»»

Əl-kafi kitabı neçə fəsildən ibarətdir? – şübhəyə cavab

Müəllif iddia edir: “Hicri 1076-cı ildə (miladi 1665-ci il) vəfat etmiş inanılan Şeyx Seyid (!) Hüseyn ibn Seyid Heydər əl-Kərəki əl-Amili deyir: “əl-Kafi” kitabı hər bir hədisinin İmamlara (ə) yetişən istinadları ilə əlli kitabdan (fəsildən) ibarətdir” (“Rəvəzatul-cənnat”, 6/114).

Hərçənd hicri 460-cı ildə (miladi 1068-ci il) vəfat etmiş Seyid (!) Əbu Cəfər Tusi isə deyir:

“əl-Kafi” kitabı otuz kitabdan (fəsildən) ibarətdir” (“əl-Fehrist”, səh.161).

Təqdim etdiyimiz sözlərdən aydın olur ki, V-XI əsrlər arasında “əl-Kafi” kitabına iyirmi kitab (fəsil) artırılmışdır. Hər bir fəsil də özündə bir çox babları əhatə edirdi. Yəni bu müddət ərzində “əl-Kafi” kitabında edilmiş təhrifləri, kəlmələrindəki dəyişiklikləri və bəzi rəvayətlərin bir hissəsinin silinməsini nəzərə almasaq, yalnız artırılmış hissə onun ümumi həcminin 40%-ni təşkil edir. Bəs “əl-Kafi” kitabına 20 fəsil artıran şəxs kimdir?! Onun səmimi insan olması mümkündürmü?!

Bu fəsilləri əlavə edən bir şəxsdir, yoxsa uzun müddət ərzində bir-birini əvəzləməklə kitaba əlavələr və dəyişikliklər edən bir çox şəxslərdir?!

Sual veririk: Hələ də “əl-Kafi” xəta və yanlışa yol verməyən məsum tərəfindən təsdiqlənən inanılan kitab olaraq qalmaqdadırmı?!”

 

Cavab: Müəllifin Şeyx Tusinin (q.s) seyid olaraq, Şeyx Hüseyn əl-Kərəki əl Amilini isə inanılan Şeyx Seyid kimi vəsf etməsi gülüş doğuran faktdır.

 

Bir şəxsin eyni vaxtda həm şeyx, həm də seyid olması necə mümkündür?!

 

Məgər bu faktdan sonra hansısa bir insaflı şəxsdə bu müəllifin şiə olmadığına dair kiçik də olsa, bir şəkk qala bilərmi? O, həqiqətən də özünü şiə kimi qələmə verən bir saxtakardır!

 

“əl-Kafi” kitabına edilən əlavələrlə bağlı iddiasına gəldikdə isə deyirik: Kaş ki, bu ictihad və fəqihlik iddiaçısı bir az səy göstərib hal-hazırda əlimizdə olan “əl-Kafi” kitabının 50, yoxsa 30 fəsildən ibarət olduğuna nəzər salardı. Əgər baxsaydı, həm ona, həm də digərlərinə iddia olunan həcmin kitaba əlavə olunub-olunmadığı məlum olardı.

 

Kaş ki, iddiaçı müəllif “əl-Kafi” kitabına artırıldığını güman etdiyi fəsillərin siyahısını bizim üçün sadalayar və oradakı hədislərin sayını təqdim edərdi. Xüsusən, “əl-Kafi” kitabındakı fəsillərdə hədislər sayına görə fərqlilik göstərmir və hədisləri hesablamaq ona heç bir çətinlik yaratmayacaqdı. Çünki çap edilmiş nüsxələrdə hər fəslin hədislərinin sayı da qeyd edilir.

 

Ola bilsin, səbəb budur ki, iddiaçı müəllif “əl-Kafi” kitabındakı fəsillərin sayının hələ də Şeyx Tusinin qeyd etdiyi kimi, 30 olduğunu bilməməkdir, ona nə bir şey artırılıb, nə də azaldılıb. Əl-Kərəkidən nəql edilən isə sözsüz xətadır.

 

Məsələnin möhtərəm oxucuya tam aydın olması üçün Şeyx Tusinin “əl-Fehrist” kitabında “əl-Kafi”nin fəsilləri ilə bağlı sözlərini qeyd etmək yerinə düşər. Biz onun tərtiblə sadaladığı fəsilləri hazırda Əli Əkbər Ğəffari tərəfindən 1960-cı ildə təhqiqi olunmuş çap nüsxəsinə uyğun olaraq rəqəmlərlə nömrələyəcəyik ki, onların arasına bir uyğunluq və ya fərqlilik olduğu bilinsin.

 

Şeyx Tusi “əl-Fehrist” kitabında yazır:

 

“Muhəmməd ibn Yaqub əl-Kuleyni – künyəsi Əbu Cəfərdir, inanılan, hədisləri tanıyan şəxsdir, bir çox kitabları vardır. Onlardan: “əl-Kafi” – otuz kitabdan (fəsildən) ibarətdir: 1-ci fəsil “Əql”; 2. “Elmin fəziləti”; 3. “Tövhid”; 4. “Höccət”; 5. “İman və küfr”; 6. “Dua”; 7. “Quranın fəziləti”; 8. “Paklıq və heyz”; 10. “Namaz”; 11. “Zəkat”; 12. “Oruc”; 13. “Həcc”; 16. “Nikah”; 17. “Boşanma”; 18. “Azadetmə, tədbir, yazışma”; 29. “And, nəzir və kəffarə”; 15. “Məişət”; 27. “Şahidlik”; 28. “Qəzavət və hökmlər”; 9. “Cənazə”; (-) “Vəqf və sədəqələr”; 19. “Ov və heyvan kəsmək”; 20. “Yeməli və içəməlilər”; 22. “Əhliləşdirilmiş heyvanlar”; 21. “Geyim və nəzakət”; 14. “Cihad”; 33. “Vəsiyyət”; 24. “Vaciblər”; 25. “Hədd cəzaları”; 26. “Diyələr”; 30. “Kafinin bağçası” sonuncu fəsildir”. (“əl-Fehrist”, səh.210)

 

“əl-Kafi” kitabının cildlərinə müvafiq fəsillərinə gəldikdə, onların sıralaması aşağıdakı kimidir:

 

Birinci cild. 1437 hədisdən ibarətdir və aşağıdakı fəsillərə bölünür:

  1. “Əql və cəhalət” – səh.10-29.
  2. “Elmin fəziləti” – səh.30-71.
  3. “Tövhid” – səh.72-167.
  4. “Höccət” - səh.168-dən cildin sonunadək.

 

İkinci cild. 2346 hədisdən ibarətdir və aşağıdakı fəsillərə bölünür:

  1. “İman və küfr” - səh.2-464.
  2. “Dua” - səh.465-596.

 

Nəcaşi “Dua” fəslinin adını öz kitabında qeyd etməyib, ancaq Şeyx Tusi fəsillərin arasında sadalayıb. Ola bilsin ki, Nəcaşi bunu nəzərdən qaçırıb və ya kitab nüsxələnərkən xətaya yol verilib. Bəlkə də Nəcaşi onun “İman və küfr” fəslinin davamı olduğunu düşünüb.

 

  1. “Quranın fəziləti” - səh.596-634.

 

- “Dostluq (ünsiyyət)” - səh.635-dən cildin sonunadək. Bu kitabı Şeyx Tusi qeyd etməyib, lakin Nəcaşi “Rical”da adını çəkir. (“Rical”, Nəcaşi, 2/210)

 

Üçüncü cild. 2049 hədisdən ibarətdir və aşağıdakı fəsillərə bölünür:

 

  1. “Paklıq” - səh.1-74.

- “Heyz” - səh.75-110.

 

Bu iki fəsli Şeyx Tusi tək bir fəsil kimi qeyd edərək yazır: “Paklıq və heyz” fəsli.

  1. “Cənazə” - səh.111-263.
  2. “Namaz” - səh.264-495.
  3. “Zəkat” - səh.496.

 

Dördüncü cild. 2188 hədisdən ibarətdir və aşağıdakı fəsillərə bölünür:

“Zəkat” (“Sədəqlər”) fəsli 2-60-cı səhifələrlə bitir.

  1. “Oruc” – 62-183.
  2. “Həcc” – səh.184-dən cildin sonunadək.

 

Beşinci cild. 2200 hədisdən ibarətdir və aşağıdakı fəsillərə bölünür:

  1. “Cihad” – səh.2-64.
  2. “Məişət” – səh. 65-319.
  3. “Nikah”, - səh.320-dən cildin sonunadək.

 

Altıncı cild. 2600 hədisdən ibarətdir və aşağıdakı fəsillərə bölünür:

- “Əqiqə” – səh.2-53.

Bu fəsli Şeyx Tusi qeyd etməyib, lakin Nəcaşi “Nikah” fəsli ilə birlikdə qeyd edərək yazır: “Nikah və əqiqə” fəsli. (“Rical”, Nəcaşi, 2/210)

 

  1. “Boşanma” – səh.54-176.
  2. “Azadetmə, tədbir və yazışma” – səh.177-201.
  3. “Ov” – səh.202-226.

- “Heyvan kəsmək” – səh.227-241.

 

Şeyx Tusi bu iki fəsli tək bir fəsil kimi qeyd edir.

  1. “Yeməlilər” – səh.242-379.

- “İçməlilər” – səh.380-437.

 

Həmçinin bu iki fəsli də Şeyx Tusi tək bir fəsil kimi qeyd edir.

  1. “Geyim, nəzakət və alicənablıq” – səh.438-534.
  2. “Əhliləşdirilmiş heyvanlar” – səh.535-dən cildin sonunadək.

 

Yeddinci cild. 1704 hədisdən ibarətdir və aşağıdakı fəsillərə bölünür:

 

  1. “Vəsiyyət” – səh.2-69.
  2. “Miraslar” – 70-176. Şeyx Tusi bu fəslin adını “Vaciblər” olaraq qeyd edir.
  3. “Hədd cəzaları” – səh.174-270.
  4. “Diyələr” – səh.271-377.
  5. “Şahidlik” – səh.378-405.
  6. “Qəzavət və hökmlər” – səh.406-433.
  7. “And, nəzir və kəffarələr” – səh.434-dən cildin sonunadək.

 

Səkkizinci cild.

  1. “Kafinin bağçası” – 597 hədisdən ibarətdir.

“əl-Kafi” kitabının bütün fəsilləri bunlardır. Şeyx Tusi onları sadalayarkən “Dostluq (ünsiyyət)” və “Əqiqə” fəsillərini qeyd etməyib, əlavə olaraq bir fəslin adını qeyd edib ki, o da hazırda əlimizdə mövcud olan nüsxədə yoxdur. Bu, “Vəqf və sədəqələr” fəslidir. Ümumən isə fəsillərin sayı 30-dur.

 

Nəticə olaraq, hazırda əlimizdə mövcud olan “əl-Kafi” kitabının fəsilləri Şeyx Tusinin (q.s) “əl-Fehrist”də sadaladığı fəsillərlə eynidir, yalnız “Dostluq” və “Əqiqə” fəsilləri istisnadır ki, onları da Nəcaşi “Rical” kitabında qeyd edir. Bu isə həmin fəsillərin sonradan əlavə edilmədiyinin dəlilidir.

 

Bundan əlavə, hazırda əlimizdə mövcud olan “əl-Kafi” kitabında olmayan bir fəsli də Şeyx Tusi kitabında qeyd edir. Bu, “Vəqflər və sədəqələr” fəslidir. Həmin fəsli Nəcaşi “Rical”da qeyd etmir. Əgər faktın doğruluğu isbatlansa, bu, “əl-Kafi” kitabına nəyinsə artırıldığına deyil, əksinə azaldıldığına dəlalət edəcək. Halbuki bunun Şeyx Tusi tərəfindən yol verilən yanlışlıq səbəbindən baş verdiyi ehtimal oluna bilər. Burada Nəcaşinin nəqlinə etimad olunmalıdır. Çünki o, nəql etməkdə Şeyxdən daha dəqiq olub.

 

Bütün bunlardan aydın olur ki, “əl-Kafi” kitabına müəllifin iddia etdiyi kimi, iyirmi yox, heç bir fəsil belə artırılmamışdır.

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе