»»

İmam Məhdi (ə) niyə “Məhdi” adlanıb?

İmam Məhdi (ə.f.) barəsində verilən suallardan biri onun niyə "Məhdi" adlanmasındadır. Halbuki bütün Əhli-beyt (ə) "məhdi", yəni, hidayət olunmuşdur. Təbii ki, bu qəbildən bir neçə sual vermək olar. Məsələn niyə bütün Əhli-beyt (ə) düzdanışan (sadiq) olduqları halda məhz İmam Cəfər Sadiq (ə) "sadiq" adlanıb? Başqa bir misal olaraq İmam Hüseynin (ə) "şəhid" adlanmağını göstərmək olar. Bütün Əhli-beyt (ə) şəhid olduğu halda yalnız o, bu adla adlanmışdır.

 

Burada qəsd olunan adlar Əhli-beytin (ə) özlərindən varid olan və beləcə onlara aid olan adlardır. Lakin, "əskəri" kimi adlar bu qəbildən deyildir. Belə ki, İmam Hadi (ə) və onun oğlu İmam Həsən (ə) bu şəkildə adlansalar da bu sadəcə tarixi bir adlanmadır. Bunlar İmamların (ə) özlərindən sadir olan adlar deyildir.

Cavab

Hər bir imam (ə) müəyyən dövrlərdə yaşamış və o dövrün tələbinə uyğun olan adla adlanmışlar. Belə ki, onlar vəzifləndirildikləri dövrün tələblərinə uyğun olaraq müəyyən işlərdə önə çıxdıqları üçün bu ad onlara məxsus edilib.

Məsələn İmam Hüseynin (ə) zamanında İslam ümmətinin əzmi o həddə zəyifləmişdi ki, onun özünə gəlməsi və yuxudan oyanması üçün bu yolda qan tökülməsinə ehtiyac yaranmışdı. Beləcə İmam Hüseynin (ə) dövrü-şəhadət dövrü yetişdi. Onun dövrünün şəhadət dövrü olması ilə də o, diri olduğu halda "şəhid" olaraq adlandı. Yəni buna görə İmam Hüseyn (ə) uşaqlığından "şəhid" ləqəbini almışdı.

İmam Sadiqin (ə) dövründə isə müxtəlif fikir məktəbləri çoxluq təşkil etməyə başladı. Fiqh məktəbləri içərisində Əbu Hənifə, Malik ibn Ənəs kimilərinin məktəbləri mövcud idi. Kəlam sahəsində isə cəhmiyyə, qədəriyyə, murciə kimi məktəblər meydana gəlmişdi. Bütün bu məktəblər şəxsi rəyə əsaslanan məktəblər olmuşdur.

Bu zamanda həmin fikir məktəblərinin müqabilində Allah şəxsi rəyə söykənməyən, həqiqətləri aşkara çıxardan və həzrət Muhəmməd peyğəmbərin (s) sünnəsinə söykənən bir mədrəsə yaratdı. Beləcə İmam Sadiqin (ə) dövrü gəldi. Onun vəzifəsi bu şəraitdə şəxsi rəy və qiyaslardan uzaq bir məktəb yaratmaq idi. Necə ki, İmam (ə) özü də bunu bəyan edir.

عَلِيُّ بْنُ مُحَمَّدٍ عَنْ سَهْلِ بْنِ زِيَادٍ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنْ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ عَنْ هِشَامِ بْنِ سَالِمٍ وَ حَمَّادِ بْنِ عُثْمَانَ وَ غَيْرِهِ قَالُوا سَمِعْنَا أَبَا عَبْدِ اللَّهِ ع يَقُولُ‏ حَدِيثِي‏ حَدِيثُ‏ أَبِي وَ حَدِيثُ أَبِي حَدِيثُ جَدِّي وَ حَدِيثُ جَدِّي حَدِيثُ الْحُسَيْنِ وَ حَدِيثُ الْحُسَيْنِ حَدِيثُ الْحَسَنِ وَ حَدِيثُ الْحَسَنِ حَدِيثُ أَمِيرِ الْمُؤْمِنِينَ ع وَ حَدِيثُ أَمِيرِ الْمُؤْمِنِينَ حَدِيثُ رَسُولِ اللَّهِ ص وَ حَدِيثُ رَسُولِ اللَّهِ قَوْلُ اللَّهِ عَزَّ وَ جَلَّ.

“...Hişam ibn Salim, Həmmad ibn Osman və digər şəxslər dedilər ki, İmam Sadiqin (ə) belə dediyini eşitdik:"Mənim sözüm atamın sözü, atamın sözü babamın sözü, babamın sözü Hüseynin (ə) sözü, Hüseynin (ə) sözü Həsənin (ə) sözü, Həsənin (ə) sözü Əmirul-mumininin (ə) sözü, Əmirul-mumininin (ə) sözü Rəsulullahın (s) sözü, Rəsulullahın sözü isə Allahın sözüdür."[1]

Bu hədisin mənası budur ki, biz şəxsi rəyə əsaslanmırıq və bildiklərimiz Allah tərəfindəndir. Buna görə də bizdə xəta olmaz. Bizim məktəbimiz haqq olan, doğru olan məktəbdir. Çünki o, həqiqətləri aşkar edir, birbaşa Peyğəmbərin (s) sünnəsinə və beləcə Allahın sözünə söykənir.

و كان يقول عليه و علي آبائه السلام : علمنا غابر ومزبور ونكت في القلوب ونقر في الأسماع و إن عندنا الجفر الأحمر والجفر الأبيض ومصحف فاطمة ع و إن عندنا الجامعة فيهاجميع مايحتاج الناس إليه فسئل عن تفسير هذاالكلام فقال أماالغابر فالعلم بما يكون و أماالمزبور فالعلم بما كان و أماالنكت في القلوب فهو الإلهام والنقر في الأسماع حديث الملائكة نسمع كلامهم و لانري أشخاصهم و أماالجفر الأحمر فوعاء فيه سلاح رسول الله ص ولن يظهر حتي يقوم قائمنا أهل البيت و أماالجفر الأبيض فوعاء فيه توراة موسي وإنجيل عيسي وزبور داود وكتب الله الأولي و أمامصحف فاطمة ع ففيه ما يكون من حادث وأسماء كل من يملك إلي أن تقوم الساعة و أماالجامعة فهي كتاب طوله سبعون ذراعا إملاء رسول الله ص من فلق فيه وخط علي بن أبي طالب ع بيده فيه و الله جميع مايحتاج الناس إليه إلي يوم القيامة حتي أن فيه أرش الخدش والجلدة ونصف الجلدة

“...İmam Sadiq (Allahın salamı ona və atalarına olsun) deyirdi: "Bizə "ğabir", "məzbur", "nəkt fil-qulub", "nəqr fil-əsma' " öyrədilib. "Qırmızı cifr", "ağ cifr", Fatimənin (s) kitabı, içərisində insanların ehtiyaclı olduğu hər şey yazılan "camiə" bizdədir." İmamdan bu sözlərin izahı haqqında soruşulduqda imam (ə) buyurdu:" "Ğabir" gələcəkdə olacaq hər şeyin elmidir. "Məzbur" keçmişdə olanlar haqqında məlumatdır. "Nukət fil-qulub" isə ilhamdır. "Nəqr fil-əsma' " mələkləklərin danışığıdır. Biz onların sözlərini eşidirik. Lakin özlərini görmürük."Qırmızı cifr" içində Allah rəsulunun (s) silahı olan bir qabdır. O silah bizim Qaimimiz (ə.f.) zühur edənədək aşkar olmaz. "Ağ cifr" də bir qabdır. Musanın Tövratı, İsanın İncili, Davudun Zəburu və Allahın (nazil etdiyi) əvvəlki kitabları onun içindədir. Fatimənin kitabında baş verəcək hər bir şey və Qiyamət gününədək hökm edəcək hər bir şəxsin adı var. "Camiə" isə uzunluğu yetmiş zira (ölçü vahidi) olan bir kitabdır. Onu Allah rəsulu (s) diktə etmiş və Əli ibn Əbu Talib (ə) yazmışdır. And olsun Allaha ki, onun içində insanların Qiyamət gününə qədər ehtiyacı olduğu hər şey vardır. Hətta cırmaq atmağın və kiçik dəri qopartmağın belə diyəsi vardır."[2]

Elə isə Peyğəmbərimizin (s) və digər peyğəmbərlərin (ə) mirasları İmam Cəfər Sadiqə (ə) yetişmişdir. O, onlardan və xüsusən cəddi Rəsulullahdan (s) əxz etdiyi elmlə insanlara həqiqətləri bəyan etmiş, onları şəxsi rəyə söykənən xətalı məktəblərdən haqq olan məktəbə yönəltməyə çalışmışdır. Beləcə o, öz dövründə batil fikir və söz sahibləri arasında həqiqəti bəyan edən "sadiq" - doğru fikirlər söylədiyi üçün bu adla adlanmışdır. Baxmayaraq ki, bütün imamlar doğru danışan olmuşlar.

İmam Məhdinin (ə.f.) "məhdi" adlanmasına gəlincə isə, baxmayaraq ki, istər onun (ə.f.) istərsə də atalarının (ə) dövrü hidayət dövrü olsa da arada müəyyən fərqlər mövcuddur. Digər imamların (ə) hidayətləri xüsusi hidayət olmuş bəzi şəxslər onların (ə) hidayətindən məhrum qalmışdır. Lakin İmam Mehdinin (ə) dövrü ümumi hidayət dövrüdür. Yəni yer üzərində elə bir bölgə, elə bir şəxs qalmayacaq ki, İmamın (ə.f.) hidayəti ora çatmasın.

عَنْ أَبِي جَعْفَرٍ مُحَمَّدِ بْنِ عَلِيٍّ (عَلَيْهِ السَّلَامُ)، قَالَ: إِنَّمَا سُمِّيَ الْمَهْدِيُّ مَهْدِيّاً لِأَنَّهُ يُهْدَى لِأَمْرٍ خَفِي‏

İmam Baqir (ə) buyurur: "Mehdi ona görə Mehdi adlanıb ki, o gizli bir işə doğru hidayət olunar."[3]

Bu bütün insanlara məlum olmayan bir işdir və yalnız İmamın (ə.f.) zühurundan sonra insanlara aydın olacaq və imam (ə.f.) bilmədikləri məsələləri onlara bəyan edəcək. Qurani-Kərimin açıqlanması, mütəşabih ayələrin mənalarının izahı, Əhli-beytin (ə) imamətinin, onların (ə) məqamlarının bütün insanlara çatdırılması onun əli ilə baş verəcək. Məhz buna görə İmam Məhdi (ə.f.) “məhdi” adlanmışdır.

Məşədi Əbdüssaməd

besiret.az


[1] Kafi cild 1. s.53

[2] Əl-irşad 2/186

[3] Dəlailul-imamə s.466

Рейтинг

В этом разделе