»»

Kisa hədisi (Əhzab,33) mötəbər əhli-sünnə mənbələrində

Əhli-Beytin məxsusi olaraq “Kisa” əhli ilə məhdudlaşdığını bildirən rəvayətlər az qala mütəvatir həddinə çataraq geniş yayılmış və səhih mötəbər yollarla nəql edilmişdir. Bu hədisi İmam Həsən (ə), Cəfər ibn Əbu Talib, İbn Abbas, Səd ibn Əbu Vəqqas, Əbu Səid Xudri, Ənəs ibn Malik, Vasilə ibn Əsqə, Zeyd ibn Ərqəm, Ömər ibn Əbu Sələmə, Əbu Həmra, Bəra ibn Azib, Ümmü Sələmə və Aişə kimi dövrün böyük səhabələri nəql etmiş, eləcə də böyük hədis alimlərindən Müslim öz “Səhih”ində, Əhməd ibn Hənbəl “Müsnəd”də, İbn Əbu Şeybə “Müsənnəf”də, Bəzzar “Müsnəd”ində, İbn Əbu Asim “Sünnə”də, Tirmizi və Nisai “Sünən”lərindən, Təbəri “Təfsir”ində, Təbərani “əl-Möcəm”lərdə, Hakim “Müstədrək”ində, Əbu Nəim İsbəhani, Beyhəqi, Xətib Bağdadi və digərləri kitablarında bu hədisi bir çox səhabədən və fərqli sənədlərlə qeyd etmişlər. Nümunə olaraq həmin rəvayətləri səhabələrdən nəql edirik:

 1. Aişənin rəvayəti
Müslim “Səhih”də deyir: “Səfiyyə bint Şeybə Aişədən nəql edir: “Bir gün Peyğəmbər (s) səhər tezdən qara tüklərdən toxunmuş əba ilə çölə çıxdı. Həsən ibn Əli yanına gəldi. Peyğəmbər (s) onu əbası ilə örtdü. Ardınca Hüseyn, sonra Fatimə, sonra da Əli gəldi. Onları da əbasının altına aldı və buyurdu: “Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!”184

Beyhəqi “Sünən”ində185, Hakim “Müstədrək”ində186 və digər kitablarda bunu nəql ediblər.

Bu səhih rəvayətdən anlaşılır ki, Peyğəmbər (s) “Təthir” ayəsini oxumazdan əvvəl Əli, Fatimə, Həsən və Hüseynə (onlara Allahın salamı olsun!) qarşı bu hərəkəti ilə ayənin digər insanlar istisna olmaqla, yalnız bu şəxslərə aid olduğunu əyani şəkildə göstərmək istəmişdir.

2. Ümmü Sələmənin rəvayəti
Əhməd ibn Hənbəl “Müsnəd”ində Əta ibn Əbu Rəbaha istinadən nəql edir: “Ümmü Sələmədən bunu eşidən şəxs mənə nəql edib: “Peyğəmbər (s) onun evindəydi. Xanım Fatimə içində ət şorbası olan daşdan bir qabla gəldi. Peyğəmbər (s) ona dedi: “Ərini və uşaqlarını da çağır”. Hamısı Peyğəmbərin (s)yanına gəlib əyləşdilər və onunla birgə yeməyə başladılar. Səkinin üzərində oturmuş və Xeybər əbasını da altına sərmişdi. Mən isə otağımda namaz qılırdım. Bu zaman Uca Allah “Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!” ayəsini endirdi. Peyğəmbər (s) cübbənin kənarlarını götürərək onların üstünə örtdü və əllərini göyə doğru açaraq buyurdu: “İlahi! Bunlar mənim Əhli-Beytim və mənə aid şəxslərdir. Onlardan pisliyi uzaqlaşdır və onları pak-pakizə qərar ver”.

Mən başımı qapıdan həmin otağa uzatdım və “Ey Peyğəmbər! Mən də sizinləyəm?” – deyə soruşdum. Peyğəmbər (s) buyurdu: “Sən xeyrə doğrusan, sən xeyrə doğrusan”.

Deyir: “Əbdülməlik deyir: “Əbu Leyla mənə Ətanın söylədiyi hədisi eynilə Ümmü Sələmədən nəql edib”. Əbdülməlik deyib: “Davud ibn Əbu Ovf Cuhaf Huşəbdən, o da Ümmü Sələmədən mənə eyni hədisi nəql edib”.187

Əhməd ibn Hənbəlin və Əbu Yəla Mosulinin188 “Müsnəd”lərindəki, Dulabinin “əz-Zurriyyətut-tahirə”189, Təbəraninin “əl-Möcəmul-kəbir”190 və s. kitablarda nəql edilən digər rəvayətdə deyilir (Əhməd ibn Hənbəlin kitabından nəql edirik): “Peyğəmbər (s) Fatiməyə ərini və uşaqlarını götürüb yanına gəlməsini buyurdu. Onlar Peyğəmbərin (s) yanına gəldikdə, (Peyğəmbər) çiynindəki Xeybər əbasını onların üzərinə örtüb buyurdu: “İlahi, bunlar Muhəmmədin ailəsidir. Salavat və bərəkətini İbrahim ailəsi üzərində qərar verdiyin kimi Ali Muhəmməd üzərində də bərqərar et. Həqiqətən də Sən həmdə layiq və şərəfi yüksəksən!” Ümmü Sələmə dedi: “Əbanı qaldırıb onlarla birlikdə dayanmaq istədim, Peyğəmbər (s) onu əlimdən özünə tərəf çəkib buyurdu: “Sən xeyir üzrəsən!”191

Tahavi “Muşkilul-asar” kitabında deyir: “Ümrə Həmadaniyyə Ümmü Sələmənin yanına gedib ona salam verdi. Ümmü Sələmə onun kim olduğunu soruşduqda adının Ümrə olduğunu söylədi. Sonra dedi: “Ey möminlərin anası, gözümüzün qarşısında qətlə yetirilən o şəxs barədə mənə məlumat ver. O, sevilən və ya nifrət edilən biri idi?” Bu sözündə məqsəd Əli ibn Əbu Talib idi. Ümmü Sələmə dedi: “Sən onu sevirdin, ya nifrət edirdin?” Dedi: “Nə sevir, nə də nifrət edirdim”. Ümmü Sələmə dedi: “Uca Allah “Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq...” ayəsini nazil etdikdə evdə yalnız Cəbrail, Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseyn (onlara Allahın salamı olsun!) vardı. Mən demişdim: “Ey Peyğəmbər, mən də Əhli-Beytdənəm?” O buyurdu: “Sənin üçün Allah yanında çoxlu xeyirlər var”. Amma mən onun “Bəli” deməsini istərdim. Bu, mənim üçün üzərinə günəşin doğub-batdığı hər bir şeydən üstün olardı”.192

Ümmü Sələmədə bitən rəvayətləri qeyd etdikdən sonra deyir: “Burada qeyd etdiklərimiz göstərir ki, Ümmü Sələmə əbanın altına girmək və ayənin əhatə etdiyi şəxslərdən olmaq istəsə də, Peyğəmbər (s) ona izn verməmişdir. Ayənin əhatə etdiyi şəxslər isə digər insanlar istisna olmaqla, yalnız Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseyn (Onlara Allahın salamı olsun!) olmuşlar”.193

3. İbn Abbasın rəvayəti
Əhməd ibn Hənbəl “Müsnəd”də194, Hakim “Müstədrək”də195 Əlinin (ə) fəzilətlərinə dair İbn Abbasa istinadən uzun hədisi qeyd edirlər (burada “Müsnəd”dən nəql edirik): “...Peyğəmbər libasının kənarından tutub onu Əlinin, Fatimənin, Həsən və Hüseynin üzərinə örtdü və buyurdu: “Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!..”

Heysəmi deyir: “Əbu Bəlc Fəzaridən savayı Əhmədin nəql etdiyi bu rəvayətdəki ravilərin hamısı “Səhih”in raviləridir. O isə inanılan şəxsdir (siqədir)”.196

əl-Mizzi Fəzarinin tərcümeyi-halında deyir: “İshaq ibn Mənsur Yəhya ibn Muindən nəql edir: “O, inanılan şəxsdir (siqədir). Muhəmməd ibn Səd, Nisai və Darəqutni də eyni fikri bildirmişlər”.197

Nisainin “əs-Sünənul-kubra” və İbn Əbu Asimin “Sünnə” kitablarında nəql olunur: “İbn Abbasdan... “Peyğəmbər (s) Həsəni, Hüseyni, Əlini və Fatiməni çağırdı. Sonra əynindəki libasla onların da üzərini örtüb buyurdu: “İlahi, bunlar mənim Əhli-Beytim və mənə aid şəxslərdir. Onlardan pislikləri uzaqlaşdır və onları pak-pakizə qərar ver!..”198

4. Ənəs ibn Malikin rəvayəti
Əhməd ibn Hənbəl Ənəs ibn Malikdən nəql edir: “Peyğəmbər (s) altı ay boyunca sübh namazına çıxarkən Fatimənin evinin qarşısından keçəndə belə deyirdi: “Namaz, namaz! Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!”199 İbn Əbu Şeybə bu rəvayəti özünün “əl-Müsənnəf” kitabında200, Tirmizi isə “Sünən”201 kitabında qeyd edərək “həsən” hədis demiş, İbn Əbu Asim də “əl-Ahad vəl-məsani”202 kitabında nəql etmişdir.

5. Vasilə ibn Əsqənin rəvayəti
Əhməd ibn Hənbəl “Müsnəd”ində Şəddad Əbu Əmmardan nəql edir: “Vasilə ibn Əsqənin yanına gəldim. Orada bir dəstə adam vardı. Əlini yad edirdilər. Onlar ayağa qalxdıqda mənə dedi: “Peyğəmbərdən (s) eşitdiyimi sənə xəbər verimmi?” Dedim: “Bəli”. Dedi: “Fatimənin (Allah ondan razı olsun!) yanına gedib Əlini soruşdum”. Peyğəmbərin (s) yanına getdiyini söylədi. Oturub onu gözlədim. Bir az sonra Peyğəmbər (s) yanında Əli, Həsən və Hüseynlə (Allah onlardan razı olsun!) birlikdə gəldilər. Həsən və Hüseyn Peyğəmbərin (s) əlindən tutmuşdular. İçəri girib Əli ilə Fatiməni gətirib qarşısında, Həsənlə Hüseyni isə dizində oturtdu. Sonra çiynindəki paltarını və ya əbasını onların üzərinə örtərək bu ayəni oxudu: “Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!” Sonra buyurdu: “İlahi, bunlar mənim həqiqi Əhli-Beytimdirlər!”203

Bu hədisi həmçinin İbn Əbu Şeybə “əl-Müsənnəf”də qeyd edib. Orada əlavə olaraq bəzi kəlmələr də var ki, Əhməd onu qeyd etməmişdir. Bəlkə də bunu orada Əliyə qarşı olan təhqirlərə görə göstərdiyi həssaslıqla əlaqələndirmək olar. “əl-Müsənnəf”də yazır: “Vasilənin yanına gəldim. Orada bir dəstə adam da vardı. Onlar onu (Əlini) söyür, o da onlarla birgə söyürdü...”204

Hakim bunu öz “Müstədrək”ində qeyd edir: “Bu, Buxari və Müslimin şərtinə əsasən də səhihdir, lakin “Səhih”lərində qeyd etməyiblər”.205

Şüeyb Arnavut Tahavinin “Muşkilil-asar” kitabına yazdığı haşiyədə deyir: “İstinadı səhih olan hədisdir”.206

6. Səd ibn Əbu Vəqqasın rəvayəti
Bir çox böyük hədis alimi səhih istinadla Səddən nəql edirlər ki, Peyğəmbər (s) Əhli-Beyti yalnız Əli, Fatimə, Həsən və Hüseynlə (onlara Allahın salamı olsun!) məhdudlaşdırmışdır. Nisai “əl-Xəsais” kitabında Amir ibn Səd ibn Əbu Vəqqasdan, o da atasından belə nəql edir: “Müaviyə Səddən Əbu Turabı (İmam Əlini) niyə söymədiyini soruşdu. O dedi: “Peyğəmbərin (s) onun barəsində söylədiyi üç şeyi xatırlatdım. Əgər onlardan biri mənə aid olsaydı bu, mənim üçün qırmızı tüklü dəvələrə sahib olmağımdan daha xeyirli olardı.
...“Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!” ayəsi nazil olduqda Peyğəmbər Əlini, Fatiməni, Həsən və Hüseyni çağırıb: “İlahi! Bunlar mənim Əhli-Beytimdir” dedi”.207

“Xəsais” kitabının təhqiqatçılarından olan Şeyx Əbu İshaq Hüveyni bu hədis barədə deyir: “Hədisin sənədi səhihdir”.208

Bu hədisi həmçinin Tahavi “Muşkilul-asar” kitabında da qeyd edir və hədislə əlaqədar bunları yazır: “Bu hədis ayədəki məqsədin Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseyn olduğunu göstərir”.209

Şeyb Arnavut ona yazdığı haşiyədə deyir: “Hədisin istinadı səhihdir”.210

Bu hədisi eləcə də Əhməd ibn Hənbəl, Müslim, Hakim, Tirmizi və digərləri də kitablarında qeyd etmişlər. Lakin onlar mətndə “Təthir” ayəsinin əvəzinə “Mübahələ” ayəsini yazmışlar. Deyirlər: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq!...”211 ayəsi nazil olduqda Peyğəmbər (s) Əlini, Fatiməni, Həsən və Hüseyni çağıraraq buyurdu: “İlahi, mənim əhlim bunlardır”.212

Nisai “əs-Sünənul-kubra”213 kitabında, həmçinin Təbəri214 və Hakim215 də bu hədisi başqa ravilər vasitəsilə nəql edib. Lakin orada heç bir ayə qeyd edilmir (nəql etdiyimiz hədis Təbəridəndir): “Peyğəmbərə (s) vəhy nazil olduqda Əlini, Fatiməni və onun iki oğlunu öz libası altına alaraq buyurdu: “Ey Rəbbim, bunlar mənim əhlim və Əhli-Beytimdir”.216

Bu, Səd ibn Əbu Vəqqasdan nəql edilən rəvayətlərdir. Onların bəzisində müəyyən kəlmə fərqlilikləri, bəzisində “Təthir” ayəsi, bəzisində “Mübahələ” ayəsi və bəzisində isə ümumiyyətlə ayənin qeyd edilmədiyinə baxmayaraq bunun heç bir zərəri yoxdur. Çünki bu rəvayətlər Peyğəmbərin (s) həmin sözləri yalnız Əli, Fatimə, Həsən və Hüseyn (onlara Allahın salamı olsun!) barəsində söylədiyini və onlarla məhdudlaşdırdığını bildirir. Bu isə şiənin iddia, İhsan Zahirin isə inkar etdiyi məsələdir.

Nisainin və Tahavinin ilk rəvayətlərində olduğu kimi Peyğəmbərin (s): “İlahi, bunlar mənim Əhli-Beytimdir”, yaxud Nisainin ikinci rəvayətində “İlahi, mənim əhlim bunlardır”, ya da Təbəri və Hakimin rəvayətlərindəki “Ey Rəbbim, bunlar mənim əhlim və Əhli-Beytimdir” sözləri vahid bir mənaya dəlalət edir ki, bu da Əhli-Beytin “Kisa” əhli olan beş pak şəxslə (ə) məhdudlaşmasıdır.

7. Cəfər ibn Əbu Talibin rəvayəti
Hakim Nişapuri “Müstədrək”də İsmayılın atası Abdullah ibn Cəfər ibn Əbu Talibdən belə nəql etdiyini yazır: “Peyğəmbər (s) yerə enən rəhməti gördükdə buyurdu: “Çağırın, çağırın!” Səfiyyə dedi: “Ey Peyğəmbər, kimi?” Peyğəmbər (s) buyurdu: “Əhli-Beytimi – Əlini, Fatiməni, Həsəni və Hüseyni”. Onları Peyğəmbərin yanına gətirdikdə çiynindəki əbanı (kisanı) üzərilərinə örtdü və əllərini səmaya tutub buyurdu: “İlahi, bunlar mənim ailəmdir. Muhəmmədə və Muhəmməd ailəsinə salavat göndər”. Uca Allah da bu ayəni endirdi: “Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!”217

8. Əbu Səid Xudrinin rəvayəti
İbn Cərir Təbəri öz “Təfsir”ində Əbu Səiddən rəvayət edir: “Peyğəmbər (s) buyurdu: “Bu ayə beş nəfər barəsində nazil olub: mənim, Əlinin, Həsənin, Hüseynin və Fatimənin. “Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!”218

Təbərani isə “əl-Möcəmul-övsat”da Əbu Səid Xudridən nəql edir: “Peyğəmbər (s) qırx gün boyunca sübh namazına çıxarkən Əlinin evinin qapısına gələr, Fatimənin yanına daxil olar və buyurardı: “Allahın salamı, rəhməti və bərəkəti sizə olsun, ey Əhli-Beyt! “...Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!”219

İbn Əsakir “Tarixu Diməşq” kitabında İmran ibn Əbu Müslimdən rəvayət edir: “Ətiyyədən “Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!” ayəsi barədə soruşdum. Dedi: Sənə bu haqda məlumat verəcəyəm. Mənə Əbu Səid xəbər vermişdi ki, həmin ayə Peyğəmbərin evi, Əli, Fatimə, Həsən və Hüseyn barəsində nazil olub. Peyğəmbər onların üzərini əbası ilə örtmüşdü. Ümmü Sələmə də həmin vaxt evin qapısında dayanmışdı. Onun “Bəs mən, ey Peyğəmbər?” sözünə Peyğəmbər (s): “Sən xeyir üzərindəsən və aqibətin də xeyirlidir” – deyə cavab vermişdi”.220

9. Bəra ibn Azibin rəvayəti
İbn Ədiy “əl-Kamil” kitabında və İbn Əsakir “Tarixu Diməşq”də İshaq ibn Zeyddən, o da Bəra ibn Azibdən rəvayət edir: “Əli, Fatimə, Həsən və Hüseyn Peyğəmbərin (s) yanına gəldilər. Peyğəmbər (s) onları qarşılayıb əbasını üzərilərinə ataraq buyurdu: “İlahi, bunlar mənim itrətimdir”.221

10. Ömər ibn Əbu Sələmənin rəvayəti
Tirmizi Əta ibn Əbu Rəbahdan, o da Ömər ibn Əbu Sələmədən nəql edir: “Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür)çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!” ayəsi Ümmü Sələmənin evində Peyğəmbərə (s) nazil olduqda Fatiməni, Həsəni və Hüseyni çağırdı. Əli onun arxasında dayanmışdı. Onların hamısının üzərini öz əbası ilə örtüb buyurdu: “İlahi, bunlar mənim Əhli-Beytimdir. Onlardan hər cür pisliyi uzaqlaşdır və onları pak-pakizə qərar ver”. Bu vaxt Ümmü Sələmə dedi: “Ey Peyğəmbər, mən də onlarlayam?” Buyurdu: “Sən durduğun yerdə dayan. Sən xeyir üzərindəsən”.222

Albani deyir: “Hədisin sənədi səhihdir”.223

11. Əbu Həmranın rəvayəti
Təbəri özünün “Təfsir”ində Əbu Həmranın rəvayətini qeyd edir: “Dedi: “Peyğəmbər (s) zamanında yeddi ay Mədinədə qaldım. Sübh vaxtı Peyğəmbərin (s) Əli ilə Fatimənin qapısına yaxınlaşaraq “Namaz, namaz! “Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!” dediyini gördüm”.224

Həmçinin İbn Əsakir Əbu Həmradan rəvayət edir: “Doqquz ay boyunca Peyğəmbərə (s) yoldaşlıq etdim. Sübh vaxtları Əlinin və Fatimənin qapısına gələrək deyirdi: “Allah sizə mərhəmət göstərsin! “Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!”225

Bu rəvayətdən də göründüyü kimi, Peyğəmbər Əhli-Beytinin üzvlərinin kimliyini bəyan etmək, onlar barəsində hər hansı bir şəkk və yanlış düşüncənin qarşısını almaq məqsədilə səhabələri üçün bunu əyani icra etmiş və onların məxsusi olaraq Əli, Fatimə, Həsən və Hüseyn olduğunu bu əməli ilə göstərmişdir.

12. Həsən ibn Əlinin (ə) rəvayəti
İbn Əbu Hatəm və İbn Əsakir Əbu Cəmilədən nəql edirlər: “Əli (Allah ondan razı olsun!) qətlə yetirildikdən sonra Həsən ibn Əli xəlifə seçildi. O, namaz qılarkən bir nəfər üzərinə atılaraq onu xəncərlə yaraladı. Həsin deyir ki, ona çatan xəbərə görə, həmin adam Bəni-Əsəd qəbiləsindən idi. Vurulan vaxt Həsən səcdə edirdi. Onun budundan yaralandığını da güman edirdilər.

Bir neçə ay xəstə yatdı. Sağaldıqdan sonra minbərə çıxıb buyurdu: “Ey İraq əhli, bizim barəmizdə Allahdan qorxun! Biz sizin əmirləriniz və qonaqlarınızıq. Biz Uca Allahın barələrində buyurduğu “Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!” ayəsindəki həmin Əhli-Beytik”.

Deyir: “O, bunları söyləyərkən məsciddə kövrəlib ağlamayan kəs qalmadı”.226

13. Əli ibn Hüseynin (ə) rəvayəti
İbn Kəsir “Təfsir”ində deyir: “əs-Suddi Əbu Deyləmdən nəql edir: “Əli ibn Hüseyn şamlı bir kişiyə dedi: “Quranda “əl-Əhzab” surəsində “Ey əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!” ayəsini oxumusanmı?” Kişi dedi: “Bəli, oxumuşam. Yoxsa... siz həmin şəxslərsiniz?” Əli ibn Hüseyn “Bəli” – deyə cavab verdi”.227


184 Səhih, Müslim, c. 7, s. 130
185 əs-Sünənul-kubra, Beyhəqi, c. 2, s. 149. “Darul-fikr” nəşriyyatı
186 əl-Müstədrək, Hakim Nişapuri, c. 2, s. 147
187 Müsnəd, Əhməd ibn Hənbəl, hədis 25300, c. 6, s, 292
Doktor Şüeyb Arnavut bu hədisin haşiyəsində rəvayətin sənədinin səhih olduğunu deyir: “Bunun üç sənədi var. Birinci istinadla olan hədis zəifdir. Çünki Ümmü Sələmədən nəql edən ravi məlum deyil. İkinci hədisin istinadı isə səhihdir. Üçüncünün sənədinə gəldikdə, o da sənəddə ravi Şəhr ibn Huşəbin olmasına görə zəifdir. Bu hədisin nəql yollarından biri səhih olduğuna görə, rəvayətin səhihliyinə hökm etmək üçün kifayətdir.
“Müsnəd” kitabının təhqiqatçılarından biri Həmzə Əhməd Zeyn deyir: “Ümmü Sələmədən rəvayət edən şəxsin məchul olmasına baxmayaraq hədis səhihdir. Çünki o sonuncu şəxs olaraq qeyd edilir. Tirmizinin nəzərində rəvayət “həsən”dir. (c. 5, s. 690, hədis 3871)
“əl-Mənaqib”də deyilir: “Bu hədis həmin fəsildə ən gözəl hədisdir”. (Müsnəd, Əhməd ibn Hənbəl. Əhməd ibn Muhəmməd Şakir və Həmzə Əhməd Zeynin təhqiqilə. c. 18, s. 233)
188 Müsnəd, Əbu Yəla Mosuli, c. 12, s. 344, I çap. İbn Həcər Heysəmi “Məcməuz-zəvaid”də deyir: “Bunu Əbu Yəla rəvayət edib. Sənədi yaxşıdır (ceyyid)”. c. 9, s. 167
189 əz-Zurriyyətut-tahirətun-nəbəviyyə, Muhəmməd ibn Əhməd Dulabi, s. 150
190 əl-Möcəmul-kəbir, Təbərani, c. 3, s. 53; c. 23, s. 336
191 Müsnəd, Əhməd ibn Hənbəl, c. 6, s. 323
192 Muşkilul-asar, Tahavi, c. 2, s. 244, rəqəm 772
193 Muşkilul-asar, Tahavi, c. 2, s. 244, rəqəm 772
194 Müsnəd, Əhməd ibn Hənbəl, c. 1, s. 330-331
195 əl-Müstədrək ələs-səhiheyn, c. 3, s. 133
196 Məcməuz-zəvaid, Heysəmi, c. 9, s. 120
197 Təhzibul-kəmal, Mizzi, c. 23, s. 162
198 əs-Sünənul-kubra, Nisai, c. 5, s. 113; Sünnə, İbn Əbu Asim, s. 589
199 Müsnəd, Əhməd ibn Hənbəl, c. 3, s. 259
200 əl-Müsənnəf, İbn Əbu Şeybə, c. 7, s. 527
201 Sünən, Tirmizi, c. 5, s. 31
202 əl-Ahad vəl-məsani, İbn Əbu Asim, c. 5, s. 360
203 Müsnəd, Əhməd ibn Hənbəl, c. 34, s. 350, hədis 16374. Kitabı təhqiq edən Şüeyb Arnavut deyir: “Səhih hədisdir”.
204 əl-Müsənnəf, İbn Əbu Şeybə, c. 7, s. 501
205 əl-Müstədrək, Hakim Nişapuri, c. 3, s. 147
206 Muşkilul-asar, Tahavi, c. 2, s. 245, rəqəm 761
207 Xəsaisu İmam Əli, Nisai, s. 48
208 Xəsaisu İmam Əli, Nisai, s. 48
209 Muşkilul-asar, Tahavi, c. 2, s. 235, rəqəm 773
210 Muşkilul-asar, Tahavi, c. 2, s. 235, rəqəm 773
211 Ali-İmran, 61
212 Səhih, Müslim, c. 7, s. 120; Müsnəd, Əhməd ibn Hənbəl, c. 1, s. 185; Sünən, Tirmizi, c. 4, s. 293; əl-Müstədrəku ələs-səhiheyn, Hakim Nişapuri, c. 3, s. 150
213 əs-Sünənul-kubra, Nisai, c. 5, s. 122, hədis 8439
214 Camiul-bəyan, İbn Cərir Təbəri, c. 22, s. 12, rəqəm 21737
215 əl-Müstədrək, Hakim Nişapuri, c. 3, s. 108
216 Camiul-bəyan, İbn Cərir Təbəri, c. 22, s. 12
217 əl-Müstədrək, Hakim Nişapuri, c. 3, s. 148. Kitabın təhqiqatçılarından olan Mustafa Əbdülqadir Əta deyir: “Bu, istinadı səhih olan hədisdir. Lakin Buxari və Müslim bunu qeyd etməmişlər. Halbuki bu, onların ikisinin də rical şərtlərinə əsasən də səhihdir. “Bu hədisdə Əhli-Beyti üçün salavatı öyrətdiyi kimi ailəsi üçün də salavatı öyrədir”.
218 Camiul-bəyan, Muhəmməd ibn Cərir Təbəri, c. 22, s. 9
219 əl-Möcəmul-övsat, Təbərani, c. 8, s. 112
220 Tarixu Diməşq, c. 14, s. 147
221 əl-Kamil, Abdullah ibn Ədiy, c. 6, s. 212; Tarixu Diməşq, c. 42, s. 368
222 Sünən, Tirmizi, c. 5, s. 30
223 Bax: “Sünən”, Tirmizi, c. 5, s. 351
224 Camiul-bəyan, İbn Cərir Təbəri, c. 20, s. 264
225 Tarixu Diməşq, İbn Əsakir, c. 142, s. 137
226 Tarixu Diməşq, İbn Əsakir, c. 33, s. 268. Həmçinin bunu İbn Kəsir öz “Təfsir”ində İbn Əbu Hatəmdən nəql edir. c. 6, s. 416
227 Təfsirul-Quranil-əzim, İbn Kəsir, c. 6, s. 416

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, 87-98 (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе