»»

Mirzə ən-Nuri Təbərsi Quranın təhrif olunduğuna etiqad etmişdir?

Müəllif iddia edir: “Təbəristandan çıxmış üç nəfəri mülahizə edək: 1. Mirzə Hüseyn ibn Təqi ən-Nuri Təbərsi – “Fəslul-xitab fi isbati təhrifi kitabi rəbbil-ərbab” kitabının müəllifidir. O, öz əsərində Quranın təhrif olunduğunu isbatlamaq üçün minlərlə rəvayət, fəqih və müctəhidlərin sözlərini toplamışdır. Onun kitabı hər bir şiənin alnında rüsvayçılıq möhürüdür”.

 

Cavab: “Fəslul-xitab” kitabının hər bir şiənin alnında rüsvayçılıq möhürü olması mümkün deyildir. Çünki həmin kitabda müəllif özünün şəxsi nəzərini bəyan edir. Onun şəxsi rəyinə görə bütün şiələr məsuliyyət daşımaz. Həmçinin onun rəyi şiələr tərəfindən xəta kimi qiymətləndirilmiş və rədd edilmişdir. Biz bu kitabın əvvəlki bəhslərində həmin kitab haqqında söz açmış və onunla bağlı fikirlərimizi qeyd etmişik. Onları burada bir daha təkrarlamağa lüzum görmürük.

 

Müəllif iddia edir: “Yəhudi və xristianlar Quranın təhrif olunduğunu iddia edirlər. Belə olduqda, yəhudi və xristianların iddiaları ilə Təbərsinin sözləri arasında nə fərq vardır? Məgər bir dürüst müsəlman Allahın nazil etdiyi və qoruyacağınə vəd verdiyi bir kitabın təhrif edildiyinə və dəyişdirildiyinə şahidlik edərmi?!”

Cavab: Yəhudi və xristianların sözləri əhəmiyyətsizdir, çünki bizim nəzərimizdə onların sözlərinin heç bir dəyəri yoxdur. Həmçinin hər hansı bir məsələdə onlarla həmfikir və ya müxalif olmaq da həqiqəti isbatlamaz.

Mirsə Hüseyn Nurinin (r.ə) İslamın dəstəklənməsi və yayılmasında böyük səyləri və məşhur əsərləri vardır. Bu kitabındakı yanlışları onun bütün səy və mirasının inkarına, yaxud nəzərimizdə etibardan düşməsinə sövq etməz. Belə ki, hər bir atın büdrəməsi olduğu kimi, hər bir alimin də xətası ola bilər.

Bundan əlavə, o, “əlimizdə mövcud olan Quran nə isə artırılaraq və ya dəyişdirilərək təhrif edilib” deməmişdir. O, belə demişdir: “Əlimizdə mövcud olan Quran Allahın elçisinə (ə) nazil olanların hamısını ehtiva etmir”. Bu söz isə əhli sünnə alimlərinin də iddiasına uyğundur. İnşallah, qarşıda onların fikirlərini bəyan edəcəyik.

 Ağa Bozorg Tehrani “əz-Zəriə” kitabında yazır:

“912: “Fəslul-xitab fi təhrifil-kitab” – şeyximiz Muhəmməd Təqi ibn Mirzə Əli Muhəmməd ən-Nurinin köləsinin oğlu Hacı Mirzə Hüseyn Nuri ət-Təbəristaninin kitabıdır... Həmin kitabda digər səmavi kitablarda vaqe olmuş artırmaq, dəyişmək və əvəzləmək yolu ilə Quranda təhrifin hətta bir kəlmə ilə də olsa, baş vermədiyini sübut etmişdir. O, hökm ayələrindən savayı digər ayələrdə azaltmaların olduğunu düşünmüşdür. Halbuki biz belə bir azaltmanın baş verdiyini bilmirik... Ona əl Müərrəb kimi məşhur olan Şeyx Mahmud Tehrani “Kəşful-irtiyab ən təhrifil-kitab” adlı kitabı ilə irad yazaraq iddiasını rədd etmişdir. Bu xəbər Şeyx Nuriyə yetişdikdə ona fars dilində “Kəşful-irtiyab”dakı şübhələrə cavab xarakterli risalə yazmışdır. Necə ki, 10/220-ci səhifədə qeyd edildi. Bu, “Fəslul-xitab”ın çap və yayılmasından sonra baş vermişdi. Şeyximiz deyirdi: “Fəslul-xitab”ı oxuyub, ancaq bu risaləyə nəzər salmamağa razı deyiləm”. O, cavab risaləsinin girişində belə yazmışdı: “Etiraz “təhrif” kəlməsinin yanlış anlaşılmasından baş vermişdir. Təhrif dedikdə mənim məqsədim dəyişdirilmə və ya əvəzlənmə deyildir. Ayələrin bəzilərinin müəyyən hissəsi öz əhli yanında gizlədilmişdir. Kitab dedikdə də məqsəd əlimizdə olan bu Quran deyildir. Belə ki, bu Quran Osmanın onu iki qilaf arasına yığdığı zamandan bəri dəyişilməmiş olaraq qalmaqdadır. Əlimizdəki Quranına nə bir hərf artırılmış və nə də ondan bir hərf azaldılmışdır. Məqsədim nazil olan ilahi kitabdır. Onun şifahi olaraq belə dediyini eşitmişəm: “Mən bu kitabda mövcud olanların ilk toplanan Quranda, eləcə də Osmanın dövründə toplanan Quranda var olduğunu isbatlamışam. Digər səmavi kitablarda olduğunun əksinə, Quranda nə bir dəyişiklik və nə də bir əvəzləmə vaqe olmamışdır. Daha yaxşı olardı ki, bu kitab “Fəslul-xitab fi ədəmi təhrifil-kitab” (“Kitabın təhrif olunmamasına dair dəqiq bəyan”) adlandırılardı. İnsanları mənim məqsədimin əksinə olaraq yanlış anlamalarının səbəbi kitaba ad qoymada yol verdiyim xətadır. Lakin mənim məqsədim insanların anladıqları məna olmamışdır. Hədəfim ilahi vəhydən qoparılmış bəzi kəlmələrin varlığını bildirmək idi. Əgər istəsən, kitabın adını “Nazil olmuş vəhyin bəzi kəlmələrinin silinməsi barədə aydın sözlər” qoya bilərsiniz”. (“əz-Zəriətu ila təsanifuş-şiə”, 16/231)

Bu fikir əhli-sünnə məzhəbində bir dəstə səhabədən nəql olunmuş səhih hədislərdə də mövcuddur. Halbuki həmin hədislərin bir hissəsi Quranın təhrif edildiyinə dəlalət edir.

 

Bunlardan:

* Müslim, Malik, Tirmizi, Əbu Davud, Nəsai və digərlərinin Aişəyə istinad edilən rəvayəti: “Quranda nazil olan ayələr arasında 10 dəfə süd vermənin məhrəmliyə səbəb olduğu vardı. Sonra bu ayə 5 dəfəyə endirilməklə ləğv olundu. Peyğəmbər (s) vəfat etdiyi vaxt qadınlar Qurandakı bu ayəyə əsasən davranırdılar”. (1)

- (1) “Səhih”, Müslim, 2/1075; əl-Muvatta”, səh.324; “Sünən”, Tirmizi, 3/456; “Sünən”, Əbu Davud, 2/223-224; “Sünən”, Nəsai, 6/100; “əs-Sünənul-kubra”, Nəsai, 3/289; “Sünən”, İbn Macə, 1/625; “Səhihu sünən”, Əbu Davud, 2/389; “Səhihu sünən”, Nəsai, 2/696; “Səhihu sünən”, İbn Macə, 1/328; “İrvaul-ğəlil”, 7/218; “Sünən”, Darəmi, 2/157; “əs-Sünənul-kubra”, 7/454; “Səhih”, İbn Hibban, 10/35, 36; “Şərhus-sünnə”, 9/80; “Sünən”, Darəqutni, 4/181; “Müsnəd”, Əbu Əvanə, 3/119; “Təfsirul-Quranil-əzim”, 1/469; “Kitabul-umm”, 5/26; “Müsnəd”, Şafei, səh.220.

Bu rəvayətdən aydın olur ki, Aişənin etiqadına əsasən, Peyğəmbər (s) dünyadan köçən dövrlərdə də qadının uşağa 5 dəfə süd verməsilə məhrəmlik yaranırmasına dair ayəni Qurandan oxuyurdular. Lakin görünən odur ki, onun vəfatından sonra bu ayə Qurandan çıxarılıb. Çünki hazırda əlimizdə olan Quranda həmin ayə mövcud deyildir.

* İbn Macə, Əhməd, Darəqutni, Təbərani (Məcməul-övsat”da) və digərləri Aişəyə istinad edilən rəvayəti nəql edirlər: “Daşqalaq və 10 dəfə süd vermək barədə ayə nazil olmuşdu. Həmin ayənin yazıldığı səhifə mənim yatağımın altında idi.

 

Peyğəmbər (s) vəfat etdikdə və biz onun dəfni ilə məşğul olarkən ev quzu oraya girib həmin vərəqi yedi”. (“Sünən”, İbn Macə, 1/625-626; “Müsnəd”, Əhməd, 6/269; “Sünən”, Darəqutni, 4/179; “əd-Durrul-mənsur”, 2/471, “ən-Nisa” surəsinin 23-cü ayəsinin təfsiri; “əl Möcəmul-övsat”, Təbərani, 6/10; “Müsnəd” Əbu Yəla, 4/144; Albaninin “Səhihu sünən İbn Macə”də hədisi “həsən” sayıb (1/3288); İbn Həzm isə “əl-Muhəlla”da yazır: “Bu, səhih hədisdir” (12/177))

Həmçinin bu rəvayət Aişənin Qurandakı daşqalaq və südvermə ayələrinin, heç də əhli-sünnənin iddia etdiyi kimi, ayənin oxunuşunun ləğv (nəsx) edilməsilə deyil, quzunun yeməsi səbəbilə aradan getdiyinə etiqad bəslədiyini göstərir.

* İbn Hibban, Abdullah ibn Əhməd ibn Hənbəl, Təyalisi, Əbdürrəzzaq, Beyhəqi və digərləri Zərr ibn Hübeyşdən nəql edirlər: “Übey ibn Kəblə görüşdüm və ona dedim: “İbn Məsud “Fələq” və “Nas” surələrini Qurandan pozur və “Bunlar Qurandan deyildir. Qurandan olmayanı ona daxil etməyin!” deyirdi”. Übey dedi: “Bu, Peyğəmbərə (s) də deyilmiş, o, bizə söyləmiş və biz də bunu deyirik”. (“Səhih”, İbn Hibban, 10/274; “Müsnəd”, Əhməd, 5/129; “əl-Möcəmul-kəbir”, Təbərani, 9/268, 269; “Məcməuz-zəvaid”, 7/149; Heysəmi deyir: “Əhməd və Təbərani bunu rəvayət ediblər. Əhmədin nəql etdiyi rəvayətin raviləri “Səhih”in raviləridir. “Təfsirul-Quranil-əzim”, 4/571; “Məvariduz-zəman”, 2/786; “Müsnəd”, Hümeydi, 1/185; Buxarinin “Səhih”ində “Təfsir” kitabında, “ən-Nas” surəsinin təfsirində buna işarə vardır (3/1604))

İbn Kəsir bunun təfsirində yazır: “Bir çox qari və fəqih arasında məşhurdur ki, İbn Məsud “Fələq” və “Nas” surələrini Qurana yazmırdı. Bəlkə də onları şəxsən Peyğəmbərdən (s) eşitməmiş və onun nəzərində Qurandan surə olduqları mütəvatir həddə yetişməmişdir”. (“Təfsirul-Quranil-əzim”, 4/572)

Fəxr Razi deyir: “Əgər desək: “Bu iki surənin Qurandan olduğu İbn Məsudun yaşadığı dövrdə mütəvatir idi”, o zaman bu iki surənin Qurandan olduğunu inkar edən edən şəxsin kafirliyinə hökm etməli olacağıq. Əgər “Bu iki surənin Qurandan olduğu İbn Məsudun yaşadığı dövrdə mütəvatir deyildi” desək, o zaman Quranın bir hissəsinin mütəvatir olmadığını söyləmiş olacağıq”.

Deyir: “Bu bir dəstənin əqidəsidir”. (“Fəthul-Bari”, 8/604)

 

* Buxari “Səhih”ində, Əbu Davud “Sünən”də, İbn Hİbban “Səhih”də və digərləri nəql etdikləri hədisdə Ömər ibn Xəttabın belə dediyini nəql edirlər: “Əgər camaat “Ömər Allahın kitabına ayə əlavə edib” deməsəydi, daşqalaq ayəsini öz əlimlə (kitaba) yazardım”. (“Səhih”, Buxari, 4/2241; “Sünən”, Əbu Davud, 4/144-145; “Səhih”, İbn Hİbban, 2/147. Albani “Səhihu sünəni Əbi Davud” kitabında bunu səhih hesab edib (3/835); “İrvaul-ğəlil”, 8/3)

“əl-Muvatta”, Şafeinin “Müsnəd”, Beyhəqinin “əs-Sünənul-kubra” və digər kitablarda nəql edilən rəvayətdə deyilir: “Daşqalaq ayəsinə görə həlak olmaqdan çəkinin!” Bir şəxs dedi: “Allahın kitabında belə bir cəza görmürük”. Ömər dedi: “Peyğəmbər (s) daşqalaq edib, biz də edirik. Canım əlimdə olan Allaha and olsun ki, əgər camaat “Ömər Allahın kitabına ayə əlavə edib” deməsəydi, bu ayəni öz əlimlə yazardım: “Qoca kişi və qadını, mütləq daşqalaq edin”. Belə ki, biz bu ayəni (Quranda) oxuyurduq”. (“əl-Muvatta”, səh.458; “Müsnəd”, Şafei, səh.163; “əs-Sünənul-kubra”, Beyhəqi, 8/212)

 

Zərkəşi “əl-Burhanu fi ulumil-Quran” kitabında yazır: “Əgər camaat deməsəydi...” sözündən aydın olur ki, onun yazılması icazəlidir və onu bundan çəkindirən yalnız camaatın deyəcəyi sözlər olub. Özlüyündə icazəli olanı kənar bir amil qadağa edir. Əgər bu icazəli idisə, sabit məsələ olması lazımdır, çünki bu, yazılma məsələsidir”. (“əl-Bürhanu fi ulumil-Quran”, 2/36)

 

Əgər həmin söz Quranın ayəsi idisə, onun Qurana yazılması vacib idi, əks təqdirdə isə əsla icazəli sayıla bilməz. Hədis Ömərin həmin sözün Qurandan olduğuna etiqad bəslədiyinə aşkar surətdə dəlalət edir, lakin onu Qurana əlavə etməkdən camaatın sözü çəkindirir. Halbuki onun belə bir üzrü əsla qəbul edilə bilməz. Xüsusilə də onun həmin dövrdə hakim, xəlifə və bir sözünü iki etməyə heç kimin qüdrəti çatmayan sərt şəxs olduğu deyilir.

* Müslim və digərlərinin Əbul-Əsvəddən nəql etdikləri rəvayət: “Əbu Musa Əşəri Bəsrə qarilərini yanıma göndərdi. Onun yanına 300 nəfər Quran qarisi daxil oldu. Dedi: “Siz Bəsrə əhlinin ən yaxşıları və qarilərisiniz, Quranı oxuyun, ancaq sizdən əvvəlkilərin qəlbləri qəsavət bağladığı kimi, siz də onu tərk etməklə qəlbiniz sərtləşməsin. Biz bir surə oxuyurduq, onu uzunluq və sərtlikdə “ət-Tövbə” surəsinə bənzədirdik. O surəni unutdum, lakin mən ondan bir hissəsini əzbər bilirəm: “Əgər Adəm övladının iki vadi qədər mal-dövləti olsaydı, üçüncüsünü də istəyərdi. Adəm övladının qarnını yalnız torpaq doldurar”. Biz bir surə oxuyar və onu “Subhan, səbbəhə və ya yusəbbihu” ilə başlayan surələrə bənzədərdik”. Həmin surəni də unutdum, ancaq mən bir hissəsini xatırlayıram: “Ey iman gətirənlər, etməyəcəyiniz bir işi niyə söyləyirsiniz?! Şahidlik sizə vacib edilmişdir, Qiyamət günü onun barəsində soruşulacaqsınız!” (“Səhih”, Müslim, 2/726)

 

Əbu Musa Əşərinin “unutdum” sözü onun qeyd etdiyi o iki surənin ləğv edilmədiyinə dəlildir. Sadəcə Əbu Musa və digər səhabələr onu unutmuş və müsəlmanların əlində mövcud olan Qurana yazmamışlar. Əgər belə olmasaydı, o zaman: “ləğv (nəsx) edildi” deyərdi. Onu unutmaqda qəlbin qəsavəti rol oynadığı üçün Əbu Musa Bəsrə qarilərinə bu surələri undan özünü və digərlərini nümunə göstərir.

 

* Hakim Nişapuri Hüzeyfəyə (r.a) istinad edilən rəvayəti nəql edir: “Sizin oxuduğunuz onun dörddə biridir (məqsədi “Tövbə” surəsidir). Siz onu “ət-Tövbə” adlandırırsınız, halbuki o “əl-Əzab” surəsidir”. (“əl-Müstədrək”, 2/331. Hakim deyir: “Bu, istinadı səhih olan hədisdir, Buxari və Müslim nəql etməmişlər”. Zəhəbi də onunla razılaşmışdır. “əd-Durrul-mənsur”, 4/120)

 

Təbərani “əl-Möcəmul-övsat”da həmçinin Hüzeyfədən (r.a) nəql edir: “Sizin “ət-Tövbə” adlandırdığınız surə “əl-Əzab” surəsidir. Siz hazırda bizim oxuduğumuzun yalnız dörddə birini oxuyursunuz”. (“əl-Möcəmul-övsat”, Təbərani, 1/365; “Məcməuz-zəvaid”, 7/28. Deyir: “Bunu Təbərani “əl-Möcəmul-övsat”da rəvayət edib, raviləri inanılan şəxslərdir”)

 

* Hakimin “Müstədrək”də “səhih” saydığı, Əhmədin (rəvayəti ondan təqdim edirik), Siyutinin, Beyhəqinin, Təyalisi də digərlərinin Zərr ibn Hübeyşdən nəql etdikləri rəvayətdə deyilir: “Übey ibn Kəb mənə dedi: “əl-Əhzab” surəsini oxuya və ya (ayələrini) saya bilərsən?” Dedim: “Yetmiş üç ayədir”. Dedi: “Ancaq? Mən onun “əl-Bəqərə” surəsi həcmində olduğunu görmüşəm. Biz orada bu ayəni oxuyurduq: “Qoca kişi və qadın zina etdikdə, Allahdan cəza olaraq, mütləq onları daşqalaq edin. Allah bilən və hikmət sahibidir!” (“əl-Müstədrək”, 4/359. Hakim deyir: “Bu, istinadı səhih olan hədisdir, Buxari və Müslim nəql etməmişlər”. “Müsnəd”, Əhməd, 5/132; “əs-Sünənul-kubra”, 8/211; “Kənzül-ümmal”, 2/480; “Müsnəd”, Əbu Davud Təyalisi, səh.73; “əd-Dürrül mənsur”, 6/558. Həmçinin “əl-Müsənnəf”də Əbdürrəzzaqdan, Təyalisi, Səid ibn Mənsur, Abdullah ibn Əhməd “Zəvaidul”müsnəd”də, İbn Müni, Nəsai, İbn Münzir, İbn Ənbari “əl-Məsahif”də, Darəqutni “əl-Əfrad”da, Hakim, İbn Mərdəveyh, eləcə də Ziya “əl-Muxtar”da nəql ediblər.)

 

Bu rəvayətin başqa bir nəqlində isə belə deyilir: “əl-Əhzab” surəsini neçə ayə olaraq oxuyursunuz?” Dedi: “Yetmiş neçə ayə”. Dedi: “Mən Peyğəmbərlə (s) bərabər bu surəni “əl-Bəqərə” və ya daha artıq ayə sayında oxumuşam. Orada “Daşqalaq” ayəsi də vardı” (“Müsnəd”, Əhməd, 5/132)

 

Allahın kitabından surə və ayələrin götürüldüyünə dəlalət edən hədislər onların mənbələrində olduqca çoxdur. Onların hamısını burada sadalamağa lüzum görmürük. Belə ki, bu, bizi kitabın mövzusundan uzaqlaşdıracaq.

Əhli-sünnə alimləri bu dalandan çıxmaq üçün belə deyirlər: “Onlar da Quranın bir hissəsi idi, lakin sonradan oxunuşu nəsx (ləğv) edilərək Allahın kitabından çıxarılmışdır”.

İbn Kəsir “əl-Əhzab” surəsinin həcminin “əl-Bəqərə” surəsinə bərabər olduğunu qeyd etdikdən sonra yazır: “Bu, “həsən” istinadlıdır. Buna dəlalət edir ki, həmin mətn Quranda vardı, sonra həm mətn, həm də hökm olaraq nəsx (ləğv) edildi. Doğrusunu Allah bilir”. (“Təfsirul-Quranil-əzim”, 3/465)

Beyhəqi “Daşqalaq” ayəsini - “Qoca kişi və qadın zina etdikdə, mütləq onları daşqalaq edin” qeyd etdikdən sonra bunun Quranda olduğuna və oradan çıxarıldığına dəlalət edən rəvayətləri sadalayır, ardınca deyir: “Bunda və öncəkində “Daşqalaq” ayəsinin hökmünün sabit qaldığını, oxunuşunun isə nəsx olunduğunu görürük. Düşünürəm ki, bu barədə ixtilafın yoxdur”. (“əs-Sünənul-kubra”, Beyhəqi, 8/211)

 

Zərqani Aişənin süd verməklə bağlı ayənin mövcud olduğu barədə sözünü şərh edərkən deyir: “Quranda oxuduqlarımız arasında...” sözü onun nəsx olunduğunu göstərir. Məna budur ki, on dəfə süd vermək beş dəfə süd verməklə bağlı ayə ilə nəsx olunmuşdu. Lakin bu nəsx (ləğv) Peyğəmbərin (s) ölümündən sonrayadək gecikdi (Bu, əhli-sünnə kitablarında Quranın təhrif edilməsilə bağlı mövcud olan çoxsaylı rəvayətlərə bəraət qazandırmaq üçün alimlərinin əl atdığı fantaziyalarından biridir. Biz bir ayənin nəsxinin Peyğəmbərin (s) vəfatından sonrayadək təxirə salınmasını təsəvvür belə edə bilmərik. Ancaq Zərqani burada onu iddia edir. Halbuki bunu heç kəs söyləməzdi.) və nəsx barədə xəbər camaatın hamısına yetişmədi. Onlar həmin ayəni hələ də Quranın mətni kimi oxuyurdular. Ancaq xəbər tutduqlarında bunu tərk etdilər. Aişənin sözünə əsasən, “On dəfə süd vermək” sözü həm mətn, həm də hökm baxımından nəsx olunmuşdur, “beş dəfə” isə “Daşqalaq” ayəsi kimi, yalnız mətn olaraq nəsx edilmiş, hökm olaraq isə qalmışdır... Məna bu deyil ki, onun Quranın mətni olaraq oxunması sübuta yetmiş fakt idi və insanlar onu tərk etdilər. Çünki Quran qorunan kitabdır”. (İmam Malikin “əl-Muvatta” kitabına Zərqaninin şərhi, 3/321)

əl-Amidi “əl-İhkam”da yazır: “Altıncı məsələ: Alimlər Quranda bir ayənin hökmü ləğv edilmədən mətninin nəsx edilməsinin, həmçinin bunun əksinin, eləcə də hər ikisinin birdən nəsx edilməsinin mümkün olduğu barədə həmfikirdirlər. Yalnız Mötəzililərdən az bir dəstə buna xilaf çıxmışdır. Buna ağıl və nəql edilmiş dəlillər də dəlalət edir”.

Sonra deyir: “Tilavət və hökmün nəsx (ləğv) edildiyinə dair nəqli dəlillərə gəldikdə, buna Aişədən nəql edilən rəvayət dəlalət edir. O deyir: “Nazil olanlar arasında on dəfə süd verməklə bağlı ayə vardı ki, beş dəfə südvermə ilə bağlı ayə ilə nəsx edildi”. Quranda nə on dəfə süd vermək və nə də onun hökmü vardır. Onların hər ikisi nəsx olunmuşdur”. (“əl-İhkam”, 3/154)

Mətnin nəsx edilməsinin icazəli olması və bunun baş verdiyi barədə onların çoxsaylı sözləri mövcuddur. Qeyd etdiklərimiz bizcə yetərlidir.

Onların mətninin nəsx edilməsilə bağlı qeyd etdikləri sözləri Mirzə Nurinin (q.s) gəldiyi nəticə ilə eynilik təşkil edir. Belə ki, onların hər ikisi Quranda bir mətnin əvvəllər mövcud olduğu və sonrada nəsx edildiyi barədədir. Mirzə Nuri bunu təhrif adlandırıb, hərçənd hər iki mövzu eynidir. İxtilaf yalnız onların adlandırılmasındadır. Onların ad seçimi isə Mirzə Nurinin seçimindən daha ehtiyatlıdır. Yalnız buna görə onun üzərinə belə hücum etmişlər. Ancaq göründüyü kimi, hər ikisinin mövzusu eyni idi.

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе