İmam Məhdi (əf) barəsində ən geniş yayılmış şübhələrdən biri də budur ki. guya İmam Məhdi (ə) sərdabda (zirzəmidə) qeybdədir və şiələr də oradan çıxmağını gözləyirlər. Bunu bəzi əhli-xilaf alimləri öz kitablarında qeyd ediblər və şiələrə iftira atıblar. Allahın izni ilə bu məqalədə həmin məsələnin iftira olduğunu və Sərdabın əslində şiələr üçün nə əhəmiyyəti olduğunu deyəcəyik.
Sərdab zirzəmi deməkdir və isti ölkələrdə adətən sərinliyinə görə zirzəmilər də düzəldilirdi. İmam Hadi, İmam Həsən Əskəri və İmam Məhdinin (ə) də yaşadıqları evin sərdabı var idi. Əhli-xilaf alimləri iftira ataraq deyirlər ki, guya İmam Məhdi (ə) orada qeybə çəkilib və şiələr də gecə-gündüz orada gözləyirlər ki, nə vaxt İmam (ə) oradan çıxacaq. İlk dəfə bu mövzuya toxunan şəxs Qazi Əbdülkərim Səmani (vəfatı 1167 miladi) olub ki, "Əl-Ənsab" adlı kitabında yazır: "O şəhərdəki came məscidinin sərdabı ki, şiələr inanırlar ki, vəd olunmuş Məhdi oradan qiyam (!) edəcək..".
Bundan başqa İbni Teymiyyə də həmişə olduğu kimi şiələrə iftira yaxmaqdan çəkinməyib:
“Onların (şiələrin) axmaq hərəkətlərindən biri də budur ki, onlar “Müntəzər” üçün bir neçə yer təyin edib onu bu yerlərdə gözləyirlər. Məsələn Samirradakı sərdab kimi. Onlar belə iddia edirlər ki, o burada qeybə çəkilmişdir (!) Onlar belə yerlərdə bir heyvan, qatır və ya at saxlayırlar ki, birdən o zühur edərsə ona minib (qiyama qoşula) bilsinlər. Onlar bu yerlərdə günün iki hissəsində (səhər və axşam) yaxud digər vaxtlarda bir adam saxlayırlar ki, həmin şəxs nida edərək deyir: “Ey Mövlamız, çıx (zühur et)! Ey mövlamız, çıx (zühur et)!”Onlar qılınclarını sıyırıb dururlar, halbuki burada onlarla heç kəs döyüşmür. Onların içərisində elələri vardır ki, namaz vaxtlarında daim bu yerlərdə dayanırlar və namaz qılmırlar (!) Ona görə ki, birdən o zühur edər və həmin vaxt bu namazda olar (!) Beləcə ona qoşula bilməz və onun xidmətində ola bilməz (!) Onlar bu cür yerlərdən uzaq olduqları zaman, məsələn Mədinədə olduqlarında, istər Ramazan ayının son on günündə, istərsə də qeyri günlərdə üzlərini şərqə tərəf çevirib uca səslə çağırır və onun zühur etməsini istəyirlər (!) ”
"Minhacus-sunnə ən-nəbəviyyə", Əhməd ibni Teymiyyə əl-Hərrani, cild 1, səh. 44-45
Eyni iftiralar digər mənbələrdə də var:
"Əl-Mənarul-munif", İbni Qəyyim əl Covziyyə, cild 1, səh. 152
"Müqəddimə", İbni Xəldun, cild 1, səh. 199
Əhməd ibni Əli Qəşqələndi isə deyir ki, sərdab Hillə şəhərindədir.
"Subhul-Əşa", Qəşqələndi, cild 13, səh 232
Əz-Zubeydi əl-Hənəfiyə görə isə Rey şəhərindədir.
"Tacul-Ərus", Əz-Zubeydi əl-Hənəfi, cild 3, səh. 57
Gördüyünüz kimi, iftira atanda da eyni şəhəri deyə bilməyiblər və yalanları üzə çıxıb. Samirra hara, Hillə hara, hələ Rey hara?
Əvvəla, bu dediklərinə şiə kitablarından bircə sübut belə gətirə bilməzlər. İmam Məhdi (ə) atasının şəhadətindən sonra 5 yaşında qeybə çəkilib. İmamın (əf) sərdabda gözdən itməsi barədə olan hədisdə isə deyilir ki, Mötəzz 3 nəfər yollayır evə və orada evin ortasında, suyun üzərində namaz qılan hündür və yetkin yaşda bir kişi görürlər. ("Muntəhəl-amal", Şeyx Abbas Qummi) Bu da onu göstərir ki, İmamın (ə) qeybə çəkilməsi sərdabdan çox əvvəl baş verib.
Digər bir məsələ də odur ki, həm şiələrə görə, həm də sünnilərə görə İmam Məhdi (əf) Allahın izni ilə Kəbə zühur edəcəkdir. Ona görə də İmamı (əf) sərdabda gözləməyin bir mənası yoxdur ki, hədər yerə orada kimsə dayansın.
İmam Baqir (ə) buyurdu: “Zühur edən vaxt Kəbənin divarına söykənib, dilinə gətirdiyi ilk söz bu ayədir, sonra buyurdu:
“Mən yer üzərində Bəqiyyətullaham (Allahın (sona) saxladığı) və sizin üzərinizdə Onun xəlifəsi və Höccətiyəm.” Belə ki, hər kəs ona salam vermək istəsə belə desin: “Salam olsun Sənə ey Allahın yer üzərindəki sona saxladığı.”
"Kəmaluddin", Şeyx Səduq, cild 1, səh. 330
Sünni mənbəsi: "Nurul-əbsar", Şəblənci, səh. 349
İmam Baqir (ə): "İmam Məhdi (ə) Məkkədə xiftən namazı vaxtı zühur edəcək. Bu zaman onun əlində bir bayraq, Peyğəmbərin (s.a.a.) köynəyi və qılıncı olacaq."
"Mulahim", Seyyid ibni Tavus, səh. 64
"Məhdi (ə) Kəbədə Həcərul-Əsvəd ilə Kəbənin qapısı arasında zühur edəndə Cəbrail (ə) nida edəcək..."
"Biharul-Ənvar", Əllamə Məclisi, cild 52, səh. 315
İmam Məhdi (ə) da hər il həcc mərasimində iştirak edir və başqa şəhərlərə də gedir, kim deyir ki, sərdabdadır? O, Allahın bütün Yer üzündəki xəlifəsidir.
Şiələr isə Samirraya ona görə gedirlər ki, orada İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə) müqəddəs məzarları var və həmçinin İmam Məhdi (əf) da həmin evdə doğulub və yaşayıb. Ancaq heç kəs oraya İmamı (ə) gözləmək üçün getmir. Nəticə olaraq, bircə hədisimiz də yoxdur ki, İmam (ə) Samirradan qiyam edəcək, halbuki alimlərimiz icma ediblər ki, İmam Məhdi (ə) Məkkədə qiyam edəcək. Şiələrin İmamı (ə) sərdabda gözləmək məsələsi isə iftiradan başqa bir şey deyil.
Mahdi.az