»»

İmam Məhdi (əf) Cümə namazı qılır?

Belə bir şübhə icad ediblər ki, İmam Zaman əleyhissalam qeyb dövründə cümə namazı qılır ya yox? Əgər qılırsa, özü İmam-camaat olur, başqaları ona iqtida edir, yoxsa özü başqasına iqtida edir? Bir halda ki, Məsum İmam (ə) gərək başqasına iqtida etməsin. Əgər qılmasa, Quranın hökmünə zidd getmiş olmurmu?

 

Gəlin bir-bir bu məsələləri araşdıraq:

1. Əvvəla, şiə əqidəsinə görə İmamı Allah təyin edir və İmam əleyhissalam da öz vəzifələrini hamıdan yaxşı bilir. Hələ əvvəlki İmamların (ə) dövründə belə zalım xəlifələr şiələri təqib edirdi və İmamlar (ə) onlara öz aralarında, gizli surətdə cümə namazı qılmağı əmr etmişdi. Nəzərə alsaq ki, İmam Məhdi əleyhissalamın qeybə çəkilmə səbəblərindən biri də öldürülmə riskidir, təbii ki, İmamın (ə) açıq-aşkar şəkildə cümə namazı qılmayacağı bəllidir, çünki cümənin öz şərtləri vardır və ictimai bir ibadətdir. Digər tərəfdən, qılırsa kimə iqtida edir? Şiə əqidəsinə görə İmam Zaman əleyhissalam tək deyildir:

İmam Baqir əleyhissalam buyurub:
Bu əmrin sahibi üçün qeyb labüddür. Qeybində də hakimiyyətdən uzaqlaşmağı qaçılmazdır. Tayyibə (Mədinə) necə də gözəl yerdir. Ətrafında olan otuz nəfər görə vəhşəti (tənhalıq qorxusu) yoxdur.

"Kafi", Kuleyni, cild 1, səh. 340


Bu hədisə əsasən, İmam Zaman əleyhissalam elə ətrafındakılarla birlikdə cümə namazı qıla bilər.


2. Əhli-xilaf əqidəsinə görə, Rəsulullah (sallallahu aleyhi və alih) başqasına iqtida edib:

Təbuk səfərində Rəsulullah (s.a.a) dəstəmaz almağa gedir, camaat günəşin doğmasından qorxaraq Əbdurrəhman ibni Ovfu qabağa keçirdir. Peyğəmbər (s.a.a) qayıdanda görür ki, Əbdürrəhman artıq rükudadır və namaza qoşulur.

"Musnəd", Əhməd ibni Hənbəl, cild 4, səh. 247

"Təbəqat əl-Kubra", İbni Səd, cild 3, səh. 129


Həmçinin onlar iddia edirlər ki, Rəsulullah (s.a.a) Əbu Bəkrə də iqtida edib:

"Musnəd", Əhməd ibni Hənbəl, cild 3, səh. 110

 
Deməli, əhli-xilafa görə İmam Məhdi (əf) barədə belə bir irad tutmaq düzgün deyildir.


3. Elə həmin Təbuk səfərində Rəsulullah (s.a.a) düz 20 gün Təbukdə qaldı. Amma tarixi mənbələrdə orada cümə namazı qılındığı barədə bizə bir şey yetişməyib. Nə desək ehtimala əsaslanacaqdır. Necə ki, onlar bu barədə susurlar, biz də İmam Zaman əleyhissalam barədə eyni cavabı verə bilərik.


4. Əhli-xilafa görə müsafir (səfərdə olan) üçün cümə namazı vacib deyil və İmam Məhdi əleyhissalam da istəsə elə bu vasitə ilə belə cümə qılmaya bilər:

Abdullah ibni Ömər dedi: Müsafir üçün cümə namazı yoxdur.

"Mucəm əl-Ovsət", Təbərani, cild 1, səh. 249

"Səhih əl-Cami", Nasiruddin Əlbani, hədis 5405


Xülasə olaraq, belə xırdalıqlardansa, İslam ümmətinin xəlifəsinin kim olması barədə düşünmək lazımdır. Çünki ilahi sünnəyə əsasən, xəlifəni Allah seçir və Rəsulullah (s.a.a) da bu ümməti ta Qiyamətə qədər özbaşına buraxa bilməzdi. Təəssüf ki, xəlifəni seçməkdə belə hər dəfə bir metod tətbiq edənlər bu cür bəhanələr gətirərək iradlar tuturlar. Ancaq Allahın izni ilə, insanların yox, Allahın seçdiyi xəlifə İmam Məhdi əleyhissalam Kəbədən zühur edərək bütün batil əqidələri aradan qaldıracaq və İsa əleyhissalam da ona namazda iqtida edəcək. Məncə bu o Həzrətin (ə) məqamını göstərmək üçün kifayət edər.

 

mahdi.az

Рейтинг

В этом разделе