»»

İmam Məhdi (ə) çoxlu qan tökəcək?

İmam Məhdi əleyhissalamın barəsində olan şübhələrdən biri də budur ki, Onun qiyamında həddən artıq qan töküləcək və hətta 99% insanlar öləcəklər. Bu məqalədə həmin şübhəyə cavab verəcəyik.

 

Bir şey bilinməlidir ki, Həzrəti Məhdi əleyhissalam cəddi Rəsulullah sallallahu aleyhi və alihin dinini dirçəldəcək şəxsdir. Allah öz Rəsulunu bu cür tanıdır:

 
"Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik."

Ənbiya surəsi, 107-ci ayə


Lovh hədisində İmam Həsən Əskəri əleyhissalam barəsində deyilir:

"Bunu Onun oğlu M.H.M.D. ilə (İmam Məhdi əleyhissalam) tamamlayacağam ki, aləmlərə rəhmətdir."

"İxtisas", Şeyx Mufid, səh. 212


Rəsulullah (s.a.a.) buyurub: "Məhdi mənim övladlarımdandır. Adı Mənim adımdan, künyəsi Mənim künyəmdəndir. İnsanlar içində yaradılış və əxlaq cəhətdən mənə ən çox bənzəyən odur."

"Kəmaluddin və təmamun-nimə", Şeyx Səduq, səh. 271 bab 25


İmam Baqir əleyhissalamdan soruşurlar: İmam Zaman əleyhissalamın sirəsi necədir? İmam (ə) buyurdu: Onun sirəsi Rəsulullahın (s.a.a) İslam zahir olandakı sirəsi kimidir. Rəsulullah (s.a.a) Məkkəni qan tökmədən fəth etdi və dedi ki: "Bu gün mərhəmət günüdür." Çox az sayda şəxs barədə ölüm hökmü verilmişdi. Rəsulullah (s.a.a) həkim kimi idi, bəzilərini sağaltmaq üçün dərman kifayət edirdi, bəziləri isə digər orqanları da məhv edəcək qədər təhlükəli idi və cərrahiyədən başqa çarə qalmırdı. Cəmiyyətdən də digərlərinin məhvinə səbəb olan üzvlərin aradan qaldırılması cəmiyyətin ümumi mənafeyinə xeyirdir. "Qurda rəhm etmək sürüyə zülmdür." Eyni hal İmam Məhdi əleyhissalamın qiyamına da aiddir.


Ancaq bunun üçün hədsiz sayda qırğına ehtiyac yoxdur. Hədislərə əsasən, İmam Məhdi əleyhissalam qorxu ilə kömək olunmuşdur. Burada məqsəd odur ki, Allah Onun düşmənlərinin qəlbinə çox böyük bir qorxu salacaq və İmam (əf) bunun vasitəsiylə qalib gələcək.

 
İmam Baqir (ə): "Bizim Qaimimiz (əf) qorxu ilə kömək olunmuşdur."

"Kəmaluddin və təmamun-nimə", Şeyx Səduq, cild 1, səh. 330, bab 32


Həmçinin, İmam Məhdi əleyhissalam möcüzələr ilə gələcək, ilahi qüvvələr Ona kömək edəcək. İsa əleyhissalam arxasında namaz qılacaq, Cəbrail əleyhissalam Ona beyət edəcək. Bütün bunları görən insanlar dəstə-dəstə dinə haqq dinə daxil olacaqlar.

 
Ümumiyyətlə bu mövzuda iki cür hədislər vardır ki, bəziləri ifratdır və bəziləri təfritdir. Bəzi hədislərə əsasən, ümumiyyətlə qan tökülməyəcək. Bəzilərinə də əsasən, həddən artıq çox sayda qırğınlar olacaq. Bu hədislərdən bəzilərinə baxaq:

Əbu Hureyrə : "İmam Məhdi əleyhissalama Rükn və Məqam arasında beyət olunacaq, nə bir yatan oyanacaq, nə də qan töküləcək"

"Əl-məlahim vəl-fitən", Seyyid ibni Tavus, cild 1, səh. 133 (Hədisin əsli əhli-xilaf mənbəsi olan Əqdud-Durər kitabındandır və bizim üçün dəlil ola bilməz)

 
"Bəşir ən-Nəbbal: İmam Baqir əleyhissalama dedim: Onlar deyirlər ki, Məhdi əleyhissalam qiyam edəndə işlər öz-özünə yoluna düşəcək və hicamədə alınan qan qədər qan töküləcək. İmam (ə) buyurdu: Xeyr, belə deyil, and olsun o kəsə ki, nəfsim əlindədir, əgər bu cür olsaydı elə Rəsulullah (s.a.a) üçün işlər öz-özünə yoluna düşərdi."

 
"Əl-Ğeybə", Numani, cild 1, səh. 292 (Hədis zəif olsa da, elə məzmunundan da görünür ki, İmam (ə) həmin fikri inkar edir)

 
Bunlardan başqa hədislər də vardır ki, zühurdan öncə dünyada çoxlu ölümlər olacaq.

İmam Sadiq (ə): "Xalqın üçdə ikisi məhv olmamış imamın qiyamı baş verməyəcək."

"Kəmaluddin və təmamun-nimə", Şeyx Səduq, cild 2, səh. 655


İmam Sadiq (ə): "Xalqın onda doqquzu məhv olmamış bu iş baş verməz."

"Əl-Ğeybə", Numani, səh. 274

 
Bu tip hədislərdə bəzi şeyləri nəzərə almaq lazımdır. Məsələn, bəzi əlamətlər ki, birbaşa zühura bağlı deyil, zühurdan illərlə əvvəl baş verə bilər. Həmçinin, bu hadisələrlə bağlı bəda da baş verə bilər. Yəni Allah istəsə, bu bəlalar baş vermədən də zühur ola bilər, yaxud da qətlə yetirilənlərin sayında dəyişiklik ola bilər, ona görə də hədislərdə rəqəmlər fərqlidir. Ancaq bizim mövzumuzla əlaqəli olan məsələ başqadır: Əgər bunlar baş verəcəksə, yerdə qalan camaatın 99%-ni də zühurda öldürəcəklərsə, onda zühurun nə mənası oldu? İmam Məhdi əleyhissalam müharibələrdən, xəstəliklərdən, müxtəlif bəlalardan yorulmuş insanlara nicat vermək üçün gələcək və onun mübarizə aparacağı şəxslər, açıq-aydın dəlil və möcüzələri gördükdən sonra yenə də inadkarlıq edərək zühura mane olanlardır. Bunlar isə insanları əsarətdə saxlayan zülm başçıları və onların əlaltılarıdır ki, sayları məzlumların sayından azdır.


"Yeri ədalətlə dolduracaq, necə ki, zülmlə dolmuşdur, o qədər öldürəcək ki, cahillər deyəcəkdir: Əgər Muhəmmədin (s.a.a) zürriyəsindən olsaydı, rəhm edərdi."

 
"Əl-Ğeybə", Şeyx Tusi, cild 1, səh. 188 (Bu hədis zəif olsa da, aydındır ki, yer üzünü ədalətlə doldurmaq üçün zülmdən təmizləmək lazımdır və bunun da yolu məzlumları zalımların əlindən xilas etməkdir.)

 
İmam Kazim (ə) buyurur: "Allah-tәala bizim ailədən olan on ikinci imam üçün bütün çətinlikləri asanlaşdırar. Onun əli ilə hər bir zalım məhv edilər, hər bir azğın şeytan aradan götürülər.”

"Kəmaluddin və təmamun-nimə", Şeyx Səduq, cild 2, səh. 369


Əhli-xilafda da Məhdi əleyhissalamın qılıncla qiyam etməsinin səbəbi barədə hədis vardır:

"Əgər əlində qılınc olmasaydı fəqihlər qətli barədə fətva verərdilər."

"Feyzul-qədir", Munavi, cild 6, səh. 278


Allah İmam Məhdi (ə) vasitəsiylə İmam Hüseyn və digər İmamların (əleyhimussalam) intiqamını alacaq. İmam Məhdi əleyhissalam da bu işə razı olan və Əhli-Beytə (ə) düşmənlik edən şəxsləri qətl edəcəkdir.


“Biz məzlumcasına öldürülmüş şəxsin qəyyumuna hökmranlıq vermişik. Ancaq o, qətldə həddi aşmasın. Çünki ona kömək olunmuşdur.”

 
İsra surəsi, 33-cü ayə

İmam Sadiq (əleyhissalam) buyurur: Bu ayədə "məzlum"-dan məqsəd İmam Hüseyn əleyhissalamdır, "onun varisinə ixtiyar vermişik"-dən məqsəd İmam Məhdidir (ə.f.)

"Biharul-ənvar", Əllamə Məclisi, cild 45, səh. 298


Aydındır ki, elə ayəyə əsasən də qisas aldığı zaman həddi aşmayacaqdır və elə buradan bilinir ki, qiyam zamanı həddən artıq çox qətlin olacağı fikri batildir.


Bundan başqa, əhli-xilafa görə xəlifəyə qarşı qiyam edənlərin hökmü onlarla vuruşmaqdır. Onlar bunu öz seçdikləri xəlifəyə aid bildikləri halda, Allahın seçdiyi xəlifəyə mütləq aid etməlidirlər. Onların əqidəsinə görə də Məhdi (ə) Allah tərəfindən seçilmişdir.


Nəticə olaraq, İmam Məhdi əleyhissalamın qiyamında möcüzə, qorxu və s. köməkçi vasitələr olsa da, bəzi inadkar qüvvələrə qarşı qətiyyət tələb olunur. Ümumiyyətlə qan tökülməyəcək fikri də yanlışdır, insanların 99%-i öləcək fikri də. Çoxsaylı məzlumlar azsaylı zalimlərin əlindən xilas ediləcək və ilahi hökumət qurularaq bütün problemlər aradan qalxacaq.


Mahdi.az

Рейтинг

В этом разделе