»»

Nəfslə mübarizənin ən yaxşı yolu

  1. 1-ci hissə
  2. 2-ci hissə

2-ci hissə

2. Müraqibə (nəfsi güdmək, onu nəzarət altında saxlamaq, muğayat olmaq). Əhd-peyman mərhələsindən sonra ona əməl etmək və davam etmək mərhələsi çatır. Gün ərzində nəfsimizi bütün hallarda nəzarət altında saxlamalı, onu güdməli, günah işlərə meyl etmək istəyəndə isə ona əhd-peymanı xatırlatmalı və onu qarşıya çıxan günahlardan çəkindirməliyik. Həmişə Allahı hazır- nazir bilməli, bütün əməllərimizə nəzarət edən görməliyik. Çünki bir anlıq bizim qəflətdə olmağımız şeytanın və əmmarə nəfsin bizim iradəmizə hakim olmasına gətirib çıxaracaq. Bu da bizim nəfsin müqabilində açıq-aşkar məğlubiyyətimiz deməkdir. Bu, o deməkdir ki, biz öz əbədi səadətimizə yetişmək üçün lazım və zəruri olan nəfsin paklaşması prosesini yerinə yetirə bilmədik. Əmirəl-möminin Əli (ə) buyurur: “Ağıllı o kəsdir ki, nəfsi ilə həmişə cihad edir, onun islah olunmasına çalışır, onun istəklərinin qarşısını alır və bu yolla onu öz mülkiyyətinə keçirir. Ağıllı insan öz nəfsinə nəzarət etməklə dünya və onda olanlardan bizar olacaqdır” (Ğurər əl-hikəm, səh. 237).

3. Mühasibə (əməllərin haqq-hesabı). Üçüncü mərhələdə gün ərzində etdiyi əməlləri araşdırıb onları hesablamaqdır. Gərək yatmaq vaxtına bir saat qalmış xəlvət bir yerə çəkilib gün ərzində gördüyü işlər barədə fikirləşsin. Günün əvvəl saatından başlayıb son saatlara qədər hamısını təftiş etsin, yaxşı və pis əməllərindən asılı olmayaraq onların hamısını bir dəftərə qeyd etsin. Əgər yaxşı işlər görübsə, daim Allahın itaətində olubsa, bunlara görə Allaha şükr etsin və bu işləri daha da kamilləşdirməyi qərara alsın. Allahdan da bu işdə yardım istəsin ki, onu sabitqədəm eləsin. Əgər günah edibsə, nəfsi danlayaraq ona belə xitab etsin: “Ey bədbəxt nəfs! Nə etmisən? Nə üçün əməl dəftərini günahla qaraltmısan? Birdən bu an əcəlin çatsa, Allahın əzabından necə və hara qaçacaqsan? Allah sənə bu qədər ömür, müxtəlif nemətlər vermişdir ki, onları günahlara xərcləyəsən? Ey həyasız nəfs! Heç Allahdan həya etmirsən, o Müqəddəs Zatdan xəcalət çəkmirsən? Heç bu günahları sən bəndələrin qarşısında edərdinmi? Bəndələrdən utanırsan, amma Allahdan niyə utanmırsan? O ki səni həmişə görür! Sən Allaha iman gətirdiyini və qiyamət gününün baş verəcəyinə inandığını iddia edirsənsə, bəs niyə günah edirsən?” Sonra dərhal etdiyimiz günahlara görə tövbə etməliyik və bir daha o günahlara qayıtmamağımıza söz verməliyik.

4. Mücavizə (nəfsi cəzalandırmaq). Bu mərhələ insan nəfsinin paklaşmasında müstəsna rola malikdir. Bu mərhələdə dərhal etdiyimiz hər günaha görə özümüzə cəza tətbiq etməliyik və onu vaxt itirmədən cəzalandırmalıyıq. Əgər nəfs mütəmadi olaraq cəzalansa, yavaş-yavaş bizim iradəmizə tabe olacaq. Bunun müqabilində nəfsi tamamilə öz itaətimizdə saxlaya bilərik. Bu isə bizim ən mühüm məqsədimizdir. Əgər bu məsələdə səhlənkarlıq edəriksə, bu əməliyyatın heç bir faydası olmayacaq. Çünki nəfs o qədər tüğyankardır ki, dərhal bizə qarşı üsyan qaldıracaq. Cəza növləri müxtəlif ola bilər. Məsələn, müəyyən günlər oruc tutmaq, müəyyən miqdarda sədəqə vermək, ləzzətli yeməklərdən çəkinmək, bir neçə gün danışmamaq, isti havalarda sərin su içməmək və yaxud qızmar günəşin altında saatlarla dayanmaq və s. Hər bir halda nəfsi-əmmarənin qarşısında zəiflik göstərmək olmaz. Əks halda o bizə hakim olacaq və bizi həlakətə sürükləyəcək. Nəfsə heç cür etimad göstərmək olmaz. Çünki bu, açıq-aşkar bir ziyandır.

Peyğəmbər (s) buyurur: “Sizə ayıqların ən ayığının və axmaqların ən axmağının kim olduğunu tanıtdırımmı?” Ərz etdilər: “Ey Allahın Rəsulu (s), buyurun”. Buyurdu: “Camaatın ən ayığı odur ki, nəfsini hesaba çəksin, ölümdən sonrakı günlər üçün saleh əməl görsün. Axmaqların ən axmağı o kəsdir ki, həvayi-nəfsə tabe olsun və uzun-uzadı arzularla məşğul olsun...” (Bihar əl-ənvar, cild 70, səh. 69)

Allah bizi nəfsin üzərində məğlubedilməz qələbə çalmağımıza müvəffəq etsin!!!

Fərhad Mirzə

Страница 2 из 2«12
Рейтинг

В этом разделе