»»

Tövbə surəsi, 117 | Allah bütün səhabələrdən razıdır? | şübhəyə cavab

Tövbə surəsi, 117-ci ayə

“Allah (müsəlmanlardan) bir qisminin ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və cihaddan) dönmək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu (onları bağışladı). Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhmlidir”.

Ayənin müzakirəsi:

Birinci: Müsəlman olan hər kəsin nicat tapacağına ayədə dəlalət yoxdur

Ayədə Peyğəmbərlə (s) eyni zamanda yaşayan, müsəlman olub iman gətirən hər bir kəsin xeyir üzərində olduğuna və Qiyamət günün nicat tapacağına heç bir dəlalət yoxdur. Çünki ayə Təbuk döyüşü ərəfəsində səhabələrin Peyğəmbərə (s) qarşı çıxdıqları zaman nazil olmuşdur.

İkinci: Peyğəmbərin (s) yanında münafiqlərin və imanı az kəslərin olması

Ayədən Peyğəmbərin (s) yanında münafiq və imanı az kəslərin olduğu anlaşılır. Bunu Təbəri də nəql edir. Asim ibn Ömər ibn Qətadədən Muhəmməd ibn İshaq rəvayət edir: “Mahmud ibn Lübeydə dedim: “Camaat aralarındakı münafiqləri tanıyırdı?” Dedi: “Bəli, Allaha and olsun ki, hər bir şəxs onları qardaşından, atasında, əmisindən və ailəsindən yaxşı tanıyırdı. Ancaq sonra camaat bir-birinə qarışdı”.

Ardınca dedi: “Qəbiləmdən bir nəfər münafiqlikdə məşhur olan şəxsin Peyğəmbərlə (s) birlikdə Təbuk savaşına getdiyini mənə xəbər verdi. Yolda susayıb su tapmadıqda Peyğəmbər (s) dua etdi və həmin an yağış yağaraq quyuları doldurdu. Camaat içib sirab oldular. Biz həmin kəsə (münafiqə) dedik: “Vay olsun sənə! Bundan sonra nə gözləyirsən?!”

Həmin (münafiq) kəs dedi: “Bu bir bulud idi, keçdi”.

Peyğəmbər (s) yoluna davam etdi. Yolda həmin adam dəvəsini itirdi. Səhabələr onu axtarmağa getdilər. Peyğəmbərin (s) yanında Bədrdə iştirak etmiş Ümarə ibn Həzm adlı bir səhabə vardı. O, Əmr ibn Həzmin övladlarının əmisi idi. Onun miniyində Zeyd ibn Luseyb Qeynqai də vardı. Həmin şəxs münafiq idi. Ümarə hələ də Peyğəmbərin (s) yanında ikən Zeyd ibn Luseyb dedi: Muhəmməd peyğəmbər olduğunu, səmadan xəbər aldığını iddia etmirmi? Halbuki dəvənin harada olduğunu bilmir?! Peyğəmbər (s) yanındakı Ümarəyə buyurdu: “Bu kəs mənim Peyğəmbər olduğum, səmadan vəhy aldığım halda dəvənin harada olduğunu bilmədiyimi deyir. Allaha and olsun ki, mən Allahın mənə bildirdiklərindən başqasını bilmirəm. Uca Allah mənə onun harada olduğunu xəbər verib. Onun dəvəsi filan-filan qəbilənin ovalığındadır. Yüyəni ağaca ilişib. Gedib onu gətirin”. Səhabələr gedib onu orada tapıb gətirdilər”.311

Buradan da aydın olur ki, Allahın tövbələrini qəbul etdiyi kəslər səhabələr idi. Çətinlik və imtahan zamanı bütün sahəbələrə belə insani zəifliklər üz vermir ki, nəticədə Allahın qəzəbinə düçar olsun və tövbəyə möhtac qalsınlar. Bütün bunlar səhabələrin günah etmələrinin mümkünlüyünə, hətta günah etdiklərinə dəlalət edir.

Üçüncü: Bəzi səhabələrin dindən çıxacaqlarını Peyğəmbərin (s) xəbər verməsi

İnsanın bir dəfə günah etməsi növbəti dəfə günaha batacağına zəmin yaradır. Xüsusilə də Peyğəmbərin (s) vəfatından sonrakı dövrlərdə. Bunu Peyğəmbər (s) hələ sağlığında xəbər vermişdi. Buxari və başqaları İbn Abbasdan nəql edirlər: “Peyğəmbər (s) xütbə söyləyib buyurdu: “Ey camaat, siz Allahın hüzuruna ayaqyalın, lüt və sünnətsiz həşr olunacaqsınız. Uca Allah buyurur: “(O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salırıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik”.312

Sonra buyurdu: “Bilin və agah olun ki, insanlar arasından libas geyəcək ilk şəxs İbrahimdir. Bilin ki, ümmətimdən bir dəstə adam gətirilib Cəhənnəmə doğru aparılacaq. Mən “Ey Rəbbim, səhabələrim, səhabələrim!” deyəcəyəm. Mənə deyiləcək: “Onların səndən sonra nələr etdiklərini bilmirsən!” Mən saleh bəndə İsanın dediyi kimi deyəcəyəm: “Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim. Sən məni öldürdükdən sonra onlara nəzarətçi Özün oldun. Mənə deyiləcək: Sən onların arasından ayrıldıqdan sonra onlar mürtəd olub öz əvvəlki hallarına qayıtdılar”.313

Həmçinin Səhl ibn Səd Peyğəmbərdən (s) belə rəvayət edir: “(Mən) Sizdən öncə hovuzun başında olacağam. Yanıma gələnlərə o hovuzun suyundan içirəcəyəm. Ondan bir dəfə içən şəxs bir daha heç vaxt susamayacaq. Yanıma mənim tanıdığım və məni tanıyan bir dəstə insan da gələcək, lakin bu zaman görüşümüzə maneə yaradılacaq”.

Əbu Hazim deyir: “Məni Numan ibn Əbu Əyyaş da dinləyirdi. Səhldən məhz belə eşitdiyimi təəccüblə soruşdu. Mən Səhldən bunları şəxsən eşitdiyimi dedim. Dedi: “Bunu Əbu Səid Xudridən eşitdiyimə şahidlik edirəm. O, Peyğəmbərdən (s) bu sözləri də əlavə etmişdi: “Deyəcəyəm: “Onlar məndəndirlər”. Mənə deyiləcək: “Səndən sonra nələr etdiklərini bilmirsən”. Deyəcəyəm: “Məndən sonra dəyişiklik edənlər uzaq olsunlar, uzaq olsunlar!”314

Xülasə:
Bu ayənin izahından İhsan Zahirin qeyd etdiyi, həmçinin İmamiyyə şiələrilə digərləri arasında səhabələrin ədaləti və düzgünlüyü barədə ixtilaf mövzusu olan başqa ayələrin də halı aydın olur. İmamiyyə şiələri Peyğəmbərin (s) bütün səhabələrinin azmış və haqq yoldan üz döndərmiş kəslər olduqlarını iddia etmirlər. Belə bir iddianı onlara nisbət vermək açıq-aydın yalan və iftiradır. Bəzilərinin iddiasına zidd olaraq, səhabələrdən fasiqlik, mürtədlik, üsyan və nifaq kimi sifətlərə sahib olanları ədalət və dürüstlük kimi sifətlərlə vəsf etmək əsla doğru sayılmaz. Bu mövzuya dair qarşıdakı bəhslərdə də dəlillər təqdim ediləcək.

311 Tarix, Təbəri, c. 2, s. 372
312 Ənbiya, 104
313 Səhih, Buxari, c. 5, s. 193
314 Səhih, Buxari, c. 7, s. 208

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе