəni, Əhməd işi Əlinin öhdəsinə qoydu, işi onun sərəncamına verdi.

4. “Təfviz” sözü islam sxolastiklərinin terminologiyasında: İslam alimlərinin terminologiyasında “təfviz” Allahın insanların əməllərini onların öhdəsinə buraxdığını deyən, insanların öz əməllərini Allahdan tam müstəqil şəkildə gördüklərini və Allahın onların işlərinə heç bir təsiri olmadığını bildirən bir ideologiyanın adıdır.2 Mötəzilə məzhəbi bu düşüncədədir.3

5. “İxtiyar” sözü leksik baxımdan: “İxtiyar” sözü “ixtarə” – “seçmək” sözündən düzəlmişdir. Ərəblər deyirlər: “Xəyyərəhu”, yəni, Əhməd Əliyə iki və ya daha artıq işdən birini seçmək haqqı verdi, onu seçim etməkdə sərbəst buraxdı.

6. “İxtiyar” sözü islam sxolastiklərinin terminologiyasında: İslam alimlərinin terminologiyasında “ixtiyar” inancı aşağıdakı mənaya gəlir: Allah peyğəmbərlər vasitəsilə insanlara göstərişlər göndərmiş, onlara bəzi işləri görməyi, bəzi işləri isə görməməyi əmr etmişdir. Bununla yanaşı onlara işi görmək və ya görməmək qüdrəti və iradəsi bəxş etmiş, heç kəsi hansısa bir işi görməyə və ya görməməyə məcbur etməmiş, başqa sözlə, onlara işi görüb-görməmə ixtiyarı vermişdir.

Qəza və qədər

I. Qəza və qədər sözlərinin mənaları:

“Qəza” və “qədər” sözləri bir neçə mənada işlədilir:

A) “Qəza” sözü “qəza” feilindən düzəlmişdir. Qəza feilinin isə aşağıdakı mənaları vardır:

1. “Hökm vermək”, “münaqişəni həll etmək”. Məsələn, Allah-taala Yunis surəsinin 93-cü ayəsində belə buyurur: “Qiyamət günü Rəbbin ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir (yaqdı beynəhum)!”

2. “Xəbər vermək”, “vəhy etmək”. Məsələn, Allah-taala Hicr surəsinin 66-cı ayəsində belə buyurur: “Ona (Luta) vəhy etdik ki (va qadaynə ileyhi), səhər çağı onların (kafirlərin) kökü kəsilmiş olacaq”.

3. “Əmr etmək”, “vacib etmək”. Məsələn, Allah-taala İsra surəsinin 23-cü ayəsində belə buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi əmr etmişdir (va qada rabbukə”).

4. “Allahın bir şeyi istəməsi”, “təyin etməsi”. Məsələn, Allah-taala Bəqərə surəsinin 117-ci ayəsində belə buyurur: Allah bir işin yaranmasını istədiyi zaman (izə qada əmran), ona yalnız: “Ol!”, - deyər, o da (dərhal) olar.” Həmçinin, Ənam surəsinin 2-ci ayəsində belə buyurur: “Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl təyin edən (qada əcələn) Odur”.

B) “Qədər” sözü “qədərə” feilindən düzəlmişdir. “Qədərə” feili və ondan düzələn digər feil və isimlərin aşağıdakı mənaları vardır:

Feillər:

1. “Bir şeyi etməyi bacarmaq”, “edə bilmək”, “qadir olmaq”. Məsələn, Allah-taala Yasin surəsinin 81-ci ayəsində belə buyurur: “Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir (bi-qadirin alə...) deyilmi?!” Həmçinin, Bəqərə surəsinin 20-ci ayəsində belə buyurur: “Həqiqətən, Allah hər şeyə qadirdir (qadir)”.

2. “Ruzini azaltmaq”. Məsələn, Allah-taala Səbə surəsinin 36-cı ayəsində belə buyurur: “De: “Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) azaldar (yəqdiru)”.

3. “Bir işi istəmək”, “bir şeyin baş verməsinə hökm etmək”. Məsələn, Allah-taala Nəml surəsinin 57-ci ayəsində Lut peyğəmbərin (əleyhissəlam) zövcəsi barədə belə buyurur: “Beləliklə ona və ailəsinə nicat verdik, yalnız zövcəsindən savayı. (Onun məhv olan cəmiyyətdə) qalanlardan olmasını təqdir etdik (qaddərnəhə)”, yəni onun həlak olanlardan olmasına hökm verdik.

4. “Ölçüyə riayət etmək”. Məsələn, Səbə surəsinin 11-ci ayəsində Davud peyğəmbərə müraciətlə belə deyilir: “Geniş zirehlər toxu və onların toxunmasında ölçünü gözlə (qaddir)”.

İsimlər:

1. “Bir şeyin kəmiyyəti, qədəri”. Məsələn, Allah-taala Hicr surəsinin 21-ci ayəsində belə buyurur: “Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın. Biz onu yalnız müəyyən miqdarda (bi-qadər) nazil edirik.”

2. “Bir şeyin zamanı və ya məkanı”. Məsələn, Allah-taala Mursəlat surəsinin 20-22-ci ayələrində belə buyurur: “Məgər sizi zəif və dəyərsiz sudan (nütfədən) yaratmadıqmı? Biz onu möhkəm bir yerdə (ana bətnində) qoyduq. Müəyyən bir müddətədək (ilə qadərin...)”.

3. “Allahın qəti hökmü”, “məxluqat üçün müəyyən edilmiş hökmü”. Məsələn, Əhzab surəsinin 38-ci ayəsində Allah-taala belə buyurur: “Öncə gəlib-gedənlər haqqında da Allahın qayda-qanunu belə idi. Allahın əmri əzəldən müəyyən edilmiş (qadərən məqdura) bir hökmdür”.

Bəlkə də məhz qəza və qədər sözlərinin bu qədər çox mənada işlənməsi bəzi müsəlmanların onları yanlış anlamalarına səbəb olmuşdur. Onlar qəza və qədərin müəyyən bir mənasına əsaslanaraq, elə zənn etmişlər ki, insan məcburi şəkildə Allahın onu yaratmazdan qabaq onun üçün təyin etdiyi yolla addımlayır, gördüyü bütün yaxşı və pis əməllər yaranmamışdan qabaq onun üçün müqəddər edilir. Əslində isə belə deyildir.

Burada onu da qeyd edək ki, hədislərdə “cəbri” və “təfizi”lərin hər ikisinə “qədəri” deyilmişdir.4 Buna əsasən, “qədər” sözü iki zidd məfhuma şamil olur, eyniylə heyz halına düşmək və heyzdən təmizlənmənin hər ikisinə “qər” deyildiyi kimi.

II. Qəza və qədər ilə bağlı Əhli-Beyt (əleyhimussəlam) hədisləri

Biz söz uzanmasın deyə, “cəbr” və “təfviz” inancına sahib olan şəxslərin sözlərini qeyd edib onlara cavab verməyəcəyik. Bunun əvəzində cəbr və təfviz kimi inanclara aydınlıq gətirən Əhli-Beyt hədislərini qeyd etməklə kifayətlənəcəyik.

1. “Tövhidüs-Səduq” kitabında İmam Həsən (əleyhissəlam) yolu ilə, “Tarixu-Diməşq” kitabında da İbn Abbas yolu ilə Əmirəlmöminindən (əleyhissəlam) belə nəql olunur:

دخل رجل من اهل العراق على امير المؤمين (ع ), فقال : اخبرنا عن خروجنا الى اهل الشام ابقضاء مـن اللّه و قـدر ؟ فقال له امير المؤمين (ع ) :اجل يا شيخ , فو اللّه ما علوتم تلعة و لا هبطتم بطن واد الابـقـضاء من اللّه و قدر, فقال الشيخ : عند اللّه احتسب عنائي ياامير المؤمنين , فقال :مـهـلا يـا شيخ , لعلك تظن قضاء حتماو قدرالازما , لو كان كذلك لبطل الثواب و العقاب و الامـر والـنـهي والزجر, و لسقط معنى الوعيد و الوعد, و لم يكن على مسي ء لائمة ولا لمحسن محمدة , و لكان المحسن اولى باللائمة من المذنب والمذنب اولى بالاحسان من المحسن , تلك مـقالة عبدة الاوثان و خصماء الرحمن و قدرية هذه الامة و مجوسها. ياشيخ ان اللّه عز وجل كلف تخييرا, و نهى تحذيرا, و اعطى على القليل كثيرا, و لم يعص مغلوبا, و لم يطع مكرها, و لم يخلق الـسـمـاوات و الارض و مـابـيـنـهـمـا بـاطـلا, (ذلك ظن الذين كفروا فويل للذين كفروا من النار . قال : فنهض الشيخ و هو يقول : انت الامام الذي نرجو بطاعته يوم النجاة من الرحمن غفرانا اوضحت من ديننا ما كان ملتبسا جزاك ربك عنا فيه احسانا فليس معذرة في فعل فاحشة قد كنت راكبها فسقا وعصيانا.

“İraq camaatından olan bir şəxs Əmirəlmömininin (əleyhissəlam) hüzuruna gəlib dedi: “Bizə de görək, şamlılarla döyüşməyimiz Allahın qəza və qədəri ilə idimi?”

Əmirəlmöminin (əleyhissəlam) dedi: “Bəli, ey şeyx. Allaha and olsun ki, hansı təpəyə çıxıb hansı vadiyə endinizsə, məhz Allahın qəza və qədəri ilə çıxıb-endiniz.”

Kişi dedi:

“Onda bütün əziyyətimi Allahdan bilim, ey möminlərin əmiri?!”5

Əmirəlmöminin (əleyhissəlam) dedi:

“Dayan, ey şeyx! Bəlkə sən elə düşünürsən ki, qəza və qədər dedikdə daha öncədən təyin olunan dəyişilməz bir müqəddərat nəzərdə tutulur?! Əgər belə olsaydı, onda savab-cəza, əmr-qadağa kimi məfhumlar batil olar, müjdə və təhdidin heç bir mənası qalmaz, pis iş görənin pis işinə görə tənbeh edilməsi, yaxşı iş görənin yaxşı işinə görə təriflənməsi əbəs (boş iş) olar, yaxşı iş görən danlanmağa pis iş görəndən daha layiq, pis iş görən də təriflənməyə yaxşı iş görəndən daha layiq olardı. Bu söz bütpərəstlərin, Allah düşmənlərinin və bu ümmətin qədərilərinin və məcuslarının sözüdür. Ey şeyx, Allah insanlara bir şeyi əmr edərkən onları ixtiyar sahibi edərək əmr etmiş, həmçinin onları bir şeydən çəkindirərkən qorxudaraq çəkindirmişdir.6 Ona itaətsizlik edənlər Onu məğlub etdikləri üçün itaətsizlik etməmişlər, Ona itaət edənlər də Allah onları məcbur etdiyi üçün itaət etməmişlər.7 O, səmaları, yeri və onların arasında olanları əbəs yerə yaratmamışdır. “Bu, küfr edənlərin zənnidir. Buna görə də (cəhənnəm) od(un)dan vay olsun kafirlərin halına!” (Sad surəsi, 27-ci ayə).”

Bu vaxt kişi qalxıb belə bir şeir oxudu:

Əntəl-imamul-ləzi nərcu bi-taətihi

Yəvmən-nəcati minər Rəhmani ğufrana

Avdahtə min dinina ma kanə multəbisən

Cəzakə Rabbukə an nə fihi ihsana

Və leysə mə`zirətun fi fi`li-fahişətin

Qad kuntə rakibəha fisqən və usyana

***

Sən o imamsan ki, biz ona itaət etməklə

Nicat günü Rəhmanın əfvini qazanacağımıza ümid edirik

Dinimizdə bizim üçün qaranlıq qalan bir məsələni aydınlaşdırdın

Etdiyin bu işə görə Rəbbin sənə xeyirli mükafat versin

Həqiqətən də insanın fasiqlik və üsyankarlıqla etdiyi çirkin bir işdə

Heç bir üzrü və bəhanəsi yoxdur.8

2. İmam Cəfər Sadiq (əleyhissəlam)-dan belə nəql olunur:

عن السادس من ائمة اهل البيت (ع ), الامام ابي عبد اللّه جعفربن محمد الصادق (ع ): ان الناس في القدر على ثلاثة اوجه : رجل يزعم ان اللّه عز و جل اجبر الناس على المعاصي , فهذا قد ظلم اللّه في حكمه فهو كافر. و رجل يزعم ان الامر مفوض اليهم , فهذا قد اوهن اللّه في سلطانه فهو كافر. و رجل يزعم ان اللّه كلف العباد ما يطيقون و لم يكلفهم لا يطيقونه واذا احسن حمد اللّه و اذا اساء استغفر اللّه فهذا مسلم بالغ.

“Qədər mövzusunda insanlar üç dəstəyə ayrılırlar:

Birinci dəstə iddia edir ki, Allah insanları günah etməyə məcbur etmişdir. Belə bir inancda olan şəxs Allaha zülm etmişdir,9 buna görə də kafirdir.

İkinci dəstə iddia edir ki, işlər insanların öhdəsinə buraxılmışdır. Belə bir inancda olan şəxs də Allah-taalanın qüdrətini kiçiltmişdir, buna görə də kafirdir.

Üçüncü dəstə isə iddia edir ki, Allah insanları gücləri çatan şeylərlə vəzifələndirmiş, onlara gücləri çatmayan şeyləri yükləməmişdir. Belə bir şəxs yaxşı iş gördükdə Allaha həmd edər, pis iş gördükdə Ondan bağışlanma diləyər. Belə bir şəxs əsl müsəlmandır.”10

3. İmam Rza (əleyhissəlam)-dan belə nəql olunur:

ان اللّه عـز و جـل لـم يطع باكراه , و لم يعص بغلبة , و لم يهمل العباد في ملكه , هو المالك لما ملكهم و القادر على ما اقدرهم عليه ,فان ائتمرالعباد بطاعته لم يكن اللّه منها صادا, و لا منها مانعا, و ان ئتمروا بمعصيته فشاء ان يحول بينهم و بين ذلك فعل , و ان لم يحل وفعلوه فليس هو الذي ادخلهم فيه.

“Nə Allah-taalaya itaət edənlər məcburiyyətlə itaət edir, nə Ona itaətsizlik edənlər qalib gələrək itaətsizlik edirlər, nə də Allah Öz səltənətində insanları başıboş buraxmışdır... Əgər insanlar Ona itaət etsələr, Allah əsla bunun qarşısını almaz. Əgər insanlar Ona itaətsizlik etmək istəsələr, onda da onları itaətsizlikdən saxlamaq istəsə saxlayar, istəməsə və bəndələr itaətsizlik etsələr, onda da onları itaətsizliyə sürükləyən O sayılmaz.”11

Yəni, Allaha itaət edən insan Allaha məcburiyyət səbəbilə itaət etmir, Ona itaətsizlik edən də Onun iradəsinə qalib gəlmiş olmur. Əksinə, Allah özü insanın öz əməllərində “muxtar” – sərbəst olmasını istəmişdir.

4. İmam Rzadan (əleyhissəlam) nəql olunan başqa bir hədisdə isə deyilir:

يـا ابن آدم بمشيئتي كنت انت الذي تشاء لنفسك ما تشاء, وبقوتي اديت الي فرائضي , و بنعمتي قويت عـلـى مـعـصـيـتـي , جعلتك سميعابصيرا قويا, ما اصابك من حسنة فمن اللّه و ما اصابك من سيئة فمن نفسك

“Allah-taala deyir: Ey Adəm övladı, Mənim iradə və istəyimlə istəyir, Mənim verdiyim güc ilə Mənim vacibatıma əməl edir, Mənim nemətimlə günahlar qarşısında dayanırsan. Mən səni eşidən, görən və güclü yaratmışam. Sənə nə yaxşılıq gəlsə, Allahdan, nə pislik gəlsə, özündəndir.”12

5. Başqa bir hədisdə isə deyilir:

عملت بالمعاصي بقوتي التي جعلتها فيك.

“Mənim sənə verdiyim güc ilə günahlar işlədin.”13

6. İmam Sadiqdən (əleyhissəlam) nəql olunan bir hədisdə deyilir:

لا جـبـر و لا تـفويض و لكن امر بين امرين . قال : قلت : و ما امربين امرين ؟ قال :مثل ذلك رجل رايته على معصية فنهيته فلم ينته فتركته ففعل تلك المعصية , فليس حيث لم يقبل منك فتركته كنت انت الذي امرته بالمعصية

“Nə cəbr, nə də təfviz doğrudur, əksinə, məsələ bu ikisinin arası bir şeydir.

Ravi deyir, dedim: “Bu ikisinin arası bir şeydir”, - dedikdə nəyi nəzərdə tutursunuz?

İmam dedi: Sənə bir misal deyim. Fərz et ki, bir adamın günah etdiyini gördün. Gedib o insanı günahdan çəkindirdin, lakin o adam səni dinləmədi. Sən də onu öz işi ilə baş-başa buraxıb getdin və o adam günah etdi. Belə bir vəziyyətdə o adam sənin məsləhətini qəbul etmədiyi üçün sən onu öz işi ilə baş-başa buraxıb getdiyin (və o adam günaha mürtəkib olduğu) zaman, ona günah etməyi əmr edən sən olmursan.”14

7. Başqa bir hədisdə İmam Sadiq (əleyhissəlam) buyurur:

ما استطعت ان تلوم العبد عليه فهو منه و ما لم تستطع ان تلوم العبد عليه فهو من فعل اللّه .
يقول اللّه للعبد : لم عصيت ؟ لم فسقت ؟ لم شربت الخمر ؟ لم زنيت ؟ فهذا فعل العبد, و لا يقول له : لم مرضت ؟ لم قصرت ؟ لم ابيضضت ؟ لم اسوددت ؟ لانه من فعل اللّه تعالى.

“Hansı işə görə bəndəni qınaya bilərsənsə, o iş bəndədən, hansı işə görə bəndəni qınaya bilməzsənsə, o iş Allahdandır. Allah bəndəyə deyər: “Niyə günah etdin? Niyə itaətdən çıxdın? Niyə şərab içdin? Niyə zina etdin?”, lakin heç vaxt deməz: “Niyə xəstə oldun? Niyə boyun balacadır? Niyə rəngin ağdır? Niyə rəngin qaradır?”. Çünki bu işlər bəndədən deyil, Allahdandır.”15

Hədislərin şərhi

Bu hədislərdən aydın olur ki, insan bu dünyada nə məcburdur, nə də tam müstəqildir. Nə cəbr, nə də təfviz nəzəriyyəsi insanın bu dünyadakı vəziyyətini düzgün şəkildə şərh edir.

İnsanın bu dünyadakı hərəkəti ulduzlar, səma obyektləri və s. kimi daha öncədən tənzimlənmiş şəkildə deyildir. Bütün bu obyektlər Allah-taalanın əvvəlcədən təyin etdiyi bir nizam daxilində məcburi şəkildə hərəkət edirlər. İnsan isə bu obyektlər kimi öz hərəkətlərində məcburi deyildir.

Bununla yanaşı, Allah insanın ixtiyarını tam şəkildə onun öhdəsinə də buraxmamışdır. İnsan ürəyi istədiyini edə, kefi istədiyini icra edə bilməz. Əksinə, Allah peyğəmbərləri vasitəsilə ona doğru yolu göstərmiş, nəyin yalnış, nəyin doğru olduğunu ona bildirmişdir. Əgər insan Allahın göstərişlərinə tabe olub hidayət yolunda bir qədəm atsa, Allah-taala onun əlindən tutub onu on addım irəli aparar, sonra ona etdiyi əməlin mükafatını dünya və axirətdə qat-qat artıqlamasıyla verər. Əgər Allah-taala bəndələrini hər cür fikri və cismi qüdrətlərlə təmin etməsə və bu aləmdə olanları onların ixtiyarına verməsəydi, onda nə mömin yaxşı əməl görə bilər, nə də kafir pis iş görə bilərdi. Əgər Allah insalara verdiyi görmə, ağıl, sağlamlıq və s. kimi nemətlərdən hər hansı birini bir anlıq geri alsa, onlar heç bir şey edə bilməzlər.

Deməli, insan görüdüyü bütün işləri Allahın ona verdiyi güc və bacarıqla sırf öz ixtiyar və azadlığı ilə görür. Buna əsasən, nə bu dünyada işlər tam şəkildə insanın öhdəsinə buraxılmışdır, nə də insan məcbur edilmişdir, əksinə, məsələ bu iksinin arasındadır. Allahın insanların əməlləri ilə bağlı istək və qanunu belədir, “və sən Allahın sünnəsində (qoyduğu nizam və qanunda) bir dəyişiklik tapmazsan”.16

________________________________________

1 Bax: Əşərilərin tərifi, “Əl-Miləl vən-nihəl”, Şəhristani.
2 Təfvizçilərə görə: “Allah bəndələr üçün heç bir qadağa və s. təyin etməmiş, onları öz işlərində tam sərbəst buraxmışdır.” (Şeyx Müfid). (Tərc.)
3 Bax: Mötəzilənin tərifi, “Əl-Miləl vən-nihəl”, Şəhristani.
4 “Biharul-ənvar”, c.5, s.5.
5 Yəni, çəkdiyim əziyyət və yorğunluğu, döyüşə yollanmağımı və döyüşməyimi Allahdan hesab edim? Əgər belə olsa, onda mənim nə savabım olar? Axı başqasının etdiyi işə görə mənə savab verilməsinin nə mənası var? (Şeyx Mazandarani, “Şərhu-usulil-kafi”, c.5, s.6).
6 Nə bir işi etməyə məcbur etmiş, nə də bir işdən çəkinməyə məcbur etmişdir. (Tərc.)
7 Cəbriyyə firqəsinə görə, insanın Allaha itaətsizlik etməsi insanın iradəsi ilə baş verirsə, onda bu, insanın Allahı məğlub etdiyi mənasına gəlir. Çünki, Allah insanın itaətsizlik etməməsini istəyir, lakin insan bunun əksini edir. Deməli, insan Allaha itaətsizlik edərkən, Onu məğlub etmiş – Onun iradəsini yenmiş olur. Halbuki, bu fikir batildir. Çünki, Allah insandan itaət istəyərkən bu istəyi “təkvini istək” növündən deyil, “təşrii istək” növündən edir. Başqa sözlə, Allah insanlardan Ona itaət etməsini istəyərkən bunu zorla etmir, əksinə, insanları seçim qarşısında qoyur. Buna əsasən, insan Allaha qarşı günah və itaətsizlik edərkən, Onun təkvini istəyinə deyil, təşrii istəyinə qarşı gəldiyindən “Allahı iradəsini məğlub etmiş” sayılmır. Ətraflı izah üçün “Şərhu-usulil-kafi” kitabına müraciət edin: c.5, s.12-13.
8 “Tövhidüs-Səduq”, s.380, “Tarixu-mədinəti-Diməşq”, İmam Əlinin tərcümeyi-halı, c.3, s.321.
9 Yaxud: Allahı zalım hökm verməkdə ittiham etmişdir. (Tərc.)
10 “Tövhidüs-Səduq”, s.360-361.
11 “Tövhidüs-Səduq”: s.361.
12 “Tövhidüs-Səduq”, s.328, 340, 344; “Əl-Kafi”, c.1, s.160.
13 “Tövhidüs-Səduq”, s.362.
14 “Əl-Kafi”, c.1, s.160.
15 “Ət-Təraif” kitabı.
16 Fatir, 43

Kitabın PDF faylını yükləmək üçün LİNK

Tərcümə: İdris Hüseynzadə

313news.net

Рейтинг

В этом разделе