Müəllif iddia edir: “2. Əhməd ibn Əli ibn Əbu Talib ət-Təbərsi – “əl İhticac” kitabının müəllifi.
Bu yerdə müəllifin bir haşiyəsi də vardır: “O, özünə bu adı maskalanmaq məqsədilə götürmüşdür ki, rahatlıqla öz zəhərli düşüncələrini yaya bilsin. Belə bir şəxsin Möminlərin əmirinin (s) tapdadığı torpağa belə özünü nisbət verməsi düzgün deyildir. Həqiqətdə isə onun nə əsli-nəcabəti və nə də tərcümeyi-halı məlum deyildir”.
Cavab: Əhməd Təbərsi heç də müəllifin iddia etdiyi kimi, özünə bu adı götürməmişdir. Əli ibn Əbu Talib sözündə məqsəd isə heç də müəllifin gümana əsasən, Möminlərin əmiri Əli (ə) deyildir. Bu, həqiqətən də onun ata və babasının adlarıdır. Bir kəsin adının digərinə bənzəməsi isə qeyri-mümkün və haram da deyildir.
İctihad və fəqihlik iddiaçı olan bir kəsin Təbərsinin nəslinin və tərcümeyi-halının bilinmədiyini iddia etməsi olduqca təəccüblüdür. Halbuki onun “əl-İhticac” kitabında geniş tərcümeyi-halı verilmişdir. Həmçinin şagirdi Şəhraşub özünün “Məalimul üləma” kitabında (səh.25), “Vəsailuş-şiə” kitabının müəllifi Hürr Amuli “Əməlul amil” kitabında (2/17) və Şeyx Yusif Bəhrani “Luluətul-bəhreyn” kitabında (səh.341) və s. kitablarda onun tərcümeyi-halı təqdim edilmişdir.
Nəsil silsiləsi məsələsinə gəldikdə, məlumdur ki, ərəblər öz qəbilələrinə, qeyri ərəblər isə öz şəhərlərinə nisbət verilirlər. Təbərsinin nisbəti də qəbiləsinə deyil, şəhərə nisbət verilmişdir. Bu üslub məşhur sünni və şiə alimləri arasında mövcud olan bir faktdır.
Biz əhli-sünnə alimlərinin mənsubiyyətlərinə nəzər saldığımızda, onların bəzilərinin nəsil silsiləsinin qeyd edilmədiyini görürük. Xüsusilə də bəzilərinin məşhurluğu bariz olduğu üçün mənsubiyyətləri barədə nəqllərin mütəvatirliyi əhəmiyyət daşımır və etina olunmur. Necə ki, özünün “əl-İhticac” kitabı ilə məşhur olan Təbərisinin də vəziyyəti belədir.
Maraqlı haldır ki, müəllif alimlərimizin mənsubiyyəti barədə söhbət açır, halbuki bəzi əhli-sünnə məzhəb imamlarının və hədis hafizlərinin nəsil silsilələri belə onların özlərinə məlum deyildir.
Mövzunu uzatmamaq üçün onlardan yalnız ikisini nümunə kimi təqdim edirik. Həmin şəxslərdən biri məzhəb imamı, digəri hədis hafizidir.
Məzhəb imamı olan Əbu Hənifə Numandır. Onun əsli-nəcabəti, eləcə də hansı şəhərdən olduğu bilinmir.
Zəhəbi “Siyəru əlamin-nübəla” kitabında yazır: İmam, dinin fəqihi, iraqlı alim Əbu Hənifə Numan ibn Sabit ibn Zuti ət-Teymi, Zuti Teymullah ibn Sələb qəbiləsinin köləsi olub. Onun farslardan olduğu da deyilib. (“Siyəru əlamin-nübəla”, 6/390)
Ta ki, yazır: “Əhməd İcli deyir: “Əbu Hənifə Teymi yağ satan Həmzənin dəstəsindən idi, ipək (və ya dəri) alverçisi idi.
Ömər ibn Həmmad ibn Əbu Hənifə deyir: “Zuti Kabuldan idi, oğlu Sabit o müsəlman ikən doğuldu. Zuti Teymullah ibn Sələb qəbiləsinin köləsi idi, köləlikdən azad edilmişdi, qəbilə onu himayə etmiş və o, əvvəlcə həmin qəbiləyə, sonra isə Qufl qəbiləsinə nisbət verilmişdir...
Nəzr ibn Muhəmməd Mərvəzi deyir: “Yəhya ibn Nəzrdən nəql olunur: “Əbu Hənifənin atası Nəsa şəhərindən olub”.
Süleyman ibn Rəbi isə Haris ibn İdrisdən nəql edir: “Əbu Hənifənin əsli Tirmizdəndir. Əbu Əbdürrəhman əl-Müqri deyir: “Əbu Hənifə Babil əhlindəndir”.
Əbu Cəfər Əhməd ibn İshaq ibn Bəhlul atasından, o da babasından nəql edir: “Əbu Hənifənin atası Sabit Ənbardandır.
Sonra isə nəql edir ki, Əbu Hənifənin adı Numandır ibn Sabit ibn Mərzibandır”. (“Siyəru əlamin-nübəla”, 6/390)
Dörd məzhəb imamlardan birinin əsil-nəcabəti barədə müxtəlif iddialar səsləndirməklə necə ixtilaf etdiklərinə diqqət yetirin. Əgər məzhəb imamının vəziyyəti belədirsə, digərlərininki necə olar?!
İkinci şəxs isə hədis hafizi olan, məşhur Sünən” kitabının müəllifi İbn Macədir. Onun mənsubiyyəti barədə Əbu Abdullah Muhəmməd ibn Yezid ibn Macədən başqa heç bir söz əlavə edə bilmirlər. (“Siyəru əlamin-nübəla” kitabında onun tərcümeyi-halına müraciət et (13/277). Həmçinin bax: “əl-Müntəzəm”, 12/258; “əl-Bidayətu vən-nihayə”, 11/56; “Təhzibut təhzib”, 9/468; “Təbəqatul-huffaz”, səh.278; “Təzkirətul-huffaz”, 2/636; “ən Nucumuz-zahirə”, 3/70; “Miratul-cinan”, 2/140; “Vafəyatul-əyan”, 4/279; “əl-Vafi bil-vəfəyat”, 5/220)
ər-Rafii “Tarixu Qəzvin” kitabında yazır: “Macə Yezidin ləqəbidir, Əbu Abdullahın atasıdır. Həmçinin Əbul-Həsən Qəttan və Hibətullah ibn Zadanın öz əllərilə yazdıqları bu sözləri görmüşəm: “Bəzən deyilib: Muhəmməd ibn Yezid ibn Macə”. Birinci versiya daha sabitdir”. (“ət-Tədvinu fi əxbari Qəzvin”, səh.165)
Buna əsasən, İbn Macənin yalnız özünün və atasının adı məlumdur.
Şübhəsiz ki, Təbərsinin şiənin nəzdində məqamı əhli-sünnə yanında Əbu Hənifənin və İbn Macənin məqamı kimi deyildir. Buna baxmayaraq, müəllifin nə üçün Təbərsinin nəsəbi haqqında şəkk etdiyini və onu bu səbəblə tənqidə məruz qoyduğunu anlamaq olmur. Halbuki burada qeyd etdiyimiz, eləcə də qeyd etmədiyimiz dəlillərə əsasən, onların öz imam və alimlərinin mənsubiyyətləri qaranlıq faktlarla doldur.