»»

Әgәr hәzrәt Mehdinin (ә) zühuru üçün yer üzündә fәsadın yayılması şәrtdirsә, fәsadla mübarizә aparmağin nә faydası?

Sual: Mütәvatir (mötәbәr sayılacaq sayda olan) hәdislәrdә deyilir: yer üzünü zülm-sitәm bürüdüyü vaxt Allahın son höccәti hәzrәt Mehdi (ә) qeyb pәrdәsindәn çıxıb, dünyada әdalәti bәrqәrar edәcәkdir. Demәk, hәzrәt o zaman zühur edәcәk ki, yer üzünü fәsad bürüsün. Bir halda ki, hәr bir müsәlman son imamın zühuru intizarında olmalıdır, onda biz fәsadla mübarizә aparmalı yox, onun daha da yayılması üçün çalışmalıyıq. Yer üzündә fәsad nә qәdәr çox yayılarsa, zühur üçün şәrait dә tez yaranar. Mәgәr biz fәsadla mübarizә aparmaqla imamın zühurunu tәxirә salmırıqmı?

Cavab: Bilmәliyik ki, imamın zühur şәrti yalnız ictimai fәsadların artması deyil. Әgәr bәşәriyyәt düşüncә vә mәnәviyyat baxımından inkişaf edib, imamın dәyәrini anlayacaq bir hәddә çatarsa, hәmin vaxt imam qeyd-şәrtsiz zühur edәr. İmamın zühuru üçün әsas şәrtlәrdәn biri bәşәriyyәtin belә bir rәhbәrә layiq olmasıdır.

Әqidә vә din kitablarında geniş şәkildә araşdırılmışdır ki, imamın qeybdә qalmasının әsas sәbәbi bәşәriyyәtin iman, әxlaq vә әmәl baxımından bu zühura hazır olmamasıdır. Әgәr bu maneә aradan qaldırılsa, qeybәt dövrü başa çatar.

Böyük filosof mәrhum Xacә Nәsrәddin Tusi “Tәcridul-әqaid” kitabında bu barәdә üç qısa vә dәyәrli cümlә buyurmuşdur. Bu cümlәlәri qısa izahla tәqdim edirik:

a) “Vucuduhu lutfun”: İmamın istәr aşkar, istәrsә dә gizli varlığı bәşәriyyәt üçün böyük mәnәvi nemәt vә Allaha yaxınlaşma vasitәsidir. Çünki Allahla xalq arasındakı әlaqә imam vasitәsi ilә bәrqәrar olur. Bir çox mәnәvi vә maddi nemәtlәr imama xatir insanlara әta olunur. Hәtta imamı görmәyib-tanımayan layiqli insanlar imam vasitәsi ilә mәnәvi hidayәt edilir.

b) “Vә tәsәrrufihi lutfun axәr”: Әgәr imam qeyb pәrdәsi arxasından çıxıb, aşkar yol göstәrәrәk, hakimiyyәti әlә alsa, bu da növbәti bir nemәt olacaq. Bu halda nәinki kiçik bir qrup, bütün bәşәriyyәt imamın vücudundan bәhrәlәnәcәk. Çünki imamın vücudu әdalәt vә ilahi göstәrişlәr mәzhәridir.

c) “Vә әdәmihi minna”: Әgәr imam qeyb pәrdәsi arxasında qalıb, xalqın işlәrinә müdaxilә etmәsә, bәşәriyyәt üçün çox faydalı bir iş hәyata keçmәmiş qalacaq. Amma bu maneәni yalnız vә yalnız xalq özü yarada bilir. Bu nemәtin әta edilmәmәsinin sәbәbkarı xalq özüdür. Әgәr xalq fәzilәt, әxlaq, әdalәt üzәrindә qurulmuş dünyәvi bir hakimiyyәt istәyirsә vә buna hazır olarsa, sözsüz ki, bu iş baş tutacaq. Bu iş, heç şübhәsiz, Allah tәrәfindәn yubadılmır vә zühura maneçilik törәdәn xalq özüdür.1 Bәli, yer üzündә fәsadın yayılması imamın zühuruna xas şәrt deyil. Zühur üçün әn yaxın yol xalqın lәyaqәtli olmasıdır.

Başqa sözlә imamın rәhbәrliyinin iki şәrti var:
1. Rәhbәrin vücudu; 2. Rәhbәrin qәbulu üçün xalqın hazırlığı.

