»»

Namaz (Nəhcül-bəlağədə) (1-ci hissə)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

Namaz, İslam dininin rüknüdür. “Rükn” bir şeyin ən sağlam və möhkəm tərəfi, təməl və dirək mənasındadır. Belə bir ibadəti, “qılmaq” və bərpa etmək lazımdır. Sütun və təməli oxumaq olmaz.

Məhz bu üzdən bizə namazı “qılmaq” əmr olunub. “أَقيمُوا الصَّلاةَ  - Namaz qılın” (1)

Bir neçə ayədə “yusəlli” və “musəllin” sözləri olsa da qılmaq mənasını daşıyır. (2)

Həzrət Əli (ə.s) həzrət Peyğəmbərdən (s) nəql edir:  “Bilin ki, Allah namaz qılanlar və səcdə edənlərə əzab verməyəcəyinə görə izzətinə and içmişdir”. (3)

Namaz barədə dini ədəbiyyatımızda saysız-hesabsız göstərişlər vardır. Həm Qurani-Kərim həm də məsumlarımız ibadətlərin ən önəmlisi olan namaz barədə söz açmışlar. Bu məqalədə namazın müxtəlif məsələlərini Şiənin olduqca dəyərli və mötəbər mənbələrindən hesab olunan “Nəhcül-Bəlağə” əsərində  araşdıracağıq:

1 - Namaz qılmaq islam millətinə mənsubiyyətin əlamətidir:

 “Allaha tərəf yaxınlaşmağın ən yaxşı yolu... İslam dininin dinlik nişanəsi (dinin ən böyük sütunu) olan namaz qılmaqdır. (4)

Həzrət Peyğəmbər buyurur: “Namazı tərk edən şəxs dinini xarab etmişdir" (5)

Həzrət Əli (ə.s)  məlun İbn Mülcəm tərəfindən aldığı qılınc zərbəsindən sonra oğlu Həsən və Hüseynə etdiyi vəsiyyətdə buyurur: "Dininizin sütunu olan namaz barəsində Allahdan qorxun...” (6)

2 - Ruhiyyəsiz və tərəddüdlə qılınan namaz pislənib:

İmam Əli (ə.s) Həruriyyədə olanlardan (İmam Əliyə (ə.s) müxalifət məqsədi ilə Kufə yaxınlığındakı Hərura səhrasında toplaşmış Nəhrəvan Xəvaricinin) birinin gecə namazı qılıb Quran oxuduğunu eşidəndən sonra (zəmanə imamını tanımadan ibadətin faydasız olması barəsində) buyurmuşdur: “(Zəmanə imamı və haqq xəlifəyə) yəqinlik və inamla olan yuxu şəkk və tərəddüdlə namaz qılmaqdan daha yaxşıdır.‏” Deməli imam barəsində tərəddüddü olan şəxsin qıldığı namaz və oxuduğu Quran düz deyil. (7)

“Nə çox namaz (gecə namazı) qılan ki, namaz qılmasından ona oyaqlıq və əziyyətdən başqa bir şey qalmır. (Çünki o, namaz və orucu göstərişlərə uyğun yerinə yetirməyib.) ” (8)

Quran-Kərim bu barədə buyurur: “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər... namaza  yaxınlaşmayın”(9)

3 - Vaxtında qılılnan namaz:

İmam Əli (ə.s) namazın vaxtında qılınması barədə buyurur: “Namazı onun üçün müəyyən olunmuş vaxtda yerinə yetir və bekar olduqda onu vaxtından əvvəl qılma və işin olduğu üçün onu təxirə salma” (10)
 ‏
4 - Namaz insanı “lovğalıqdan” uzaqlaşdırıb ona “sadəlik” bəxş edər:

“Allah... namazı təkəbbür və məğrurluqdan paklaşmaq üçün vacib etdi”  (11)

 “Allah mömin bəndələrini əl, ayaq və digər üzvlərinin (günah və itaətsizlikdən) dinc qalması, gözlərini yerə dikmələri, canlarının təvazökarlığı, qəlblərinin xarlığı və təkəbbür və lovğalığı onlardan uzaqlaşdırmaq üçün onları namazlar, zəkatlar və vacib günlərdə oruc tutmağa çalışmaq vasitəsi ilə fitnə-fəsad, zülm və təkəbbürlülükdən qoruyur....Çünki gözəl üzlərin təvazökarlığa görə torpağa sürtülməsi və kiçikliyi bildirmək üçün (səcdə zamanı) şərəfli üzvlərin (yeddi yerin) yerə yapışdırılması namazdadır...” (12)

5 - Namazı tərk edən ilahi əzaba düçar olacaq:

İmam Əli (ə.s) (namaz... barədə) öz səhabələrinə tövsiyə edib buyurur: “Namaz işinə riayət edin (ki, o, möminin meracı, dinin sütunu və qiyamətdə bəndədən soruşulacaq ilk şeydir. Əgər qəbul olmuş olsa, digər əməllər də qəbul olar. Qəbul edilməyib hesaba alınmadıqda isə əməllərin heç biri insana bir fayda verməz). Onu qoruyun (onun qılınmasının fəzilətli vaxtından qafil olmayın) və onu çox yerinə yetirin. Onun vasitəsi ilə (Allaha) yaxınlaşın. Çünki (“Nisa” surəsinin 103-cü ayəsində buyurulduğu kimi) namaz möminlərə yazılmış və vaxtı müəyyən edilmiş bir vacibdir. Məgər Cəhənnəm əhlinin (“Muddəssir” surəsinin 42-43-cü ayələrində olduğu kimi onlardan “sizi Cəhənnəmə salan nədir?” soruşularkən verdikləri bu cavaba ki, “onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik” (cani-dildən) qulaq asmırsınız? (13)

6 - İlk namaz qılan şəxs:

Həzrət Əli (ə.s) buyurur: “İlahi, mən haqqa çatan, onu eşidən və qəbul edən ilk şəxsəm. Allahın Peyğəmbərindən (s) başqa heç kəs namazda məndən öndə olmayıb”. Yəni Peyğəmbərin (s) dəvətini qəbul edib müsəlman olan və o həzrətlə namaz qılan ilk şəxs mən olmuşam.

İstifadə olunan ədəbiyyat:

1 - “Bəqərə” surəsi, 43, 83 və 110-cu ayələr; “Nisa” surəsi, 77 və 103-cü ayələr;  “Ənam” surəsi, 72-ci ayə; “Yunus” surəsi, 87-ci ayə; “Həcc” surəsi, 78-ci ayə; “Nur” surəsi, 56-cı ayə; “Rum” surəsi, 31-ci ayə; “Mucadilə” surəsi, 13-cü ayə; “Muzzəmmil” surəsi, 20-ci ayə; “Ənkəbut” surəsi, 45-ci ayə.
2 - “Ali-İmran” surəsi, 39-cu ayə; “Məaric” surəsi, 22-ci ayə; “Muddəssir” surəsi, 43-cü ayə; “Maun” surəsi, 4-cü ayə.
3 - “Təfsilu vəsailiş-Şiə ila təhsili məsailiş-şəriət”, 1-ci cild, səh: 314.
4 - “Nəhcül-Bəlağə”, 110-cu xütbə.
5 - “Nəhcül-bəlağə”-nin şərhi, İbn Əbil Hədid, 7-ci cild, səh: 223.
6 - “Nəhcül-Bəlağə”, 47-ci məktub.
7 - “Nəhcül-Bəlağə”, 97-ci hikmət.
8 - “Nəhcül-Bəlağə”, 145-ci hikmət.
9 - “Nisa” surəsi, 43-cü ayə.
10 - “Nəhcül-Bəlağə”, 27-ci məktub.
11 - “Nəhcül-Bəlağə”, 252-ci hikmət.
12 - “Nəhcül-Bəlağə”, 192-ci xütbə.
13 - “Nəhcül-Bəlağə”, 199-cu xütbə.


2-ci hissə: http://az.313news.net/article/umumislam/namaz-nehcul-belagede-2-ci-hisse

3-cü hissə: http://az.313news.net/article/umumislam/namaz-nehcul-belagede-3-cu-hisse


Hazırladı: Ə. Şəhriyar.

Рейтинг

В этом разделе