»»

Ali-İmran surəsi, 191 | Allah bütün səhabələrdən razıdır? | şübhəyə cavab

Ali-İmran surəsi, 191-ci ayə

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən paksan, müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!”

Ayənin müzakirəsi Bu ayənin bütün səhabələrin mədh və tərifinə dəlil göstərmək olduqca qəribədir. Çünki ayə İhsan Zahirin iddiasına əsla uyğun deyil. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən isə ayədə onların günahsızlığına və ömürlərinin sonunadək belə halda qalacaqlarına dəlalət edən heç bir eyham yoxdur.

Əlavə olaraq qeyd edək ki, şiələr Peyğəmbər (s) səhabələri arasında Qurandakı bu vəsflərə uyğun şəxslərin olmadığını iddia etmir. İhsan Zahir saxtakarlıq və Quranın mənalarını təhrif üslubu ilə həqiqətləri gizlətmək və sadə insanları aldatmaq istəyir. Belə ki, həmin ayə zaman və şəxs məhdudiyyətləri olmadan hər bir halda – ayaq üstə, oturarkən və uzanarkən Allahın ayələri barədə düşünən insanları mədh edir.

Sünni və şiə təfsirçilərindən heç kim ayənin xüsusi və ya ümumi olaraq bütün səhabələr barədə nazil olduğunu qeyd etməyib. Halbuki bu iddianın əksinə olan ayə və rəvayətlər mövcuddur. Məsələn: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!”299

Təbəri öz təfsirində Muqatil ibn Həyyandan, o da Nafidən, o da İbn Ömərdən nəql edir: “Biz səhabələr belə düşünüb və deyirdik: “Bizim elə bir yaxşı əməlimiz yoxdur ki, qəbul olunmasın”. Bu sözümüzə görə “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” ayəsi nazil oldu. Ayə nazil olduqdan sonra dedik: “Bizim əməllərimizi nələr puç edər?” Dedik: “Böyük günahlar və aşkar pis əməllər”. Ravi deyir: “Bəzilərinin bu günahlara mürtəkib olduğunu görürdük”.300

Qətadədən nəql edilir: “Kim saleh əməlini pis əməli ilə puça çıxarmamağı bacarırsa, bunu eləsin. Allahdan başqa güc və qüdrət yoxdur! Yaxşı əməllər pislikləri, pis əməllər isə yaxşılıqları puç edir. Əməllər yalnız sonuna görə ölçülür”.301

İbn Əbu Hatəm Razi öz təfsirində Əbu Aliyədən nəql edir: “Səhabələr şirklə bərabər heç bir əməlin fayda vermədiyi kimi “La ilahə illəllah”la da heç bir günahın insana zərər verməyəcəyini düşünürdülər. Bu ayə nazil oldu: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” Bundan sonra günahın əməllərini puç etməsindən qorxdular”.302

Buxari Səhl ibn Səd Saidinin belə söylədiyini yazır: “Peyğəmbər (s) müşriklərlə savaşan və müsəlmanlar arasından onlara qarşı ən şiddətlə vuruşan bir nəfərə baxıb buyurdu: “Kim cəhənnəm əhlinə tamaşa etmək istəyirsə bu şəxsə baxsın”.

Bir kişi onu izləməyə yollandı. Nəhayət həmin adam yaralandı. O, ölümünü tezləşdirmək üçün qılıncını yerə dikəldərək ucunu sinəsinə qoydu, özünü qılınca doğru itələdi və qılınc onun sinəsindən girib belindən çıxdı.

Peyğəmbər (s) buyurdu: “Həqiqətən, bir şəxs insanların gözündə cənnət əhlinin əməlini edər, əslində isə cəhənnəm əhlindən olar. Habelə bir adam insanların gözündə cəhənnəm əhlinin əməlini edər, əslində isə cənnət əhlindən olar. Əməllər yalnız sonuna görə ölçülür”.303

Nəticə:
Ayəni bütün səhabələrin düzgün yolda olduqlarına dəlil göstərmək olduqca qəribədir. Bu İhsan Zahirin müxalif rəylərlə mübarizədə hansı saxtakarlıq və məna təhriflərinə əl atdığını bir daha sübut edir!

Xülasə:
Bu ayənin izahından İhsan Zahirin qeyd etdiyi, həmçinin İmamiyyə şiələrilə digərləri arasında səhabələrin ədaləti və düzgünlüyü barədə ixtilaf mövzusu olan başqa ayələrin də halı aydın olur. İmamiyyə şiələri Peyğəmbərin (s) bütün səhabələrinin azmış və haqq yoldan üz döndərmiş kəslər olduqlarını iddia etmirlər. Belə bir iddianı onlara nisbət vermək açıq-aydın yalan və iftiradır. Bəzilərinin iddiasına zidd olaraq, səhabələrdən fasiqlik, mürtədlik, üsyan və nifaq kimi sifətlərə sahib olanları ədalət və dürüstlük kimi sifətlərlə vəsf etmək əsla doğru sayılmaz. Bu mövzuya dair qarşıdakı bəhslərdə də dəlillər təqdim ediləcək.

299 Muhəmməd, 33
300 Camiul-bəyan, c. 24, s. 22
301 Camiul-bəyan, c. 26, s. 81
302 Təfsir, İbn Əbu Hatəm, c. 10, s. 32299; həmçinin bax: Təfsir, Səmərqəndi, c. 3, s. 290; Təfsir, Səmani, c. 5, s. 184
303 Səhih, Buxari, c. 7, s. 188

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе