»»

Hişam ibn Həkəm İmam Kazımın (ə) qətlində günahkar idi?

Müəllif iddia edir: “Hişam (!) İmam Kazımın həbs edilməsinə, sonda öldürülməsinə səbəb olmuşdur. Kəşşinin “Rical”ında yazılır: “Hişam ibn Həkəm azmış, azdıran və Əbul-Həsənin (r.a) qətlinə şərik olan kəsdir” (səh.229)”.

 

Cavab: Müəllifin qeyd etdiyi rəvayət Hişam ibn Həkəmin tənqidinə deyil, əksinə, mədhində dəlalət edir. Həmin mətni sizə təqdim edirik:

 

Həmdəveyh ibn Nəsir mənə Muhəmməd ibn İsa əl-Əbdidən, o da Cəfər ibn İsadan nəql edir: “Musa ibn Riqqi İmam Əbul-Həsən Rzaya (ə) dedi: “Sənə fəda olum, səndən rəvayət edilir ki...(əsl nüsxədə bu yer səhifədə ağ qalmışdır. Lakin qarşıda təqdim olunacaq digər

rəvayətlərlə müqayisə etdikdə, həmin ağ yerdə Musa ibn Salehin adının yazıldığını aydınlaşacaq, necə ki, “İxtiyaru mərifətir-rical” kitabında da bu qeyd olunur (2/789).) və Əbul-Əsəd səndən Hişam ibn Həkəm haqqında soruşmuşlar və sən demişsən: “O, azmış, azdıran və Əbul-Həsənin (ə) qətlinə şərik olan kəsdir”. Ey ağam, bu barədə fikrin nədir, onu özümüzə dost biləkmi?” İmam Rza (ə) buyurdu: “Bəli!” O (Musa), sualı bir daha təkrarladı və “Onunla dostluq əlaqələrini saxlayaqmı?” deyə soruşdu. İmam (ə) buyurdu: “Bəli, dost bilin, bəli, dost bilin! Mən sizə bir şey söylədiyimdə ona əməl edin, qarşı çıxmağa çalışmayın! İndi çölə çıx və oradakıları (toplaşanlara) söylə: “Mənə Hişam ibn Həkəmi dost bilməyimizi buyurdu”. əl-Məşriqi qarşımıza çıxıb İmamın da (ə) eşidəcəyi tərzdə bizə səsləndi: “Sizi bunun İmamın (ə) Hişam ibn Həkəm barədəki rəyi olduğunu bildirirəm”. Bunu bir neçə dəfə təkrarladı”. (“İxtiyaru mərifətir-rical”, 2/544)

 

Hədis aydın şəkildə Musa ibn Salehin və Əbul-Əsədin şayiə və iddialarının əksinə olaraq, İmam Rzanın (ə) öz tərəfdarlarına Hişam ibn Həkəmlə əlaqələrini davam etdirmələrini və onu dost saymalarını, bunun İmamın (ə) rəyi olduğunu camaata xəbər vermələrini buyurduğuna dəlalət edir. Beləliklə də Musa və Əbul Əsədin Hişam ibn Həkəm haqqındakı sözlərinin heç bir etibar və dəyərinin olmadığı aydınlaşır.

 

Həmçinin Kəşşinin “Rical”ında Hişam ibn İbrahim sənədilə nəql etdiyi və Seyid Xoyinin “əl-Möcəm”də səhih hesab etdiyi İmam Rzadan (ə) rəvayət olunan başqa uzun bir hədisdə də İmam (ə) ona nisbət verilən sözləri inkar edir: “Cəfər dedi: “Sənə fəda olum, Saleh və Əli ibn Yəqtinin qayınatası Əbul-Əsəd səndən rəvayət edirlər ki, onlar mənim barədə səndən soruşmuş və belə cavab vermişsən: “Sizə nə olub, sözləriniz allahsızdan qaynaqlanır?!” İmam (ə) buyurdu: “Mən onlara belə bir söz söyləməmişəm! Bunu mənmi söyləmişəm?! Allaha and olsun ki, onlara belə söz deməmişəm”. Yunus dedi: “Sənə fəda olum, onlar mənim allahsız (ateist) olduğumu iddia edirlər”. O, bir kişinin yanında idi ki, həmin kişi ayaqlarını qatlayıb oturmuşdu. O, gah bir ayağını digərinin üzərinə, gah da digərini o birisinin üzərinə aşırdır, üzünü, yanağını və sol ayağını qaşıyırdı. Dedi: “Əgər sən allahsız olduğun halda sənə “mömin” deyilərsə, bu sənə bir fayda verərmi? Həmçinin mömin olduğun halda allahsız deyilsə, bu sənə bir zərər verərmi?” (“İxtiyaru mərifətir-rical”, 2/789)

 

İmam Rzanın (ə) ona nisbət verilən sözləri inkar etməsi bu sözlərin onun adından uydurulduğunu dəlilidir. Onlar beləcə Hişam ibn Həkəm haqqında da şayə uydurmuşlar.

 

Maraqlıdır ki, müəllif nəql etdiyi sözləri sanki İmamın (ə) sözləri kimi təqdim edir, oxucuya aydın olmaması üçün rəvayəti bütünlüklə nəql etmir. Çünki rəvayət ta təqdim edilsə, onun Hişam ibn Həkəmi tənqid deyil, tərif etdiyi aydınlaşacaq.

 

Müəllif iddia edir: “Hişam Əbul-Həsənə (r.a) dedi: “Mənə tövsiyə ver”. Dedi: “Mənim qanım (qətlim) barədə Allahdan qorxmağını tövsiyə edirəm” (“Rical”, Kəşşi, səh,226).

 

Əbul-Həsən (r.a) ondan bir müddət danışmamağı tələb etmişdi. O, bir ay danışmadı, sonra yenidən danışmağa başladı. Əbul-Həsən ona dedi: “Ey Hişam, müsəlman bir şəxsin qətlinə şərik olmaq səni sevindirərmi?” O, “Xeyr” deyə cavab verdi. Dedi: “Bəs mənim qətlimdə necə iştirak edirsən? Susmasan, bu mənim qətlimdir”. O, susmadı və Əbul-Həsənin başına gələnlər oldu” (“Rical”, Kəşşi, səh.231).

 

Əhli-Beytə (ə) müxlis olan bir şəxs bu imamın (r.a) qətlinə necə səbəb ola bilər?”

 

Cavab: Bu rəvayətin sənədi zəifdir. Raviləri arasında Cəfər ibn Məruf adlı şəxs vardır ki, onun inanılan şəxs olduğu tərcümeyi-hal kitablarında təsdiqini tapmayıb. Burada onun tək bir şəxs və ya bir adda olan fərqli şəxslər olmasının heç bir fərqi yoxdur. Belə ki, o, ya Cəfər ibn Məruf Səmərqəndidir ki, onu İbn Ğəzairi zəif sayaraq demişdir: “Cəfər ibn Məruf Əbul-Fəzl Səmərqəndi – Əyyaşi ondan çox sayda rəvayət nəql edib. Onun məzhəbində uyğunsuzluq vardı. Hədisləri gah qəbul edilir, gah da inkar olunur”. (“Rical”, İbn Ğəzairi, səh.47)

 

Ya da Cəfər ibn Məruf Kəşşidir ki, “Rical”ın müəllifi öz kitabında ondan çox sayda rəvayət nəql etsə də, onun inanılan şəxs olması tərcümeyi-hal kitablarında sübuta yetməyib.

 

Rəvayətin sənədində həmçinin İsmail ibn Ziyad əl-Vasiti adlı ravi də vardır ki, o da halı məchul şəxsdir. (“Möcəmu ricalil-hədis, 19/278. Seyid Xoyi (r.ə) bu rəvayəti zəif saymışdır)

 

Rəvayətin sənədinə göz yumsaq, onun mətni Hişam ibn Həkəmin İmam Musa ibn Cəfərin (ə) qətlinə səbəbkar olduğuna dəlalət edir. Çünki İmam (ə) həmin vaxtlarda onu müxaliflərlə bəhsdən çəkindirmişdi. Hişam bir ay bu işi tərk etsə də, yenidən bəhslərə qayıtmışdı. Sonda da İmamın (ə) başına gələnlər baş vermişdi. Lakin, məlum olduğu kimi, rəvayətdə İmamın (ə) qətlinin məhz Hişamın səbəbindən baş verdiyinə heç bir dəlalət yoxdur, necə ki, İmamın (ə) həyat hekayəsindən də bu hadisələrin arasında bir əlaqənin olmadığı məlumdur.

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе