»»

Hidayət olanlar 32 - Çexiyalı Zuzana Nakvi

Adı: Zuzana Nakvi

Ölkə: Çexiya

Keçmiş dini (Məzhəbi): Ateist

 

Salam aleykum! Mənim adım Zuzana Nakvidir. Keçmiş Çexoslovakiyadanam. Mən ateist kimi böyüdülmüşəm. Atam və anam dindar insanlar deyildilər. Anam ateist idi. Atam isə katolik idi, amma o, heç vaxt ibadət etmirdi. Heç vaxt Allah haqqında da danışmazd. Həmçinin mənim bütün əhatəm də ateist idi.

Böyüdüyüm zamanlar mənim ölkəmdə kommunist rejim hökmran idi və o rejim dinə qarşı idi. Məktəbdə dini biliklər öyrədilmirdi. Mən böyüyərkən Allahın olmadığına inanaraq böyüyürdüm. Amma bir uşaq kimi mən özümü çox kədərli hiss edirdim və içimdə tamamən bir boşluq olduğunu duyurdum. Çünki bizi qoruya biləcək, qayğımızı çəkə bilən və Ona dua edə biləcəyimiz bir uca varlığın istəyində idim. Amma böyüdükcə mən Allahla olan bağlılığımı, əlaqəmi itirdim. Bu, kənar təsirlər və böyüdüyüm mühitlə bağlı idi. Artıq mən dua da etmirdim. Və əsasən Allahsız bir həyat yaşayırdım. Lakin bununla bele, ölüm haqqında düşünürdüm. "Biz öldüyümüzdə necə olacaq, nələr olacaq" deyə düşünürdüm.

Mən həmçinin bütün həyatın necə başladığı haqqında da düşünürdüm. Bilirsiniz, həyatın öz-özünə yarandığını güman etmək sadəcə olaraq çox gülməlidir. Mən dünyanın necə yarandığı haqqında, yaxud biz ölənə qədər nələrin olacağı haqqında düşünürdüm. Bir müddət keçdikdən sonra mən dərslərimi bitirib bir şirkətdə işləməyə başladım. Bu şirkət müsəlmanlar tərəfindən idarə olunurdu. Rəhbəri və vəzifəli işçiləri müsəlmanlar idilər. Bundan əvvəl isə mən İslam haqqında bilmirdim və İslamla maraqlanmırdım.

Şirkətdə boş vaxtlarımızda biz həyat və din haqqında söhbətlər edirdik. Bu, çox yaxşı bir mühit idi. Yadımdadır ki, iş yoldaşlarımdan biri mənə pul verdi ki, ərzaq alım. O vaxtlar xərcliyim yox idi və o, mənim bu vəziyyətimdən ciddi şəkildə nigaran idi. Pulu mənə verəndə dedi ki, "özün üçün ərzaq almalısan, ac qalmayacaqsan ki". Bütün bu şeylər göstərdi ki, müsəlmanlar əvvəllər güman etdiyimdən tamamilə fərqlidirlər. Mən onlara qarşı özümdə meyl hiss etməyə başladım. Düzdür, hələ birbaşa dinin özünə qarşı yox. Amma mən artıq bu yolda irəliləyirdim. Bu qapı mənə açıq idi. İslam haqqında mənə hər zaman nə desə idilər, qəbul edirdim.

Bir müddət sonra mən öz həmkarımdan biri ilə ailə qurdum. Bu dəfə bir müsəlmanın həyat yoldaşı olaraq mənim İslamla, müsəlmanlarla münasibətim davam edirdi. Müsəlman birinin həyat yoldaşı olmağın necə olduğunu öyrənmək üçün yaxşı imkan əldə eləmişdim. Həyat yoldaşım yenə də hörmətcil, nəzakətli, rəhimli, qayğıkeş, köməkcil olmaqda davam edirdi. Bir müddət sonra mən İslamı qəbul etməklə bağlı qərar verdim. Çünki mənim üçün bütün faktlar göstərirdi ki, İslam həqiqi dindir. Buna görə də qərara gəldim ki, mən özüm müstəqil şəkildə İslamı daha çox öyrənməliyəm. Birinci, öz həyat yoldaşımdan soruşurdum, həmçinin biz gedib öz müdirimizdən də soruşurduq. O, olduqca bilikli adamdır. Bəzən yoldaşım bir sualın cavabını bilməyəndə deyirdi ki, "suallarını yaz, gedərik, müdirdən soruşarsan". Və biz belə də edirdik. Gedirdik onun evinə, o da mənim suallarımı cavablandırırdı. Bunlar mən İslamı qəbul etməmişdən öncə idi. İslamı qəbul edəndən sonra da suallar olurdu. Amma sonra mən internetə daxil olaraq müstəqil şəkildə mütaliyə etməyə başladım. İslamı araşdırırdım. Hər şeydən əvvəl qadın hüquqları ilə bağlı. Çünki bununla əlaqədar çoxlu pis şeylər eşitmişdim. Bu iddiaları aydınlaşdırmalıydım.

Daha sonra mən İslamdakı şəxsiyyətlər haqqında daha çox öyrənmək istədim. Məhəmməd peyğəmbərin (s) həyatına nəzər yetirirdim. İmam Əli (ə) haqqında öyrəndim. Həyat yoldaşım bu şəxsiyyətlər haqqında çox danışırdı. Mən də istəyirdim ki, bu şəxsiyyətlər haqqında olan biliklərimi daha da genişləndirim.

Rastıma bir müsəlman saytı çıxdı. O, çox yaxşı bir informasiya mənbəyi idi. Hətta indinin özündə də mənə nəsə lazım olsa, yenə bu sayta baxıram. Çünki istədiyim hər şey, istənilən hər mövzu haqqında məlumatları buradan tapa bilirəm. Mən orada oxuduğum ilk kitabı xatırlayıram. Orada mənim miras qanunları haqqında öyrəndiklərim heyrətamiz idi. Məsələn, qadın nə üçün kişinin əmlakının yarısına malikdir. Bu, onun aşağı olması ilə əlaqədar deyil. O, istəsə, bütün mülkiyyəti xərcləyə bilər. Kişi ailəsini pulla təmin eləməlidir. Buna görə də qadın bunun yarısına sahibdir. Mən düşünürəm ki, əgər biz bunu öz büdcəmiz üçün yığırıqsa, yarısı da hələ çoxdur.

Məni heyrətləndirən bir başqa şey isə qullar haqqında oxuduqlarım idi. Çünki mənə bir nəfər demişdi ki, İslam köləliyi təbliğ edir. Mən kitabda quldarlıq haqqında, Peyğəmbər (s) və Onun Ailəsinin (ə) qullarla necə davrandıqları haqqında oxudum. Və mən ağlamağa başladım. Çünki mən dərk edirdim ki, o insanlar qullarla biz uşaqlarla rəftar etdiyimizdən daha yaxşı rəftar edirlər. Bilirsinizmi, bu, bizim hamımız üçün böyük bir dərsdir. Hətta onların qullarla necə rəftar etdiklərini öyrənsək, biz öz uşaqlarımızla da necə rəftar etməli olduğumuzu da öyrənərik. Bu insanlar - qullar cəmiyyətin aşağı sinfindən idilər. Amma Peyğəmbərin (s) Ailəsi (ə) onlarla heç bir fərq qoymadan rəftar edirdi. İstər bir qul olsun, ya da zadəgan bir şəxs, Onlar (ə) bu adamlara eyni münasibət bəsləyirdilər. Bərabər davranırdılar. Nə vaxtsa gündəlik həyatımızda insanlara qarşı necə davranmalı olduğumuzu bilmək istəsək, ən gözəl nümunəni onlardan öyrənə bilərik. Hətta onlar düşmənləri qarşı da çox nəzakətli idilər.

Mən xanım Xədicə (s) ilə bağlı deyərdim ki, biz ondan çox şey öyrənə bilərik, məsələn, qadının İslamdakı rolu və mövqeyi barədə çox şeyi. Çünki hələ İslamı təzə-təzə öyrənməyə başlayanda mənim İslamı qəbul etməyimə şərait yaradan səbəblərdən biri də xanımların - İslamdakı böyük xanımların mövqeyi və onların həyatı idi. Xanım Xədicə (s) zəngin bir tacir xanım idi. Amma o, təkəbbürlü deyildi. Onda Allah qorxusu var idi. Öz sərvətini İslam üçün xərcləyirdi.

Kim Əhli-Beyt (ə) haqqında nə vaxtsa nəsə öyrənirsə, əgər bir az ürəkləri varsa, həmin insanlarda Əhli-Beytə (ə) qarşı sevgi yaranır. Onlar təkcə müsəlmanları deyil, xristianları da, yəhudiləri də, hindiləri də, başqa insanları da ruhlandırırlar. Mən eşitmişdim ki, hansısa məclisdə bir nəfər iştirak edib. Bütün insanlar məclisi tərk etdikdən sonra o, ağlayaraq orada qalıb. Və həmin şəxs heç müsəlman da deyildi. Çünki Onlar (ə) onlar təkcə müsəlmanlar üçün deyil, bütün dünya üçündürlər. Biz insanların bu şəxsiyyətləri tanımaları, onlar haqda məlumatlanmalarını təmin etməliyik. Çünki insanın onların həyatlarından öyrənəcəkləri çox şeylər var. Və inşallah, onların həyatlarını da işıqlandırarlar. Çünki mən əminliklə deyə bilərəm ki, Əhli-Beytin (ə) öyrətdikəri mənim həyatımı tamamilə işıqlandırdı. Onlar mənim həyatıma məna gətirdi.

 

 

Рейтинг

В этом разделе