Әgәr xalqdan asılı olan ikinci şәrt ödәnәrsә, birinci şәrti Allah-tәala dәrhal ödәyәsidir.

2. Әsl mәqsәd fәsadın yayılması, cәmiyyәtin pozulması deyil. Belә bir tәzahür imamın zühuru üçün yalnız şәrait yaradır. Çünki yer üzünü zülm-sitәm bürüdükdә, üzücü problemlәr insanı hәdәlәdikdә, insan bu vәziyyәtdәn tәkbaşına çıxa bilmir. Belә bir mәqamda o ilahi rәhbәrin zәruriliyi haqqındа düşünür vә buna hazırlaşır. İnsan anlayır ki, onun xәstәliyinin yeganә dәrmanı ilahi dәrgahdadır vә cәmiyyәti bürümüş azğınlıqlara yalnız ilahi inqilab son qoya bilәr.

Heç bir islahedici inqilab düşüncә hazırlığı olmadan gerçәklәşmir. “Tәlәbat vә tәminat” iqtisadiyyatın әsas mәsәlәsi olduğu kimi ictimai dirçәlişin dә әsasını tәşkil edir. Xalqın tәlәbatı olmadığı şәraitdә istәnilәn bir maddi vә mәnәvi tәminat sәmәrәsizdir.
Belә bir sual yaranır ki, islahedici bir inqilab üçün fikri vә ruhi hazırlıq kifayәt edirmi? Yoxsa pәrakәndә düşüncәlәri hәqiqi inqilaba çevirәn başqa bir şeyә dә ehtiyac var?

Belә bir inqilabın tәkcә düşüncә hazırlığına yox, hәm dә yetәrli qüvvәyә ehtiyaclı olduğunu tәkcә tәcrübә yox, islahedici inqilab haqqında nәql olunmuş çoxsaylı hәdislәr dә tәsdiq edir. Yalnız belә bir qüvvә inqilabın qarşısında dayanmış maneәlәri aradan qaldıra bilәr. İslami rәvayәtlәrdә yardımçıların, onların sayı haqqında әtraflı mәlumat verilmişdir.

Biz ikinci şәrti ödәmәk, fәdakar mücahidlәr yetişdirmәk üçün çalışmalıyıq. Dünyanı bürüyәcәk inqilab üçün elә insanlar hazırlanmalıdır ki, hәzrәtin ümumbәşәri mәramları bütün yer üzündә gerçәklәşә bilsin. Belә bir müqәddәs hәdәf o zaman hәqiqәtә çevrilir ki, әdalәtsevәr insanlar әlini әlinin üstünә qoyub oturmasın vә imanlı insanlar tәrbiyә etmәk üçün zәhmәt çәksin.

3. Bütün bunlardan әlavә, biz hәzrәt Mehdi (ә) inqilabına münasibәtdә öz mövqeyimizi müәyyәnlәşdirmәliyik. Әgәr biz yer üzündә fәsadın yayılmasına kömәk etsәk, şübhәsiz ki, hәzrәt Mehdi (ә) inqilabının hәdәfinә çevrilәrik. Yox әgәr cәmiyyәtin islahına çalışsaq, hәzrәt Mehdinin (ә) inqilabına yardım edәnlәrdәn olarıq. Demәk, yer üzündә fәsadın artmasına kömәk etmәklә hәzrәt Mehdinin (ә) zühurunu tezlәşdirmiş olsaq belә, özümüzü tәhlükәyә atmış oluruq. Mәgәr hәzrәt Mehdi (ә) fәsada rәvac verәnlәrin әllәrini kәsmәk üçün zühur etmәyәcәkmi? Yer üzündә fәsadın yayılmasına kömәk etdiyimiz halda Mehdi (ә) inqilabından necә faydalana bilәrik?

Belә ki, zühurun tezlәşmәsi üçün fәsad qarşısında sakit dayanmaq vә ya fәsadın yayılmasına kömәk etmәk düzgün deyil. Çox güman ki, belә bir yanlış münasibәtin müәllifi mәsuliyyәtdәn boyun qaçırmaq istәyәnlәr vә ya fәsada aludә olanlardır.

1 “Kәşful-Мurad”, s.226

 

“Dini suаllаrа cаvаblаr”, Аyәtullаh-üzmа Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni,  səh. 120-122

Рейтинг

В этом разделе