Müəllif iddia edir: “Qeyd etməliyik ki, “yoldaşlarımız” onlar üçün on iki imam da seçiblər. Bu, məqsədyönlü bir əməldir. Bu rəqəm Bəni-İsrailin nəsil köklərinin sayı ilə eynidir. Bununla da kifayətlənməyiblər, özlərinə “On iki imamçılar” adını götürüblər”.
Cavab: Müəllifin ortaya qoyduğu bu qəribə, əcaib və təəccüb doğuran “kəşflər” onun cahilliyinin və batilə möhkəm bağlılığının göstəricisidir. O, haqqı batilə, batili də haqqa çevirmək istəyir. Belə ki, on iki xəlifə ilə bağlı hədislər heç kəsə gizli olmayacaq həddə məşhur və bu müəllifin onu gizlətmək və ya barəsində şübhə yaratmaq imkanından daha aşkardır.
Biz o hədisin bəzi nəql yollarını burada qeyd etməklə kifayətlənəcəyik. Daha artıq məlumat almaq istəyənlər bizim “Məsailul-xilafiyyə harə fiha əhlus-sunnə” (“Əhli-sünnənin cavab verməkdə heyrətdə qaldığı ixtilaflı məsələlər”) kitabına müraciət edə bilərlər. Biz isə burada sağlam qəlbə və şahidlik edib dinləyən qulaq sahiblərinə yetəcək qədərini nəql edəcəyik.
Buxari, Əhməd, Beyhəqi və digərləri Cabir ibn Səmurədən nəql edirlər: “Dedi: “Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “On iki əmir olacaq”. Sonra bir söz dedi, amma mən eşitmədim. Atam dedi: “Peyğəmbər (s) buyurdu: “Onların hamısı Qüreyşdəndir”. (“Səhih”, Buxari, 9/101; “Müsnəd”, Əhməd ibn Hənbəl, 5/90, 95; “Dəlailun nubuvvət”, 6/519)
Bəğəvi deyir: “Bu, səhihliyi barədə yekdil fikir olan hədisdir”. (“Şərhus-sünnə”, 15/31)
Müslim Cabir ibn Səmurədən nəql edir: “Atamla birlikdə Peyğəmbərin (s) yanına getdik. Onun (s) belə buyurduğunu eşitdim: “Bu iş (din, risalət) onların üzərinə on iki xəlifə gəlib-getmədikcə sona çatmayacaq”. Cabir deyir: “Sonra mənim eşitmədiyim sözlər söylədi. Mən atamdan onun nə dediyini soruşduqda o, “Peyğəmbər (s) onların hamısının Qüreyşdən olduğunu söylədi” deyə cavab verdi”. (“Səhih”, Müslim, 3/1452)
Həmçinin Müslim (rəvayət ona məxsusdur) və Əhməd Cabir ibn Səmurədən nəql edirlər: “Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “İnsanların üzərinə on iki nəfər hakim olmadıqca onların (din və dünya) məsələləri aradan getməyəcək”. Sonra Peyğəmbər (s) mənim eşitmədiyim sözlər söylədi. Atamdan Peyğəmbərin (s) nə söylədiyini soruşdum. Dedi: “Buyurdu: “Onların hamısı Qüreyşdəndir”. (“Səhih”, Müslim, 3/1452; “Müsnəd”, Əhməd ibn Hənbəl, 5/98, 101; “Silsilətul əhadisis-səhihə”, 1/651. Albani orada yazır: “Bu, onların (Müslim və Buxarinin) şərtinə əsasən, istinadı səhih hədisdir”)
Müslim, Əhməd, Təyalisi, İbn Hibban, Xətib Təbrizi və digərləri Cabir ibn Səmurədən nəql edirlər: “Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “İslam on iki xəlifə olduqca izzətli (qüvvətli) olaraq qalacaq”. Sonra mənim anlamadığım bəzi sözlər söylədi. Atama dedim: “Peyğəmbər (s) nə söylədi?” Atam dedi: “Onların hamısı Qüreyşdəndir”. (“Səhih”, Müslim, 3/1453; “Müsnəd”, Əhməd ibn Hənbəl, 5/90, 100; “Müsnəd”, Əbu Davud Təyalisi, səh.105, 180; “Mişkatul-məsabih”, 3/1678. Xətib Təbrizi yazır: “Hədis barədə yekdil fikir mövcuddur”. “əl-İhsan bitərtibi səhih İbn Hibban”, 8/230)
Müslim (hədis ondan nəql olunur), Əhməd və İbn Hibban Cabir ibn Səmurədən nəql edirlər: “Atamla birlikdə Peyğəmbərin (s) yanına getmişdik. Onun belə buyurduğunu eşitdim: “Bu din on iki xəlifə olduqca izzətli və qüvvətli qalacaq”. Sonra bir söz söylədi, amma camaatın səs-küyü onu eşitməyə məni qoymadı. Atama dedim: “Peyğəmbər (s) nə söylədi?” Dedi: “Onların hamısı Qüreyşdəndir”. (“Səhih”, Müslim, 3/1453; “Müsnəd”, Əhməd ibn Hənbəl, 5/98, 101. 96-cı səhifədə isə yazılır: “...Bu din izzətli, qüvvətli, ona qarşı məkrli niyyətləri olanlara qarşı qalib olacaq, İslamdan ayrılanlar və qarşı çıxanlar ona heç bir zərər verə bilməyəcəklər”. “əl-İhsan bitərtibi səhih İbn Hibban”, 8/230; “əl-Möcəmul-kəbir”, Təbərani, 2/195, 196)
Həmçinin Müslim (hədis ona məxsusdur) və Əhməd ibn Hənbəl Cabir ibn Səmurədən nəql edirlər: “əl-Əsləminin daşqalaq edildiyi cümə günü axşamı Allah elçisinin (s) belə buyurduğunu eşitdim: “Bu din Qiyamətədək və ya üzərinizdə on iki xəlifə olmadıqca aradan getməyəcək. Onların hamısı Qüreyşdəndir...”. (“Səhih”, Müslim, 3/1453; “Müsnəd”, Əhməd ibn Hənbəl, 5/76, 77, 79; “Silsilətul əhadisis-səhihə”, 2/690; “Müsnəd”, Əbu Əvanə, 4/383; “Müsnəd”, Əbu Yəla, 6/282)
On iki imamın olacağına dəlalət edən hədislər olduqca çoxdur, qeyd etdiklərimiz dəlil olaraq kifayətdir.
Əgər iddiaçı müəllifin fikrinə əsasən, bu hədislər də yəhudi saxtakarlığının və uydurmalarının məhsuludursa, o zaman əhli-sünnənin səhih hesab etdikləri Buxarinin, Müslimin və digər hədis alimlərinin kitablarını da zibilliyə atmalıdır.
Yox, əgər bu hədislərin həqiqətən səhih olduğunu düşünürsə, o zaman bu hədislərə əsasən, on iki imam şiələrinin də etiqadının doğru olduğunu etiraf eləməlidir.