Rəhman və Rəhim olan Allahın adı ilə.
Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Allahın salam və salavatı Peyğəmbərimiz Muhəmməd (s) və pak Əhli-Beytinin (ə) üzərinə olsun. Allahın, mələklərin və bütün möminlərin lənəti olsun öncəkilərdən və sonrakılardan olan bütün düşmən və qatillərinə!
Qurani-Kərimin müəyyən ayələri həmin bu günlərdə matəm saxlamağı və bu günləri hüzünlü hesab etməyi bizə əmr edir və həmin ayələrlə bu işəri əsaslandırmaq olar. Məsələn; Allah-Təala bu ayələrin bir qismində münafiqlərdən və onların xüsusiyyətindən bəhs edir. Bildiyimiz kimi, Allah-Təala münafiqlərin xüsusiyyətlərini bəyan edərkən həm onları məzəmmət edir, həm də iman gətirənlərə bu xüsusiyyətlərdən uzaq durmağı əmr edir. Allahın izni ilə, münafiqlərin xüsusiyyətlərini bəyan edən ayələrdən ikisini qeyd edəcəyik.
Allah-Təala Öz Peyğəmbərinə (s) belə buyurur:
إِنْ تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ ۖ وَإِنْ تُصِبْكَ مُصِيبَةٌ يَقُولُوا قَدْ أَخَذْنَا أَمْرَنَا مِنْ قَبْلُ وَيَتَوَلَّوْا وَهُمْ فَرِحُونَ
“Sənə bir yaxşılıq nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz versə: “Biz tədbirimizi qabaqcadan görmüşük!” deyər və sevincək halda dönüb gedərlər”. (Tövbə surəsi, 50)
Allah-Təala bu ayədə münafiqlərin 2 xüsusiyyətə malik olduqlarını deyir:
1 Münafiqlər Peyğəmbərin (s) xoş günündə kədərli olarlar,
2 Münafiqlər Peyğəmbərin (s) müsibətli və kədərli günündə sevincli olarlar.
Allah-Təala digər ayədə bu məsələyə yenidən işarə edərək buyurur:
إِنْ تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِنْ تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُوا بِهَا ۖ وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا ۗ إِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ
“Sizə bir xeyir dəyərsə, bu onları qəmgin edər, ancaq sizə bir zərər toxunarsa, onlar buna sevinərlər. Əgər səbir edib qorunsanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Həqiqətən, Allah onların etdiklərini əhatə edir”. (Ali-İmran surəsi, 120)
Bu ayədə isə Allah-Təala təkcə Peyğəmbəri (s) deyil, hətta Peyğəmbərin (s) yanında olanları da nəzərə alır.
Əhli-Beyt (ə) bizə göstəriş olaraq belə buyurmuşdur:
يا بن شبيب ان سرك أن تكون معنا في الدرجات العلى من الجنان فاحزن لحزننا وأفرح لفرحنا وعليك بولايتنا
İmam Rza (ə) buyurub: “Ey İbn Şəbib, Cənnətdə ali mövqelərdə bizimlə birlikdə olmaq istəyirsənsə, hüznlərdə bizimlə kədərlən və sevinclərdə bizimlə sevin, vilayətimizə bağlı ol”.
Hurr Amuli, “Vəsailuş-Şiə”, cild 14, səhifə 503, hədis 19694.
Bu, Əhli-Beytin (ə) açıq göstərişidir. Bu göstərişə irad tutmaq istəyən şəxs Qurani-Kərimdə qeyd etdiyimiz bu iki ayəyə nəzər salsın. O zaman görəcək ki, Əhli-Beytin (ə) bu sözləri birbaşa Qurana əsaslanır. Çünki Uca Allah Qurani-Kərimin qeyd etdiyimiz iki ayəsində münafiqlərin xüsusiyyətlərini bəyan edərək buyurur ki, Onlar Peyğəmbərin (s) xoş günündə kədərlənər, kədərli günündə isə sevinərlər. Bu, münafiqlərə aid xüsusiyyətdir. Deməli, biz möminlər bu xüsusiyyətləri tanıyıb onlardan uzaq durmalıyıq. Bəs onlardan uzaq olduqda bu necə olacaq?
Peyğəmbərin (s) sevincli halında biz də sevinməliyik, kədərli və müsibətli halında isə biz də kədərlənməliyik. Bu, bizə Qurani-Kərimin əmridir.
Heç kim Aşura gününün Peyğəmbər (s) üçün müsibətli bir gün olub-olmaması barədə sual ortaya ata bilməz. Əgər hər hansı bir ağıllı insandan soruşsaq: Peyğəmbərin (s) əziz nəvəsi İmam Huseynin (ə), onun ailə üzvlərinin susuz halda Kərbəla çölündə vəhşicəsinə qətlə yetirilməsi, İmam Huseynin (ə) və digər şəhidlərin başlarının nizələrə taxılıb gəzdirilməsi, Əhli-Beyt (ə) qadınlarının isə Şam şəhərinə əsir aparılıb küçə-küçə naməhrəmlərin arasında gəzdirilməsi — bunlar Peyğəmbər (s) üçün müsibət deyilmi?
Ağıl sahibi olan hər bir insan cavab verər: Bəli. Bu günlər Peyğəmbərin (s) ən müsibətli günləridir. Əgər bu günlər Peyğəmbərin (s) ən müsibətli günləridirsə, deməli, biz də Peyğəmbərimizə (s) görə bu günlərdə müsibətli olmalıyıq. Çünki az əvvəl qeyd etdiyimiz ayələrdə Allah-Təala münafiqlərin xüsusiyyətlərini bəyan edərkən buyurur ki, onlar Peyğəmbərin (s) müsibətli günündə sevinər, sevincli günündə isə kədərli olarlar.
Deməli, möminlərin vəzifəsi budur ki, Peyğəmbərin (s) sevincli günündə sevincli, kədərli günündə isə kədərli olsunlar. O günü yad etsinlər və matəm saxlasınlar.
Kimsə irad edə bilər ki, “bu hadisələr o dövrdə baş verib”. Cavab olaraq deyirik ki, hər bir insan üçün öz əzizlərinin vəhşicəsinə qətlə yetirildiyi gün, üstündən uzun illər keçsə belə, yenə də kədərli və müsibətli olaraq qalacaq.
Digər bir ayəyə də baxsaq, Uca Allah o ayədə Peyğəmbərə (s) məhəbbətdən danışır:
قُلْ إِنْ كَانَ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُمْ مِنَ اللَّهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُوا حَتَّىٰ يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ
“De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət və xoşunuza gələn məskənlər sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, o zaman Allah Öz əmrini gətirənə qədər gözləyin! Allah fasiqlər qövmünü doğru yola yönəltməz”. (Tovbə surəsi, 24)
Ayədən göründüyü kimi Allah, Onun Peyğəmbəri (s) və Allah yolunda olan cihad - Atamızdan, oğullarımızdan qardaşlarımızdan, zövcələrimizdən, qohumlarımızdan qazandığımız mallardan bizə daha sevimli olmalıdır. Hər kimdə bunun əksi olarsa ayədə deyildiyi kimi - o şəxs fasiqdir.
Hər hansı birimizin övladı, övladının ailəsi və digər qohumları faciəli şəkildə qətlə yetirilsə və bir qurup xanım qohumlarının da əsir alınaraq şəhər-şəhər gəzdirildiyi bir günlər olsa, lap bu günlərin üzərindən uzun illərdə keçsə belə, bu günlər həmin şəxs üçün müsibət günləri olacaq? Yoxsa heç adi günlərdən fərqlənməyəcək?
Əgər biz o günləri əzizlərimiz üçün matəm tutub kədərlənərək keçiririksə, onda bizə onlardan daha sevimli olan Peyğəmbər (s) və onun əziz övladının vəhşicəsinə şəhid edildiyi, Peyğəmbərin (s) özünün də qəm və hüzn içində olduğu günlərdə biz hansı münasibəti göstərməliyik?
Axı Qurani-Kərimin Tövbə surəsinin 24-cü ayəsində buyurulduğu kimi, Peyğəmbərə (s) olan məhəbbətimiz, bütün bu sayılanlardan daha artıq olmalıdır.
Əgər bu məhəbbət daha artıq olmalıdırsa biz öz əzizlərimiz üçün həmin o günü matəm, yas tuturuqsa bəs Peyğəmbər (s) və əzizləri üçün olan o günü nə etməliyik?! Deməli, əgər öz əzizlərimiz üçün o faciəli günü matəm tutarıqsa gərək bizə onlardan daha sevimli olan Peyğəmbər (s) və onun əziz balası üçün bundan da artığını etməliyik.
Şura surəsinin 23-cü ayəsinə nəzər salsaq görərik ki, Allah-Təala bu ayədə sırf Peyğəmbərin (s) qohumlarından danışır.
ذَٰلِكَ الَّذِي يُبَشِّرُ اللَّهُ عِبَادَهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۗ قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ ۗ وَمَنْ يَقْتَرِفْ حَسَنَةً نَزِدْ لَهُ فِيهَا حُسْنًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ
“İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumlarım barəsində sevgidən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir”. (Şura surəsi, 23)
Ayədən də açıq görüldüyü kimi, Allah Peyğəmbərinə (s) əmr edir ki, “De: “Mən sizdən bunun (risalətimin) əvəzində qohumlarım barəsində sevgidən başqa bir şey istəmirəm”.
Bəziləri bu ayəyə irad bildirmək istəmiş və ayənin Azərbaycan dilində olan müxtəlif tərcümələri gətirərək demişlər ki, “burada yaxınlardan söhbət gedir, Peyğəmbərin yaxınlarından yox”. Əgər bu şəxslər ərəb dilini bilsəydilər görərdilər ki, bu ayədə “əl-qurba” (الْقُرْبَىٰ) - (yəni, qohumlarım) sözünün əvvəlində “əlif-lam” (ال) müəyyənlik ədatı vardır. Bu isə onu göstərir ki, ayədə müəyyən qohumlardan söhbət gedir, ümumidən yox.
Əgər, irad bildirənlərin dediyi kimi, bu ayədə Peyğəmbərin (s) müəyyən qohumlarından yox, ümumi şəkildə insanların yaxınlarından bəhs olunursa, bu halda sual yaranır: Peyğəmbərin (s) risalətinə qarşılıq biz öz qohumlarımıza məhəbbət bəsləməliyik?! Bu fikir nə ayənin zahiri ilə, nə də məntiqi ilə uyğun gəlmir. Çünki söhbət Peyğəmbərin (s) peyğəmbərlik haqqının qarşılığından gedir və bu qarşılıq hər kəsin öz yaxınlarına yox, Peyğəmbərin (s) xüsusi qohumlarına məhəbbət göstərməkdir.
Allah-Təala belə buyurur:
لَا تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ يُوَادُّونَ مَنْ حَادَّ اللَّهَ وَرَسُولَهُ وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءَهُمْ أَوْ إِخْوَانَهُمْ أَوْ عَشِيرَتَهُمْ ۚ أُولَٰئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ الْإِيمَانَ وَأَيَّدَهُمْ بِرُوحٍ مِنْهُ ۖ وَيُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ۚ أُولَٰئِكَ حِزْبُ اللَّهِ ۚ أَلَا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ
“Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - sevdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh vermişdir. (Allah) onları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır”. (Mucadilə surəsi, 22)
Allah-Təala bizə, qohumlarımıza mütləq şəkildə məhəbbət bəsləməyi heç vaxt əmr etməyib. Çünki, Uca Allah bu ayədə açıq şəkildə buyurur ki əgər yaxınlarımız Allah və Onun Peyğəmbəri (s) əleyhinə çıxarsa onları sevə bilmərik. Belə olan halda necə ola bilər ki Peyğəmbərinin (s) peyğəmbərliyinin əcrinin müqabilində Peyğəmbərinə (s) demiş olsun ki, “De: “Mən sizdən bu risalətimin əvəzində öz qohumlarınıza sevgidən başqa bir şey istəmirəm”?! Qurani-Kərimdə insanın öz qohumlarına mütləq şəkildə məhəbbət bəsləməsi yoxdur. Həmin ayənin əvvəlinə baxanda görürük ki, burada söhbət Peyğəmbərdən (s) və onun xüsusi qohumlarından gedir.
Ağlımız bizə vacib edir ki, bizə hər işdə yaxşılıq edənə təşəkkür bildirək. Bu ayədə də Allah, ağılın qaydasına istinad edərək bizə əmr edir və deyir ki, Peyğəmbərimizin (s) gördüyü işin müqabilində onun qohumlarına məhəbbət bəsləyək. Yəni, Peyğəmbərin (s) gördüyü işin təşəkkürü, onun qohumlarına məhəbbət bəsləməyimizdir. Peyğəmbərimizin (s) yaxınlarından da biri, onun əziz nəvəsi İmam Huseyndir (ə). Ona məhəbbət bəsləmək, Qurani-Kərimə əsasən bizə vacibdir. Əgər məhəbbət bəsləmək bizə vacibdirsə və doğurdan da məhəbbət bəsləyiriksə bəs onun qətlə yetirildiyi günlərdə vəzifəmiz nə olmalıdır? Doğurdanmı biz məhəbbət bəslədiyimiz şəxsin matəm günlərində şadlıq edəcəyik və o günü adi günlərdən hesab edəcəyik?! Əgər həmin günlərdə onu yad edəcəyik və matəm tutacağıqsa, belə olan halda onun üçün ağlamamaq, kədərlənməmək qeyri mümkündür.
Bəziləri irad edərək belə deyə bilər: “Yaxşı, bəs bu halda yalnız Aşura günü matəm saxlayaq, digər günlərdə isə matəm saxlamayaq”.
Cavab olaraq deyirik ki, məhərrəm və səfər aylarında matəm saxlamağımız yalnız İmam Huseynin (ə) şəhadəti ilə bağlı deyil. Sadəcə olaraq bəzi şəxslər bu məsələni bu şəkildə təqdim etməklə, onu insanların zehnində kiçiltməyə çalışırlar.
Şəhadət yalnız İmam Huseynlə (ə) məhdudlaşmır. Bununla yanaşı onun övladları, qardaşları və digər qohumları da Kərbəla çölündə vəhşicəsinə qətlə yetirilmişlər. Daha sonra Peyğəmbərin (s) və Əhli-Beytinin (ə) namusu sayılan xanımlar əsir alınmış, onlarla kəniz kimi rəftar edilmiş və Aşura günündən sonra əsir olaraq Kufə şəhərinə aparılmışlar. Kufədən sonra isə Şama (Suriyanın paytaxtı Dəməşqə) əsir aparılmışlar. Onlar yad və naməhrəm kişilərin qarşısında şəhər-şəhər gəzdirilmişlər. Bu hadisələr, Peyğəmbər (s) və Əhli-Beyti (ə) üçün ən ağır və ən müsibətli günlərdir. Bu hər bir qeyrətli müsəlman üçün daha müsibətli bir hadisədir.
و لما سئل الامام السجاد (عليه السلام) أي المصائب كانت أشدّ عليكم في واقعة الطف؟ قال ثلاثا: الشام، الشام، الشام
İmam Səccaddan (ə) “Taff (Kərbəla) hadisəsində sizin üçün ən ağır müsibət hansılar idi?” – deyə soruşulduqda, o (ə) üç dəfə buyurdu: “Şam, Şam, Şam”.
Şeyx Cavad Muhəddisi, “Mosuətu Aşura”, cild 1, səhifə 250.
Peyğəmbərin (s) bir müsibəti aşura günündə baş vermişdirsə, digər müsibəti də Peyğəmbərin (s) namusu sayılan əziz nəvəsi Xanım Zeynəb (ə), İmam Huseynin (ə) azyaşlı qızı Xanım Ruqəyyə (ə) və digər Əhli-Beyt (ə) xanımların şəhərlərdə əsir olaraq gəzdirilməsi idi. Həmin əsirlik muhərrəm və səfər aylarında davam edir. Müxtəlif təhqiqatçıların araşdırmalarına görə həmin o xanımların əsirlikdən qayıdıb Kərbəlaya çatması ərbəin günündə (səfər ayının 20-si, İmam Huseynin (ə) 40-cı) günündə baş verib. Həmin o günə qədər Peyğəmbər (s) və Əhli-Beytinin (ə) xanımları küçələrdə əsir kimi gəzdirilmişlər. Məsələn:
قال الكفعمي ره إنما سميت بزيارة الأربعين لأن وقتها يوم العشرين من صفر وذلك لأربعين يوما من مقتل الحسين عليه السلام، وهو اليوم الذي ورد فيه جابر بن عبد الله الأنصاري صاحب النبي صلى الله عليه وآله من المدينة إلى كربلا لزيارة قبر الحسين عليه السلام فكان أول من زاره من الناس وفي هذا اليوم كان رجوع حرم الحسين عليه السلام من الشام إلى المدينة.
Şeyx Kəfəmi (r.ə) deyir: “Ziyarət Ərbəin adlandırılıb, çünki vaxtı səfər ayının iyirminci günüdür. Bu isə İmam Huseynin (ə) şəhadətindən qırx gün sonraya təsadüf edir. Bu, Peyğəmbərin (s) səhabəsi Cabir ibn Abdullah Ənsarinin Mədinədən Kərbəlaya, İmam Huseynin (ə) qəbrini ziyarət etməyə gəldiyi gündür. O, insanlar içindən ilk şəxs idi ki, onu ziyarət etdi. Bu gündə İmam Huseynin (ə) ailəsinin Şamdan Mədinəyə qayıdışı olmuşdur”.
Əllamə Məclisi, “Bihərul-Ənvar”, cild 98, səhifə 334 və 335.
Muhərrəm və səfər aylarında matəm saxlamağımızın səbəbi budur. Çünki bilirik ki, bu günlər Peyğəmbərimiz (s) və Əhli-Beytinin (ə) matəm günləridir, onlar üçün çox ağır günlərdir. Bu günlərdə Peyğəmbər (s) və onun pak Əhli-Beytinə (ə) məhəbbəti olanlar daima bu günlərdə matəm tutub, yas saxlayıblar. Çünki bu günlərdə yas saxlamaq onların öz Peyğəmbərlərinə (s) və Peyğəmbərlərinin Əhli-Beytinə (ə) olan ehtiramlarıdır. Bu ehtiram, son dövrlərdə ortaya çıxmayıb və həm Əhli-Beytin (ə) həm də onlardan sonrakıların dövrlərində də olmuşdur. Bizim xalqımız da Əhli-Beytin (ə) yolunu gedən öz ata-babalarının qeyd etdiyi adət-ənənəni davam etdiriblər. Bu adət-ənənə xurafata yox, Qurani-Kərimin qeyd etdiyimiz ayələrinə əsaslanır..
Allah İmam Huseynin (ə) qatillərinə və qətlində iştirak edən hər kəsə əbədi lənət etsin!
İSTİNAD:
(c) tm @imamrza_xadimi