»»

Səhabələr Quranda

Qurani-Kərimin səhabələrə həqiqi münasibətini bilmək istəyən şəxs ayrı-ayrılıqda ayələrə deyil, bütünlükdə bir ayəsi digərini təfsir edən Qurana nəzər salmalıdır. Məgər Quran Allahın bütün səhabələrdən razı olduğuna və onları Cənnətə daxil edəcəyinə zəmanət verirmi?!

Ən böyük əmanət olan Qurani-Kərim bizə səhabələrin digər insanlar kimi olduğunu, böyük və kiçik günahlar etdiklərini bildirir. Məsələn, döyüşlərdən qaçdıqlarını, xəyanət etdiklərini, dindən döndüklərini və s. günahları haqqında söhbət açır. Bir kəsin müəyyən şəxslə yoldaşlığı (səhabə olması) onu azğınlıqdan, küfr və mürtədlikdən qoruyacaq əsas amil sayılmaz. Bu yoldaşlıq onun Cənnətə daxil olacağına da zəmanət verməz. Peyğəmbər (s) işıq saçan bir günəş kimidir. Ətrafındakılar isə bir güzgüdürlər. Onlardan pak olanlar nuru tam əks etdirə bilirlər. Hər biri öz saflığı miqdarda nur əks etdirə biləcək. Kirli və bulanıq olan güzgüdə günəşin nuru isə yalnız onun kirini aşkar edəcək.

İndi isə sizə Peyğəmbər (s) səhabələrindən bəhs edən ayələri təqdim edirik:

“Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən kəs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər”.328 Məgər bu ayədə xitab mühacir və ənsardan ibarət Peyğəmbər (s) səhabələrinə deyilmi?! Bəs onların səhabə, mühacir və ənsar olması dindən üz döndərmələrinə maneə yaratmalı deyilmi? Bu küfr və ya böyük günah da sayılmazmı?

Bəli, bu ayəni oxuyan şəxs onların səhabə, mühacir və ənsar olmalarının həm Peyğəmbər (s) həyatda ikən, həm də onun vəfatından sonra günahlarının, hətta fasiqliyə mürtəkib olduqlarının qarşısını almadığını görər. Bəs nə üçün hansısa bir səhabə haqqında mənfi fikir söylədikdə aləm bir-birinə dəyir? Sanki səhabələr heç bir günah və ya xətaya yol verməmişlər. Bu, Allahın dində qadağan etdiyi ğüluvv (həddi aşmaq) deyilmi? Buyurur: “De: “Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!”329

Səhabələrdən söhbət açan digər bir ayə budur: “İki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bəzi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa (büdrəməyə) məcbur etdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir!”330 Bu ayədə mühacir və ənsardan bir dəstəsinin savaşdan qaçdıqları xəbər verilir. Məlum olduğu kimi fərarilik ən böyük günahlardan və cəzalandırılması gərəkən əməllərdəndir. Xüsusilə də bu, peyğəmbərlərin sonuncusunun (s) gözünün qarşısında baş verirsə...

Digər ayə: “O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən (vadinin üst və alt tərəfindən) hücum etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. (Möminlər Allahın Öz vədinə doğru olduğuna inanır, münafiqlər və etiqadı zəif olanlar isə Muhəmmədin (s) bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər).

Məhz onda (Xəndək vuruşunda) möminlər imtahana çəkilmiş (kimin həqiqi mömin, kimin münafiq olduğu bəlli olmuş) və möhkəm sarsılmışdılar.

O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: “Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir. (Biz zəfər çala bilməyəcəyik)” – deyirdilər.

O zaman onlardan bir tayfa: “Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!” – demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)”-deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər.

Əgər (Mədinənin) hər tərəfindən üstlərinə yüyürülüb (cumulub) onlardan fitnə törətmək (imandan dönmək, yenidən müşrikliyə qayıtmaq) istənilsəydi, sözsüz ki, dərhal onu edər və bunda (bu işdə) azacıq da olsa yubanmazdılar.

Halbuki bundan əvvəl (Ühüd savaşından sonra) bir daha (düşməndən) üz çevirib qaçmayacaqları barədə Allaha söz vermişdilər. Allaha verilən əhd barəsində (qiyamət günü) mütləq sorğu-sual olunacaqdır!

(Ey Peyğəmbər! Bu münafiqlərə) de: “Əgər ölməkdən, yaxud öldürülməkdən (qorxub) qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. (Qaçsanız belə, dünyada) ancaq az bir müddət dolanıb-keçinərsiniz.

De: “Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq (mərhəmət) diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar (münafiqlər) özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər”.331

Bu ayələr bir dəstə səhabənin zahirdə müsəlmanlıq və möminlik iddia etdiklərinə, Peyğəmbərlə (s) birlikdə müharibələrdə döyüşdüklərinə dəlalət etsə də, eyni zamanda aralarında qəlblərində xəstəlik olan münafiqlərin olduğunu da gün üzünə çıxarır. Onlardan yalnız nifaqlarını üzə vuranlar səhabələr arasında münafiq kimi tanınıb. Məsələn: Ühüddə iştirak etmiş Ovs ibn Qeyz, Peyğəmbərdən (s) döyüşə qatılmamaq üçün “Evlərimiz açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)” deyib izn istəyənlər.332 Bütün bunlar səhabələrin eyni səviyyədə olmadığının sübutudur. Onların birinə şamil olan hökmü hamısına tətbiq etmək də doğru deyil.

Başqa bir ayə: “Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir. Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası var. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdullah ibn Übeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!”333

Məgər bu yalan xəbəri gətirənlər səhabə deyildi?! Onların arasında ilk mühacirlərdən olan Əbu Bəkrin oğlunun xalası oğlu Müstəh ibn Əsasə də var. O, Bədr savaşında iştirak etmişdi. Peyğəmbər də bu böhtanına görə ona hədd cəzası tətbiq etdirmədimi?!

Ey səhabəliyi mühacir və ənsarı günahdan çəkindirən amil bilənlər! Məgər bu amil ərli qadına böhtan atmaqdan onları çəkindirməli deyildi?! Məgər yalnız tövbə onları həm Peyğəmbərin (s) zamanında, həm də ondan sonrakı dövrdə bu əməldən çəkindirməyə kifayət edirmi?!

Mühacir və ənsarın vəziyyəti və böyük-kiçik günahlara mürtəkib olduqları isbatlandıqda, bəs onlardan məqamca aşağı olan tüləqaların və bədəvilərin halı necə olacaq?!

Uca Allah buyurur: “Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər var. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbir evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar.”334

Bu ayədə səhabələrin arasına qarışmış bədəvi ərəblərdən və Mədinə əhlindən olan münafiqlərdən söhbət açılır, onların nifaqının gizli olduğu, Allahdan başqasının onları tanımadığı bildirilir.

Həmçinin buyurur: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onların (peyğəmbərləri ilə birlikdə olduqları dövrün) üstündən uzun bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri sərtləşmişdir. Onların çoxu (Allaha asi olan) fasiqlərdir!”335

Bu ayə bizə bəyan edir ki, bir dəstə səhabənin qəlbi Allahın zikri və haqdan nazil olan Quran üçün itaətə açıq deyildi. Onlar bu ayədə qəlbləri sərtləşmiş şəxs kimi vəsf edilirlər. Heç şübhə yoxdur ki, belə bir sifət məzəmmətə layiqdir. Bu sifət onların iman və əqidələrinin zəifliyinə dəlalət edir. Uca Allah digər ayədə isə möminlərin həqiqi vəziyyətini ürəklərinin qorxudan titrəməsi ilə vəsf edir. Buyurur: “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən), Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər”.336

Müslim “Səhih”də (nəql olunan hədis də ondandır), həmçinin Nisai, Əbu Yəla və digərləri qələmə aldıqları əsərlərdə İbn Məsuddan nəql edirlər: “Bizim müsəlman olmağımızla Uca Allahın “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!” 337 ayəsi ilə bizi danlamasının arasında dörd il müddət vardı”.338

Bu isə ayədəki xitabın məhz ilk səhabələrə aid olduğunu göstərir. Bütün bunlardan sonra səhabələrin imanın ali dərəcələrində olduğunu necə iddia etmək olar?!

Həmin mənalara dəlalət edən başqa ayələr də mövcuddur.

Xülasə və nəticə

Ayələrdən alınan nəticə budur ki, Quran səhabələrə böyük günahların, küfr və mürtədliyin baş verə biləcəyi adi bəşər övladı kimi yanaşır. Peyğəmbərdən (s) və Uca Allahın bütün pislikləri uzaqlaşdırıb pak qərar verdiyi ailəsindən başqa heç kəsin günahdan qorunduğunu və məsum olduğunu söyləmək mümkün deyil. Peyğəmbər (s) ailəsinin məsumluğu Əhli-Beyt (ə) barədəki bəhsimizdə bəyan edilmişdi. Bunlar Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin doqquz övladıdır (Allahın salamı onlara olsun!). Onların sonuncusu yer üzü zülm və özbaşınalıqla dolduğu bir vaxtda onu ədalətlə dolduracaq olan İmam Mehdidir (ə).

Demək, şiələrin bəzi səhabələrin Allaha, Peyğəmbərə (s) və Əhli-Beytə (ə) qarşı çıxdıqları barədə fikirləri heç də Qurana zidd iddia deyil. Əksinə, onlardan böyük günahların zahir olduğunu elə Quranın özü təsdiqləyir. Həqiqətən də bəzi səhabələrdən (tüləqaları339 nəzərə almasaq) – elə mühacir və ənsarın özlərindən məzəmmət və danlağa səbəb olacaq əməllər zahir olurdu. Onlar tövbə etdikləri təqdirdə isə yenidən həmin əməlləri qayıtmayacaqlarına Quran zəmanət vermir.

328 Ali-İmran, 144
329 Maidə, 77
330 Ali-İmran, 155
332 Bax: əl-İsabə, İbn Həcər, c. 1, s. 305; əl-Bidayə vən-nihayə, İbn Kəsir, c. 4, s. 119 və s.
333 Nur, 11
334 Tövbə, 101
335 Hədid, 16
336 Ənfal, 2
337 Hədid, 16
338 Səhih, Müslim, c. 8, s. 243. əs-Sünənul-kubra, Nisai, c. 6, s. 481
339 Tüləqa – Məkkənin fəthindən sonra əsir düşüb iman gətirənlər.

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе