»»

Rical elmi və onun zəruriliyi (şübhələrə cavab)

  1. Rical elminə nə üçün ehtiyac var?
  2. Rical elminin dəyəri barədə ortaya atılan şübhələr
  3. 1-ci şübhə
  4. 2-ci şübhə
  5. 3-cü şübhə
  6. 4-cü şübhə
  7. 5-cü şübhə
  8. 6-cı şübhə

Rical elminə nə üçün ehtiyac var?

Rical elminə ehtiyacın olub-olmaması ilə bağlı uzun-uzadı bəhslər edilmişdir. Şiə alimləri bu elmə ehtiyac olması barədə öz aralarında ittifaq etsələr də, bu nəzəri rədd edən müəyyən şəxslər də tapılmışdır. Alimlər rical elminin gərəkli olmasına bir neçə cəhətdən dəlil gətirmişlər. Biz bunlardan ən mühümlərini Ayətullahul-Üzma Şeyx Cəfər Sübhaninin (damə zilluh) “Kulliyyatun fi ilmir-Rical” kitabına istinadən mümkün qədər qısa və yığcam şəkildə qeyd edirik:

1. Siqə şəxsin sözünün höccət olması:

Şübhə yoxdur ki, “dörd dəlil” (Quran, sünnə, əql və icma) elmsiz əməl etməyin haramlığına dəlalət edir. Allahu-təala buyurur: “De: “(Bilmədən hökm çıxarmağa) sizə Allah icazə verib, yoxsa Allaha iftira yaxırsınız?”. (Yunus surəsi, 59)

Həmçinin: “Bilmədiyin şeyin arxasınca getmə”. (İsra surəsi, 36)

Həmçinin: “Onların çoxu (əqidə və etiqadlarında) yalnız zənnə və gümana tabe olurlar, halbuki, şübhəsiz (zənn və) güman heç bir haqqın yerini tutmur”. (Yunus surəsi, 36)

Elmsiz əməl etməkdən çəkindirən rəvayətlərə gəlincə isə, bunlar saysız-hesabsızdır. “Vəsailuş-şiə” kitabının “qəzavət” bölməsininin 10, 11 və 12-ci bablarına müraciət edən hər bir kəs, burada elmsiz əməl etməyi qadağa bilən çoxlu sayda rəvayət görə bilər. Lakin şəri dəlillər sübut etmişdir ki, bəzən zənnlər də höccət ola bilərlər. Bunlara misal olaraq, zahirləri, xəbəri-vahidi və s. bu kimi əhkam sahəsində arxayınlıq (itminan) hasil edən “zənn”ləri göstərə bilərik. Bunun hikməti ondadır ki, müqəddəs kitab bütün fiqhi hökmləri bəyan etmək qəsdində olmamışdır. Bu bir tərəfdən.

Digər tərəfdən, məsumun sözünü aşkara çıxaran (məsumun nəzərini çatdıran) icma olduqca azdır.

Üçüncü tərəfdən, ağıl Allahın hökmlərini aşkara çıxarmaqdan acizdir. Bəli, ağıl o zaman höccət ola bilir ki, ağılın hökmü ilə şəriətin hökmü arasında qırılmaz bağlılıq olur. Bununla bağlı üsulçular öz kitablarında ətraflı bəhs etmişlər.

Buna əsasən, bu üç cəhət xəbəri-vahidin öz şərtləri ilə birgə qəti höccət ola bilməsini gərəkli etmişdir.

Məlumdur ki, bütün xəbərlər höccət deyillər. Höccət olan adil şəxsin və ya siqə şəxsin (siqə dedikdə ağıl sahiblərinin sözünə güvəndiyi şəxsi nəzərdə tuturuq) xəbəridir. O da məlumdur ki, ravinin adil və ya siqə olmasını aşkara çıxarmaq üçün ravilərin hallarını bəyan edən, onların ədalət və siqəliyini aşkara çıxaran rical elminə müraciət etmək lazım gəlir. Məhz bu zaman istinbat edən şəxs siqəni qeyri-siqədən ayırd edə bilər, istidlala yararlı olanla ona yararlı olmayanı bir-birindən fərqləndirə bilər.

Burada xəbərin hücciyyəti (höccət olması) məsələsində üçüncü bir fikir də mövcuddur və o bundan ibarətdir ki, nəhy (qadağan) edilmiş zənnlərdən xaric olan xəbər məsumdan sadir olması barədə arxayınlıq hasil olan xəbərdir, hərçənd onun ravisinin siqəliyi sabit olmasa belə. Məlumdur ki, xəbər barəsində bu vəziyyətin hasil edilməsi üçün (onun məsumdan sadir olması barədə arxayınlıq yaradan) bir sıra dəlillər və sübutlar toplamaq lazım gəlir. Xəbərin məsumdan sadir olması barədə arxayınlıq yaradan dəlillərdən biri də xəbərlərin sənədlərində adları keçən ravilərin vəziyyətlərindən agahlıqdır. (Və şübhəsiz ki, bunun üçün də rical elminə ehtiyac var - red.)1

2. “Əlacedici hədislər”də2 ravilərin xüsusiyyətlərinə nəzər yetirmək göstərişi verilib:

“Əlacedici hədislər” rəvayət nəql edən şəxsin sifətlərinə nəzər salmağı, onun ən adil və ən fəqih şəxs olub-olmasına diqqət yetirməyi əmr etmişdir. Buna əsasən ki, bu xüsusiyyətlər işığında iki xəbər arasındakı ziddiyyət aradan qalxsın və onların biri digərinə tərcih edilsin. Məlumdur ki, ravilərdə bu sifətlərin olub-olmamasını bilmək üçün yalnız və yalnız rical elminə müraciət etmək lazımdır. İmam Sadiq (əleyhis-səlam) Ömər ibn Hənzələyə verdiyi cavabında buyurur:

“Əgər (bu şərtlərə malik iki ravi) ixtilaf edərsə, o zaman onların içərisindən ən adil, ən fəqih, hədis nəql etməkdə ən doğruçu və ən vərəli olanının hökmü əsas götürülər. O birisinin verdiyi hökmə isə fikir verilməz”. (Vəsailuş-şiə, 18/75)

Hədis hərçənd ki, qazilərin xüsusiyyətləri barədədir, lakin qeyd etmək lazımdır ki, o dövrdə qazilər həm də ravi idilər.

Deyilənlərə bunu da əlavə edin ki, “əlacedici hədislər” təkcə Ömər ibn Hənzələnin rəvayəti ilə məhdudlaşmır. Əksinə, başqa bir sıra rəvayətlər də vardır ki, bu rəvayətlər də həmçinin ravinin xüsusiyyətlərinə nəzər salmaqla (ziddiyyət məqamında) bir hədisin digər bir hədisə tərcih edilməsinə göstəriş verir. “Vəsailuş-şiə” kitabının “qazinin xüsusiyyətləri” bölməsinin doqquzuncu babına müraciət edən kəslər buna şahid ola bilərlər (18-ci cild, “Qəzavət” kitabı).

3. Ravilər arasında hədis qondaran və hədis təhrif edən şəxslərin mövcudluğu:

Ravilərin tərcümeyi-hallarına nəzərə salan şəxs onlar arasında hədis qondaran, hədis təhrif edən və bilərəkdən Allah və Rəsuluna yalan nisbət verən şəxslərin mövcud olduğunu görər. Elə isə necə ola bilər ki, müctəhid fətva verərkən ravi və onun sifətləri ilə tanış olmadan yalnızca xəbər əsasında hökm versin?

İmam Sadiq (əleyhis-səlam) buyurmuşdur: “Müğeyrə ibn Səid atamın səhabələrinin kitabları arasına atamın nəql etmədiyi hədislər (qondarıb) atmışdır. Allahdan qorxun, bizim (adımızdan nəql edilən, lakin) Rəbbimizin sözünə və peyğəmbərimiz Muhəmmədin (sallallahu əleyhi və alihi və səlləm) sünnəsinə xilaf olan sözləri qəbul etməyin!” (Ricalul-Kəşşi, səh.195)

Həmçinin, buyurur: “Biz elə bir ev əhliyik ki, sadiqik (doğru danışanıq). Lakin (ətrafımızda) bizim adımızdan yalan uyduran yalançı şəxslər vardır. Belə şəxslər camaat arasında bizim adımızdan yalan danışmaqla bizim sadiqliyimizi aradan aparırlar”. (Ricalul-Kəşşi, səh.257)

Yunis ibn Əbdür-Rəhman deyir: “İraqa gəldim. Əbu Cəfər və Əba Əbdillahın (əleyhiməs-səlam) əshabından olan və sayları çox olan bir dəstə gördüm. Onlardan (hədis) eşitdim, kitablarını götürdüm. Sonradan bu kitabları Əbul-Həsən Rzaya (əleyhis-səlam) təqdim etdim. O, bu hədislərin bir çoxunun inkar edib bildirdi ki, (bu hədislər) Əba Əbdillahın əshabından (nəql edilmiş) ola bilməzlər. Buyurdu: “Əbul-Xəttab Əba Əbdillahın adından yalan uydurub. Allah Əbul-Xəttaba, habelə Əbul-Xəttabın əshabına lənət etsin. Onlar bu günə qədər Əba Əbdillahın səhabələrinin kitabları arasına belə hədislər atırlar. Bizim (adımızdan nəql edilib) Qurana zidd olan şeyləri qəbul etməyin”. (Ricalul-Kəşşi, səh.195, Muğeyrənin tərcümeyi-halı, rəqəm 103).

Bu rəvayətlər təvatür və istifazə (təvatürdən bir dərəcə aşağı) həddindədirlər. Buna görə də bu mövzuda onlardan dəlil olaraq istifadə etmək olar. Hətta təvatür və istifazə həddində olmasalar belə; yəni, səhihlə yalan arasında qalan xəbəri-vahid olsalar belə yenə də dəlil hesab ediləcəklər. Ona görə ki, əgər səhih olsalar, o zaman höccət sayılıb buna dəlalət edəcəklər ki, Peyğəmbəri-Əkrəmin və onun möhtərəm ailəsinin adına yalanlar uydurulub. Yox, əgər yalan və batil olsalar, o zaman da məsələ öz-özlüyündən sabit olacaq. Buna əsasən ki, bu rəvayətlər yalan olduğu təqdirdə, hədis kitablarında yalan rəvayətlərin mövcudluğu müddəası sübuta yetəcək.

Bu qisim rəvayətlər elə rəvayətlərdirlər ki, onlarla hər bir halda müddəa sübuta yetir; istər səhih olsunlar, istərsə də batil.

4. Rəvayətlərin sənədlərində ammə (əhli-sünnə) məzhəbli ravilərin mövcudluğu:

Dörd kitab və digər kitabların rəvayətlərinə nəzər salan şəxs rəvayətlərin sənədlərində ammə məzhəbli şəxslərin olduğunu görər. İmamlarımız onlar üçün öz imamları arasında məşhur olan məsələlər əsasında fətva verirdilər. Hədis imamları o sual və cavabları nəql etmişlər. Lakin buna işarə etməmişlər ki, həmin şəxs öz imamlarının ardınca gedən ammə məzhəbli birisidir və İmamdan (əleyhis-səlam) sadir olan fətva təqiyyə ilə sadir olmuşdur. Belə olan halda, təqiyyə ilə sadir olan xəbəri digərlərindən fərqləndirməkdən ötrü ravilərin tərcümeyi-halına müraciət etmək lazım gəlir.

5. Alimlərin icması:

İmamiyyə alimləri və hətta bütün müsəlman firqələri – İmamlarımızın (əleyhimus-səlam) dövründən ta bu günümüzədək – bu elmin yazılmasına və qələmə alınmasına diqqət yetirilməli olduğu üzərində icma etmişlər.3 Əgər bu elmin ilahi hökmün istinbatı (əldə edilməsi) məsələsinə dəxaləti olmasaydı, o zaman bu elmə bu qədər diqqət yetirilməzdi.

______________________________________________________________________

1 Bu mövzuda daha geniş məlumat almaqdan ötrü adıçəkilən kitaba müraciət edin. (Red.)
2 Hədislərin ziddiyyəti probleminin həlli üçün çıxış yolu göstərən hədislərə “əlacedici hədislər” deyilir. (Mürtəza Mütəhhəri, “İslam elmləri ilə tanışlıq”, “usulu-fiqh” bölməsi, səh. 274, Azərbaycan dilinə tərcümə, tərc.: Rəşad Həsənov, Bakı 2011)
3 Buna misallar daha sonra qeyd ediləcək.

Страница 1 из 812345»
Рейтинг

В этом разделе