»»

Nəfslə mübarizənin ən yaxşı yolu

  1. 1-ci hissə
  2. 2-ci hissə

1-ci hissə

Bağışlayan və Mehriban Allahın adı ilə

Bizə məlumdur ki, nəfs bizim ən böyük düşmənimizdir. Qədimdən insanlar nəfslə mübarizə yollarını axtarmağa başlamışlar. Çünki, dünyadakı bütün cinayətlər nəfsin səbəbinə meydana gəlib və indi də gəlməkdədir. Həmçinin, nəfsin dəvət etdiyi bütün növ istəklər insanı həlakətə aparır və dünyada və axirətdə onu zəlil edir. Bu səbəbdən də nəfslə mübarizənin ən yaxşı yolunu bizə müqəddəs İslam dini öyrədir.

Nəfslə mübarizə elə də asan məsələ deyil. Peyğəmbərimiz (s) nahaq yerə onu “ən böyük cihad” adlandırmayıb. Onu nəzarət altına almaq, onu idarə etmək çox çətin bir məsələ olmasına baxmayaraq, mümkündür. Bu məsələyə İslam dini o qədər ciddi münasibət bəsləyir ki, nəfslə mübarizə aparmayan və ya ona qalib gəlməyən insanı insan hesab etmir. Görün nə qədər nəfslə mübarizə çətindir ki, Yusif peyğəmbər (ə) də ondan şikayət edir: “Mən öz nəfsimə bəraət qazandırmıram. Çünki nəfs həmişə insanı pisliklərə əmr edir. Yalnız Allahın rəhm etdiyi kəslərdən başqa.” (Yusuf surəsi ayə 53) İmam Səccad (ə) da münacatlarının birində belə şikayət edir: “Pərvərdigara! Sənə şikayət edirəm həmişə pisliklərə göstəriş verən, günah və xətalara üz gətirən, günahı sevən, özünü Sənin qəzəbin qarşısında qərar verən, məni günahlara və fəlakət yollarına çəkən nəfsin əlindən! (Bihar əl-ənvar, cild 94, səh. 143)

Nəfsin nəzarət altına alınması üçün, onu tam itaətdə saxlamaq üçün din rəhbərləri bizə bir çox tövsiyyələr vermişlər. Onların hamısı öz şəraitində bizim üçün tam yetərlidir. Amma biz onların ən münasibinə işarə edəcəyik.

Nəfsin nəzarət altına alınması üçün biz gərək 4 mərhələdən üğürla keçək.

1. Müşaritə (şərtləşmək). Günün ilk saatlarında və gündəlik işlərimizə başlamazdan əvvəl müşaritə üçün müəyyən bir vaxt təyin edirik. Məsələn, sübh namazından sonra sakit bir yerdə oturub nəfsimizə belə xitab edirik: Mən indi diriyəm, lakin nə vaxta qədər sağ olacağım məlum deyil. Bəlkə də bir saatdan artıq yaşamadım. Ömrümün keçən saatları tələf olmuşdur, lakin qalan saatlar mənim sərmayəm hesab olunur. Hər bir saatda axirətim üçün yol ehtiyyatı hazırlaya bilərəm. Bu dəqiqə mənim əcəlim çatsa çox arzu edərəm ki, bir saat da mənim ömrümə əlavə edilsin. Ey biçarə nəfsim! Fərz et ki, belə bir halda sənin istəyin qəbul olunub və sən dünyaya yenidən qayıtmısan, amma bir saatdan artıq yaşamayacaqsan. Ey nəfs! Mənə və özünə rəhm et, bu saatları əbəs yerə tələf etmə, onların qədrini bil, bir də belə saatlar ələ düşməyəcək, əks halda qiyamətdə peşman olacaqsan. O gün də artıq həsrətlərin heç bir faydası olmayacaqdır. Ey nəfs! Ömrümün hər saatı müqabilində Allah sənin üçün bir xəzinə qərar vermişdir ki, yaxşı və pis əməllərini oraya toplayırlar. Nəticəsini isə qiyamətdə görəcəksən. Ey nəfs! Çalış xəzinələri saleh əməllərlə doldurasan. Ehtiyyatlı ol ki, onları günahlarla doldurmayasan. Əgər mən yatana qədər günah eləsən sənin üzərinə müəyyən cəzalar tətbiq edəcəyəm. Məsələn üç gün oruc tutacaqsan və s. İnsan gərək cəza verməkdə səhlənkarlıq etməsin, əks halda bu mübarizənin heç bir nəticəsi olmayacaqdır. (qeyd: Cəza bəhsi haqqında cəza mərhələsində danışacağıq.)

Bu minvalla hər bir bədən üzvünə xitab edərək onlardan əhd alırıq ki, günahlara mürtəkib olmasın. Məsələn, dilimizə xitabən deyirik: Yalan, qeybət, böhtan, söz gəzdirmək, eyb axtarmaq, söyüş söymək, boş-boş sözlər danışmaq, camaata həqarət hissi ilə yanaşmaq, özünü tərifləmək, yersiz mübahisə etmək, yalandan şəhadət vermək və s. kimi rəzil əxlaqlardan və Allahın haram buyurudğu işlərdən çəkin, çünki bu işlər insanın dünya və axirət həyatını puç edir. Mən sənə bu işləri görməyə əsla icazə vermirəm. Ey dil! Özünə və mənə rəhm et, günahdan əl çək, çünki sənin bütün sözlərin əməl dəftərində qeydə alınacaqdır, mən də qiyamətdə onlara cavadehlik daşımalıyam. Əgər günah etsən səni cəzalandıracağam. Məsələn üç gün heç kəslə danışmayacaqsan.

Beləliklə, dilimizdən əhd aldıqdan sonra onu görə bildiyi yaxşı əməlləri ona xatırladır və onu məcbur edirik ki, gün ərzində onları yerinə yetirsin. Məsələn ona deyirik: Sən filan zikrlə, filan kəlamla əməl xəzinəsini nur və sevinclə doldura, qiyamətdə isə nəticəsini ala bilərsən.

Bu yolla bütün bədən üzvlərimizdən əhd alırıq ki, günaha mürtəkib olmasınlar və saleh əməllər etsinlər.

Bu arada şeytan bizə belə vəsvəsə edə bilər: Sən belə proqramlarla yaşaya bilməzsən! Axı sən bu qədər məhdudiyyətlə necə yaşaya bilərsən?! Məgər hər gün bir saatı hesab-kitab üçün ayıra bilərsənmi? Məgər sən zəmanət verirsən ki, nəfsin günahlara bulaşmayacaq? Sən bu proqrama dözə bilməzsən. Allah da insanın gücü çatmadığı şeyləri ondan istəmir.

Xülasə, şeytan və nəfs bu cür vəsvəsələrlə bizi aldadaraq, qəti qərara gəlməkdən yayındırmaq istəyir. Onların qarşısında ciddi müqavimət göstərib deməliyik ki, bu proqramların icrası tamamilə mümkündür və adi həyatla heç bir ziddiyyəti yoxdur. Bu işlər mənim öz nəfsimi paklaşdırmaqda və axirət səadətinə çatmaqda zəruri olduğundan onları mütləq yerinə yetirməliyəm. Çox da çətin deyildir. Sən iradə edib qəti qərara gəlsən, istədiyinə nail ola bilərsən. Əgər işin əvvəlində müəyyən çətinliklər olarsa, əməl etməklə tədricən asanlaşacaqdır.

Страница 1 из 212»
Рейтинг

В этом разделе